Qedim Gence Qalasi - Wikipedia
Qədim Gəncə qalası — Qədim Gəncə şəhərini əhatə edən üç qatlı müdafiə səddləri. Şəhər ərazisi əvvəlcə daxili, daha sonra ikinci, sonradan isə üçüncü qat divarlarla əhatə edilmişdir. Qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə də, məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən (971-1088) artıq şəhər qala divarı ilə əhatə edilmişdir. 1063-cü ildə isə Əbüləsvar Şavurun sifarişi ilə usta İbrahim ibn Osman tərəfindən Qədim Gəncə qalası üçün qoşa qala qapıları hazırlanmışdır. 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi zamanı qala divarlarına ciddi zədə dəysə də, onlar sonradan bərpa olunmuş və 1235-ci ildə monqollar tərəfindən dağıdılana kimi şəhəri müdafiə etmişdir. XVII əsrdə şəhər ərazisi I Şah Abbas tərəfindən köçürülənə kimi Gəncə qalası əhali ilə məskunlaşmışdır.
Qədim Gəncə qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Qədim Gəncə |
Üslubu | Arran memarlıq məktəbi |
Material | kərpic, çaydaşı, əhəng məhlulu |
İstinad nöm. | 189 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Qala-şəhərin solsahil hissəsi daşlarla üzlənmiş qala divarları və dərin xəndəklərlə əhatə olunmuşdur. Qala divarları ilə əhatə olunmuş ərazi düzgün olmayan dördbucaqlı formasına və 600x750 m ölçüyə malikdir. Daxili qala divarları çaydaşı və əhəng məhlulu qarışığından inşa edilmişdir. Qala divarları arasındakı dərin xəndək Gəncəçayından gələn su ilə doldurulurdu. Divarlar bir-birindən aralıda yerləşən bastionlarla möhkəmləndirilmişdir.
Tarixi
redaktəGəncə qalası orta əsrlərdə (X-XIII əsrlər) monqollar tərəfindən dağıdılana kimi (1235-ci il) Yaxın Şərqin ən böyük ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu zəngin və gözəl qala-şəhər tarixi qədim dövrlərə gedib çıxan yaşayış məntəqəsinin yerində inşa edilmişdi.[1]
Şəhər-qalanın əsasının nə vaxt qoyulması haqqında mənbələrdə müxtəlif fikirlər qeyd edilir. XV əsr İran tarixçisi Mirxond yazır ki, “I Qubad inşaat işini sevən şahlardan idi. O, bir çox gözəl tikili və böyük şəhərlərin əsasını qoymuşdur. Deyirlər ki, Bərdə, Gəncə və Miafarikin də onun tərəfindən əsası qoyulmuş şəhərlərdəndir.”[2] XIV əsr tarixçisi Həmdullah Qəzvini isə qeyd edir ki, “Gəncə beşinci iqlimə aiddir...Bu islam şəhərinin əsası hicri 39-cu ildə qoyulmuşdur. O, gözəl və böyük bir şəhərdir.”[3] Qəzvinin məlumatını əsas alsaq, Gəncə qalasının əsasının miladi 659-660-cı illərdə qoyulmasını ehtimal etmək olar.[3]
Bəzi tədqiqatçılar VII əsrdə Gəncə qalasına nəzarət uğrunda ərəblər və xəzərlər arasında döyüşlərin baş verməsini qeyd edirlər.[4]
Moisey Kalankatlı isə yazır:
Bundan iki il sonra amansız və qəddar insan Xozepatqos Ermənistana gəldi. O, elə həmin il öldürüldü . Sonra onun oğlu gəldi və ölkəmizi qılınc gücü ilə alıb, çoxlu kilsə yandırdı və əhalini əsir alıb Bağdada qayıtdı. Sonra o, xəlifənin əmrilə oradan yenə qayıtdı və xəzinə hesabına erməni təqviminin iki yüz doxsan beşinci ilində Arşakaşen vilayətində Qandzak şəhərini saldırdı. Sonra o, Süniklilərin ölkəsinə getdi. Baqk vilayətinin əhalisini əsir etdi və sonra Alahec dairəsinin Arkunaget kəndinə gəlib əmr etdi ki, burada olan müqəddəs Qriqori adına kilsəni yandırsınlar.[5] |
Kalankatlının məlumatını əsas alsaq, Gəncə qalasının əsasının IX əsrdə qoyulmasını ehtimal etmək olar. İ. Cəfərzadə Kalankatlının bu məlumatını şərh edərkən deyir ki, “Gəncə qalasının əsasının qoyulmasını IX əsrdən əvvəlki dövrlərə aid edən mənbələrin məlumatlarını nəzərə alsaq, ehtimal etmək olar ki, Xozepatkos əvvəlcə hücum zamanı Gəncə qalasını dağıtmış və daha sonra bərpa etmişdir.”[3]
Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə yazır: “Gənzə şəhəri gözəl və zəngindir. Bu yaşayış yeri çox sıx məskunlaşmışdır, əhali əliaçıq, xoş xasiyyətli, mügribandır, yadellilər və alimləri sevirlər.”[6]
1938-1940-cı illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı müəyyən edilmişdir ki, Qədim Gəncə qalası daha əvvəlki əsrlərdə yaşayış yeri olmuş ərazidə inşa edilmişdir. Bunu qala altında 1 metrdən artıq qalınlığa malik mədəni təbəqənin üzə çıxarılması sübut edir.[7] İlkin olaraq Qədim gəncə bir qat, daha sonra iki, daha sonra isə üçüncü qat qala divarları ilə əhatə edilmişdir. Bütün bu təbəqələşmə göstərir ki, Qədim Gəncə uzun əsrlər boyunca eyni ərazidə mövcud olmuşdur.[8]
Ümumilikdə Qədim Gəncə qalası və ətrafdakı şəhər məhəllələri 9–10 km2 ərazini əhatə edir.[8] Qala daxilində mədəni təbəqənin qalınlığı 4-metrə yaxındır.[8] Qədim şəhərin iki qat qala divarları ilə əhatə olunması, küncləri işıq istiqamətində yönləndirilmiş dördbucaqlı sitadeli, 42x42x12, 33x33x8 və 31x31x7 sm ölçülü, o zaman üçün kifayət qədər böyük olan, mühüm tikililər üçün xarakterik böyük ölçülü kərpiclərin istifadəsi, 4 km uzunluğa malik sahil səddləri, üç monumental tağlı körpüsü və müxtəlif dini ayinlərin izləndiyi qədim nekropollarının olması onu deməyə əsas verir ki, 1139-cu ildə baş verən güclü zəlzələ və 1235-ci ildə monqollar tərəfindən dağıdılmasından sonra Qədim Gəncə ərazisi tərk edilməmişdir.[8]
XIII əsrdə Gəncədə yaşamış və 1241-ci ildə “Tarix” əsərini yazmağa başlamış Kirakos Qandzaketsi 1235-ci ildə monqolların şəhəri ələ keçirərək dağıtmalarını təsvir edərkən yazır: “Beləcə, dörd il ərzində şəhər insanlarsız qaldı, bundan sonra onun yenidən inşa edilməsi əmri verildi, tədricən toplanmış insanlar şəhər divarları istisna olmaqla onun tikilməsinə başladılar.”[9]
Tarixi mənbələrdə verilən bu məlumatlar və arxeoloji tədqiqatların nəticələri göstərir ki, XVII əsrin əvvəllərinə kimi Gəncə şəhəri qədim dövrlərdən mövcud olduğu ərazidə yerləşmiş, yalnız XVII əsrdə hal-hazırda mövcud olduğu sahəyə köçürülmüşdür.[10] V. Bartold[11] və A. Bakıxanovun məlumatları da bu məlumatları təsdiq edir. Gəncə şəhərinin köçürülməsindən bəhs edən A. Bakıxanov yazır:
Bu yolla Qafqazda işləri qaydasına salan şah (I Abbas), Gəncənə əvvəlki yerindən bir fərsəx yuxarıya, hazırda çinarlar əkilmiş böyük meydan olan sahəyə köçürdü...[12] |
Yerləşməsi
redaktəQədim Gəncə qalası Gəncə şəhərindən şimal şərqdə, şəhər mərkəzindən 5 km aralıda yerləşir. Gəncə və Zazalı dəmir yolu stansiyaları arasından keçən Gəncəçay, qala ərazisini və qala divarlarını iki hissəyə bölür. Şəhər-qalanın ərazisi üç qatlı qala divarları ilə əhatələnmişdir. Qala divarları və onların qalıqları 250 hektara yaxın ərazini tutur[13], şəhər yerinin ümumi sahəsi isə 9–10 km2-ə bərabərdir.[13]
Şəhər-qalanın xarabalıqları yerləşən ərazi cənubdab Xaraba yeri, Dinaraç, Narlı qoruq, Çilləxana və Əsa yeri, qərbdən İrəvanlı yeri, şimaldan Tap-Qışlaq, Tatlı və Zazalı kəndləri, Şərqdən isə Mirzik kəndi ilə əhatələnmişdir.[13] Gəncəçayın sağ sahilində, dəmir yolu xəttindən şimalda qədim İmamzadə qəbirsanlığı və İmamzadə türbəsi yerləşir.[13] Gəncəçayın sağ sahilində, dəmir yolu xəttindən təxminən 1 km aralıda, İmamzadə türbəsindən fərqli olaraq qala divarları xaricində inşa edilmiş Comərd Qəssab türbəsi yerləşir.[14]
Qala divarları halqasından 3 km aralıda daha bir qədim qəbirsanlıq yerləşir. XII əsr şairi Nizami Gəncəvinin həmin qəbirsanlıq ərazisində yerləşən məzarı üzərində sonradan böyük məqbərə inşa edilmişdir.[15]
Təsviri
redaktəQala-şəhərin solsahil hissəsi daşlarla üzlənmiş qala divarları və dərin xəndəklərlə əhatə olunmuşdur. Ehtimal ki, xəndək daha bir qala divarı ilə əhatə olunmuş, yəni iki qala divarının arasında yerləşmişdir.[16] Qala divarları ilə əhatə olunmuş ərazi düzgün olmayan dördbucaqlı formasına və 600x750 m ölçüyə malikdir.[16] Daxili qala divarları çaydaşı və əhəng məhlulu qarışığından inşa edilmişdir. Qala divarları arasındakı dərin xəndək Gəncəçayından gələn su ilə doldurulurdu. Divarlar bir-birindən aralıda yerləşən bastionlarla möhkəmləndirilmişdir.[16]
Qala divarlarının cənub-şərq tərəfində yarımdairəvi künc qülləsinin qalıqları yaxşı saxlanmışdır.[16] Qüllə də qala divarları kimi çaydaşı və əhəng məhlulundan inşa edilmişdir. Burda xəndək qülləni keçərək şimala – çay istiqamətinə doğru irəliləyir. Qalanıın bu hissəsinin daxili həcmi şəhər tikililərinin qalıqlarından formalaşmış təpə formasına malikdir. Təpənin səthi çaydaşıları, bişmiş kərpic qalıqları, həmçinin şirli və şirsiz saxsı qab qırıqları ilə örtülmüşdür. Şəhər yerindən kənarda yerləşən və sahil boyunca uzanan müdafiə divarları yaxşı saxlanmışdır. Bu divar çay axınının əksinə bir kilometrdən çox məsafədə uzanır.[17] Dövrümüzə çatmış sahil divarı bir metrdən çox enə malik olmaqla, gəc və gil qarışığından istifadə ilə inşa edilmişdir. Bəzi yerlərdə divarın hündürlüyü 3 metrə yaxındır. Hörgü zamanı çaydaşlarından istifadə edilmiş və inşaat “şam ağacı” formasında aparılmışdır. Bu divarın hörgüsündə kərpicə nadir hallarda rast gəlinir.[17]
Çayın aşağı axarında, qala divarlarından kənarda sahil müdafiə divarı davam etdirilmir və onun olmasını isbat edəcək qalıqlar dövrümüzə çatmamışdır.[17] Buna görə də tədqiqatçılar belə qərara gəlmişlər ki, Qədim Gəncə qalasının solsahil hissəsində əsas tikililər cənub və cənub-qərb hissədə - hazırda Xaraba yeri adlanan ərazidə yerləşirdi.[18]
Qalanın sağsahil hissəsi solsahil hissəsindən bir neçə dəfə böyükdür. Şəhər yerinin bu tərəfi hər tərəfdən demək olar ki paralal gedən iki qatlı qala divarları ilə əhatə edilmişdir. Yalnız cənub-qərb tərəfdən qala divarları bir qatlıdır. Qala divarları arasındakı məsafə 100-200 metr arasında dəyişir.[18]
Birinci qala divarları ilə əhatə olunmuş ərazi 600x420 metr ərazi və düzgün olmayan düzbucaqlı formasına malikdir. Qala divarları bir-birinin yaxınlığında yerləşən yarımdairəvi bürclərlə möhkəmləndirilib.[18]
İkinci qala divarları daha geniş ərazini əhatə edir. Bu divarların əhatə etdiyi ərazi də düzbucaqlı formasına malikdir. Həmin ərazi 860x860 metr ölçüyə malikdir. Şərq divarının şimal qurtaracağı bu böyük meydanı əhatə edərək qərbə doğru burulur və İmamzadə türbəsinin divarları yaxınlığında yoxa çıxır. İki qala divarı arasındakı ərazinin bu hissəsini İmamzadə türbəsi və sonradan salınmış İmamzadə qəbirsanlığı tutur. Qərb divarı sahil divarı ilə üst-üstə düşür və beləliklə sahil kənarı möhkəmləndirmə səddi həm də qala divarlarının bir hissəsi kimi istifadə olunur.[18] Cənub-qərb tərəfdən bu hissə daxili halqanın divarları ilə əhatələnmişdir. Onun qərb qurtaracağı şəhər sitadelinin ərazisindən çıxaraq sahil yaxınlığında şimala dönür və bir qədər irəliləyərək sahil divarı ilə birləşir.[19]
Bu divarlardan başqa, Qədim Gəncə qalasının şərq hissəsinin divarları da çox dağılmış vəziyyətdə olsa da dövrümüzə çatmışdır. İkinci şəhər divarından bir qədər şərqdə yerləşən bu divar dəmir yolunun cənubundan baxdıqda yaxşı görünür. İkinci qala divarı ilə üçüncü divar arasında təxminən 150 metr məsafə vardır.[19] Üçüncü qat qala divarı dəmir yolu yaxınlığında kəsilir və xəttin digər tərəfində bir neçə addım sonra yenidən görünərək şimal-qərb istiqaməti boyunca xeyli uzanır. Daha sonra iki təpə yaxınlığından keçərək ikinci qat qala divarına doğru yaxınlaşır. Daha sonra həmin divar düz xətt boyunca 300 metrdən artıq şimala doğru irəliləyərək bir qədər qərbə, daha sonra şimala doğru burularaq qərbə dönür və İmamzadə türbəsini əhatə edən divarlara çatır. Qala-şəhərin bu hissəsində bir-birinə qarışmış çoxlu sayda divar qalıqları görünməkdədir. Həmin divarlar müxtəlif ölçü və səviyyədə olan meydanlar əmələ gətirirlər.[19]
Qədim Gəncə qalasının birinci və ikinci divarlarından dövrümüzə yalnız xarabalıqlar çatmış, bəzi yerlərdə bastion və qüllələrin qalıqları görünməkdədir.[19] Qala divarlarının ən yaxşı saxlandığı hissələr şəhər-qalanın qərb, cənub və qismən şərq hissəsində yerləşir. Qala divarlarının yer üstündə olan hissəsindən görünür ki, divarlar çaydaşı və əhəng məhlulundan istifadə edilməklə hörülmüşdür.[19] Divarların bəzi yerlərində nadir hallarda bişmiş kərpic hörgülərinə də rast gəlinir. Xüsusilə sağ sahil qalasının birinci (daxili) qala divarının qərb tərəfindəki künc qülləsinin divarında yaxşı kərpic hörgüsünü müşahidə etmək mümkündür.[19]
Qala divarlarının inşasında kərpic və çaydaşı ilə yanaşı 75x75x40 sm ölüçyə malik tuf daşlarından da istifadə olunmuşdur. Divarda onlar bloklar şəklində tətbiq edilməklə kərpic yuvararın içində yerləşdirilmişdir. Tuf daşı ətrafındakı kərpiclər yanlardan vertikal, üst və altdan isə horizontal şəkildə hörülmüşdür. Qala divarlarının qalıqlarına əsasən müəyyən edilmişdir ki, bu cür daş-kərpic hörgüsü bütün divar boyunca sıralanmış və bir növ naxış xarakteri daşımışdır. Qalanın inşası zamanı istifadə edilmiş tuf daşı Hacıkənd qəsəbəsi ərazisindəki daş karxanasından gətirilmişdir. XVII əsrdə həmin karxandan gətirilmiş tuf daşlarından Gəncə şəhərindəki Müqəddəs İohann kilsəsinin, XIX əsrdə isə isə Göygöl şəhərindəki Müqəddəs İohann kilsəsinin inşasında istifadə olunmuşdur.[20]
Qaladaxili ərazi, vaxtilə burda olmuş tikililərin xarabalıqlarından formalaşdmış çoxlu sayda təpələrdən ibarətdir. Bütün qala ərazisi kərpic və ornamental tikili qalıqları, şirli və şirsiz saxsı qab qırıqları və digər arxeoloji materiallarla zəngindir.[20] Qala divarrları xaricində də tikili qalıqlarından əmələ gəlmiş çoxlu sayda təpələr mövcuddur və onların da səthi arxeoloji materiallarla zəngindir.[20]
Sağsahildə inşa edilmiş müdafiə divarı solsahildəki divarla müqayisədə daha dayanıqlı, qalın və əsaslı inşa edilmişdir. Sağ sahildə qala divarları xüsusi qüllələr şəklində irəli çıxır və ehtimal ki, həmin qüllələr yazda su həcminin qalxması, həmçinin şəhərə çay tərəfdən ola biləcək hücumun qarşısının alınması zamanı müdafiə üçün istifaadə olunmuşdur. Sağsahil müdafiə divarı uzunluq baxımından da solsahil müdafiə divarını geridə qoyur. Onun uzunluğu dağılmış hissələrlə birlikdə 3 km-dən artıqdır.[20]
Bu sahədə şəhər ərazisi daha geniş olmaqla cənub-şərq tərəfdə fasiləsiz davam edərək Nizami Gəncəvinin məzarı yerləşən qədim məzarlığa, şimal-şərq tərəfdə isə Tatlı kəndinin ərazisinə kimi çatır.[21]
Şəhərin sağ və sol sahil hissələri üç ədəd tağlı körpü vasitəsiylə əlaqələndirilmişdir. Gəncəçayın şəhər ərazisindən keçən hissəsində çoxlu sayda tikili qalıqları dövrümüzə çatmışdır.[21]
Gəncə qalası ərazisində yerləşən bağlar Gəncəçaydan çəkilmiş və bu günə kimi fəaliyyət göstərən çoxlu sayda arxlar vasitəsiylə sulanır. Qalanın solsahil ərazisində Korarx, Qızılhacılı arrxı, Xan arxı, Ləmsə arxı, Balabağban arxı, Karxana arxı, Arazbar arxı, Şatır arrxı və Allahdad arxı, sağsahil ərazisində isə Xanlıq arxı, Ərəb arxı, Çölək arxı, Topçu arxı, Şin arxı, Dinarac arxı yerləşir.[22] İ. Cəfərzadə qeyd edir ki, aparılmış tədqiqatlar Qədim Gəncə qalasının sağsahil hissəsinin daha qədim yaşayış yeri olduğunu göstərmişdir.[23]
Tədqiqi
redaktəQədim Gəncə qalasının xarabalıqlarında tədqiqatlar ilk dəfə 1890-cı illərdə E.Ressler tərəfindən aparılmış, sonradan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin üzvləri qala-şəhər ərazisindən yerüstü materiallar toplamışlar. Onların topladığı arxeoloji materiallar 1926-1928-ci illərdə Azərbaycan Dövlət Muzeyində nümayiş etdirilmişdir.[24] 1935-1937-ci illərdə Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin direktoru E. R. Xadarin Qədim Gəncə ərazisində səthi raşdırmalar apararaq çoxlu sayda keramika, şüşə və metal məmulatı, o cümlədən müxtəlif dövrlərə aid sikkələr toplamışdır. Onun topladığı arxeoloji materiallar hal-hazırda Gəncə Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdiririlir.[24]
1935-ci ildə E. Xadarinin qala ərazisindən aşkarladığı keramik qab qırığı üzərindəki yazıya görə xüsusi diqqət cəlb etmişdir. Qırmızı gildən hazırlanmış və 7x5 sm ölçüyə malik qab ehtimal ki, qapaq qırığıdır. Onun üzərində alban hərflərini xatırladan əlifba ilə yazı qeyd edilmişdir.[24] Sonradan 1939-cu ildə İ. Cəfərzadə tərəfindən Qədim Gəncə ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı, qalanın sağsahil ərazisinin iç qala sahəsində, şimal küncü yaxınlığında oxşar forma və xüsusiyyətə malik daha bir qab qırığı əldə edilmişdir.[25] 1939-cu ildə hər iki artefakta baxış keçirən akademik İ. İ. Meşşaninov onların hər ikisi üzərində eyni sözlərin təkrarlandığı qənaətinə gəlmiş, lakin yazıların oxunmasına nail ola bilməmişdir.[26]
Qədim Gəncə qala-şəhər yerində əsaslı arxeoloji qazıntı işləri 1938-1940-cı illərdə həyata keçirilmişdir. Qazıntı işlərində İ. M. Cəfərzadə (elmi rəhbər kimi), O. Ş. İsmizadə, İ. P. Şeblıkin, , Y. İ. Qummel, N. Q. Mel, A. A. Xarazova və Azərbaycan Dövlət Muzeyinin elmi işçiləri V. N. Leviatov və S. M. Qazıyev iştirak etmişlər.[27]
1938-ci ildə qala ərazisinin əsasən horizontl tədqiqi həyata keçirilmiş, bu tədqiqatlar zamanı 5–6 km2 sahədə, müxtəlif tikililər ərazisində, o cümlədən Gəncəçay boyunca 4 km uzanan qala divarı ərazisində arxeoloji qazıntılar aparılmışdır.[27] Bu mərhələrə Gəncə qalası və onun daxilində yerləşən bir neçə tikilinin təsvir və planı hazırlanmış, qala ərazisindəki kəhriz və su quyuları aşkarlanaraq təmizlənmişdir.[27] Bu mərhələdə qazıntılar zamanı müxtəlif keramika və şüşə məmulatı, o cümlədən XII-XIII əsrlərə aid[28] daşdan yonma yolu ilə hazırlanmış qablar və və mis sikkələr aşkarlanmışdır.
Qazıntıların birinci mərhələsində Qədim Gəncə qalasının birinci (sitadel) və ikinci divarları daxilində tədqiqatlar aparılmış, qala-şəhər ərazisində mədəni təbəqənin qalınlığı və mərhələləri müəyyən edilmişdir.[29] Aydın olmuşdur ki, Qədim Gəncə qalasının sağsahil ərazisində mədəni təbəqənin qalınlığı 3-4 metr, solsahil ərazisində isə 1-2 metrə bərabərdir. Həmçinin qala ərazisində aşkarlanmış 12 tip saxsı materialından yalnız ağ və boz gil məmulatının yerli olmadığı, qalan saxsı qabların isə şəhər ərazisindəki emalatxanalarda (aşkarlanmış istehsal tullantıları və emalatxanalar əsasında) hazırlandığı təsdiqlənmişdir.[29]
1939-cu ildə həyata keçirilmiş qazıntı işlərinin əsas məqsədi Qədim Gəncə qala divarlarının (birinci və ikinci divar sıraları) inşaat texnikasının müəyyənləşdirilməsi və qala divarlarından kənarda mədəni təbəqənin qalınlığının araşdırılması olmuşdur.[29] Qala divalarından kənarda, Gəncəçay sahilində, solsahil qalasının şimal-şərq künc qülləsindən 150 addım aralıda yerləşən yanaşı iki meydanda qazıntılara başlanılmışdır. Burada birinci meydançada böyük yaşayış binası kompleksi, ikinci meydançada isə aşağı körpüyə eniş yolu aşkarlanmışdır. Bu iki meydançadan birincisində mədəni təbəqənin qalınlığı 130-150 sm, ikincisində isə 100-120 sm müəyyən edilmişdir.[30]
1940-cı ildə həyata keçirilmiş arxeoloji qazıntı işlərinin əsas məqsədi şəhərin formalaşması tarixinin, birinci və ikinci qala divarları halqalarının inşa dövrünün müəyyənləşdirilməsi, həmçinin qala divarlarından kənarda yerləşən ərazilərin öyrənilməsi olmuşdur.[31] Bu məqsədlə 1940-cı ilin qazıntı planına Qədim Gəncə qalasından cənub-qərbdə yerləşən Xaraba yeri ərazisində, o cümlədən, Nizami Gəncəvinin məzarı yerləşən qədim qəbirsanlıq ərazisində tunc dövrünə aid üç kurqan və orta əsrlərə aid altı məzarın öyrənilməsi də daxil edilmişdir.[31]
Arxeoloji qazıntılar
redaktəBirinci qala divarı
redaktəBirinci qala divarlarının öyrənilməsi məqsədi ilə üç sahədə qazıntı işləri aparılmışdır.[32] Qazıntı sahələrindən ikisi qala divarlarının şimal hissəsinin şərq qurtaracağında, üçüncüsü isə şimal qurtaracağı yaxınlığında yerləşir. Bu hər üç qazıntı sahəsi birinci divarın şərq künc qülləsi ətrafında yerləşir.[32] Birinci qazıntı sahəsində işlər zamanı daxili divarın 6 metr uzunluğunda fasadı təmizlənərək üzə çıxarılmışdır. Ümumilikdə birinci tədqiqat sahəsi 5 metr en, 40 metr uzunluğa malik olmuşdur.[32] Bu sahədə qazıntılar zamanı qala divarlarrı daxilində müxtəlif şəhər tikililərinin qalıqları aşkarlanaraq təmizlənmişdir. Aşkarlanmış tikililərin inşası zamanı əsasən çaydaşından istifadə olunmuşdur. Kərpicə isə bu tikililərdə nadir halda rast gəlinir.[32]
Bu ərazinin təmizlənməsi zamanı çaydaşı ilə döşənmiş kiçik şəhər meydanı üzə çıxarılmışdır. Meydanın döşəməsi inşaat baxımından 1938-ci il qazıntıları zamanı körpü yaxınlığında təmizlənmiş ərazinin döşəməsini xatırladır.[32] Həmin ərazidə qala divarının inşaat texnikasının müəyyənləşdirilməsi məqsədi ilə, divar, yuxarıdan aşağıya doğru 50 sm ölçüdə kəsilmişdir. Müəyyən edilmişdir ki, qala divarlarının aşağı hissəsi gil-saman qarışığından inşa edilmiş, 3 metr hündürlükdən sonra isə inşaat materialı kimi 33x33x8 sm ölçülü çiy kərpicdən istifadə edilmişdir.[32] Arxoloqların qala divarından bütöv kərpic çıxarmaq cəhdləri uğursuzluqla nəticələnmişdir və burdan belə qərara gəlinmişdir ki, daxili qala divarlarının hörgüsü zamanı kərpiclər hələ tam qururmamış olmuşdur.[32]
Daxili qalanın tədqiqatı sonrakı mərhələdə bir qədər qərb tərəfdə 50 metr uzunluğa malik sahədə aparılmışdır. Burada qala divarı kvadrat formalı, 5 metr hündürlüyə malik üç qüllə ilə bölünmüşdür. Bu üç qüllədən yalnız ən şimalda olanın ərazisində ətraflı tədqiqat aparılaraq, qüllə təməlinə kimi qazılmış, onun yanında çaydaşı və gil məhlulundan inşa edilmiş tikililərin özülləri aşkara çıxarılmışdır.[33] Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bu ərazidə qala divarlarının təməli sarı fil məhlulundan inşa edilmişdir. 2 metr hündürlükdən etibarən isə hörgü 42x42x12 sm ölüçülü çiy kərpiclər vasitəsiylə davam etdirilmişdir. Kərpiclərin hazırlanması zamanı sarımtıl gil və saman qarışığından istifadə olunub. Ümumilikdə daxili qala divarlarının eni 6 metrə bərabər olmuşdur.[34]
Daxili qalanın tədqiqat işləri, tikilinin şimal küncündəki şərq qülləsi yaxınlığında 15-50 metr ərazidə davam etdirilmişdir.[34] Burdakı tədqiqatlar zamanı tikilinin təməlinin iki sıralı çaydaşları və gil məhlulundan hörülməsi aşkara çıxarılmışdır.[34] Yuxarı hissədə görgü 33x33x8 sm ölçülü böyük və 31x31x7 sm ölçülü kiçik çiy kərpclərdən istifadə ilə həyata keçirilmişdir. Ümumilikdə qala divarı, digər tədqiq edilmiş ərazilərdə olduğu kimi 6 metr enə malikdir.[34]
Birinci qala divarının müxtəlif yerlərində aparılan tədqiqatlar nəticəsində onun hər tərəfdən eyni dövrdə inşa edilməsi, eyni qalınlığa və höhkəmliyə malik olması müəyyən edilmişdir. Birinci qala divarlarının şərq tərəfinin fasadı gil hörgü üzərinə əlavə edilmiş və bir metr enə malik olan çaydaşı-gil toxuması ilə üzlənmişdir. Hörgüdən tökülmüş dağ yerlərindən məlum olur ki, qala divarlarının qərbində yerləşən dairəvi qüllənin fasadı kimi şərq divarının fasadı da çaydaşı-tuf hörgüsü ilə bəzədilmişdir. Hörgü texnikası və xarakterinə görə fasad, çiy kərpiclərdən tikilmiş qala divarlarının özündən daha sonrakı dövrdə inşa edilmişdir.[35]
Birinci qala divarının tədqiqi zamanı onun şərq hissəsi yaxınlığında su kəmərləri şəbəkəsi aşkar edilmişdir. Şəbəkənin bir hissəsinin tədqiq edilməsi nəticəsində müəyyən olmuşdur ki, o, hər biri 40 sm uzunluğa, 15 sm giriş, 12 sm diametrində çıxış tərəflərə malik saxsı boruların bir-birinə keçirilməsi sayəsində yaradılmışdır.[35] Həmçinin, həmin ərazidə bir-biri yaxınlığında yerləşən su quyuları da aşkarlanmışdır. Su quyularından birinin təmizlənməsi nəticəsində müəyyən edilmişdir ki, su quyularının divarları bişmiş kərpicdən gil məhlulu qarışığı istifadə etməklə hörülmüşdür.[35] İ. Cəfərzadə qeyd edir ki, bu cür su quyuları şəhərin müxtəlif ərazilərində inşa edilmiş və yeraltı su sisteminin işləməsi və suyun keyfiyyətinin yoxlanması üçün istifadə olunmuşdur.[35]
İkinci qala divarı
redaktəBirinci və ikinci qala divarlarının inşa edilmə ardıcıllığının müəyyənləşdirilməsi üçün 1940-cı ildə ikinci qala divarı ərazisində, dəmir yolu xəttindən 100-120 metr şimalda, birinci və ikinci qala divarlarının kəsişmə sahəsində, birinci qala divarının cənub künc qülləsi istiqamətində qazıntılara başlanılmışdır.[31] İkinci qala divarlarının şərq tərəfində ümumi sahəsi 275m2 olan ərazidə geni qazıntılar aparılmış, həmçinin 350 sm uzunluq, 120 sm enə malik ərazi təmələ kimi qazılmışdır.[31] Qazıntılar nəticəsində ikinci qala divarının şərq tərəf fasadı 40 metr uzunluqda məsafədə təmizlənmiş, 5 metr uzunluqda isə qala divarlarının daxili hissəsi açılmışdır.[31]
Aparılmış tədqiqat işləri nəticəsində ikinci qala divarınnın şərq hissəsində inşaat xarakteri və texnikası araşdırılmış, ikinci qala divarının birinci qala divarı ilə kəsişmə yeri öyrənilmişdir. Həmçinin ikinci qala divarında yerləşən bir yarımdariəvi və iki dördbucaqlı qüllə təmizlənərək tədqiq edilmişdir.[31]
İkinci qala divarının şərq hissəsi 3 metr enə malik olmaqla gil qarışığından inşa edilmişdir. Təxminən hər 50 – 40 sm-dən sonra bir sıra çiy kərpic hörgüsünə bir sıra çaydaşı hörgüsü əlavə edilmişdir.[31] Qala divarlarının ilkin hündürlüyü müəyyən edilməsə də, saxlanılmış hissənin hündürlüyü 3 metrdən artıqdır.[36]
Qazılmış qüllələrdən ilk kvadrat formalı olanı kordur və içi tamamilə çiy kərpiclə doldurulmuşdur. Onun diametrii 5 metrə bərabərdir. Qüllənin inşası zamanı 25x5x5 sm və 23x23x5 sm ölçülü bişmiş kərpiclər və çaydaşından istifadə olunmuşdur.[31] Bu qala divralarınıın hörgüsü zamanı istifadə edilmiş hörgü texnikası sonradan elmi ədəbiyyatda “Gəncə hörgüsü” adlandırılmışdır.[31] Gəncə hörgüsünün özəlliyi ondadır ki, bu hörgü texnikasından istifadə zamanı, çaydaşıları yanlardan, alt və üstdən iki qat kərpic hörgüsü ilə yaradılmış yuvaların içinə hörülür.[36] Hər 4-5 sətir kərpic hörgüsündən sonra kərpic yuvacıqlar paralel olaraq bir-biri üzərində yerləşdirilmişdir. Bu bloklar və ya yuvalara yerləşdirilmiş çaydaşıları kərpic hörgünün səthindən kənara çıxdığına görə, qalanın fasadı əhəng məhlulu ilə üzlənmişdi. Qala divarının aşağı hissələrində əhəng məhlulu yaxşı saxlanmışdır.[36]
Qüllənin təməli əhəng məhlulu və çaydaşından hörülmüş və yerüstü hissədən Gəncə hörgüsünə keçilmişdir. Qüllənin təməli isə 1.5 metr dərinliyə gedib çıxır.[37] Qüllənin yuxarı hissəsi dağılıb və dövrümüzə çatmış hissənin hündürlüyü təməldən 5 metrdir.[37] Qüllənin daxilinin çiy kərpiclə doldurulması onun müdafiə məqsədi ilə istifadə olunmasını, üst meydançasında isə oxçular və atıcı silahların yerləşdirilməsini ehtimal etməyə əsas vermişdir.[37]
İkinci dördbucaqlı qüllə birinci qüllədən bir qədər aralı – şimal tərəfdə yerləşir. Onun inşası zamanı əsasən çaydaşından istifadə edilmişdir.[38] Təməldə qüllənin inşası üçün çaydaşı ilə yanaşı əhəng məhlulundan, 1.2 metr hündürlükdən sonra isə əhəng və gil məhlulundan növbəli şəkildə istifadə edilmişdir. Möhkəmləndirici məhlulun inşaatda bu cür kombinasiyasına Azərbaycan ərazisində başqa heç bir tikilidə rast gəlinməmişdir.[39]
Bu qüllənin fasadı yaxınlıqdakından fərqli görüntüyə malik olmaqla, bişmi kərpiclə həyata keçirilmiş şam ağacı hörgüsünə malikdir.[39] Qüllənin fasadındakı çıxıntılar əhəng məhlulu ilə həyata keçirilmiş üzləmə ilə aradan qaldırılmışdır. Qüllənin yuxarı hissələri dağılmışdır. Ən yaxşı saxlanmış hissədə onun hündürlüyü 3 metrə çatır. Qüllə divarının qalınlığı isə 2 metrə yaxındır.[39] Cənub divarının qərb qurtaracağı birinci dördbucaqlı qüllənin üzlənmiş divarına birləşdirilir ki, bu da ikincii qüllənin daha sonra inşa edildiyini göstərir.[39] İkinci dördbucaqlı qüllənin daxili ölçüsü 6x5 metr ölçüyə malikdir. Şərq və şimaldan o, daş-kərpic divarıa üzlənmişdir: cənubdan o, birinci dördbucaqlı qalanın şimal divarı, qərbdən isə çiy kərpicdən hörülmüş ikinci qala divarı ilə qapanır.[40] Qazıntılar zamanı ikinci dördbucaqlı qülləyə şəhər tərəfdən giriş qapısı aşkarlanaraq təmizlənmişdir.[40]
İkinci düzbucaqlı qüllənin daxilində, giriş qapısınn yanlarında yerləşən kərpicdən tikilmiş ocaqlar vardır. Ocaqlar 25-30 sm dərinliyə və daxildən yarımsferik formaya malik olmaqla, gəclə üzlənmişdir. Qüllənin daxili və xarici divarlarının hörgüsündə material və texnika fərqli, giriş qapısı və içəridə olan ocaqlar göstərir ki, ikinci dördbucaqlı qüllə, birinci müdafiəsində keşik çəkən hərbiçilərin yaşayışı üçün nəzərdə tutulmuşdur.[40] Abidəni tədqiq etmiş arxeoloq İ. Cəfərzadənin fikrincə qüllələrin yuxarı hissələrindən tökülmüş daşların onun təməlindən 4-5 metr aralıya səpələnməsi, hər iki qüllənin kifayət qədər yüksəkliyə malik olduğunu təsdiq edir.[41] Dördbucaqlı qala qüllələri yarımdairəvi qüllələrlə müqayisədə daha qədim tarixə malikdir.[41]
İkinci dördbucaqlı qüllədən 6 metr şimalda yarımdairəvi qüllə yerləşir. Bu qüllənin daxili diametri dördbucaqlı qüllənin daxili diametrindən kiçikdir. Qüllə, bişmiş kərpic, çaydaşı və əhən məhlulundan Gəncə hörgüsü ilə inşa edilmişdir.[41] Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, tədqiq edilmiş qüllələrin hamısı sonrakı dövrdə inşa edilmiş və çiy kərpic divara birləşdirilmişdir.[42] Dairəvi qüllə yaxınlığında qazıntı zamanı 70-120 sm dərinlikdə çarxformalı, yaxşı bişirilmiş kufi yazılı möhür aşkarlanmışdır.[43] Möhürün tapıldığı yerdən qərbdə 80-90 sm dərinlikdə qalanın su kəmərləri sisteminin qalıqları aşkarlanmışdır. Su kəməri hər biri 38 sm uzunluğa, 18 giriş, 15 sm çıxış diametrinə malik saxsı saxsı borulardan çəkilmişdir.[44]
İstinadlar
redaktə- ↑ Джафарзада, 1949. səh. 3
- ↑ Джафарзада, 1949. səh. 12
- ↑ 1 2 3 Джафарзада, 1949. səh. 13
- ↑ Сборник материалов для описания местностей и племен Кавказа, в.29, отд. 1. Тифлис. 1901. 64.
- ↑ Каганкатваци, Моисей. История Агван, перев. К. Патканяна, гл. XX. Санкт-Петербург. 1861. 270.
- ↑ Сборник материалов для описания местностей и племен Кавказа, в.38, отд. 1. Тифлис. 1908. 86.
- ↑ Джафарзада, 1949. səh. 58
- ↑ 1 2 3 4 Джафарзада, 1949. səh. 59
- ↑ Гандзакский, Киракос. История (арм. изд.) перевод Т. И. Тер-Григорьяна. Тифлис. 1909. 223–224.
- ↑ Джафарзада, 1949. səh. 60
- ↑ Бартольд, В. Энциклопедия ислама (нем. изд). Лейден – Лейнциг. 1914. 136–137.
- ↑ Бакиханов, А. Гюлистан-Ирам. Баку. 1926. 98.
- ↑ 1 2 3 4 Джафарзада, 1949. səh. 17
- ↑ Джафарзада, 1949. səh. 19
- ↑ Щеблыкин, И.П. Памятники Азербайджанского зодчества эпохи Низами. Баку: Изд-во АзФАН. 1943. səh. 50.
- ↑ 1 2 3 4 Джафарзада, 1949. səh. 22
- ↑ 1 2 3 Джафарзада, 1949. səh. 23
- ↑ 1 2 3 4 Джафарзада, 1949. səh. 24
- ↑ 1 2 3 4 5 6 Джафарзада, 1949. səh. 25
- ↑ 1 2 3 4 Джафарзада, 1949. səh. 26
- ↑ 1 2 Джафарзада, 1949. səh. 27
- ↑ Джафарзада, 1949. səh. 28
- ↑ Джафарзада, 1949. səh. 29
- ↑ 1 2 3 Джафарзада, 1949. səh. 30
- ↑ Джафарзада, 1949. səh. 31
- ↑ Джафарзада, 1949. səh. 32
- ↑ 1 2 3 Джафарзада, 1949. səh. 33
- ↑ Джафарзада, 1949. səh. 34
- ↑ 1 2 3 Джафарзада, 1949. səh. 35
- ↑ Джафарзада, 1949. səh. 36
- ↑ 1 2 3 4 5 6 7 8 9 Джафарзада, 1949. səh. 44
- ↑ 1 2 3 4 5 6 7 Джафарзада, 1949. səh. 39
- ↑ Джафарзада, 1949. səh. 40
- ↑ 1 2 3 4 Джафарзада, 1949. səh. 41
- ↑ 1 2 3 4 Джафарзада, 1949. səh. 42
- ↑ 1 2 3 Джафарзада, 1949. səh. 45
- ↑ 1 2 3 Джафарзада, 1949. səh. 46
- ↑ Джафарзада, 1949. səh. 47
- ↑ 1 2 3 4 Джафарзада, 1949. səh. 48
- ↑ 1 2 3 Джафарзада, 1949. səh. 49
- ↑ 1 2 3 Джафарзада, 1949. səh. 50
- ↑ Джафарзада, 1949. səh. 51
- ↑ Джафарзада, 1949. səh. 52
- ↑ Джафарзада, 1949. səh. 53
Ədəbiyyat
redaktə- Джафарзаде, И. М. Историко-археологический очерк Старой Гянджи. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1949.
- Д. Халилов, Д. Мусаев, Р. Гурбанов. Археологические раскопки на городише средневековой Гянджи в 1982 г. (Археологические и этнографические изыскание в Азербайджане, 1982). Баку. 1990. 43–47.
- Ахмедов, Р. Раскопки в Гяндже (Археологические открытия 1986 года). 1988. Москва. 454.
- Ахмедов, Р. Раскопки в средневековой Гянджи (Археологические открытия 1984 года). 1986. Москва. 415.
- Альтман М. М. Исторический очерк города Ганджи. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1949.
- Ахмедов Р. Дж. Гянджа средневековья (археологическое изучение). — Б.: Элм, 1988.
Həmçinin bax
redaktə- 1139-cu il Gəncə zəlzələsi - Zəlzələ Qədim Gəncə qalasının dağılmasına səbəb olmuşdur
- Monqolların Azərbaycana II yürüşü - Bu yürüş zamanı Qədim Gəncə qalası dağıdılmış və şəhər qarət edilmişdir
- Şəddadilər - Qədim Gəncə qalası 971-1088-cü illərdə Şəddadilər dövlətinin paytaxtı olmuşdur