Krim Xanligi - Wikipedia
Krım Xanlığı və ya Krım Yurdu (Krım Tatarcası: Qırım xanlığı; Rusca: Крымское ханство; Ukrayna dili: Кримське ханство) — 1441–1783-cü illər arasında Krımda hökm sürmüş Krım-Tatar dövləti idi. Qızıl Ordanın yerini alan dörd xanlıqdan ən uzun müddət hökm sürən xanlıqdır. 1475-ci ildən 1774-cü ildə bağlanan Kiçik Qaynarca sazişinə qədər Osmanlı İmperiyasına bağlı qaldı.
Tarixi dövlət | |||||
Krım xanlığı | |||||
---|---|---|---|---|---|
قريم يورتى Qırım Yurtu | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Bağçasaray | ||||
Dilləri | Türki dili, Krımtatar dili, Osmanlı dili | ||||
Rəsmi dilləri |
Çığatay Türkçəsi |
||||
Dövlət dini | islam | ||||
Ərazisi | 100 000 km² | ||||
Əhalisi |
|
||||
İdarəetmə forması | Monarxiya | ||||
Xan | |||||
• 1441-1456 | I Hacı Gəray | ||||
• 1782-1783 | Şahin Gəray | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXIII və XIV əsrlərdə Rusiyanın içərilərinə və Qıpçaq Çölünə irəliləyən Tatar qəbilələri, köçəri həyatlarını tərk edərək Krıma yerləşirdi. Qızıl Ordanın süqutundan sonra bu bölgədə başlayan hakimiyyət qurma yarışı Çingiz Xanın oğullarından Cuçinin kiçik oğlu Toka Teymur soyundan gələn və tatarları idarə edən Hacı Gəray tərəfindən qazanıldı.
Litvada XV əsrin əvvəllərində doğulmuşdu. Böyüdükdən sonra "Şirin" qəbiləsinin köməyiylə Krımda hakimiyyət qurdu. 1441 tarixində öz adına pul kəsdirdi. Xanlığın quruluş tarixi buna görə 1441 qəbul edilir.[1]
Osmanlı himayəsi
redaktəHacı Gərayın övladları uzun müddət taxta çıxmaq üçün bir-biri ilə vuruşduqda Osmanlı imperiyası mübarizənin daha da uzanmaması və Krım taxtında Osmanlıya sadiq birinin oturması üçün Hacı Gərayın oğlanlarından biri olan Məngli Gəraya qardaşlarına qarşı döyüşdə kömək etdi və Krım xanı olaraq "iki qitənin və iki dənizin xanı" titulunu qazanmasına şərait yaratdı. Daha sonra Fateh Sultan Mehmedin əmri ilə yarımadaya gedən Gedik Əhməd Paşa Balaklava, Sudak və Kefeni (Feodosiya) Osmanlı İmperiyasının ərazisinə əlavə etdi və Krım xanlığını öz himayəsinə götürdü. Bunundan əlavə Osmanlı sultanı Krım xanlığı üzərində xanı seçmək və boğazları tutmaq hüququna sahib idi, lakin yenə də Krım xanının daxili idarəetmə hüququna toxunmadı və idarəetmənin Çingiz xanın nəslindən gələnlərdə qalmasına icazə verdi.
Osmanlı sultanları çox vaxt Krım xanlığını özündən asılı dövlət kimi deyil öz müttəfiqi olaraq görürdü. Krım xanlarının xarici işlər barədə qərar vermək hüququ var idi. Həmçinin xan öz adına pul kəsdirə və xütbə oxutdura bilərdi. Bu iki amil müstəqilliyin önəmli simvolu idi. Krım xanlığı Osmanlı imperiyasına vergi ödəmədi. Bunun əvəzinə müharibələrdə Osmanlı tatarlarının istedadlı süvarilərindən istifadə etdi, lakin 1524-cü ildə Məngli Gərayın oğlu Menli Gərayın dövründə böhran olduğundan Gəraylar sülaləsinin Osmanlılarla əlaqələri pozuldu və sonrakı xanlar tamamilə Sultan tərəfindən təyin olunmağa başladı.
İlk illəri
redaktəHacı Gəray öldü və oğulları Məngli ilə Nurdövlət arasında taxt-tac uğrunda döyüşü baş verdi. 1475-ci ildə bölgəni ələ keçirən Gədik Əhməd Paşa ilə Osmanlılar vəziyyəti nəzarət altına aldı və Məngli Gəray xan elan edildi.
Krım qoşunları ilk dəfə Osmanlı ilə birlikdə Sultan II. Bəyazidin, 1484-cü ildəki Akkerman yürüşündə iştirak ediblər. 1502-ci ildə isə Məngli Gəray Saraya hücum etdi və Qızıl Orda Xanlığına son böyük zərbəni vurdu. Bundan sonra Krım Xanlığı Qızıl Orda torpaqlarında hakimiyyət qurmağa başladı, Qazan və Həştərxan xanlıqları da ələ keçirildi. Bu isə Moskva Knyazlığı ilə rəqabətə səbəb oldu.
1521-ci ildə Mehmed Gəray, rusları məğlub edərək Moskvanı fəth edib onları vergiyə bağladı. Ruslar I Pyotr dövrünə qədər vergi ödədilər.
Qızıl Ordaya qarşı qələbə
redaktə1502-ci ildə Krım xanı I Məngli Gəray Qızıl Orda dövlətinə yürüş təşkil etdi və Krım yarımadasında bu dövlətin arzularına son qoydu. Xan əvvəlcə "Qırx Yer" yaxınlığındakı Salacığı paytaxt elan etdi. Daha sonra 1532-ci ildə I Sahib Gəray tərəfindən bura yaxın olan Bağçasaray paytaxt seçildi.
Qızıl Çağı
redaktə1551-ci ildə taxta çıxan I Dövlət Gəray 1571-ci ildə müvəffəqiyyətli bir yürüşlə Moskvanı mühasirəyə aldı. Çərkəzlər, noqaylar və qıpçaqlardan ibarət olan böyük ordusuyla rusları məğlub etdi və Moskvanı yandırdı (Moskva Yanğını). Bu yürüşdən sonra Dövlət Gəray, növbəti il üçün bütün Rusiyanı əhatə edən böyük miqyaslı fəth planı hazırladı, amma 1572-ci ildə Moskvanın 60 km cənubunda, Molodidə baş vermiş böyük məğlubiyyət səbəbilə plan ləğv oldu (Molodi müharibəsi).
Bu dövrdə həmçinin Moskvaya qarşı döyüşmək və sərhəd bölgələrdə yaşamaq üçün bir çox türk boyu xanlıq torpaqlarına yerləşdirildi. Xüsusilə 16-cı əsrdə Tatar orduları bugünkü Belarusiya, Polşa və Moldova torpaqlarına bir çox yürüş təşkil etdi. Cənubda isə Don-Volqa planına dəstək olundu.[1]
Dövlət Gərayın 1577-ci ildə ölümündən sonra Krımda taxt-tac mübarizəsi başladı. 1588-ci ildə taxtı "Bora" ləqəbli II Qazi Gəray ələ keçirdi. Qazi Gəray Xan 1591-ci ildə Moskvaya hücum etdi, böyük uğurlar qazandı və ruslar bir daha vergi ödəməyə məcbur edildi. Ruslar ancaq bu tarixdən sonra cənub sərhədlərində müdafiə tədbirləri görməyə başladı.
II. Qazi Gəray, Osmanlı-Avstriya döyüşlərində böyük uğurlar qazandı, Macarıstan yürüşlərinə qatıldı, amma 1607-ci ildə vəbadan öldü. XVII əsrin ortalarına gəldikdə həm Rus orduları, həm də üsyankar birliklərlə hücumlar edən kazaklarla mübarizə aparıldı.
Ruslarla edilən 1676–1681-ci illər müharibəsi sonunda Osmanlı Dövləti ruslarla görüşmə səlahiyyətini Krım Xanlığına verdi. Krım Xanı Murad Gəray da ruslarla 20 illik sülh imzaladı.[1]
Çöküş
redaktəXVII əsrin sonlarına yaxın Moskva çarlığı artıq güclü dövlət olan Rusiya imperiyası halına gəlmişdi. Tatarlar üçün artıq Moskvaya hücum etmək və ya vergiyə bağlamaq çox çətin idi. Moskva xaricində isə Polşa Krallığı olduqca güclənmiş, Rusiyanın hər yerinə yayılan kazaklar isə davamlı yürüçlər edəcək qədər güclənmişdilər.
II Vyana döyüşündə də Murad Gəray və Krım Ordusu Osmanlılara köməyə gəlmişdir, amma bəzi qaynaqlar bu mühasirədə Murad Gərayın Viyananı azad etməyə gələ polşalıların bilərək qarşılarını kəsmədiyi qeyd edir. Vyana uğursuzluğundan sonra Murad Gəray azad edildi və II Hacı Gəray taxta çıxdı. II Hacı Gərayın çox qısa sürən xanlığından sonra, 1684-cü ildə taxta çıxan və nüfuzlu və uğurlu hökmdar olan I Səlim Gəray, Müqəddəs İttifaq qüvvələrinin Osmanlı imperiyasına qarşı olduğu döyüşlərdə əhəmiyyətli rol oynadı. Rusların Krım yürüşlərini, polyakların 1687–1688-ci illər yürüşlərini dəf etdi, dörd dəfə çıxdığı Krım taxtında böyük uğurlar əldə etdi.
Səlim Gərayın müvəffəqiyyətlərinə baxmayaraq Osmanlı dövləti bu döyüşlərdə məğlub oldu və Karlovitsa müqaviləsini imzaladı. Sonrakı dövrlərdə Osmanlıların Avropa qarşısında geriləməsi və Rus çarlığının yüksəlişi Krıma olduqca təsir etdi. 1735–1739-cu illərdə Osmanlı-Rus müharibəsində, ruslar Bağçasaraya qədər irəliləyib bölgəni qarət etdilər.
1768–1774-cü illlərdəki Osmanlı-Rus müharibəsində Bessarabiya (1770), Krım yarımadası (1771), ruslar tərəfindən işğal edildi. Bu hücumlara Krım Gəray müqavimət göstərməyə çalışdı. Döyüşü sona çatdıran 21 iyul 1774-cü il tarixli Kiçik Qaynarca müqaviləsi ilə Krım, Osmanlı himayəsindən çıxdı və tam müstəqil oldu. Yalnız dini işlər üçün Osmanlı xəlifəsinin səlahiyyəti tanındı.
1777-ci ildə Rus tərəfdarı olaraq bilinən Şahin Gəray taxta çıxdı, Osmanlı tərəfdarı olan II Bahadır Gəray xanlıq mübarizəsində Şahin Gərayı məğlub edə bilmədi. Bu dövrdə ruslar bölgəyə çoxlu slavyan qaçqın yerləşdirdilər. 1779-cu ildə imzalanan Aynalıqovaq andlaşması ilə, Krım xanlarının sərbəst seçilməsi, Rus əsgərlərinin Krımdan çəkilməsi, Osmanlı Dövlətinin Şahin Gərayı tanıması maddələrini qəbul edilsə də ruslar müqaviləyə riayət etmədi. 1783-cü ildə II Yekaterinanın əmriylə Krım işğal edildi. Artan Rus təsirinə qarşı xalq qiyam qaldırdı və Bahadır Gəray taxta çıxarıldı, Şahin Gəray isə ruslara sığındı. 1785-ci ildə Şahin Gəray Rus Ordusu ilə birlikdə Krıma geri qayıtdı. Daha sonra ruslardan istədiyini tapa bilməyib İstanbula sığınsa da əvvəlki hərəkətlərinin əvəzi olaraq Rodosa sürgün edilib orada edam edildi.
Osmanlı dövləti Krıma girən ruslara qarşı yeni bir döyüşə başladı, lakin müvəffəqiyyət qazana bilmədi və 1792-ci ildə Yassı müqaviləsi ilə Krımın Rusiyaya birləşməsini qəbul etdi.
Genuyalılarla Krım yarmadası mübarizəsi
redaktəKrım yarmasanında olan tatar qəbilələri həyat tərzlərinə uyğun olaraq yarımadanın çöl hissələrində məskunlaşmıdılar. Xanlığın mərkəzi isə "Köhə Krım" Solhat idi. Yarımadanın sahilyanı ərazilrində isə genuyalıların koloniyası yerləşirdi. Genuyalılar burada XIII əsrdən etibarən məskunlaşmışdılar. Yarımadanın ən böyük şəhəri genuyalıların mərkəzi olan Kefedən (Feodosiya) başqa Kerç, Taman, Azov qərbə doğru isə Sudak, Balıkoğa kimi şəhərlərdəki ticarət şəbəkəsini genuyalılar idarə edirdi.
Sudak, Mankub və Balıkoğa əhalisinin əksəriyyətini pravoslav yunanlar təşkil edirdi. Yunanlar genuyalıların artan siyasi gücündən narahat idi. I Hacı Gəray genuyalılarla mübarizə apararaq Balıkoğanı ələ keçirməyi düşünürdü. I Hacı Gəray Mankubla eyni etnik quruluşa sahib olan və genuyalıların hakimiyyətində olan Balıkoğanın Mankuba bağlanmasına razı olmasının səbəbi sahilyanı ərazilərdə genuyalıların nüfuzunu sarsıtmaq və onlara qarşı ittifaq qurmaq arzusu idi. I Hacı Gəray bu mərhələdən sonra sahilyanı ərazilərə nəzarət etmək idi.
1433-cü ilin payızında Aleksey qala əhalisinin də dəstəyi ilə Balıkoğanı ələ keçirdi. Bu hadisədən sonra 1434-cü ilin yayında genuyalılar Balıkoğanı geri qaytarmaq üçün hazırlıqlara başladılar. 8 iyun 1434-cü ildə donanmanında dəstəyi ilə genuyalılar qalanı mühasirəyə aldı və işğal etdi. Genuyalılar qalada böyük bir qırğın edildikdən sonra 9 iyunda İnkirman (Kalamit) qalasına yola düşdülər. Genuyalılar trəfindən qurudan qala mühasirəyə alınan zaman qala əhalisinin əksəriyyəti qaçmışdı. İnkirmanı talan etdikdən sonra yandıran genuyalılar Balıkoğanıdan keçərək geri Kafeyə qayıtdılar. Genuyalılar 14 iyun 1434-cü ildə Solhatı məhv etmək qərarına gəldilər. Bu məqsədlə hərəktə keçən genuyalılar yolları üzərindəki qəsəbə və kəndləri qarət etdilər. Genuyalılar ani hücumla məğlub etmək istəyən Hacı Gəray tərəfindən izlənilirdi.
Genuyalılar Solhata çatmağa 5 km qalmış I Hacı Gərayın ani hücumuna məruz qaldılar. Hacı Gəray məşhur saxta pusqu və Turan taktikasından istifadə edərək genuyalıları məlub etdi. Döyüşdə 8000 genuyalı və 5000 krımlı iştirak etmişdi.
Krım qüvvələri 27 iyun 1434-cü ildə Balıkoğanı mühasirəyə aldı. Əsas qoşunları məhv edilmiş genuyalılar razılaşma yolunu sınadı. Qalanı almağın çtinliyini anlayan I Hacı Gəray danışıqlara razı oldu. 13 iyula qədər davam edən danışıqlar nəticəsində detalları tam olaraq məlum olmayan müqavilə balandı. Müqaviləyə görə genuyalılar yarımadada xanlığın hakimiyyətini qəbul etdi və sülh şəraitində yaşamağa razı oldu. Həqiqətən də bu tarixlərdən 1454-cü ilə qədər Krım xanlığı ilə genuylılar arasında böyük döyüş olmadı. Bu müqavilə ilə Krım xanlığı Kafe də bütün yarımadanın hakimiyyətini əlinə aldı. Genuyalılar isə sahilyanı ərazilərdə ticarət etmək hüquqlarını saxladılar.
I Hacı Gərayın 1453-cü ildə Fateh Sultan Mehmedə göndərdiyi məktubda özünü Qırx yer və Krımın, Kefe, Kerç, Taman, Kopa və Qıpçağın hakimi kimi göstərmişdir. Bu məktub I Hacı Gərayın hökmranlığı iddiasının Krım yarımadası ilə deyil, Qızıl Orda dövlətinin bütün ərazisinə olduğunu göstərir.
Genuyalılara qarşı Osmanlı-Krım ittifaqı
redaktəKrım yarımadasında I Hacı Gəray tərəfindən qurulan xanlığın genuyalılara qarşı effektiv mübarizə aparması üçün divarları yıxacaq texnologiya əldə edilməli idi. Xanlın isə bu imkanı yox idi. İstanbulu fəth edən Fatehin ən böyük məqsədi dənizlərdə latınların üstünlüyünə son qoymaq idi. Fateh Sultan Mehmedin latınlarla mübarizəsi ilə Hacı Gərayın mübarizəsi demək olar ki eyni vaxtda baş verdi. Bunun nəticəsində 1454-cü ildə iki türk dövləti arasında ittifaq quruldu. İttifaqa görə Osmanlı və Krım qüvvələri Kafeni mühasirəyə alacaq, alınacağı təqdirdə Kafe Krım xanlığına veriləcəkdi. Osmanlı isə qənimətlə kifayətlənəcəkdi. Osmanlı həmçinin donanması ilə kömək edəcəkdi. Bu razılaşma drhal genuyalılara təsir etdi. Kafedəki genuyalılar dərhal Genuyaya məktublar göndərdilər. Bu məktublardan Kefedəki genuyalıların təlaşları aydın görünürdü. İşğal edilən qalaların Krım xanlığına veriləcəyi, əsir düşən genuyalıların isə satılacağı bildirilirdi.
Razılaşmaya uyğun hərəkət edən Krım və Osmanlı qüvvələri 11 iyulda Kefeni mühairəyə aldı. Osmanlı donanması dənizdən, Krım qoşunu isə 6000-lik qüvvə ilə qurudan qalaya hücum etdi. Kafe alınmasa da qoruya düşən genuyalılar Osmanlı-Krım ittifaqının şərtlərini qəbul etdilər. Genuyalılar Krım xanlığına vergi ödəməyi qəbul etdilər.
Bu mərhələdə, iki türk dövlətinin Krım sahilində ziddiyyətli ambisiyaları ortaya çıxdı, lakin Fateh Sultan Mehmedin ustalığı sayəsində müttəfiqlər arasındakı soyuqluq aradan qalxdı. Fateh Sultan Mehmedin latınlarla apardığı mübarizədə Şimali Anadoludakı limanlar və Egeydəki Venesiya və Genuya bazarları prioritet təşkil edirdi.[2] Osmanlı diplomatiyasının Krım hadisəsi ilə əlaqədar gözləmə mövqeyinə keçməsi genuyalıları rahatlatmışdı və Krım xanlığını zəiflətmək üçün siyasət yürütməyə şərait yaratmışdı. Genuyalılar 1455-ci ildəki I Hacı Gəray ilə oğlu Heydər arasındakı qarşıdurmada Heydəri dəstəkləyərək I Hacı Gərayı taxtdan uzaqlaşdıraraq xanlığı zəilətməyə nail olmuşdular. Xanlığın xarici müdaxiləyə məruz qalması yerli ümrə tərəfindən təhlükəli sayıldı və I Hacı Gəray dəstəkləndi. Heydər isə taxtını tərk edərək Litvaya sığındı. Bu hadisədən sonra Hacı Gəray vəziyyəti nəzarətə götürdü və Krım xanlığına hakim oldu.
Təsərrüfat və ictimai quruluş
redaktəSalaçık Krım xanlığının ilk paytaxtı idi və 1532-ci ildə I. Sahib Giray paytaxtı Bağçasaraya köçürdü. Xanlıq buradakı "Hansaray" dan idarə edilirdi. Osmanlılar Krım yarımadasının sahillərini genuyalılardan alaraq Kafe sancaqlığının tabeliyinə verdi. Krım xanlığı qalan bölgədə, şimaldakı çölləri və bugünkü Ukraynanın bəzi şəhərlərini idarə edirdi. Krım xanı Osmanlı sultanı tərəfindən təyin olunmurdu, lakin sultandan razılıq alırdı. Krım əsasən Osmanlılar üçün müttəfiq dövlət idi. Krım xanları öz adlarına pul kəsdirir, xütbə oxudurdular. Osmanlılar da yarmadanın çöllərinin yalnız Krım rəhbərliyinə aid olduğunu qəbul edirdilər. Osmanlılar Krım xanlığından vergi almırdılar və hətta yürüşlərdə uurlu olarlarsa onlara qənimət də verirdilər. Krım xanlığı xarici əlaqələrində müstəqil bir dövlət kimi çıxış edə bilirdi. Polşa və Kazaklarla XVI və XVII əsrlərdə Moskvaya qarşı olan ittifaqlar da bunu təsdiqləyir. XVII əsrə qədər Avropanın ən önəmli güclərindən biri idi.[1]
Krımın sahil boyu və dağ ətəyi yerləri qədim zamanlardan əkinçilik üçün əlverişli idi. Dar bərxəzlə Qara dəniz çölləri ilə birləşən şimal çöllük hissəsi isə köçərilərin qışlaması üçün təhlükəsiz və əlverişli iqlimə malik yer idi. Sahil boyu şəhərlər Aralıq dənizi ilə sıx ticarət əlaqələri saxlayırdılar. Krım xanlığının əhalisi əsasən xəzər, kuman, qıpçaq və oğuz türklərindən ibarət idi ki, onlar da tədricən qaynayıb-qarışaraq Krım tatarları adı altında birləşmişdilər. Krımda əkinçilik, maldarlıq və sənətkarlıq inkişaf etmişdi. Feodal münasibətləri formalaşırdı. Qul əməyindən də istifadə edilirdi. Krım xanlığının mərkəzi bölgəsi sahəsi 26.000 km² olan Krım yarımadası idi. Polşa və Litva knyazlıqları da ondan vassal asılılığında idi.
Osmanlı himayəsini qəbul etdikdən sonra Krım xanlığının dövlət və ictimai quruluşu Osmanlı dövləti ilə uyğun qurulmağa başladı. Krım xanlığı nəsil aristokratiyasına əsaslanırdı. Hər boy öz bəyinə, hər bəy də öz xanına tabe idi. Ən nüfuzlu boylar Şirinlər, Arqunlar, Barınlar və Qıpçaqlar idilər. Bu boyların bəylərinə "4 Qaraçi bəyi" deyilirdi. Şirin bəy bunların hamısından yüksəkdə durur və xan sülaləsindən qız almaq hüququna malik idi. Bəylər xanın yanında məşvərətçi orqan olan "divan"ın üzvləri idilər və ən mühüm qərarlar qəbul edilərkən onların rəyi nəzərə alınırdı. Xanın vəliəhdinə "Kalqay", ikinci vəliəhdinə "Nurəddin" deyilirdi. Bunlar xanın övladları olmaya da bilərdi, ancaq hökmən sülalə üzvü olması əsas şərt idi. Kalqay Krımın əsas şəhəri olan Ağməsciddə (indiki Simferopol), Nurəddin isə Bağçasarayda otururdu. Xanın oğlanlarına "Gəray", qızlarına isə "xanım" deyilirdi.
İqtisadiyyat və ordu
redaktəKrım xanlığının iqtisadiyyatı birbaşa dəniz ticarəti və yürüşlərin uğuru ilə əlaqəli idi. Xanlıq Osmanlı İmperiyasının Avropa yürüşlərinə çox sayda əsgər göndərdi, bir müddət sonra Krım süvariləri Osmanlılar üçün əvəzedilməz əsgərlər oldu. Müharibə qazancları həm Osmanlı iqtisadiyyatı, həm də Krım iqtisadiyyatı üçün əhəmiyyətli idi, buna görə Osmanlı orduları Avropada geri çəkilməyə başlayan zaman Krım iqtisadiyyatı da pisləşməyə başladı. Quru ordusu əsasən atlılardan ibarət idi. Atlılar, xanın "qapı qulları", mərkəz əsgərləri və qəbilə-boyu qüvvələri ordunu təşkil edirdi. "Qapı qulları" maaşları Osmanlı sultanı tərəfindən verilən xana məxsus qüvvələr idi. 1532-ci ildə Sahib Gəray İstanbuldan ilk dəfə göndərildiyi zaman Sultan tərəfindən 60 artilleriya, 300 cəbəci, 1000 sekban və 30 çavuşdan ibarət qoşun vermişdi.[3] Krım qüvvələrinin əsas hissəsini təşkil edən atlılar klassik çöl ənənələrini pozmayan və buna görə də odlu silahlara üstünlük verməyən əsgərlər idi. Xanlığın artilleriya ordusu yox idi və Osmanlılar zaman-zaman Kafeyə edilən iddialara görə xanlığın artilleriya qüvvəsinə sahib olmasını istəmirdilər.[3] Osmanlılar kimi Krım ordularının da "səfər" adlandırdıqları böyük hərbi əməliyyatlar xan tərəfindən idarə olunurdu və onlara çoxlu sayda əsgər cəlb edilirdi. "Çapul" adlanan kiçik hücumlar xanın xarici dövlətlərlə bağlanan müqavilələrinə uyğun olaraq əsasən hər hansı bir zadəgan əsgərləri tərəfindən diqqətlə seçilən bölgələrdə həyata keçirildi. "Çapul"larda çoxlu sayda əsir ələ keçirilirdi. Krım üçün digər vacib bir gəlir mənbəyi köləlik idi. Rus çöllərindən və Qafqazdan "çöl məhsulu" adı altında tatar əsgərlərinin topladığı insanlar həm kəndlərdə işlədilər, həm də satılırdılar. Bu qulların gəlirindən xan 10–20 faiz arasında dəyişən "savğa" adlı pay alırdı. Bəzi tədqiqatlara görə, Krım xanlığının dövründə qul bazarında Ukrayna, Qafqaz, Çərkəz, Rus və Polşa xalqlarından ümumilikdə 3 milyon insan istifadə edilmişdir. Bu qulların ən məşhurlarından biri Hürrem Sultan idi. Xüsusilə də Kefe ən vacib qul bazarlarından biri idi.
Krım xanlarının geniş kitabxanası 1737-ci ildə Bağçasarayı rusların mühasirəsirəy alması yanmışdır.[4]
Qalereya
redaktə-
Mirzə Əli Gəray
-
Əhməd Gəray
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 4 "Krım xanlığı" (türk. ). dallog.net. 16 iyun 2015 tarixində arxivləşdirilib.
- ↑ Genel Türk Tarihi Ansiklopedisi. 5. səh. 151-152.
- ↑ 1 2 "Krım xanlığı" (türk. ). www.ozturkler.com. 30 iyun 2009 tarixində arxivləşdirilib.
- ↑ Karman Gabor. The European Tributary States of the Ottoman Empire in the Sixteenth and Seventeenth Centuries. səh. 284. ISBN 9789004254404.
- ↑ 1 2 "Крымские татары в европейской миниатюре XVI-XVII вв" (rus. ). kitabhona.org.ua. 7 aprel 2020 tarixində arxivləşdirilib.
- ↑ (ing. ). docplayer.fr https://docplayer.fr/51529062-Sumar-national-al-proiec-tului-de-istorie-paralela-nato-tratatul-de-la-varsovia.html (#bare_url_missing_title). 7 aprel 2020 tarixində arxivləşdirilib.
- ↑ "Krım taxtı" (türk. ). www.yenidonem.com.tr. 7 aprel 2020 tarixində arxivləşdirilib.