Osmanli Memluk Muharibesi 1516 1517 - Wikipedia
Osmanlı-məmlük müharibəsi (1516–1517) (ərəb. حرب المملوكي العثماني, türk. Osmanlı – Memlük Savaşı (1516–17)) — Osmanlı imperiyası ilə Məmlük sultanlığı arasındakı ikinci müharibə. Osmanlılarla Məmlüklər arasındakı qarşıdurmaya, hər iki dövlətin iddia etdiyi Kiçik Asiyadakı mübahisəli ərazilər səbəb oldu. Həmçinin hər iki tərəfin Hindistandan və Uzaq Şərqdən gələn ticarət yoluna nəzarəti ələ keçirmək üstündə də maraqları toqquşurdu. Şərti olaraq Ədviyyat yolu adlanan ticarət yolunun üzərində Qırmızı dəniz və Ərəbistan dənizi limanları və Aralıq dənizinin şərq sahillərinin limanları kimi strateji məntəqələr daxil idi. Bütün bu strateji məntəqələrə məmlüklər nəzarət edirdilər. Osmanlı dövləti böyük gəlir verən bu ticarət yolunu da ələ keçirməyə çalışırdı.
Osmanlı-məmlük müharibəsi (1516-1517) | |||
---|---|---|---|
Osmanlı-Misir müharibələri | |||
| |||
Tarix | 1516-1517 | ||
Yeri | Kiçik Asiya, Levant, Misir | ||
Nəticəsi |
Osmanlı qələbəsi Məmlük sultanlığının varlığına son qoyuldu |
||
Ərazi dəyişikliyi | Misir, Levant, Hicaz və Qırmızı dəniz sahilləri Osmanlı imperiyasına tabe edildi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İlk Osmanlı-məmlük müharibəsi 1491-ci ildə Məmlük Sultanlığının faktiki qələbəsi sona çatdı. Lakin müharibənin strateji nəticəsi tamam fərqli oldu. Müharibə Yaxın Şərqdə təsir dairələrinin bölünməsi və status-kvo ilə yekunlaşdı. Sülh müqaviləsi imzalansa belə, hər iki dövlət bölgədəki təsir dairələrini davam etdirməkdə israrlı idilər. Bu səbəbdən Osmanlı-Məmlük siyasi münaqişəsinin davamı gözlənilirdi. Təsir dairələrinin bölüşdürülməsinə baxmayaraq, Kiçik Asiyada olan həm Ramazanoğulları bəyliyi, həm də Dulqədiroğulları bəyliyinin hökmdarları hər iki tərəfdən davamlı təzyiq altında idilər.[1] XVI əsrin əvvəllərində bölgə üzərində nəzarəti ələ almağa çalışan üçüncü bir qüvvədə peyda oldu — Səfəvi şahı I İsmayıl.
Çaldıran döyüşü ilə şərqdəki ən güclü rəqibini məğlub edən Sultan Səlimin şərqi və cənub-şərqi Anadolunu zəbt etmək istəyi, həmin bölgədəki mühüm şəhərlərə sahib olan Məmlük sultanı Qansu Qavrini narahat etməyə başlamışdı. II Bəyazid dönəmində baş tutan toqquşmalar, Dulqədiroğulları bəyliyi məsələsi və Hicaz bölgəsinin idarəsi uğrunda gedən mübarizə iki dövlət arasındakı münasibətləri daha da gərginləşdirdi.[2][3] Bölgəni nəzarətə almağa çalışan Osmanlı Sultanı I Səlim Dulqədiroğulları bəyliyini tutduqdan sonra Məmlük dövlətinə qarşı müharibəyə başladı. O, bu müharibəni müqəddəs müharibə adlandırdı. Əsasən soyuq silahlara mailk və top ilə tüfəngdən istifadəni şəxsi qürrurlarına sığışdırmayan məmlüklər müasir silahlara qarşı gücsüz oldular. Məmlüklər arası daxili ixtilaflar və xəyanət onların məğlubiyyətinə səbəb oldu. Mərcidabık, Beysan, Ridaniyə və Qahirə döyüşlərində məğlub olan məmlüklər osmanlılara müharibəni uduzdular.
Müharibənin sonu olaraq Misirdə 350 il, Suriya, Fələstin, Livanda 400 il davam edən Osmanlı ağalığı davam etdi.
Müharibənin nəticəsi olaraq isə Məmlük sultanlığının süqutu və torpaqlarının Osmanlı imperiyasına birləşdirilməsi ilə bitdi. Misir Osmanlı dövlətinin əsas vilayətlərindən biri oldu. Osmanlı imperiyasının xəzinəsinin böyük hissəsi Misirdən gələn gəlirlər hesabına formalaşırdı. Həmçinin, Misir Osmanlının Afrika qitəsi, Qırmızı dəniz və Hind okeanının şərq sahillərinə nəzarət etməsi üçün əsas dayaq nöqtəsinə çevrildi. 1798-ci ilə qədər Misir Fransanın Misirə hücumuna qədər Osmanlı imperiyasının tam nəzarəti altında qaldı. Bu yürüşdən qısa müddət sonra Misir faktiki daxili müstəqillik əldə etdi. 1867-ci ildən yaradılan Misir xidivliyi faktiki müstəqil dövlət sayılırdı. 1882-ci ildə baş vermiş İngilis-Misir xidivliyi müharibəsi ilə Misir təmamilə Osmanlı dövlətinin nəzarətindən çıxaraq, Britaniya imperiyasının təsir dairəsinə daxil oldu.
Hicazın ələ keçirilməsi ilə Osmanlı sultanları iki müqəddəs məkanın Məkkə və Mədinənin də sahibinə çevrildilər. Bu iki şəhərin sahibi olan Osmanlı sultanları xəlifə titulunu qəbul etdilər və 1923-cü ilə qədər Türkiyə Cümhuriyyəti qurulana qədər bu titulu daşıdılar.
Misir bəylərbəyi əvvəlcə I Səlimin Xeyr bəylə əvəz etdiyi Devşirmə Yunus Paşa təyin edildi. Lakin sonra Yunus Paşa rüşvətxorluqda günahlandırıldı və Misir-Suriya sərhədində edam edildi.
Bağdad şəhəri Hülakü xan tərəfindən tutulduqdan sonra İslam xəlifələri sayılan Abbasilər sülaləsi nümayəndələri məmlüklərin yanında sığınacaq tapmışdılar. İslam dünyasının xəlifələrinin sonuncusu III Xəlifə Əl-Mütəvəkkil Misirdə ələ keçirildikdən sonra İstanbula gətirildi. Burada o, əvvəlcə I Səlimin şəxsi məhbusu oldu. Lakin bundan sonra Xəlifə vəzifəsini I Səlimin varisi Qanuni I Süleymana verdi. Beləliklə ali hakimiyyətlə yanaşı dini hakimiyyət də Osmanlı sultanlarına keçdi.
Mənbələr
redaktəOsmanlıların Misiri fəth etməsini təsvir edən ən yaxşı mənbə Qahirəli və hadisələrin çağdaşı olan Məhəmməd ibn İyasın salnaməsidir. Siyasi hadisələrlə yaxından tanış idi və şahidi olduqlarını hər şeyi dürüst, dəqiq və ədalətlə təsvir edirdi. Başqa bir Misirli İbn Zünbul tarixçi deyil, daha çox yazıçı idi, lakin onun yazdıqları Məmlük fikrinin ifadəsi kimi vacibdir. Dəməşqdən olan Məhəmməd İbn Tulun da fəthin şahidi idi, onun salnaməsi İbn İyasın hekayəsini tamamlayır. Misirin Osmanlılar tərəfindən fəth edilməsinə dair eyni keyfiyyətdə Osmanlı mənbələri yoxdur. O dövrdə hələ Osmanlılarda bənzər ərəb tarixşünaslıq ənənəsi inkişaf etdirilməmişdi. Aşıqpaşazadənin salnaməsində 1501-ci ilə qədərki dövrü əhatə olunur. O, yalnız Osmanlı və Məmlüklərin qarşıdurmasını, mənşəyini və səbəblərini təsvir edir. Aşıqpaşazadənin yaradıcılığının mənfi cəhətləri tez-tez əfsanələrə əsaslanan yanaşmasıdır. Xoca Sadəttin Əfəndi isə hadisələrin şahid deyildi. O, Osmanlıların rəsmi tarixində Misir kampaniyasının iştirakçısı olan atasının hekayələri əsasında müharibəni təsvir etmişdir.
I Səlimin ordusu ilə Misirə gələn və orada qazı kimi qalan Əbdül-Amad əl-Diyarbəkrinin də bir Osmanlı salnaməsi mövcuddur. Lakin onun əsəri İbn İyasın əsərinin Osmanlı dilinə uyğunlaşdırılmış tərcüməsidir. Bu əsərin dəyəri hadisələrə Osmanlı mövqeyindən baxmağıdır. Nişançı Firudin Əhməd bəyin "Munşeat-as Salatin" əsəri sultanların rəsmi yazışmalar toplusudur. Burada təşviqat jurnalları və fatihnamələr (qələbələri elan edən rəsmi məktublar) əksini tapmışdır. Bu da çox vacib tarixi mənbədir.[4]
İki yəhudi salnaməsi də var: biri Rabbi Eliyahu Kapsali (1483–1555) tərəfindən 1523-cü ildə Krit adasında, ikincisi isə 150 il sonra Misirdə Yozef ben Yitzhak Sambari tərəfindən yazılmışdır.[4]
Avropa mənbələrindəki müasir hadisələrdən ən başlıcası, Venesiya agentlərinin yazdıqları hesabat və məktubları toplayan Marino Sanudonun "gündəlikləri"dir.[4]
Münaqişənin tarixi
redaktəXV əsrdə güclənən Osmanlı imperiyası, demək olar ki, bütün Anadolu üzərində nəzarəti əldə etdi. Fərat bölgəsində və Çukurov düzənliyində Osmanlı sultanlarının maraqları məmlüklərin mənafeləri ilə toqquşdu. Hər iki sultanlıq bufer ərazilərə — Ramazanoğulları bəyliyi və Dulqədiroğulları bəyliyininə nəzarəti əldə etməyə çalışdı. 1468–1473-cü illərdə Məmlük sultanı Kait-bəy Osmanlı sultanı II Mehmedin dəstəklədiyi Şahsuvar bəy Zülqədər ilə müharibə apardı. Şahsuvar bəy Zülqədərin laqeydliyi və təkəbbürü onu Osmanlı dəstəyindən məhrum etdi və Dulqədiroğulları bəyi məğlub oldu. O, məmlüklər tərəfindən tutuldu və edam edildi. İki dövlət arasındakı növbəti böyük qarşıdurma, taxt-taca iddia edən II Mehmedin oğlu Cem Sultanın Misirdə sığınacaq tapması səbəbindən yarandı. Cem Sultan ailəsi ilə birlikdə Qahirə şəhərinə, oradan isə Hicaza getmişdir. Qeyd edək ki Cem Sultan Həcc ziyarətinə getmiş yeganə Osmanlı şahzadəsidir. Sonra Kait-beyin köməyi ilə, mülklərindən qovulan Qaramanlılarla birlikdə, Jem qardaşı II Bəyazidə müqavimət göstərməyə çalışdı. Cem Sultan məmlüklərdən dəstək alması səbəbindən 27 may, 1482-ci ildə Konya şəhərinin üzərinə hücum etdi. Yalnız II Bəyazidin yaxınlaşmasından sonra Ankaraya doğru geri çəkildi. Buradan yenidən Misirə qayıtmaq istəsə də, yolların bağlanması səbəbindən bu mümkün olmadı.
1485-ci ildən başlayaraq, Kait-bey Çukurova düzünün fəthi uğrunda II Bəyazidlə döyüşdü. Lakin ilk Osmanlı-məmlük müharibəsi 1491-ci ildə təsir dairələrinin bölünməsi ilə sona çatdı. II Bəyazid təcavüzkar xarici siyasət yürütmürdü və hakimiyyətinin sonuna qədər iki imperiya arasında sülh mövcud idi. Hətta Məmlük sultanı Qansu Qavrinin Portuqaliya ilə qarşıdurması olanda Bəyazid ona kömək belə etdi.
1512-ci ildə hakimiyyətə gələn II Bəyazidin oğlu I Səlim atasından fərli olaraq müharibələrdən çəkinmirdi. Üstəlik bölgə üzərində nəzarəti ələ almağa çalışan üçüncü bir qüvvə Səfəvi şahı I İsmayıl da meydana atılmışdı. 1514-cü ildə I Səlim şaha qarşı yürüş təşkil etdi və Bəylik hökmdarlarına bu yürüşə qoşulmaq üçün bir tələb göndərdi. Dulqədiroğulları bəyliyi hökmdarı Əlaüddövlə Bozqurd bəy bu çağrışa qoşulmadı. Bozqurd bəy Çaldıran döyüşünə gəlmədi. O, çox qoca 90 yaşında olmasını bəhanə gətirdi. Əslində I Şah İsmayılla döyüşməkdən yorulan Əlaüddövlə bəy Səfəvi şahı ilə sülhü pozmaq istəmirdi. Əlaüddövlə bəy Yavuzun yanında olan qardaşı Şahsuvar bəyin oğlu Əli bəyin osmanlılar tərəfindən dəstəklənməsini xoş qarşılamırdı. Bu üzdən Çaldıran savaşına gedən osmanlı ordusunun iaşə yollarını kəsərək, təçhizatlarını yağmalatdırdı.
I Yavuz Sultan Səlim 1514-cü ildə Çaldıran zəfərini qazanınca Dulqədiroğulları bəyliyini ortadan qaldırmaq üçün hərəkətə keçdi. Qeysəri sancaq bəyliyinə gətirilən Şahsuvaroğlu Əli bəyə, Zülqədər torpaqları alındığı təqdirdə ona veriləcəyini bildirdi. 1515-ci ildə Əli bəy və Rumeli bəylərbəyi Sinan Paşa Əlaüddövlə bəyin üstünə göndərildi. 13 iyun 1515-ci ildə Göysun yaxınlarında Durna dağında osmanlılar ilə Dulqədiroğulları arasında baş verən savaşda Əlaüddövlə bəy yenilərek dörd oğlu ilə birlikdə edam edildi. Beləcə Zülqədəroğulları bəyliyi dövrü sona çatmış oldu. Səlim, Əlaüddövlə bəyin məmlüklərlə razılaşdığı üçün ona kömək etməkdən imtina etdiyinə inandığı üçün bəyin, dörd oğlu və vəzirinin kəsilmiş başlarını Qahirəyə Qansu Qavriyə göndərdi. Qansu Qavri Əlaüddövlə bəy və onun oğlanlarının başlarının böyük hörmətlə dəfn edilməsini əmr etdi. I Səlimlə müharibənin qaçılmaz olduğu aydın oldu. Qansu Qavri əsgərlərini, xəlifəni və dörd baş qazını toplayaraq hərbi hazırlıqlara başladı. Qazılara Suriyaya getməyə hazırlaşmaları əmr edildi. Əhali arasında nüfuz qazanmaq qazanmaq üçün Qansu Qavri taxıl və digər mallara tətbiq etdiyi aylıq və həftəlik rüsumları ləğv etdi.[5]
Hazırlıq
redaktəMəmlük sultanı Qansu Qavri I Sultan Səlimin yeritdiyi siyasəti anlamış, sərhədlərində baş verən çaxnaşmalar səbəbilə bir tərəfdən Şah İsmayılla diplomatik əlaqələr qurur, digər tərəfdən də özünün rəhbərlik etdiyi ordu ilə Dəməşq bölgəsinə gəlmişdi.[6][7][8]
Qara xan Ustaclının Diyarbəkirə gəldiyi xəbərini eşidən I Sultan Səlim sədrəzəmliyə gətirdiyi Sənan Paşanı 28 aprel 1516 tarixində bölgəyə yolladı. Sənan Paşa burada ikən sərhəddəki Məmlük əmirlərinə məktub yollayaraq Fərat çayını keçmək istədiyini bildirdi. Ancaq cavab məktubu gəlmədi və sultan Qansu Qavrinin Şah İsmayılla ittifaq qurduğu başa düşüldü. Ardından Sənan Paşa baş verənlər haqqında I Sultan Səlimə məktub yazmış, 4 iyunda İstanbuldan yola düşən I Səlim isə sədrəzəmə Fərat çayı üzərində körpü tikməyi və sultan ordusunu gözləməyi əmr etdi. Məmlük sultanı Sənan Paşanın bölgəyə gəldiyini öyrəndi və 50 min nəfərlik ordusu ilə vaxtilə üsyan edən Şahzadə Əhmədin Misirə qaçan oğlu Şahzadə Qasımla birlikdə 19 mayda Hələb istiqamətində yola düşdü. I Səlimin sünni dövlət olan Məmlük dövlətini şiə məzhəbli Səfəvilərlə müttəfiqlikdə günahlandırması və bu yöndə dönəmin şeyxülislamı Zənbilli Əli Əfəndidən fətva alması, əslində Misirin və Suriyanın işğal edilməsi üçün bir bəhanə idi.[9][10][11]
İbn İyas qeyd edir ki, Qansu Qavrinin ordusu əvvəlki dövrlə müqayisədə nisbətən çox az idi. Yalnız 944 sultan məmlükü var idi ki, bütün ordu isə 5.000 əsgərdən ibarət idi (başqa bir məlumata görə təxminən 7000 nəfər). Osmanlılar canlı qüvvə sayında böyük üstünlüyə malik idilər. Kansu ordusuna olan borclarını ödəməyə çalışdı. Mübarizədə haqlı olduğunu vurğulamaq üçün sultan xəlifəyə, dörd baş qaziyə və təsəvvüf əmrinin şeyxlərinə orduya qoşulmağı əmr etdi. O, özü ilə bərabər Məmlük sultanlığına qaçan Səlimin qardaşı oğlu Kasım ibn Əhmədi götürmüşdü. Kansu Qavri xəzinəsini əlli dəvənin yanında özü ilə daşıyırdı.[12]
Döyüş əməliyyatları
redaktəMərcidabık döyüşü
redaktəQansu Qavri və I Sultan Səlimin ordusu 24 avqust 1516-cı il bazar günü səhər saatlarında Hələbdən Dabik düzünə (Mərcidabık) gedən yolda, İslam rəvayyətlərinə görə Davudun məzarı yerləşən yerdə qarşı-qarşıya gəldi.[13][14][15][16][17][18][19] Ordular say baxımından bir-birinə bərabər idi. Osmanlı ordusunu 12.000 tüfəngçi, 30.000 piyada, 20.000 Anadolu və 20.000 Rumeli əyaləti qüvvəsindən ibarət idi. Ümumilikdə I Səlimin 60[13]-120[17] min arası qüvvəsi, Qansu Qavrinin 60 min[14][18] və ya 70–80[13][17] min arası ordusu var idi. Məmlük ordusunun bu döyüşdə əsas məqsədi Osmanlıların ölkənin içərilərinə doğru irəliləməsinin qarşısını almaq idi. Döyüş zamanı Məmlük ordusunda Sultan Səlimin ehtiyatda böyük qüvvələri olduğu barədə şayiələr yayıldı. Bu səbəbdən bəzi əsgərlərin döyüş meydanını tərk edir və ya Osmanlı tərəfə keçmişdi.[18]
Osmanlı ordusunun mərkəzində sultanla sədrəzəm Sənan Paşa və piyada dəstələri yer almışdı. Tüfəngçilərin önünə 300 top arabası zəncirlənmiş şəkildə düzülmüşdü. Sağ cinahda Anadolu bəylərbəyi Zeynal Paşa, Qaraman bəylərbəyi Hüsrəv Paşa, Dülqədəroğulları bəyliyindan Şahsüvaroğlu Əli bəy və Ramazanoğulları bəyliyindan Mahmud bəy; sol cinahda isə Rumeli bəylərbəyi Kiçik Sənan Paşa, Diyarbəkir bəylərbəyi Mehmed Paşa və I Səadət Gərayın rəhbərlik etdiyi Krım qüvvələri yer almışdı. Məmlük ordusunda isə sağ cinahda Dəməşq naibi Sibay bəy, sol cinahda isə Hələb naibi Xeyir bəyin qüvvələri yer almışdı.[20][21]
İlk hücum Məmlüklər tərəfindən oldu. Top və tüfəng atəşi ilə sarsılan Osmanlı qüvvələri qısa zamanda bu hücumu dayandırdı. Ordunun Rumeli qüvvələrinə hücum edən Dəməşq naibi Sibay bəy atından salınaraq öldürüldü. Bunu öyrənən Hələb naibi Xeyr bəy geri çəkildi[22] və Osmanlı qüvvələri Məmlük sultanının şəxsi qüvvələrinə hücum etdi.[22][23] Bəzi tarixçilərin fikrincə Xeyr bəyin satqınlığı I Səlimə qələbə qazandırdı.[22] Günorta saatlarına qədər davam edən döyüşdə Osmanlılar qalib gəldi. Bir çox adlı-sanlı Məmlük əmiri ya əsir alındı, ya da döyüş meydanında öldürüldü.[17] Vəzir Yunus Paşanın səyləri ilə döyüş meydanından qaçan Canbərdi Qəzai və Xeyir bəy ələ keçirildi.[24][25][26]
Döyüşün sonunda aralarında əsir düşdükdən sonra bəzi əmirlərin də olduğu 2000 Məmlük əsgəri edam olundu. Əsir əmirlərin bir qismi isə sərbəst buraxıldı. Qansu Qavri isə qaçarkən anidən atından düşmüş və burada ölmüşdü.[13][15] Onun ölümü müəmmalı oldu.[27][14][18] Bəziləri döyüşdə, bəziləri isə ürək tutmasından[16][17][28][16], beyninə qan sızmasından[29] və ya atların altında qalaraq[22][27][17][29] öldüyünü qeyd edirlər.[22][17][29] Yaxın ətrafı və mühafizəsi qaçdığından qoca sultanın meyiti tapılmadı.[29][28] Ardından Sultan Səlim Hələb şəhərinə daxil oldu. Şəhərdə iqamət edən Abbasi xəlifəsi III Mütəvəkkili ziyarət edib onun da İstanbula aparılacağı xəbərini şəxsən bildirdi. Şəhərdə Sultan Səlimin adına xütbə oxundu, Ardından Hələb, Dəməşq, Həma və Homs şəhərləri ələ keçirildi və bu şəhərlərin hər birinə sancaqbəyləri təyin edildi. Beləliklə, bütün Suriya zəbt olundu və dörd əsirlik Osmanlı hökmranlığı başladı.[30]
Suriyanın fəthi
redaktəMəmlük naiblərinin çoxu Osmanlılarını tərəfinə keçdi.[31] Suriyanın bir sıra şəhərlərinin sakinləri Məmlük qarnizonlarını qovdular və I Səlimə təslim oldular.[18]
Beləliklə Osmanlılar Suriya, Livan və Fələstin torpaqlarını ələ keçirərək Misirə gedən yolu açmış, şərqi və cənub-şərqi Anadolu torpaqlarındakı Osmanlı hakimiyyətini gücləndirmişdi.[14][17][23] Bundan əlavə, Hələbdə qalan Qansu Qavrinin və əmirlərinin xəzinəsi I Səlimin əlinə keçdi və bu da yeni Məmlük sultanı Tumanbəyi yeni ordu toplama fürsətindən məhrum etdi.[32].
Məmlüklər Osmanlılara tabe olmağı ləyaqətlərinə sığışdırmadılar və yeni özlərinə yeni sultan seçdilər. Yeni sultan Qansu Qavrinin gənc və qüvvətli qardaşı oğlu II Tumanbəyi seçdilər.[33]. I Səlim Misirin Osmanlı vassallığını qəbul etmək tələbiylə Qahirəyə məktubla səfirlər göndərdi.[33][34]. Sultan Yavuz II Tumanbəyə Misirə canişin kimi rəhbərlik etməyi, Osmanlı sultanı adından sikkələr kəsməyi və xutba oxutmağı təklif etdi.[35]. İbn İyasın mılumatına görə I Səlim məktubda özünü iyirmi padşahın nəslindən, Tumanbəyi isə "alınıb satılan kölə" adlandırırdı.[34][35]. Tumanbəy elçiləri qəbul etdi, lakin onlar Sultanın yanından çıxdıqdan sonra Məmlük əmirlərindən biri Alan bəy onlara hücum etdi və başlarını kəsdi. Divanda Alan bəy səfirlərin özlərini qalib kimi aparmasından hiddətləndiyini və Osmanlılara nifrət etdiyini, onların şəxsi şücaətdə məmlüklərə uduzduğunu və Mərcidabık döyüşündə yalnız top-tüfəng hesabına qalib gəldiklərini bildirdi.[36].
Beysan döyüşü
redaktəYeni sultan Tumanbəy Sultan Səlimin Qahirəyə hücum etmə ehtimalına qarşı əsgər toplamağa və şəhərin ətrafında müdafiə tədbirləri görməyə başladı. Əlavə olaraq Canbərdi Qəzai rəhbərliyindəki 5 mindən[33] 10 minə[19] nəfərə qədərlik dəstəni Osmanlı ordusu haqqında məlumat toplamaq üçün Qəzzə bölgəsinə yolladı.[33][19] Burada Xan-Yunis və Beysan yaxınlığında Sədrəzəm Sinan Paşanın dəstələri ilə rastlaşdı. Sinan Paşanın təqribən 4000 nəfərlik ordusu var idi. Onlar arasında 1516-cı il 21,[33] 22,[15][37] və 25[18] dekabrda döyüşlər oldu. Sədrəzəm Təkə sancaqbəyi Fərhad bəyi ordunun sağ qanadına, Məhəmməd bəy İsa oğlunu isə Qəzzə sancaqbəyi Məhəməd İsa bəyi isə sol qanadına yerləşdirdi. Sinan Paşa özü yeniçərilər və sipahilərlə ehtiyatda dayandı. Canbərdi bəy Qəzzənin Osmanlı valisinə qarşı, məmlüklərin İsgəndəriyyə naibi Xudaverdi bəy isə Təkkə sancaqbəyinin qarşısında durdu. Mərcidabık döyüşündə məğlub olduqdan sonra belə, məmlüklər cəsarət və döyüş qabiliyyəti baxımından Osmanlılardan üstün olduqları barədə fikirlərini dəyişdirməmişdilər. Döyüş şiddətli oldu, ancaq Osmanlı topçuları tərəfindən vurulan məmlüklər döyüş sahəsini tərk edib səhraya çəkilməli oldular.[38] Canbərdi Qəzai məğlub olub geri çəkildi. Beləliklə, bu döyüşün də nəticəsi Osmanlı topçularının səyi ilə onların xeyrinə həll olundu.[15][35][33] Bu Osmanlıların Misirə hücumundan əvvəl Mərcidabık döyüşüdən sonra ikinci və son döyüş idi.[37]
Qəzzədə I Səlimə, Fələstin şəhərlərin, o cümlədən Məmlük Sultanlığının ikinci dərəcəli şəhəri olan və bir müddət Osmanlı imperiyasında da elə qalmağa davam edən Qüdsün də açarları təqdim edildi. Rəvayətə görə, Misirə getməzdən əvvəl Səlim Qüdsü ziyarət edərək "Tanrıya şükür! Birinci qiblənin ziyarətgahı mənə məxsusdur!" — demişdir.[39]
Sultan I Səlim Məmlük müqavimətinin sındığına inanıb irəliləməyə qərar verdi. Ancaq bəzi dövlət adamları Qəzzədən sonrakı Misir torpaqlarının olduqca təhlükəli olduğuna və Sinay çölünün qısa müddətdə keçilməsinin çətin olduğuna bildirsə də,[35][33] I Səlim yürüşə yaxşı hazırlamışdı. O, 1000 -dən artıq dəvə aldı və onları içməli su ilə yüklətdirdi. Üstəlik, səhranı keşmək üşün orduya xeyli pul payladı.[15] Elə bu əsnada yağan şiddətli yağışlar dasuproblemini həll etdi və ordunun 13 gün ərzində qurumsal səhranı keçməsinə kömək oldu.[33]
Sultan 2 yanvar 1517-ci ildə Qəzzaya gəldi,[33] artıq 8 yanvarda Sinan Paşa 6.000 əsgərlə özüün çatdırdı.[33] Onlardan sonra ordunun yarısı Məmlüklərin paytaxtına doğru yola çıxaraq Misirə daxil oldu.[40] Ordunun ikinci yarısı şərq sərhədlərini qorumaq üçün qaldı.[33] Sonra 10 gün ərzində 20.000 əsgərin[33] olduğu Osmanlı ordusu səhranı keçərək Misirin paytaxtı Qahirəyə doğru yollandı.[15] Osmanlılar müqavimət görmədən Salahya və Bilbeysdən keçərək yanvarın 20-də paytaxtdan bir neçə saatlıq məsafədə yerləşən Birkat əl-Həccə çatdılar.[33][41]
Ridaniyə döyüşü
redaktəTumanbəy səhradan keçən yorğun Osmanlıları dincəlməmişdən əvvəl, Sinay səhrasının sərhədindəki Salihiyədə qarşılamaq istəyirdi. Lakin məmlük əmirləri, Osmanlı ordusunu Qahirə yaxınlığında Ridaniyənin şimal kənarındakı istehkamlarda gözləməyi israr etdilər.[15][35][33][42][41] Əmirlər orada güclü bir müdafiə xətti yaratmağın və Osmanlı hücumuna müqavimət göstərməyin daha məqsədəuyğun olacağını bildirdilər.[33] Tumanbəy şəhərin qarşısında istehkamlar qurmağa və ordunu hazırlamağa çalışdı.[42][33] Məmlüklərin yüksək komandanlığı odlu silahların əhəmiyyətini gec də olsa anladı, Tumanbəy Qansu əl-Qaurinin səhvlərini təkrarlamamağa və ordunu tüfəng və toplarla təchiz etməyə qərar verdi. Ridaniyə döyüşündə məmlüklərin ixtiyarında Frənk (Avropa) topçuları da var idi.[34] Tumanbəy əlində olan qısa müddətdə ordusunu odlu silah və tüfənglə təmin etməyə yönəldi.[43] Məmlüklər odlu silahla döyüşməyi öz ləyaqətlərinə sıxışdırmadıqlarından,[35] buna görə Tumanbəy Məğriblilər, Nubiyalılar və Türkmənlərdən ibarət tüfəngçi dəstəsi yaratdı.[35][40][32]
Ridaniyədə sultan səngərlərin qazılmasını və 100 top üçün istehkamların qurulması əmrini verdi.[33][27] Mükattam dağında məmlük toplarının bir qismi qumun altında gizlədildi.[40][32][27][18][35] Xəndəklərdə süvarilərə qarşı dəmit tikanlar səpələnmişdi.[27] Mərcidabık döyüşündə ordunun məğlubiyyətindən sonra ən böyük problemlərdən biri döyüşçü çatışmazlığı idi.[27] Tumanbəy orduya 6 minə yaxın qara kölə götürdü. Üstəlik azad edilən cinayətkar və şəhər könüllüləri silahlandırılaraq orduya cəlb edildi.[27] Bununla Tumanbəy vəziyyətdən çıxmağa çalışdı. Əlbbəttə ki, döyüş ruhu olmayan ödəniş almayan və böyük ölçüdə etibarsız heyətə malik ordu peşəkar ordu ilə bacara bilməzdi.[40][27]
Əksər mənbələr döyüşü Osmanlı ordusunun avanqardının Qahirə ətrafına yaxınlaşdığı 22 yanvar 1517-ci il tarixinə aid edirlər.[33][27][15][18][44][18] Osmanlı qoşunlarının Qahirəyə yürüşü barədə xəbər alan Tumanbəy, Ridaniyədə qazılmış səngərlərdə yaradılan müdafiə xəttinə yaxınlaşdı.[33][42] Məmlüklər Osmanlıları toplardan gözlənilməz atəş yaylımı ilə qarşılamağı və süvarilərin hücumu nəticəsində onları dağıtmağı planlaşdırırdılar.[33]. Döyüş sübh tezdən başladı.[33][45] Lakin Osmanlılarda dinc durmamış məmlüklərə qarşı hazırlıqlar görmüşdülər. Məmlüklərin qurduğu döyüş strategiyasını ələ keçirilən əsirlərdən və məmlüklərin keçmiş Hələb naibi Xeyir bəydən öyrənən Osmanlılar səhrada qumların altına basdırılan döyüş toplarından və qazılan xəndəklərdən xəbər tutdular. Buna görə də Osmanlı ordusu birbaşa irəliləməyərək çölün ətrafında fırlanaraq məmlüklərin planını pozdular. Osmanlıların döyüş düzülüşündə Mustafa Paşa sağ cinahda, Rumeli bəylərbəyi Kiçik Sinan Paşa sol cinahda, I Sultan Səlim və qapıqulu əsgərləri isə mərkəzdə yer aldılar. Sədrəzəm Sinan Paşa sultan qüvvələrinin sağında, yeniçəri ağası Ayaz ağa isə solunda qərar tutdu.[41][33][32][46]
Döyüş səhər başladı, nəticəsi 20 dəqiqə ərzində həll olundu.[46] Məmlüklər Osmanlı ordusunu toplarından atəş edə biləcəkləri yerə çəkməyə çalışdılar.[33] Ancaq bu strategiyadan xəbərdar olan Osmanlı piyada dəstələri topların ətrafından fırlanaraq qısa zamanda təsirsiz hala saldı. Qumda batan ağır topları çevirə bilmədilər.[42][27] Məmlük ordusunun sol cinahı bu səbəbdən dağıdıldı.[27] Ardından Tumanbəy və yanındakı əmirlər Osmanlı ordusunun sağ cinahına hücum edərək padşahın dəstələrini hədəf aldı.[15] Bu hücumlar əsnasında Sədrəzəm Sinan Paşa ağır yaralandı[33] və çadırına aparılarkən vəfat etdi.[33] Tumanbəyin əsgərləri döyüşdə həvəs göstərmədi.[40][27] Tumanbəy cəsarətlə sona qədər döyüşdü.[41][33][27] Məğrib topçularının və şəhər sakinlərinin çoxu sadəcə qaçdı. Tumanbəy döyüşdə igidlik göstərsə də, şəxsi nümunə ilə də orduya ilham verə bilmədi.[18]
Səhər saatlarında başlayıb fasilələrlə 7–8 saat davam edən döyüşün sonunda məmlüklər tamamilə məhv edildi. Çarəsiz qalan Tumanbəy yanında qalan 10 Məmlük əmiri ilə[15][32][18][46] Nilin yuxari axarı ilə 2 km geri çəkildi.[41] Ardından döyüş meydanından çəkilən 7 min əsgər Tumanbəyın ətrafında toplaşaraq müqaviməti davam etdirdi.[33]
Misirin fəthində ilk dəfə olaraq Osmanlı ordusu çox lüləli silahlardan istifadə etdi. Bu toplar hazırda İstanbul Hərb Muzeyində saxlanılır.[42]
Tumanbəyin Qahirəni geri almaq cəhdləri
redaktəDöyüşün ertəsi günü Sultan Səlimin orduları Qahirəyə daxil oldu. Sultan I Səlim isə şəhərə daxil olmadı, şəhər divarları yaxınlığında ordugahda qaldı. Ridaniyə döyüşü məmlüklərin müqavimətini qırdı və Osmanlıların Qahirəyə girməsinə və Misir üzərində hökmranlıq qurmasına imkan verdi.[33][42] I Səlim yalnız Sinan Paşanın dəfnindən sonra, yanvarın 24-də şəhərə girdi.[33][27][47] Müsəlman ilinin sonuncusu olan ertəsi gün Sultan I Səlimin adına "İki ordunun məhvi və iki müqəddəs ziyarətçinin xidmətçisi" adlandırılan xütbə oxundu.[46] Dünyanın ən böyük və zəngin şəhərlərindən biri olan Qahirə[47] üç gün ərzində qarət edildi; Osmanlıların mərhəmətinə buraxılan köməksiz əhali, evlərinin və mallarının talan edildiyini izləməkdən başqa bir şey edə bilmədilər.[40] Misir kampaniyası zamanı ələ keçirilən qızıl və gümüşü yalnız İstanbula daşımaq üçün 1000 dəvə lazım oldu.[47] Şəhəri talan edən Səlim sülh elan etdi və yeniçəriləri şəhər qapılarına qoydu.[46]. Ancaq çərkəz-məmlüklərin "ovu" bitmədi və əsir götürülənlər dərhal öldürüldü. Tipik bir məmlük baş geyimi geyinən hər kəs təcavüzə uğrayırdı. Qahirənin bir çox sakini edam edildi və kəsilmiş başları xüsusi süngülərdən asıldı.[46] İbn İyas Osmanlı işğalını II Navuxodonosor tərəfindən Misirin fəth edilməsi və 1258-ci ildə Bağdadın monqollar tərəfindən dağıdılması ilə müqayisə etdi.[46].
Sultan I Səlim şəhərdə qalmadı, Nil çayı kənarında düşərgə qurmağa üstünlük verdi. Ancaq yanvarın 28-dən 29-a kecən gecə sübh tezdən Tumanbəy 10 min nəfər məmlüklə müqavimətə cəhd göstərdi və şəhərə daxil oldu. Osmanlı ordusu və sultan Tumanbəyin qılıncdan keçirdiyi kiçik bir Osmanlı qarnizonunun olduğu şəhərin xaricində idi. Lakin I Səlim vəzir Yunis Paşa, Bəylərbəy Mustafa Paşa, Yeniçəri Ayasu və Mir Alemə (bayraqdar) şəhərə daxil olmağı əmr etdi. Şəhərin küçələrində gedən qanlı döyüşlər üç gün davam etdi. Hətta Tumanbəyin adı cümə günü xütbədə səsləndi, lakin məmlüklərin hücumu dəf edildi.[46][27][48][47] II Tumanbəy şəhəri yalnız 48 saat əlində saxlaya bildi. Yanvarın 30-da o, Qahirəni tərk etmək məcburiyyətində qaldı. Bundan sonra şəhərdə Osmanlı qoşunu yerləşdi. Sədrəzəm Yunus Paşa döyüşlərdə yaralandı. Fevralın 15-də Sultan I Səlim böyük səs-küylə Qahirəyə daxil oldu. Qahirə zərbxanası Səlimin adını daşıyan qızıl Osmanlı sikkələrini zərb etdi.[47]
Üsyanın yatırılması zamanı Osmanlılar topları ilə qapıları dağıdır və evləri yandırırdılar. 50 mindən artıq şəhər əhalisi həlak oldu.[27][18] Yüzlərlə əsir məmlüklərin və bədəvilərin başları kəsilərək cəsədləri Nilə atıldı. Məmlükləri tutma prosesində bəzi ziyarətgahlar (məscidlər və türbələr) təhqir edildi. I Səlim təslim olan təxminən dörd yüz nəfərin bağışlanacağını elan etdi. Ancaq keçmiş sultan əl-Malik əl-Zahir Qansu (1498–1499), məmlüklərin onu özlərinə sultan elan edə biləcəyindən qorxduğu üçün onu edam etdirdi.[46]
Paytaxt Misirin təslimindən sonra digər şəhərlərin əhalisi məmlük qarnizonlarını qovmağa başladı və I Səlimə təslim oldu. Tumanbəy bədəvilərin və orta Misirin qəbilələrinin köməyi ilə müqavimət təşkil etməyə müvəffəq olmadı.[27] Hətta Səlimlə barışıq üçün cəhd etdi və ona Misirdə Osmanlı Sultanı vəkili olmaq üçün razılıq göndərdi. I Səlim təklifi qəbul etməyə qərar verdi. Lakin Tumanbəyin əmirlərindən biri I Səlimin elçilərindən birini öldürdü və danışıqları pozdu.[46] Buna baxmayaraq Tumanbəy ümidini itirmədi. Osmanlı ordusunun Misirdən ayrılmasını gözləyəcəyini düşündü. Bundan sonra sülhün əldə olunmasını planlaşdırırdı. Ancaq I Səlim bütün işləri tamamlamadan Misirdən ayrılmaq niyyətində deyildi. Tumanbəyi tutmaq üçün I Səlim martın 26-da (2 aprel 1517-ci il[49]) Gizaya getdi.[50] Osmanlı ilə son döyüşündə Tumanbəy yenidən məğlub oldu. I Səlim əsirgötürülən 800 məmlükün yerindəcə edam edilməsini əmr etdi. 700 məmlük zəncirlənərək İstanbula göndərildi. Tumanbəy qərbə qaçaraq ona vəfa borclusu və dostu saydığı bədəvi şeyxi Həsən ibn Murinin evinə sığındı. Həsən ibn Muri yeddi dəfə Tumanbəyi Osmanlılara təslim etməyəcəyinə dair Qurana and içdi. Lakin andını pozub dostuna xəyanət etdi.[27][49][18] Martın 30-da Sultan Tumanbəy nəhayət ki, əsir alındı.[50] Qısa müddətdə bədəvi şeyxləri onu Osmanlılara təslim etdilər. Bir müddətdən sonra bədəvi ərəblər təslim olmayan Şadi bəyi də Osmanlılara verdilər.[27]
Tumanbəyin edamı
redaktəSultan I Səlim Yavuz görkəmli insanlara hörmət edirdi və Tumanbəyin qəhrəmanlığını müstəsna sayırdı. Martın 31-də I Səlim Tumanbəyi şəxsən qəbul etdi və onunla özünü hələ hökmdar monarx kimi apardı — ayaq üstə salamladı və yanında oturtdu. Bundan sonrakı söhbətdə, Osmanlı tarixçiləri Sədəddin, Solakzadə və Əlinin yazdığına görə, I Səlim mehribanlıqla Tumanbəyə imperiyasında yüksək vəzifə vermək istədiyini söylədi və keçmiş məmlük hökmdarının qəhrəmanlığını qeyd etdi. Növbəti günlərdə sədrəzəm Yunus Paşa da daxil olmaqla vəzirlər Tumanbəyi ziyarət etdilər.[50][51] I Səlim Şadi bəyi də əfv etməyi planlaşdırırdı.[51] Ancaq Tumanbəyə xəyanət edənlər və Osmanlı tərəfə keçənlər əsir sultanın yaşamasını istəmirdilər.[50] Canbırdi Qazali və Xeyir bəy sultanın məğlub düşmənin xidmətləri unutması üçün hiylə fikirləşdilər. Onlar "ağıllı şəkildə Səlimin şübhəli düşüncəsinə şübhə toxumu səpdilər və qəddar ehtiraslarını oyada bildilər". Belə ki, onlar pulla adam tutaraq camaatın arasından: "Allah Sultan Tumanbəyə qələbə versin" deyə qışqırmağı tapşırdılar. Bu da Məmlük sultanının taleyini həll etdi. Atası Kansuh əl-Qaurinin əmri ilə Qahirədə edam edilən Dulqədiroğulları bəyi Əli bəy Şahsuvar bəy oğlu Zülqədər cəllad təyin edildi.[51] Tutulandan 15 gün sonra, 1517-ci il aprelin 13-də Tumanbəy edam edildi. Edamdan öncə Tumanbəy ağ dəvədə Qahirənin mərkəzindən keçirildi və sonra Bab Züveylanın Qahirə qapısında adi bir cinayətkar kimi süngüdə asıldı. Bununla da I Səlim Tumanbəyin azad olduğu barədə şayiələri kəsdi.[49][40][18][50] Aprelin 16-da Tumanbəy cəsədi böyük ehtirama I Səlimin əmri ilə şərəflə dəfn edildi. Misir Qazisi cənazə namazı qıldı.[52][50] Vəzirlər tabutu daşımaq üçün qaldıranda, I Səlim onun yanına getdi və simvolik olaraq çiynini qoydu. I Səlim Tumanbəyin xatirəsi və ruhu şad olması üçün 3 gün ərzində qızıl sikkələr payladı.[50]
Məmlüklərin məğlubiyyətinin səbəbləri
redaktəİbn Zünbülə görə məmlüklər, "atçılıq sənətini bilən süvarilər idilər, Osmanlılar isə sayca çox idilər və bu sənəti bilmirdilər, amma onlar əsasən arkebuz və toplara güvənirdilər.[53] Məmlüklərin çoxu döyüşdə nizə, qılınc və ya oxla deyil, güllə və top top ilə öldürülmüşdü. Məmlüklərin ilk döyüşlərdə topları yox idi və Ridaniyədə topları Osmanlı ilə müqayisədə köhnəlmişdi. Üstəlik məmlüklərin döyüşdə topdan istifadə etmək bacarığı və bilikləri yox idi. Məmlüklər silah və top istifadə etməyi öz ləyaqətlərindən aşağıda görürdülər, çünki bunu etmək üçün atdan düşməli idilər. Ancaq onlar atlı statusları ilə və qılınc gəzdirmək bacarıqları ilə fəxr edirdilər.[54][40]
Məmlüklər arasında birlik də yox idi. Kimə itaət etmək və hansı taktikaya riayət etmək barədə razılığa gələ bilmirdilər. Bəziləri eyni din sahibləri vuruşmaq istəmirdilər. Bu, bir çoxunun Osmanlı tərəfinə keçməsinə və ya qaçmasına səbəb oldu.[55]
Bədəvilər və digər ərəb qəbilələri necə mübarizə aparmaq istədiklərini bilmirdilər və məmlüklərə xəyanət etdilər.[27] Suriya və Misirdəki yerli sakinlər adi insanların müdafiəçisi olaraq məşhur olan Osmanlıları dəstəklədilər. Mərcidabık döyüşüdən əvvəl suriyalı kəndlilər Osmanlı silahlarını və döyüş sursatlarını daşımaqda kömək etdilər. Misirli kəndlilər isə Tumanbəyə vergi ödəməkdən imtina etmişdilər.[27]
Nəticəsi
redaktəMisir bir Osmanlı vilayətinə çevrildi və 1798-ci ildə Fransanın Misirə hücumuna qədər Osmanlı imperiyasının əlində qaldı.[56] Misir bəylərbəyi əvvəlcə I Səlimin Xeyr bəylə əvəz etdiyi Devşirmə Yunus Paşaya təyin edildi. Lakin sonra Yunus Paşa rüşvətxorluqda günahlandırıldı və Misir-Suriya sərhədində edam edildi.[49]
III Xəlifə Əl-Mütəvəkkil ələ keçirildikdən sonra İstanbula gətirildi və burada əvvəlcə I Səlimin şəxsi məhbusu oldu. Lakin bundan sonra Xəlifə vəzifəsini I Səlimin varisi Qanuni I Süleymana verdi. Beləliklə ali hakimiyyətlə yanaşı dini hakimiyyət də Osmanlı sultanlarına keçdi.[57][58]
Qalereya
redaktə-
Şərq sərdarı Bığlı Mehmed Paşa (Tâcü’t-Tevârîh)
-
I Səlim, vəzirləri Yunus Paşa ve Hadım Sinan Paşa, Paşalar ilə Misir səfərini müzakirə edir (Tâcü’t-Tevârîh)
-
Mərcidabık döyüşü (Tâcü’t-Tevârîh)
-
Mərcidabık döyüşü (Selimname)
-
Maktûl Sultan Qansu Qavrinin kəsilmiş başı I Səlimə təqdim edilir (Hünername)
-
Yunus Paşa, Xeyir bəy I Səlimə təzim edirlər (Tâcü’t-Tevârîh)
-
Osmanlı süvarilərinin Bədəvilərlə döyüşü (Selimname)
-
Ridaniyə Döyüşü (Selimname)
-
I Səlim Misirdə
-
I Səlim Nil yolu ilə İskəndəriyyəyə gedir (Tâcü’t-Tevârîh)
İstinadlar
redaktə- ↑ "Dictionary of Battles and Sieges by Tony Jaques xxxiv". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
- ↑ Hoca Sâdeddin, Tâcü’t-tevârîh, İstanbul 1280, II, 324–336
- ↑ Hammer (Atâ Bey), IV, 193–195
- ↑ 1 2 3 Winter, 2008. səh. 491
- ↑ Winter, 2008. səh. 492—495
- ↑ Selâhattin Tansel, Yavuz Sultan Selim, Ankara 1969, s. 118–146
- ↑ a.mlf., "Silahşor’un Fetihnâme-i Diyâr-ı Arab Adlı Eseri", TV, I/2 [17] (1958), s. 295–311
- ↑ İbn İyâs, BedâǿiǾu’z-zühûr, V, 35–65
- ↑ "Haydar Çelebi Rûznâmesi" (a.e. içinde), I, 478–480
- ↑ Hasan-ı Rûmlû, Aĥsenü’t-tevârîħ: A Chronicle of the Early Safawis (nşr. ve trc. C. N. Seddon), Baroda 1931, I, 159–161
- ↑ Belâzürî, Fütûh (Fayda), s. 245, 247
- ↑ Winter, 2008. səh. 496
- ↑ 1 2 3 4 Öztuna, 2017. səh. 74—75
- ↑ 1 2 3 4 Ирмияева, 2000
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Creasy, 1878
- ↑ 1 2 3 Masters, 2009
- ↑ 1 2 3 4 5 6 7 8 Emecen, 2004
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Петросян, 2013
- ↑ 1 2 3 Hammer-Purgstall, 1836. səh. 276
- ↑ Halil Edhem, "Mısır Fethi Mukaddematına Âid Mühim Bir Vesika", TTEM, XVII/19 [96] (1928), s. 30–36
- ↑ Enver Çakar, XVI. Yüzyılda Halep Sancağı (1516–1566), Elazığ 2003, s. 349, 381
- ↑ 1 2 3 4 5 Орудж-бек Баят, 2007. səh. 45
- ↑ 1 2 Ogot, 1999
- ↑ R. Hartmann, "Dâbık", İA, III, 446
- ↑ İbn Tolun, İǾlâmü’l-verâ (nşr. M. Ahmed Dehmân), Dımaşk 1984, s. 229–230
- ↑ Şükrî-i Bitlisî, Selimnâme (nşr. Mustafa Argunşah), Kayseri 1997, s. 242–259
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 Иванов, 1984
- ↑ 1 2 Petry, 1994. səh. 25
- ↑ 1 2 3 4 Rogan, 2009, CH. 1 From Cairo to Istanbul
- ↑ Honigmann, 1991
- ↑ Elisseeff, 1991
- ↑ 1 2 3 4 5 Илюшина, 2016
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Emecen, 2008
- ↑ 1 2 3 Бартольд, 1966
- ↑ 1 2 3 4 5 6 7 8 Winter, 2008. səh. 502
- ↑ Hammer-Purgstall, 1836. səh. 301
- ↑ 1 2 Winter, 2008. səh. 500
- ↑ Hammer-Purgstall, 1836. səh. 302
- ↑ Носенко, 2003
- ↑ 1 2 3 4 5 6 7 8 Rogan, 2009, CH. 1: From Cairo to Istanbul
- ↑ 1 2 3 4 5 Muir, 1896
- ↑ 1 2 3 4 5 6 Öztuna, 2017. səh. 85-88
- ↑ Winter, 2008. səh. 501
- ↑ Lane-Poole, 1901. səh. 354
- ↑ Öztuna, 2017, Rîdâniye Zaferi Türkiye'ye Mısır'ı Kazandırdı ve Memlûk İmparatorluğu'na Son Verdi (22 Ocak 1517)
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Winter, 2008. səh. 503
- ↑ 1 2 3 4 5 Öztuna, 2017. səh. 88-90
- ↑ Hammer-Purgstall, 1836. səh. 307
- ↑ 1 2 3 4 Winter, 2008. səh. 504
- ↑ 1 2 3 4 5 6 7 Öztuna, 2017. səh. 90-92
- ↑ 1 2 3 Hammer-Purgstall, 1836. səh. 321
- ↑ Hammer-Purgstall, 1836. səh. 322
- ↑ Ayalon, 2013. səh. 90
- ↑ Ayalon, 2013. səh. 61—62
- ↑ Salman, 1921. səh. 37,38,42
- ↑ Lane-Poole, 1901. səh. 355,357
- ↑ Winter, 2008. səh. 506—7
- ↑ Lane-Poole, 1901. səh. 355
Ədəbiyyat
redaktə- Орудж-бек Баят. Книга Орудж-Бека Баята - Дон Жуана Персидского. СПб.: СПбГУ. перевод Эфендиева О, Фарзалиева А. 2007.
- MUHAMMED IBN AHMED IBN lYAS. An Account of the Ottoman Conquest of Egypt. A. H. 922 (A. D. 1516). London. Translated by Lieut. Colonel W. H. Salman. 1921.
- Бартольд В. В. Сочинения. 6. М.: Наука, Главная редакция Восточной литературы. 1966.
- Иванов Н. А. Османское завоевание арабских стран, 1516-1574. Изд-во "Наука," Глав. ред. восточной лит-ры. 1984.
- Илюшина М. Ю. Последний мамлюкский султан в войне с османами (1516-1574) // Вестник СПбГУ (1. - Сер. 13 (Востоковедение. Африканистика)). 2016. 49—58.
- Ирмияева Т. Ю. История мусульманского мира: от Халифата до Блистательной Порты. Ural Limited. Гл. ред. Я.Ф. Болдырев; Отв. ред. О.С. Черепанова. 2000. 292–293. ISBN 9785802901229.
- Носенко Т. Иерусалим. Три религии — три мира. ОЛМА Медиа Групп. 2003.
- Петросян Юрий. Османская империя. Величайшие империи человечества. М.: Алгоритм. 2013. 63–65. ISBN 9785443801001.
- A FOURTH CHAPTER OF TURKISH HISTORY. THE WARS WITH THE MAMLUKES // Blackwood's Edinburgh Magazine. J. Mason. 1841. (ing.)
- Africa from the sixteenth to the eighteenth century (PDF). General History of Africa. 5. Oxford [England]: University of California Press. Editor B. A. Ogot. 1999. 137. ISBN 9780520067004. (ing.)
- Ayalon David. Gunpowder and Firearms in the Mamluk Kingdom: A Challenge to Medieval Society (1956). Routledge. 2013. ISBN 9781136277252.
- Cezar Mustafa, Sertoğlu Midhat. Mufassal Osmanlı tarihi: resimli-haritalı. 2. Türk Tarih Kurumu Basımevi. 2010. ISBN 9789751623409. (türk.)
- Creasy E. Sh. History of the Ottoman Turks, from the beginning of their empire to the present time. New York: Holt. 1878. 142.
- Elisseeff N. Dimask // Encyclopaedia of Islam, Second Edition. II. Leiden: BRILL. Edited by: P. Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel, W.P. Heinrichs. 1991. 286–287. (ing.)
- Emecen F. Mercidabık Muharebesi (PDF) // Islamansiklopedisi . 29. 2004. (türk.)
- Emecen F. Ridâniye Savaşı (PDF) // Islamansiklopedisi . 35. 2008.
- Ferro, Marc. Colonization : a global history. London: Routledge. 1997. 254. ISBN 978-0415140089.
- Honigmann E. Mardj Dabik // Encyclopaedia of Islam, Second Edition. VI. Leiden: BRILL. Edited by: P. Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel, W.P. Heinrichs. 1991. 544. (ing.)
- Hammer-Purgstall Joseph Freiherr von. Histoire de l'Empire ottoman: depuis son origine jusqu'à nos jours. Bellizard, Barthès, Dufour & Lowell. 1836.
- Lane-Poole Stanley. A history of Egypt in the Middle Ages. New York : C. Scribner's Sons. 1901. (ing.)
- Masters Bruce. Encyclopedia of the Ottoman Empire (PDF). Ágoston G., Bruce A. Masters. 2009. ISSN 0-8160-6259-5 (#bad_issn).
- Muir William. The Mameluke; or, Slave dynasty of Egypt, 1260-1517, A. D. Smith, Elder. 1896. 198–199. (ing.)
- Öztuna Yilmaz. Yavuz Sultan Selim. Ötüken Nesriyat. 2017. ISBN 978-6051555911. (ing.)
- Petry Carl F. Protectors or Praetorians?: The Last Mamluk Sultans and Egypt's Waning as a Great Power. SUNY Press. 1994. ISBN 9780791421406.
- Rogan Eugene. The Arabs: A History. Penguin Books Limited. 2009. ISBN 9780141939629.
- Winter M. The Ottoman occupation // Islamic Egypt, 640-1517. The Cambridge History of Egypt. I. Cambridge University Press. Edited by Carl F. Petry. 2008. 490–520.