Cerkezler - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Adıqlar, (Çərkəzlər) — Şimali Qafqaz dil ailəsinə bağlı xalq.
Yaşadığı ərazilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
Dili | ||||||||||||
Dini | ||||||||||||
Qeyd | ||||||||||||
Adıq xalqı: adıgey, kabardalı, çərkəz və şapsuq subetnik qruplarından ibarətdir. |
Tarixi
redaktəBir vaxt onlar Qafqazın ən çoxsaylı xalqlarından və rus işğalına qarşı mətanətlə sinə gərərək bu yolda on minlərlə şəhid verən, bölgədə Rusiya ilə bərabərhüquqlu dövlət quran və ona öz şərtlərini diktə etdirən, 1739-cu ildə isə onu özünün dövlət müstəqilliyini tanımağa məcbur edən qəhrəman və olduqca döyüşkən xalqlardan biri hesab edilirdilər. Qafqaz tarixində Rusiyanın işğalçılıq siyasətinə qarşı çeçenlər istisna olmaqla, onlar qədər qızğın müqavimət göstərən ikinci bir xalq yoxdur. Söhbət Qafqazın ən qədim xalqlarından biri hesab edilən çərkəzlərdən gedir. Çərkəzlər Şimali Qafqaz dil ailəsinə mənsub olan abxaz-adıq budağının kabardin-çərkəz dialektində danışırlar.
Qafqazın digər xalqları kimi, çərkəzlər də XVIII əsrdən başlayaraq öz həyatlarının ən ağır dövrlərini yaşamalı oldular. Buna da səbəb Rusiyanın işğalçılıq siyasəti idi. Rusiyanın çərkəzlər yaşayan əraziləri ələ keçirərək Qara dəniz sahillərinə çıxış yolu axtarması rus zülmünə dözməyən çərkəzlərin özlərinə yaxın hesab etdikləri Anadoluya köç prosesinin əsasını qoydu. 1828-ci ildə çərkəzlərin (adıqların) ana yurdu olan Anapanın ruslar tərəfindən işğalından sonra orada yaşayan əhalinin bir hissəsinin Anadoluya köçü başladı. Həmin dövrdə Türkiyənin Qara dəniz sahillərində 370 adıq (çərkəz) ailəsindən ibarət ilk yaşayış məskəni əmələ gəldi. Amma artıq Anadoluya çərkəz köçünün qabağı açılmışdı. Çünki çərkəzlər rus işğalı altında yaşamaqdansa, islamda olduğu kimi, mühacirət etməyi daha məqsədəuyğun hesab edirdilər.
1847-ci ilin fevral ayında Kemquy xanlarından olan Kaplan-Qirey 1619 nəfərlə birlikdə İstanbula köçdü. Bu arada, yəni Krım savaşı öncəsi Çərkəzistanın Rusiya üçün xüsusi, strateji önəm daşıdığı ortaya çıxmışdı. Üstəlik Şeyx Şamilin həmin dövrdə rus işğalına qarşı möhkəm müqavimət göstərməsi də Rusiyanı idarə edənlərin bölgədəki çərkəz varlığından narahat olmalarını daha da artırmışdı. Krım müharibəsi (1853–1856-cı illər) zamanı ruslar ağır duruma düşmələrinə baxmayaraq çərkəzlər yaşayan bölgələrdəki hərbi hissələrini qorxudan savaşa göndərməmişdilər. Ona görə də rus çarı bölgədə yaşayan adıqları, abazları, noqay və Krım tatarlarını yox etmək, onları digər ölkələrə, o cümlədən Anadoluya köçməyə məcbur etmək barədə planlar hazırlamışdılar.[2]. Bu məqsədlə 1860-cı ildə rus çarı general Mixail Tarieloviç Loris-Melikovu İstanbula göndərdi. Onun səyləri nəticəsində Osmanlı Şimali Qafqazdan çərkəzlərin və digər müsəlman əhalinin Anadoluya köç etməsinə razılıq verdi və bu məqsədlə xüsusi köç komissiyaları quruldu. Bunun ardınca 1860–1861-ci illərdə 10 min nəfər Kabarda (çərkəz) və müsəlman osetin Osmanlı dövlətinə köç etdi. Rus məmurları və hərbçiləri müsəlman çərkəz və osetinlərin Anadoluya köçlərini sürətləndirmək məqsədilə zorla onların torpaqlarını əllərindən alır, ya da zor işə keçməyəndə yerli bəylərə külli miqdarda rüşvət verirdilər. Öz növbəsində, çərkəzlərin və müsəlman osetinlərin Anadoluya köçü həmin dövrdə bölgədəki 22 min nəfər çeçenin də yaşadığı yerləri tərk edərək Anadoluya üz tutmasına gətirib çıxardı. Bundan sonra Qafqazın hər yerindən Anadoluya ardı-arası kəsilməyən və illərlə davam edən köç prosesinin əsası qoyuldu. Bölgəni tərk edənlərə Dağıstanda yaşayan xalqlar, o cümlədən abxazlar və qaraçaylılar da qoşuldular.
Buna baxmayaraq, həmin dövrdə çərkəzlər rus işğalına qarşı möhkəm müqavimət göstərməkdə davam edirdilər. Xüsusilə, Qara dəniz sahillərində və onun şərqində yaşayan çərkəz topluluqları (Abadzeh, Naturay, Şapsuq, Hakuç, Vıbıh (ubıx), Aibqa, Ahçipsov, Ciqet, Pshu) ruslara boyun əymək və işğal altında yaşamaq niyyətində deyildilər və onlar qarşı tərəflə savaşmaqda davam edirdilər. Amma qeyd edək ki, artıq 1859-cu ildə adıq (çərkəz) feodal topluluqlarının bir hissəsi (Bjeduğ, Kemquy, Mahoş, Yeqerukay, Kuban, Kabarda, Beslen) rus işğalı ilə barışmışdılar. Bu da rus qoşunlarının qərbə doğru irəliləyərək Şhaquaqe (Byelaya) çayının sahillərinə qədər gəlib çatmasına imkan vermişdi.
Rus çarı və onun ətrafındakılar o vaxt çərkəzlərin bir hissəsini pulla ələ almaq niyyətində idilər. Buna razı olmayanları isə ya Rusiyanın daxillərinə, ya da Anadoluya köçməyə məcbur etmək üçün bütün imkanlardan istifadə edirdilər. Hələ 1857-ci ildə Rusiyanın Qafqaz ordusu baş qərargahının komandanı, general Milyutin adıqların müqavimətini qırmaq üçün onların bir hissəsinin Don çayı hövzəsinə köçürülməsi barədə xüsusi plan hazırlayaraq çara təqdim etmişdi. Lakin o vaxt bunun bölgədə ruslara qarşı yeni savaşa səbəb ola biləcəyindən narahat olan çar Milyutinin planını qəbul etməkdən çəkindi. Bundan sonra rus ordusunun digər generalı Filipson Qara dəniz sahillərində yaşayan çərkəzlərə Osmanlı ilə sərbəst ticarət əlaqəsi verilməsini və bu yolla onların rəğbətinin qazanılması planını irəli sürdü. 1861-ci ildə çarın xüsusi fərmanı ilə köləlik ləğv edildi. Bundan sonra artıq təhkimçilik zülmündən xilas olan kəndlilərə əkin üçün yeni torpaqlar verilməsi zərurəti ortaya çıxdı. Rus çarı kəndliləri məhz çərkəzlər yaşayan Qara dəniz sahillərinə köçürmək istəyirdi. Bu müstəvidə çar məmurları tərəfindən çərkəzlərə təzyiqlər artdı. Həmin dövrdə Qara dəniz sahillərində yaşayan Vıbıh (ubıx) və ciqetlər ( abazin) Osmanlı ilə əsasən kölə ticarətini həyata keçirirdilər. Gözəl kölə qızları Osmanlı tacirlərinə satan Vıbıh və ciqetlər bundan xeyli varlanmışdılar. Bu baxımdan vıbıhlar və ciqetlər bölgənin rus işğalı altına keçməsinə qarşı müqavimət göstərirdilər. 1861-ci ildə Qafqaz ordu komandanı, general Baryatinski vaxtilə Milyutin tərəfindən irəli sürülən çərkəzlərin Osmanlıya köçürülməsi planını yenidən işlədi. O, plana çərkəzlərin boşalan yerinə təhkimçilik zülmündən xilas olan rus kəndlilərinin və kazakların köçürülməsini də əlavə edərək yenidən çara təqdim etdi. Qeyd edək ki, 1855-ci ildə müəyyən səbəblər üzündən Osmanlı tərəfindən çərkəz kölə ticarəti qadağan edilmişdi. Amma 1861-ci ildə Osmanlı dövləti "Çərkəz kölə ticarətinin pis vəziyyətdə olmadığı"nı nəzərə alaraq, bu qadağanı aradan qaldırdı.[3]. Bu da çərkəz kölə sahibləri tərəfindən böyük sevinclə qarşılandı. Bu arada isə rusların çərkəzləri köçürmək niyyətini anlayan adıq topluluqları (Abadzeh, Şapsuq, və Vıbıh) fəlakətin qarşısını almaq və buna qarşı lazımi tədbirlər görmək məqsədilə 1861-ci ilin iyun ayında Soçi (Şaçe, Şıaçe) yaxınlığında Çərkəz Xalq Məclisini çağırdılar. Məclisdə 15 nəfərdən ibarət Məclis Şurası ( İdarəetmə) quruldu. Yeni qurum 1 milyondan artıq adıq topluluqlarını təmsil edirdi.
1861-ci ilin sentyabr ayında Çar II Aleksandr bölgədəki Kamketi istehkamına səfər etdi. Bundan istifadə edən çərkəz nümayəndələri Çar II Aleksandr ilə görüşdülər. Onlar çara öz yerlərindən köçürülməmək şərti ilə onlarla uzlaşa biləcəklərini bildirdilər. Vıbıhlar bu istəklərini hətta yazılı şəkildə çara təqdim etdilər. Amma Çar II Aleksandr onlara: "Ya Türkiyəyə köç edin, ya da Kuban çayı ətrafında sizə ayrılacaq yerlərə. Son qərarınızı da 1 ay ərzində general Kont Yevdokimova təqdim edin",-deyə çərkəzlərin köçürülməsi planının bütün hallarda həyata keçiriləcəyini nümayiş etdirdi. Amma çərkəzlərin köçürülməsi nəzərdə tutulanKuban çayı ətrafı ərazilər başdan-ayağa bataqlıqlar və xəstəliklər mərkəzi idi. Bura çərkəzlərin köçürülməsi isə onların böyük hissəsinin xəstəlikdən məhv olunması demək olacaqdı. Çarın bu qərarını yalnızKuban çayına yaxın ərazilərdə yaşayan abadzehlər qəbul etdilər. Qara dəniz sahillərində yaşayan şapsuqlar, vıbıhlar isə çarın istəyini qəbul etmədilər. Vıbıhlar öz təsirləri altında olan abazalar və şapsuqları öz ətraflarında birləşdirərək çarın köçürmə siyasətinə qarşı yeni cəbhə açdılar.[4]
Çərkəzlərin çarın köç qərarını qəbul etmədiyini görən rus hökuməti 1862-ci il, may ayının 10-da "Çərkəzlərin Rusiyanın xaricinə köçürülməsinə razılıq verilməsi barədə" qərar qəbul etdi. Qeyd edək ki, Krım savaşının (1853–1856-cı illər) nəticəsi olaraq 1856-cı ildə imzalanan "Paris anlaşması"na görə, Rusiya Qara dənizdə hərbi donanma saxlaya bilməzdi. Ona görə də adıçəkilən planı həyata keçirmək məqsədilə rus ordusu Qara dəniz sahillərindəki çərkəzləri mühasirəyə alaraq onları bir neçə yerə parçaladılar və aralarında hərbi istehkamlar qurdular. Bu da onların bir-birindən təcrid olunmasına və tədricən yaşadıqları yeri tərk etməsinə yol açdı. 1862-ci ildə qar əriyən kimi ruslar çərkəzlər üzərinə hücum edərək mühasirəyə aldıqları kəndləri yerlə yeksan etməyə başladılar. Çərkəzlərin birdəfəlik müqavimətini qırmaq və bu problemi həmişəlik aradan qaldırmaq üçün Rusiya çarı bölgəyə 300 min nəfər əsgər göndərmişdi.
Rus işğalı nəticəsində bəzi adıq topluluqları yer üzündən tamamilə silindilər. Məsələn, vıbıhların sayı 1880-ci ildə 100 min nəfərdən 80 minə qədər azaldı. Ciqetlər, aibqalar, ahçipsovlar və pshular isə ( sayları birlikdə 17 min nəfər idi) yer üzündən silindilər. Abadzehlərin sayı 1864-cü ildə 260 min nəfərdən 1880-ci ildə 14660, natuhaylar 240 min nəfərdən 175 minə, şapsuqlar 300 min nəfərdən 4983 nəfərə qədər azaldı. Kuban ətrafında yaşayan kemquyların isə sayı 80 min nəfərdən 3140 nəfərə, bijeduqların sayı isə 60 min nəfərdən 15263 nəfərə qədər azaldı.
Çərkəzlər rusların işğalına qızğın müqavimət göstərirdilər. Ancaq qüvvələr qeyri-bərabər idi. Ruslar hər gün əlavə canlı qüvvə və silah yardımı alırdılar. Çərkəzlərin isə barıtı, patronu get-gedə tükənirdi. Buna baxmayaraq, onlar 1 il ərzində düşmənlə qanlı döyüşlər apardılar. 1863-cü ilin yayında çərkəzlər artıq müharibədə uduzmalarının qaçılmaz olduğunu anladılar. Bunu nəzərə alaraq, 1863-cü ilin iyul ayında əvvəlcə abadzehlər, oktyabr ayında isə şapsuqlar qarşı tərəfə atəşkəs xahişi ilə müraciət etdilər. Qarşı tərəf bunu qəbul etdi. Bundan sonra abadzehlərin bir hissəsi Kuban ətrafına, digər hissəsi isə Osmanlıya köç etməyə başladı. Amma Krımla qonşuluqda yaşayan vıbıhlar bölgədə yeni bir Rusiya — Avropa savaşının başlayacağına ümid edərək, Anadoluya köç etməyə tələsmədilər. Qışın gəlməsi və Osmanlının xahişi ilə Rusiya hökuməti şapsuqların 1864-cü ilin mart ayının 6-na kimi bölgədə qalmasına icazə verdi. Bu arada bölgədə hücum əməliyyatlarını həyata keçirən rus ordusu 1864-cü ilin mart ayında vıbıhlar yaşayan ərazilərə daxil oldular. Vıbıhlar rus hərbi komandanlığına elçi göndərərək onlarla sülh danışıqlarına başlamağı təklif etdilər. Rus hərbçiləri isə bunu qarşı tərəfin vaxt udmaq siyasəti olmasını düşünərək rədd etdilər. 1864-cü il, mart ayının 19-da rus ordusu ilə vıbıhlar arasında şiddətli döyüş baş verdi. Vıbıhlar qəhrəmancasına vuruşmalarına baxmayaraq, məğlub olaraq geri çəkildilər. 1864-cü il, mart ayının 24-də tərəflər arasında atəşkəs elan edildi. Bunun ertəsi günü rus hərbi birləşmələri vıbıhların ana şəhəri olan Navaqinsk qalasını (Soçi) döyüşsüz işğal etdilər. Bundan sonra rus əsgərləri dağlıq ərazilərdə düşmənlə savaşı davam etdirən Aibqa, Ahçipsov, Ciqet və Pshu ərazilərinə, indiki Qaqra ətrafına yeridilər. Həmin ərazilərdə adıq topluluqlarının qızğın müqavimətinə baxmayaraq, düşmən aprel və may ayında nəzarəti ələ aldı. 1864-cü il, may ayının 12-də isə Aibqa topluluğunun müqaviməti qırıldı və onlar düşmənə təslim oldular. Bundan sonra rus hərbi komandanlığı Qazan xanlığının işğalında olduğu kimi, yerli xalqa xristianlığı qəbul etməyi təklif etdilər. Bu təklifi qəbul edənlərə doğma yurdlarında qalmağa icazə verildi. Qəbul etməyənləri isə zorla Anadoluya köçürməyə başladılar. Onların boşalmış əraziləri isə Kuban ordusunun idarəçiliyinə verildi. Bununla belə, şapsuqların və vıbıhların qonşuları olan və dağlarda yaşayan adıqe hakuç topluluğu ruslarla savaşı 1870-ci ilə kimi davam etdirdilər. Ancaq sonda onların da müqaviməti qırıldı.[5]. Rus işğalı nəticəsində bəzi adıq topluluqları yer üzündən tamamilə silindilər. Məsələn, vıbıhların sayı 1880-ci ildə 100 min nəfərdən 80 minə qədər azaldı. Ciqetlər, aibqalar, ahçipsovlar və pshular isə ( sayları birlikdə 17 min nəfər idi) yer üzündən silindilər. Abadzehlərin sayı 1864-cü ildə 260 min nəfərdən 1880-ci ildə 14660, natuhaylar 240 min nəfərdən 175 minə, şapsuqlar 300 min nəfərdən 4983 nəfərə qədər azaldı. Kuban ətrafında yaşayan kemquyların isə sayı 80 min nəfərdən 3140 nəfərə, bijeduqların sayı isə 60 min nəfərdən 15263 nəfərə qədər azaldı.
Çərkəzistandan nə qədər adam köçürüldü?
redaktəAna vətənlərindən zorla Anadoluya köçürülən çərkəzlərin sayı ilə bağlı rəqəmlər müxtəlifdir. Məsələn, rus mənbələrində 1863–1864-cü illərdə 418 min nəfər çərkəzin Anadoluya köçürüldüyü qeyd edilib. Amma 1858-ci ildə də köç başlamışdı və 1865-ci ilə kimi 493 min nəfərin də Anadoluya köç etdiyi rəsmi mənbələrdə təsdiqini tapıb. Rəsmi mənbələrə əsasən, həmin dövrdə 45.023 natuhay, 27.337 abadzeh, 165.626 şapsuq, 74.567 vıbıh, 11.873 ciqet, 10.500 bjedu, 30 min abaza (Abazin), 4 min besleney, 15 min kemquy, mahoş, yeqerukay, 30.650 nogay, 17 min kabarda və 23.193 çeçen Türkiyəyə köçürülmüşdü. Vıbıhların isə sayları 74.567 nəfər göstərilib. Amma Anadoluya köçürülən vıbıhların sayının ən azı 100 min nəfər olduğu istisna edilmir. Digər tərəfdən, rus mənbələrində Anadoluya köç edən adıq topluluqlarının sayının az göstərildiyi də şübhə doğurmur. Çünki ruslara bu rəqəmləri az göstərmək və bölgədə az sayda yerli xalqların yaşadığını iddia etmək daha məqsədəuyğun idi. Bununla da ruslar gələcəkdə adıq topluluqlarının adıçəkilən ərazilərə iddia etməsinin qarşısını müəyyən qədər almış ola bilərdilər.
İngilis hərbi tarixçisi V. E. D. Allenə görə isə, o zaman Şimali Qafqazdan Anadoluya köç edən çərkəzlərin sayı 600 min nəfərdən artıqdır. Amerikalı məşhur tarixçi Custin ( Yustin) Makkartiyə (McCarthy) görə isə, o dövrdə Anadoluya köç edən çərkəz və digər Qafqaz xalqlarının sayı 1 milyon 200 min nəfərdən artıqdır. O, Anadoluya köç edən insanların təxminən 400 min nəfərinin aclıq və xəstəlikdən öldüyünü yazır. Makkartiyə görə, sağ qalan əhalinin 600 min nəfəri 1856–1864-cü illərdə, 200 min nəfəri isə 1864-cü ildən sonra Anadoluya köç edib. Qeyd edək ki, bu baxımdan Allen və Makkartinin Anadoluya köç edənlərin sayı ilə bağlı göstərdikləri rəqəmlər təxminən üst-üstə düşür. Türkiyəli general İsmail Berkoka görə isə, adıçəkilən dövrdə Şimali Qafqazdan Anadoluya köç edənlərin sayı 1 milyon nəfərdən yuxarıdır. Amma bu sayların az və ya çox olmasını göstərən qaynaqlar da var. Məsələn, adıq-çərkəz qaynaqları Anadoluya köç edənlərin sayının 1 milyon 500 min nəfər olduğunu göstərirlər. Rus hərbçiləri tərəfindən isə öldürülən adıqların sayının 500 min nəfər olduğu təxmin edilir. Həmin dövrdə Orta Kuban və Orta Laba çayları ətrafına köçürülənlərin sayı 80 min nəfər olub. Adıq tarixçisi Samir Hatkoya görə, 1 il sonra xəstəlik nəticəsində onların 29 min nəfəri ölmüşdü.
Çərkəzlər və digər Qafqaz xalqları Anadoluya Taman, Anapa, Novorossiysk, Gələncik, Tuapse,Soçi, Kosta, Adler, Qaqra limanlarından istifadə edilməklə köçürülüblər.
Köçkünlərin məskunlaşdıqları yerlər
redaktəKöçkünləri qəbul etmək üçün Osmanlı Batumi, Trabzon, Qiresun, Ordu, Samsun, Sinop, Akçakoca, Burqas, Varna və Köstəncədə ( Konstansa) düşərgələr qurmuşdu. 1864-cü ildə Batuma 70 min nəfər, Trabzona 24700 nəfər ( onlardan 19 mini xəstəlikdən öldü), daha sonra 63900 nəfər çərkəz ( onlardan hər gün 180–250 nəfəri ölürdü) yerləşdirildi. Həmin dövrdə isə Samsuna 110 min nəfər çərkəz köçürülmüşdü. Ancaq onlar arasında da hər gün 200 nəfər xəstəlikdən ölürdü. Nəticədə qısa müddətdə həmin köç düşərgələrinin ətrafı toplu məzarlıqlara çevrilmişdi.
1863-cü ildə natuhay və abadzeh, 1864-cü ildə isə şapsuq, hakuç, vıbıh, ciqet və adıq topluluqları da Anadoluya köçdü. Yeni köçkünlər əsasən Ordu, Samsun, Tokat, Amasya, Sinop, Yozqat, Düzcə, Adabazarı, Kocaeli və digər yerlərdəki boş torpaqlarda məskunlaşdılar. Amma çərkəzlər Anadolunun ayrı-ayrı bölgələrində yerləşdirilirdilər. Çünki onların vahid bir ərazidə kompakt halında yerləşdirilmələri üçün boş ərazilər yox idi. Yalnız Uzunyayla ətrafında kabarda və hatukaylar kompakt halında yerləşdirildilər. Buna paralel olaraq, Şimali Anadolu ətrafına da yüz minlərlə çərkəz köçürüldü. Onlara yeni yerlərdə Osmanlı tərəfindən pulsuz heyvan, torpağı becərmək və əkmək üçün kənd təsərrüfatı alətləri, toxumlar verilmiş, ərzaq və pulla yardım göstərilmişdi.
Osmanlıya köç edən çərkəzlərin bir hissəsi isə Tuna çayı boyuna, o cümlədən Köstəncəyə (Konstanca) Varna, Silistrə, Ruscuk, Plevna, Vidin, Niş Burqas, Qazanlık, Köhnə Zaqra, Filibə, həmçinin Kosova, Makedoniya Respublikası, Albaniya və Trakiyaya yerləşdirilmişdi. Şapsuq və abadzehlər isə Gümüşhanə, Bingöl və Bitlis də daxil olmaqla, Osmanlının 50-dən yuxarı ilçəsinə, o cümlədən İraq, İordaniya, Suriya, Livan, Fələstin (indiki İsrailin yerləşdiyi əraziyə), Kıbrıs, Misir, Liviya və Tunisə köçürülmüşdülər. Az sayda vıbıhlar da onların arasına və ya onlara bitişik ərazilərə köçürüldülər.
İstinadlar
redaktə- ↑ Портал "Всероссийская перепись населения 2010 года" - Окончательные итоги Всероссийской переписи населения 2010 года: Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
- ↑ Бларамберг Й. Историческое, топографическое, статистическое и этнографическое описание Кавказа.- Нальчик: Эль-Фа, 1999. — С.114.-115
- ↑ Dosent İsmail Parlatır, Tanzimat ədəbiyyatında Köləlilik, Ankara 1987, səh.18–19
- ↑ L. L. Lavrov, Vıbıhlar haqqında etnoqrafilk bir araşdırma. Kafkasya Gərçəği Dərgisi, Samsun, 1992, sayı 8, səh. 46–59. Dosent İsmail Parlatır, Tanzimat ədəbiyyatında köləlik, Ankara 1987, səh.18–19. V. T. Polovinkina, Çerkesiya, Könül yaram. Ankara, 2007, səh. 252–253
- ↑ T. V. Polovinkina. Çerkeziya, könül yaram, Ankara 2007, səh 281–285
Xarici keçidlər
redaktə- адыгэ музей
- Музей Этнографии
- Всемирные Абаза-Адыгские (Черкесские) сайты
- Черкесская диаспора Arxivləşdirilib 2009-08-27 at the Wayback Machine
- Надежда Емельянова. Мусульмане Кабарды
- Генеалогия и история адыгов (черкесов) и абхазов (абазин)
- Черкесский портал 'Адыгэ Хэку'
- 'Единый черкесский интернет ресурс, посвященный Всероссийской переписи 2010' Arxivləşdirilib 2010-01-18 at the Wayback Machine
- Заключение РАН об этнониме черкес и топониме Черкесия