Gence Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi — Gəncə şəhərində yerləşən ən böyük və qədim muzey. Əsası 1924-cü ildə qoyulmuş muzeydə hazırda 30.000-dən çox[1] eksponat saxlanılır.
Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1924 |
Mövzu | arxeologiya, etnoqrafiya, numizmatika, rəngarlıq, heykəltaraşlıq |
Ölkə | |
Yerləşir | Gəncə, Atatürk prospekti 424 |
Kolleksiyası | 30.000-dən çox eksponat |
Direktor | Pərvin Nəzərəliyeva |
Telefon | (+99422) 56-35-94 |
40°40′49″ şm. e. 46°21′28″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey binası
redaktəHazırda muzeyin yerləşdiyi bina XIX əsrdə tikilmişdir. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olmuşdur.[2] Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi.
Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnmişdir. Onların şəxsi mülkü olan bina da, zadəgan ailələrinə məxsus bir çox binalar kimi ictimailəşdirilmişdi. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən bina Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilmişdir.
Muzeyin tarixi
redaktəMuzeyin əsası 1924-cü ildə qoyulmuşdur. Muzeyin yaradılmasında Gəncə semnariyasının müəllim və tələbələrindən İ. Cəfərzadə, S. Seyidov, C. Rəfibəyov, F. Məlikov və başqaları fəal iştirak etmişlər. İlk illər muzey 2 şöbədən ibarət olmuşdur: diyarşünaslıq və kənd təsərrüfatı, muzeyin 500-dən çox eksponatı olmuşdur.
1927-ci ildə Xanlarda (indiki Göygöl rayonu) alman arxeoloq Y. İ. Hümmel arxeoloji qazıntılar aparmışdır. O, tapılmış eksponatların bir hissəsini Xanlar diyarşünaslıq muzeyinə təhvil vermiş, digər bir hissəsini isə öz vətəninə göndərməyə nail olmuşdur. 1961-ci ildə Xanlar və Gəncə muzeyləri birləşdirilmişdir.
1954-cü ildə muzey, Gəncə şəhəri, Əzizbəyov 260 ünvanında yerləşən binaya köçürülmüşdür. Həmin vaxtlar muzey 7 böyük zaldan ibarət olmuş və 3 şöbəyə bölünmüşdü: Təbiətşünaslıq, İnqilabaqədərki dövr və Sovet dövrü tarixi. 1972-ci ildə muzey, indi yerləşdiyi Ziyadxanovlar mülkü binasına köçürülmüşdür.
Ekspozisiyası
redaktəHal-hazırda muzeyin 30 mindən çox eksponatı vardır. Muzeyin ekspozisiyasında Gəncənin ən qədim dövrlərindən başlamış son zamanlara qədər olan tarixi, arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələri 18 salonda nümayiş etdirilir.
Muzeyin əsas fondunda 24785 eksponat vardır. Onlardan 4483 arxeologiya, 1648 ədədi etnoqrafiya, 392 rəssamlıq, 9 heykəltəraşlıq, 2753 fotoşəkil, 9259 sənəd, 3441 numizmatika sahələrinə aiddir. 972 kv. m. sahəsi olan muzey salonları hal-hazırda iki şöbədən ibarətdir: qədim dövr və müasir dövr şöbələri.
Qədim dövr şöbəsi Azərbaycanın ən qədim zamanlarından XIX əsrin sonlarınadək olan tarixini əks etdirir. Gəncə yaxınlığından tapılmış tunc təbərzin və onun düzəldilməsi üçün istifadə olunmuş daş qəlib muzeyin eksponatları sırasına daxildir.[3] Həmçinin muzeyin ekspozisiyasında e. ə. II minilliyə aid boyu 2 m. 20 sm. olan qadın skleti və onunla bərabər basdırılmış bəzək və məişət əşyaları nümayiş olunur.[3] Muezeydə VII əsrə aid olan Qafqaz Albaniyası hökmdarına məxsus qəbir üstü abidə saxlanılır.[3]
Bunlardan başqa muzeyin ekspozisiyasına Qafqaz Albaniyası dövrünə aid gümüş qadın tacı, Nizami Gəncəvinin qəbrindən aşkarlanmış çıraqlar, Gəncə xalçaçılıq məktəbinə məxsus xalça nümunələri, Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid sikkələr, zərgərlik nümunələri, müxtəlif dövrlərə aid saxsı nümunələri, metalişləmə nümunələri, Gəncə xanlığının bayrağı da daxildir.[3]
-
Qafqaz Albaniyası dövrünə aid saxsı qab, Gəncə
-
Qafqaz Albaniyası dövrünə aid saxsı qab, Gəncə
-
Qafqaz Albaniyası dövrünə aid saxsı qab, Gəncə
-
Qafqaz Albaniyası dövrünə aid saxsı qab, Gəncə
-
Saxsı çıraq, Nizami məqbərəsi.
-
Gil kasa, Borsunlu
-
Gil kasa, Gəncə, erkən dəmir dövrü
-
Gil kasa, Borsunlu, tunc dövrü
-
Gil kasa, Tovuz, Göytəpə
-
Üzərində Məhəmməd Cahan Pəhləvanın adı yazılmış gil qab, Gəncə qalası
-
Boyalı saxsı qab, Gəncə, XIII əsr
-
Şirli saxsı kuzə, Gəncə qalası, Azərbaycan Atabəyləri dövrü
-
Bədii təsvirli daş kuzə, Gəncə qalası, Azərbaycan Atabəyləri dövrü
-
Bədii təsvirli daş çaydan, Gəncə qalası, Azərbaycan Atabəyləri dövrü
-
Tunc amulet, Qarğalartəpəsi
-
Qafqaz Albaniyası dövrünə aid qadın tacı, Gəncə, qarışıq gümüş.
-
Gümüş sırğa, Gəncə qalası, Azərbaycan Atabəyləri dövrü
-
Gümüş sırğa, Gəncə, XIX əsr
-
Tunc dövrünə aid, 2.20 sm boyu olan qadın qəbri
-
Gəncə xanlığının bayrağı
-
Nizami Gəncəvi - İskəndərnamə, əlyazma, "İsəndərin əjdaha ilə döyüşməsi" miniatürü.
-
Nizami Gəncəvi xalçası, 1939-cu il.
-
N. Babayev - Cavanşirin portreti
-
N. Babayev - Əbülüla Gəncəvinin portreti
-
N. Babayev - Xaqani Şirvaninin portreti
-
N. Babayev - Mirzə Şəfi Vazehin portreti
İstinadlar
redaktə- ↑ N.Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi Arxivləşdirilib 2016-12-07 at the Wayback Machine, gence.az
- ↑ Ziyadxanovların mülkü – Gəncə Tarix və Diyarşünaslıq muzeyi[ölü keçid], kepeztv.az
- ↑ 1 2 3 4 "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyi". 2012-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-27.