Avroviziya Usaq Mahni Musabiqesi - Wikipedia
Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir. Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir.
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
ing. Junior Eurovision Song Contest | |
Janr | mahnı müsabiqəsi |
Müəllif | Byörn Eriksen |
İstehsalçı | Avropa Yayım İttifaqı |
İstehsalçı ölkə | |
Dil | İngiliscə, Fransızca |
Buraxılış sayı | 20 müsabiqə |
İlk buraxılış | 15 noyabır 2003 |
Sonuncu buraxılış | 2022- |
İstehsal | |
Müddəti | 2 saat 30 dəqiqə |
Veriliş | |
Təsvirin formatı |
576i (SDTV) (2003-2006) 1080i (HDTV) (2006–indiyə kimi) |
Translyasiya dövrü | 15 noyabr 2003 |
Xronologiyası | |
Oxşar verilişlər | Avroviziya Mahnı Müsabiqəsi |
junioreurovision.tv | |
Vikianbarda əlaqəli mediafayllar |
Müsabiqə adından da bəlli olduğu kimi Avroviziya Mahnı Müsabiqəsinə çox bənzərdir. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və qaydalara əsasən ölkə təmsilçiləri yalnız 9-14 yaş aralarında ola bilərlər. Mahnıların müddəti üçün qoyulan zaman 2 dəqiqə 45 saniyədən 3 dəqiqəyə kimidir. Müsabiqədə iştirak edən hər bir ölkədən olan izləyicilər öz bəyəndikləri ifalara SMS ilə dəstək ola bilir və eyni zamanda həmin ölkələrdən olan peşəkar münsif heyəti arasında da səsvermə keçirilir. Şounun sonunda isə ən çox səs toplayan ölkə, mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 2003-cü ildən bəri hər il on yeddi dəfə keçirilmişdir.
Gürcüstan Avroviziya Uşaq Mahnı Müsabiqəsində ən çox qalibiyyət əldə edən ölkədir. Belə ki, Gürcüstan müsabiqədə iştirak etdiyi on ilə ərzində 3 dəfə (2008, 2011 və 2016) qalibiyyət əldə edib. Müsabiqədə indiyədək ən yüksək xalla qələbə qazanan iştirakçı isə 2019-cu ildə Polşa təmsil edən 12 yaşlı Viki Qabor (278 xal) olmuşdur.
Tarix
redaktəMüsabiqənin tarixi Danimarkanın DR telekanalının 2000 və 2001-ci ildə danimarkalı uşaqlar üçün keçirdiyi mahnı müsabiqəsindən başlamışdır. Telekanal 2002-ci ildə müsabiqəni genişləndirmiş və MGP Nordic adlanan mahnı müsabiqəsində Skandinaviya ölkələrindən (Danimarka, İsveç, Norveç) olan uşaqlar iştirak etmişdir. Növbəti il isə Avropa Yayım İttifaqı MGP Nordic-dən ilhamlanaraq, ümumi qitədən olan uşaqların iştirak edəcəyi müsabiqə təşkil etmişdir. Uzun illərdir ki, yayımlanan Avroviziya Mahnı Müsabiqəsinin formatına uyğunlaşdırılan müsabiqənin ilkin adı Uşaqlar üçün Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest for Children) olmuşdur[2]. İlk müsabiqəyə məhz Danimarka ev sahibliyi etmişdir. Həmin müsabiqədə 11 yaşlı Xorvatiya təmsilçisi Dino Yeluşiç qalib gəlmişdir.
Uğurla keçirilən ilk müsabiqədən sonra ikinci Avroviziya Uşaq Mahnı Müsabiqəsinin keçiriləcəyi yerlə bağlı problemlər yaranmışdı. İlk öncə həmin müsabiqəyə Böyük Britaniyanın Mançester şəhərinin ev sahibliyi edəcəyi açıqlansa da, daha sonra Böyük Britaniya maliyyə çətinlikləri səbəbindən müsabiqəyə ev sahibliyi etməkdən imtina etmişdir. Digər bir səbəbin isə ölkədə müsabiqəyə olan marağın az olması düşünülürdü. Bunun ardınca 2003-cü ildə müsabiqədə qalibiyyət əldə etmiş Xorvatiya da 2004 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ev sahibliyi etməkdən imtina etmişdir. Müsabiqənin keçirilməsinə beş ay qalmış Norveçin NRK telekanalı müsabiqəyə ev sahibliyini öz üzərinə götürmüşdür. AYİ-nin razılığı ilə həmin müsabiqə məhz Norveçdə, Lillehammer şəhərində baş tutdu.[3].
2004-cü ildə ev sahibliyi ilə bağlı yaşanan problemlərdən sonra AYİ Avroviziya Mahnı Müsabiqəsində tətbiq edilən ötən il qalib gələn ölkənin növbəti müsabiqəyə ev sahibliyi etməli olması ilə bağlı qaydanı uşaqlar üçün müsabiqədə keçərsiz olduğunu və növbəti illərdə ev sahibi ölkələrin müsabiqənin təşkilat komitəsinin qərarı ilə bir il öncədən seçiləcəyi bəyan edildi.
Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2003-cü ildən 2008-ci ilə kimi səsvermə yalnız SMS vasitəsi ilə keçirilmişdir. Daha sonra 2008-ci ildən etibarən müsabiqənin nəticələri bütünlüklə izləyicilərə deyil, eyni zamanda səslərin 50%-i müxtəlif ölkələrdən olan peşəkar münsif heyətinə həvalə olundu.
Format
redaktəAvroviziya Uşaq Mahnı Müsabiqəsinin keçirildiyi illər ərzində müsabiqənin formatı dəyişilməz olaraq qalmışdır. Müsabiqədə ifa edilən mahnılar orijinal olmalı və təyin edilmiş zamandan öncə heç bir yerdə səslənilməməlidir. Ölkə tərəfindən təqdim edilən mahnı müsabiqədə canlı olaraq ifa edilməlidir. Müsabiqədə iştirak etmək üçün ölkənin dövlət kanallarından biri Avropa Yayım İttifaqına üzv olmalıdır. Müsabiqə iştirakçı ölkələrdən birində keçirilməlidir. Avropa Yayım İttifaqının bildirdiyinə görə bu müsabiqənin əsas hədəfi gənc istedadların inkişafına yardım göstərmək və onları mübarizəyə cəsarətləndirməkdir.
Müsabiqə adətən noyabr ayının sonu və ya dekabr ayının əvvəlində, şənbə günləri 2 saat 30 dəqiqəlik müddətdə baş tutur. Müsabiqə zamanı bütün mahnılar ölkə təmsilçiləri tərəfindən canlı ifa edilir və ifalardan sonra ölkələr bəyənilən mahnılara öz səslərini təqdim edirlər. Ölkələr öz təmsilçilərinə səs verə bilməzlər. Bütün səslər ölkə üzrə hesablanır (yəni Gürcüstanda yığılan səslər ayrı, Maltada ayrı, Belarusda ayrı hesablanır). Müsabiqənin sonunda ən çox səs qazanan ölkə, mahnı həmin müsabiqənin qalibi elan edilir. Şou ərzində müsabiqəni ev sahibi ölkənin hazırladığı fasilə aktları zamanı yayım hüququ olan telekanallara reklam fasiləsinə ayrılmaq üçün şərait yaradılır.
2008-ci ildən etibarən müsabiqənin nəticələri 50% SMS səsverməsi və 50% müxtəlif ölkələrdən olan peşəkar münsif heyəti arasında keçirilən səsvermənin toplamı nəticəsində təyin olunur[4]. Müsabiqədə iştirak edən hər bir ölkənin səsverməsində ən çox səs toplayan on ölkə 12, 10, 8-1 xallar qazanır. Səslər canlı yayımda ölkələrdən olan 9-14 yaşlı nümayəndələr tərəfindən ingilis və ya fransız dilində səsləndirilir. Bütün ölkələr öz səslərini açıqladıqdan sonra toplamda ən çox səs qazanmış ölkə, mahnı müsabiqədə qələbə qazanmış olur. 2013-cü ilə kimi müsabiqədə yalnız qalib gələn ifaçı kubok və sertifikat əldə edirdisə, 2013-cü ildən etibarən ikinci və üçüncü yerlərdə qərarlaşan təmsilçilər də müsabiqə tərəfindən mükafatlandırılır.
Müsabiqədə 2005-ci ildən 2015-ci ilə kimi ölkələr səslərini açıqlamadan öncə hər bir iştirakçıya müsabiqə tərəfindən 12 xal hədiyyə edilirdi. Həmin illərdə səsverməni 12 xalla başa vurmaq sıfır xala bərabər idi. Lakin müsabiqədə indiyədək heç bir ölkə nəticə olaraq sıfır xal qazanmayıb.
Avroviziya Uşaq Mahnı Müsabiqəsinin Avroviziya Mahnı Müsabiqəsinin formatında qurulmasına baxmayaraq, iki müsabiqə arasında müəyyən fərqli qaydalar var. Belə ki, Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq uşaqların müsabiqəsində ötən il qalib gələn ölkənin növbəti müsabiqəyə ev sahibliyi etməli olması ilə bağlı qayda bu müsabiqədə keçərsiz hesab olunur və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə bir il öncədən seçilir. Lakin müəyyən illərdə AYİ ev sahibliyi hüququnu sonuncu müsabiqədə qalib gələn ölkəyə vermişdir. Eyni zamanda Avroviziya Mahnı Müsabiqəsində hər ifa zamanı səhnədə yalnız altı nəfərin iştirakını icazə verildiyi halda bu rəqəm uşaqların müsabiqəsində səkkizdir.
Müsabiqənin qaydaları
redaktəAvroviziya Uşaq Mahnı Müsabiqəsində ifa edilən mahnılar hər bir ölkənin öz milli dilində səslənməlidir. Lakin mahnıların yalnız kiçik bir hissəsinin digər bir dildə olmasına AYİ tərəfindən icazə verilir. İfaçılar təmsil etdikləri ölkənin nümayəndəsi olmalı və ya ən azı iki il həmin ölkədə yaşamış olmalıdır.
İlkin olaraq müsabiqədə iştirakçılara qoyulan yaş məhdudiyyəti 8 və 15 yaş arası idi. Lakin daha sonra 2007-ci ildən etibarən yalnız 10 və 15 yaş arası uşaqların müsabiqədə iştirak edə biləcəyi bildirildi. Son olaraq isə yaş məhdudiyyəti 2016-cı ildə dəyişikliyə uğradı. Belə ki, artıq müsabiqədə yalnız 9-14 yaşda olan uşaqlar öz ölkələrini təmsil edə bilərlər.
Müsabiqənin qaydalarına əsasən hər il müsabiqədə maksimum 21 ölkə iştirak edə bilər.
Təşkilat
redaktəAvroviziya Uşaq Mahnı Müsabiqəsi hər il Avropa Yayım İttifaqı tərəfindən təşkil edilir. 2003-cü ildən 2010-cu ilə kimi müsabiqənin icraçı direktoru Svante Stokselius olmuşdur. İcraçı direktor müsabiqənin qaydalarını müəyyən edir, növbəti il müsabiqəyə hansı ölkənin ev sahibliyi edəcəyini təyin edir və ümumilikdə müsabiqənin gedişatına nəzarət edir. Müsabiqənin hal-hazırkı icraçı direktoru, eyni zamanda Avroviziya Mahnı Müsabiqəsinin icraçı direktoru olan Yon Ola Sanddır. Aşağıdakı cədvəldə müsabiqə tarixində uşaq Avroviziyasına rəhbərlik edən şəxslər göstərilmişdir.
Ölkə | Ad | İl(lər) |
---|---|---|
İsveç | Svante Stokselius | 2003–2010 |
Niderland | Sietse Bekker | 2011–2012 |
Rusiya | Vladislav Yakovlev | 2013–2015 |
Norveç | Yon Ola Sand | 2016-2020 |
🇸🇪 İsveç | Martin Österdahl | 2020-indiki |
İştirak
redaktəAvropa Yayım İttifaqının fəal üzvü olan hər bir ölkə (hətta Avropadan kənar olsa da belə) müsabiqədə iştirak etmək hüququna malikdir. Bu ölkələr Avropa yayım ərazisinə daxil olan ölkələr və ya Avropa Şurasına üzv ölkələrdir. Müsabiqənin Avropadan kənar iştirakçılarına misal olaraq 2012-ci ildən bəri müsabiqədə iştirak edən İsraili və 2015-ci ildən bəri müsabiqədə iştirak edən Avstraliyanı göstərmək olar. Müsabiqədə indiyədək cəmi 37 ölkə ən azı bir dəfə iştirak etmişdir. Bu ölkələrdən yalnız Belarus və Niderland müsabiqədə hər il iştirak etmişdir. Müsabiqənin qaydalarına əsasən hər il müsabiqədə maksimum 18 ölkənin iştirakına icazə verilir. Aşağıda göstərilən siyahıda ölkələr müsabiqədə ilk iştiraklarına görə sıralanmışdır.
İl | İlk dəfə iştirak edən ölkələr |
---|---|
2003 | Belarus, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya, İsveç, Kipr, Latviya, Makedoniya, Malta, Niderland, Norveç, Polşa, Rumıniya, Xorvatiya, Yunanıstan |
2004 | Fransa, İsveçrə |
2005 | Rusiya, Serbiya və Monteneqro |
2006 | Portuqaliya, Serbiya, Ukrayna |
2007 | Bolqarıstan, Ermənistan, Gürcüstan, Litva |
2010 | Moldova |
2012 | Albaniya, Azərbaycan, İsrail |
2013 | San-Marino |
2014 | İtaliya, Monteneqro, Sloveniya |
2015 | Avstraliya, İrlandiya |
2018 | Qazaxıstan, Uels |
2020 | Almaniya |
2023 | Estoniya |
Qalib ölkələr
redaktəsəhifə hazırlanma mərhələsindədir
İl | Tarix | Ev Sahibi | İştirakçı sayı |
Qalib ölkə | Mahnı | İfaçı | Xal | İkinci yer |
---|---|---|---|---|---|---|---|---|
2003 | 15 noyabr | Kopenhagen | 16 | Xorvatiya | "Ti si moja prva ljubav" | Dino Yeluşiç | 134 | İspaniya |
2004 | 20 noyabr | Lillehammer | 18 | İspaniya | "Antes muerta que sencilla" | Mariya İzabel | 171 | Böyük Britaniya |
2005 | 26 noyabr | Hasselt | 16 | Belarus | "My vmeste" (Мы вместе) | Kseniya Sitnik | 149 | İspaniya |
2006 | 2 dekabr | Buxarest | 15 | Rusiya | "Veseniy jazz" (Весенний джаз) | Tolmaçova bacıları | 154 | Belarus |
2007 | 8 dekabr | Rotterdam | 17 | Belarus | "S druz'jami" (С друзьями) | Aleksey Jiqalkoviç | 137 | Ermənistan |
2008 | 22 noyabr | Limasol | 15 | Gürcüstan | "Bzz..." | Bzikebi | 154 | Ukrayna |
2009 | 21 noyabr | Kiyev | 13 | Niderland | "Click Clack" | Ralf Makenbax | 121 | Ermənistan Rusiya |
2010 | 20 noyabr | Minsk | 14 | Ermənistan | "Mama" (Մամա) | Vladimir Arzumanyan | 120 | Rusiya |
2011 | 3 dekabr | İrəvan | 13 | Gürcüstan | "Candy Music" | Candy | 108 | Niderland |
2012 | 1 dekabr | Amsterdam | 12 | Ukrayna | "Nebo" (Небо) | Anastasiya Petrik | 138 | Gürcüstan |
2013 | 30 noyabr | Kiyev | 12 | Malta | "The Start" | Qayya Kauki | 130 | Ukrayna |
2014 | 15 noyabr | Malta | 16 | İtaliya | "Tu primo grande amore" | Vinçentso Kantyello | 159 | Bolqarıstan |
2015 | 21 noyabr | Sofiya | 17 | Malta | "Not My Soul" | Destini Çukunyere | 185 | Ermənistan |
2016 | 20 noyabr | Valletta | 17 | Gürcüstan | "Mzeo" (მზეო) | Maryam Mamadaşvili | 239 | Ermənistan |
2017 | 26 noyabr | Tbilisi | 16 | Rusiya | "Wings" | Polina Boquseviç | 188 | Gürcüstan |
2018 | 25 noyabr | Minsk | 20 | Polşa | "Anyone I Want To Be" | Roksana Veqel | 215 | Fransa |
2019 | 24 noyabr | Qlivitsе | 19 | Polşa | "Superhero" | Viki Qabor | 278 | Qazaxıstan |
2020 | 29 noyabr | Varşava | 12 | Fransa | "J'imagine" | Valentina | 200 | Qazaxıstan |
2021 | 19 dekabr | Paris | 19 | Ermənistan | "Qami Qami" | Maléna | 224 | Polşa |
2022 | 11 dekabr | İrəvan | 16 | Fransa | "Oh Maman" | Lissandro | 203 | Ermənistan |
2023 | 26 noyabr | Nitsa | 16 | Fransa | "Cœur" | Zoe Klozür | 228 | İspaniya |
İstinadlar
redaktə- ↑ 1 2 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- ↑ "First EBU press release on JESC 2003". Avropa Yayım İttifaqı. 22 noyabr 2002. 2006-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31. (#apostrophe_markup)
- ↑ "'Junior contest moves to Norway'". ESC Today. 17 iyun 2004. 2004-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31. (#apostrophe_markup)
- ↑ "Junior: Minor format changes introduced". AYİ. 6 iyun 2008. 2008-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Avroviziya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |