Amasya Sulh Muqavilesi - Wikipedia
Amasya sülh müqaviləsi — Səfəvilər ilə Osmanlılar arasında imzalanmış ilk sülh müqaviləsi. 29 may 1555-ci ildə imzalanmışdır. Müqavilə iki dövlət arasında Çaldıran döyüşü (1514) ilə başlayan uzunmüddətli müharibələri yekunlaşdırıb. Müqavilə 1578-ci ilə qədər davam edib və Osmanlıların növbəti dəfə Azərbaycana hücum etməsi ilə pozulmuşdur. Beləki 1578-ci ildə Osmanlı ordusu Amasya müqaviləsinin şərtlərini pozub Səfəvi sərhədlərini keçdi. Bununla da Osmanlı-Səfəvi müharibələrinin 1578–1590 mərhələsi başladı.
Amasya müqaviləsi | |
---|---|
| |
Müqavilənin tipi | Sülh müqaviləsi |
Hazırlanma tarixi | 1555 may |
İmzalanma tarixi | 29 may 1555 |
İmzalanma yeri | Amasya |
Qüvvəyə minməsi | İmzalandıqdan dərhal sonra |
• şərtləri | Müqaviləyə görə, Qərbi Gürcüstan vilayətləri (İmereti çarlığı, Menqreliya, Quriya) Osmanlının təsir dairəsinə, Şərqi Gürcüstan vilayətləri (Mesxiya, Kartliya, Kaxetiya) isə Səfəvilərin hakimiyyəti altına düşür. |
Qüvvədən düşməsi | 1578 |
Tərəflər |
Osmanlı imperiyası Səfəvi İmperiyası |
Müqavilə ilə Ərəb İraqı Bağdad da daxil olmaqla, Osmanlılara verilmiş, beləliklə Osmanlı dövləti İran körfəzinə daxil olma imkanı əldə etmişdir, Gürcüstan isə iki dövlət arasında bölünmüşdür. Səfəvi dövləti Təbriz də daxil olmaqla, şimal-qərb sərhədlərini qorumağı bacarmışdır.
Arxa planı
redaktəOsmanlı-Səfəvi rəqabəti XVI əsrin birinci yarısında müharibələrə və sülh dövrünə şahidlik etmişdir. 1501-ci ildə yaradılmış Səfəvi dövləti rəhbərlərinin dini və şəxsi hakimiyyət kultu Anadoludakı bir çox türk tayfalarını özünə cəlb edirdi. Belə bir şəraitdə Osmanlı dövləti buna müharibə və Səfəvilərin ideologiyasının cəfəngliyini sübut etməyə çalışan intelektual əsərlərin yazılması ilə cavab verdi. Osmanlılarla Səfəvilər arasındakı ilk hərbi toqquşma 1514-cü ildə baş vermiş Çaldıran döyüşü oldu. Döyüşdə Osmanlı ordusu qələbə qazandı. Bundan sonra da 4 dəfə Osmanlıların Səfəvi dövlətinə olan hücumları baş verdi. Bu yürüşlər zamanı yandırılmış torpaq taktikasından istifadə edən Şah Təhmasib əsas diqqətini Osmanlı ordusunu ərzaqsız və ləvazimatsız buraxmağa yönəltmişdi. Bundan sonra Səfəvi ordusu əks hücuma keçdi və Osmanlı şəhərlərini, qalalarını yağmaladı. Osmanlı dövlətini narahat edən əsas məqam isə, Səfəvi şahının Anadoludakı türk tayfaları arasındakı nüfuzu idi. Bu səbəbdəndir ki, Osmanlı dövləti Səfəvilərə qarşı aramsız hücumlar təşkil edirdilər. Sonda Sultan Süleymanın yürüşlərindən Bağdad istisna olmaqla, heç biri uğurlu olmadı.[1] 1553-cü ildə Sultan Süleyman Amasya müqaviləsinə yol açacaq sonuncu yürüşünə başladı.[2]
Osmanlı dövlətinin Transilvaniya üstündə Habsburq kralı Ferdinandla yaşadıqları problemdən xəbərdar olan Şah Təhmasib Azərbaycanda və Şərqi Anadoluda itirmiş olduqları torpaqları geri qaytarmaq üçün şans yarandığını düşünməyə başladı. Şah Təhmasib Van gölü hövzəsindəki Ərciş, Əxlat və Adilcəvazı ələ keçirdi. Bu dövrdə Osmanlı ordusu Avropadakı müharibəylə məşğul idi. Bölgədəki Osmanlı ordusunu ruhdan salan digər xəbər isə Ərzurumdan gəldi. Oradakı Osmanlı komandanı İsgəndər Paşa, Təhmasibin oğlu İsmayıl Mirzə ilə döyüşdə gözlənilmədən məğlub olmuşdu. Beləki həm Səfəvi tarixi əsərlərində, həm də Şah Təhmasibin bioqrafiyasında mənfi mənada tez-tez xatırlanan İsgəndər paşanın üzərinə İsmayıl Mirzənin komandanlığı altında ordu göndərilmişdi. Ordunun təminat yükünü azaltmaq üçün ordusunun bir hissəsini tərxis edən və öz hərbi bacarıqlarına güvənərək İsmayıl Mirzə ilə açıq döyüşə girən İsgəndər paşa ağır məğlubiyyətə uğradı və Ərzurum qalasına geri çəkildi.[3]
Bu məğlubiyyətin xəbəri İstanbula çatan kimi Osmanlı hökuməti Səfəvilər üzərinə yeni bir hücuma keçmək və bu problemi tamamilə həll etmək qərarına gəldi. Transilvaniyada Habsburqlar və Macarıstanla döyüşmək üçün göndərilmiş Rüstəm paşa Eger qalasının mühasirəsini yarımcıq dayandıraraq Səfəvilər üzərinə yürüş hazırlıqlarına başladı. Səfəvilərə qarşı yürüşə çıxacaq ordunun başçısı Rüstəm paşa təyin edildi və o, 50 min qapıqulu, yeniçəri və süvaridən ibarət ordu ilə şərqə göndərildi. Ona Rumelidəki və Anadoludakı orduları müharibə üçün təşkil etmək tapşırığı verilmişdi. İlkin plana görə, ehtiyac yaranacağı halda sultan 1553-cü ilin yazında ordu ilə Şərqi Anadoluda birləşməli idi. Lakin sultanın sağlamlığı yaxşı deyildi və Rüstəm paşa Amasya canişini və vəliəhd şahzadə Mustafanın atasının halı pisləşəcəyi halda yeniçərilərə arxalanaraq taxtı ələ keçirə biləcəyindən qorxurdu. Buna görə də, Rüstəm paşa ilkin plana uymayaraq paytaxta daha yaxın ərazilərdə qalmağı üstün tutdu. Bundan sonra Kayseriyə getməyərək, Konyaya doğru yola çıxdı. Konya yolunda ikən yeniçərilər sevimli şahzadələri olan Mustafaya görə ordudan qaçmağa başladılar. Bu barədə sultana xəbər verildikdən sonra, Süleyman ordunu paytaxta geri çağırdı və gələcək yaz yürüşə şəxsən özünün rəhbərlik edəcəyini elan etdi.[3]
Osmanlının yeni yürüşə başlayacağı barədə xəbər Şah Təhmasibə çatdıqdan sonra şah 1552-ci ildə İsgəndər paşa ilə İsmayıl Mirzə arasındakı döyüşdə əsir düşmüş Biqa canişini Mahmud bəyi əsirlikdən azad edərək sultanın yanına sülh danışıqları üçün göndərdi. Ordunun yürüşə hazırlanmasına baxmayaraq, sultan danışıqlar üçün şahın bir səlahiyyətli şəxsi Osmanlıya göndərməsini istədi. Buna cavab olaraq, Şah Təhmasib Seyid Şəmsəddin Dilicaniyə səlahiyyət verərək, sülh danışıqları üçün İstanbula göndərdi. Bu zaman artıq Osmanlı ordusunun yürüş öncəsi hazırlıqları demək olar ki, tamamlanmışdı. Dilicani Osmanlı paytaxtına 19 avqust 1553-cü ildə çatdı və bu zaman yürüş hazırlıqları tamamilə bitmişdi. Sultan və ordusu 28 avqustda paytaxtı tərk etdi və səfirə yolda sultanın ona cavab verəcəyi bildirildi. Yolda olarkən sultan Mustafaya xəbər göndərərək Ereğlidə onunla birləşməsini əmr etdi. Ereğlidə ordunun düşərgə salacağı planlaşdırılmışdı. 1553-cü ilin 5 oktyabr tarixində Mustafa ordusu ilə birlikdə Ereğlinin bir bölgəsi olan Ağtəpəyə çatdı və sultanı salamlamaq üçün onun düşərgəsinə yollandı. Mustafanın qiyam qaldırması iddialarından qəzəblənən Süleyman onun səltənət çadırına girərkən qətlə yetirilməsini əmr etdi. Mustafa ilə birlikdə bayraqdarı və köməkçisi də edam edildi. Sultanı gələcəkdə əvəz edəcəyi gözlənilən, onun oğlanları içində ən sevimlisi və ən bacarıqlısı kimi qəbul edilən Mustafanın edamı bütün ordunun şok olmasına səbəb olmuşdu. Yeniçərilər bunda Rüstəm paşanı ittiham edərək, ona xüsusilə qəzəbli idilər. Gümanki elə buna görə də, sultan ordunun ölmüş döyüş ruhunu yüksəltmək üçün Rüstəm paşanı komandanlıq vəzifəsindən qovdu və yerinə Əhməd paşanı təyin etdi.[4] Bundan sonra ordu Ereğlini tərk etdi və Hələbdə qışlamaq üçün yola düşdü. Buradan gələcək yazda Səfəvi dövlətinə hücum ediləcəyi planlanmışdı. Hələp yolunda olarkən Səfəvi elçisi Dilicani azad edildi və öz dövlətinə yola düşdü. Lakin onun azad edilmə yerinin və vaxtının dəqiq tarixi bilinmir, həmçinin ona şaha çatdırması üçün nə deyildiyi və ya yazdıldığı da dəqiq bilinməməkdədir. Osmanlı qaynaqlarına görə, Dilicani osmanlı düşərgəsini Osmanlının gələcək yaz Səfəvilərə müharibə elan edəcəyi xəbəri ilə tərk etmişdir:
Elçi sultan tərəfindən verilmiş fəxri xələt və şaha ünvanlanmış səltənət məktubu ilə azad edildi. Məktubda Osmanlı ordusunun fitnə ilə dolu olan şərq əyalətlərini fəth etməyə, yaxşı qorunan mülklərdə yaşayan insanlara qarşı vəhşiliklər edənləri cəzalandırmağa gəldiyi yazılmışdı.[5] |
Lakin "Relazione Anonima"nın yazdığına görə, elçi hələ Kayseridə azad edilmiş və ona verilmiş olan məktubda sülh üçün şərtlər yazılmışdır. Şərtlərə isə, Şirvan əyalətinin bölünməsi və xəlifələrin lənətlənməsinə son qoyulması daxil olmuşdur:
Şəhərə çatarkən (Kayseri) Səfəvi elçisi çağırıldı və Heydər paşa sülh üçün gərəkli olan şərtləri şaha çatdırılması üçün elan etdilər. Bu tələblərin ümumi məğzinə Şirvan əyalətinin iki dövlət arasında paylaşdırılması və Səfəvilərdə İmam Əlinin xeyrinə ilk 3 xəlifənin lənətlənməsinin dayandırılması daxil idi. Şərtləri anlayan elçi bu şərtlər altında sülh müqaviləsini yekunlaşdırmaq üçün səlahiyyətinin olmadığını, şahla görşüb sultan və paşaların dediklərinin hamısını ona çatdırmak gərəkdiyini bildirdi. Bundan sonra sülh və ya müharibəyə qərar verilə bilərdi. Bundan sonra o, hədiyyələrlə azad edildi və ona şahın cavabını bildirməsi üçün sultanın qışı keçirəcəyi düşünülən Hələbə gəlməsi gərəkdiyi bildirildi.[6] |
Bu baxışa görə, Süleyman sülh yaradılmasını istəmiş və ya ən azından buna cəhd etmiş, ilkin sülh şərtləri ilə müzakirələr başlatmaq üçün elçini şahın yanına yollamışdır. Hadisələrin bu cür təsviri o dövrki fransız elçisinin hesabatları tərəfindən də təstiqlənir. Ona görə, sultan Səfəvi elçisinə Rüstəm paşa ilə ilkin şərtləri müzakirə etməyi tapşırmışdır. Bununla məqsədi bitmək bilməyən və iki tərəfə də xeyir gətirməyən müharibəni bitirmək olmuşdur. 1553-cü ilin 1 noyabr tarixində Osmanlı dövlətində elçi olan Habsburq məmurunun bildirdiynə görə də, İstanbulu ordu ilə tərk etməkdə məqsəd Səfəvilərlə müharibə etmək yox, üsyançı və xaos mənbəyi kimi dəyərləndirilən Şahzadə Mustafanın edamını həyata keçirmək olmuşdur. Venesiyalı Domeniko Trevizanonun da bildirdikləri yuxarıda yazılanları təstiqləyir. Səfəvilər kimi Osmanlı sultanı da sülh imzalamaq istəmişdir. Səfəvi elçisinin birbaşa sülh şərtləri ilə İstanbuldan geri qaytarılmamasının səbəbi isə Süleymanın Mustafa ilə bağlı planlarının təhlükəyə düşə bilmə ehtimalı olmuşdur.[6] Bu yürüş əsnasında Mustafa Süleymanın itirdiyi yeganə övladı olmadı. 29 noyabr tarixində Süleymanın kiçik oğlu Cahangir xəstəlik nəticəsində vəfat etdi. Bundan sonra Süleyman Maraşda ordusu ilə birlikdə qışlayan və sağ qalmış yeganə oğlu Səlimi öz yanına çağırdı. Sultan və onun yeni vəziri yaxın zamanda sülhün imzalanacağından əmin idilər və buna görə də Süleyman oğlu ilə birlikdə Qüdsü ziyarət etməyi planlayırdı. Lakin gözlənilmədən Vandan gələn çapar Qızılbaş şahzadəsi İsmayıl Mirzənin qızılbaş ordusu ilə birlikdə Van qalasına hücum etdiyini, ətraf əraziləri isə çapıb-taladığı xəbərini çatdırdı. Həmçinin çapar Səfəvi elçisinin öz sarayını Mustafanın edamı barədə məlumatlandırdığını və Səfəvi sarayının Osmanlı şahzadələri içində ən cəsur və ağıllı şahzadə kimi qəbul edilən şahzadənin ölümünü bayram kimi qeyd etdiyini bildirdi. Həmçinin, Şah Təhmasib sülh şərtlərini rədd etmiş və sülh üçün Osmanlıların Vandan geri çəkilməsi şərtini irəli sürmüşdü. Bu xəbərlərdən sonra sultan Qüds ziyarətini ertələdi və qışı müharibəyə hazırlaşaraq, oğlu Səlim ilə ov mərasimlərində keçirdi.[7] Təhmasib isə, Van və Vostan istiqamətində irəliləyən İsmayıl Mirzəyə və Sultan Hüseyn Mirzəyə əlavə qızılbaş dəstək bölmələri göndərməyə davam etməkdə idi. Hər iki birləşməyə bütün ərzaqları yandırmaq, Osmanlı ordusunun yararlana biləcəyi hər şeyi məhv etmək tapşırılmışdı. Süleymanın Hələbdə olmasından istifadə edən Təhmasib "yandırılmış torpaq" taktikasını daha da sistemli hala gətirmişdi. İki ayda iki oğlunu itirən və ordusunun döyüş əhval-ruhiyyəsi aşağı düşmüş olan sultan sülh və ya müharibə barədə qərar verməli idi. Qışı bu vəziyyətdə keçirdikdən sonra Diyarbəkirin Çilək bölgəsinə Osmanlı ordusu daxil oldu. Burada sultan adətinin əksinə olaraq, ordu mənsublarından xeyli sayda insanı qəbul etdi və onların problemlərini dinlədi. Sonda çıxışı zaman yaxınlaşan müharibənin əhəmiyyətindən bəhs etdi və ordu üzvlərinə hədiyyələr dağıtdı. Yalnız bunlardan sonra, ordu Səfəvilərlə savaşmaq üçün yola çıxdı.[8]
Sülh üçün ilk təmaslar
redaktəSüleymanın Rumelidən və Anadoludan olan orduları əsas Osmanlı ordusu ilə birləşdilər və Naxçıvana doğru yola çıxdılar. 6 iyul tarixində, Qarsda olarkən, sultan Cəlalzadə tərəfindən yazılmış və Təhmasibi alçaldıcı şəkildə döyüşə çağıran məktubunu ona göndərdi. Məktubda Səfəvilər dinsizlikdə ittiham edilməklə birlikdə, sultan ordularının qısa zamanda onları məhv edəcəyi bildirilirdi. Həmçinin, şahı öz əvvəlki taktikasından yayındırmaq üçün sultan şahı meydan döyüşünə cəlb etməyi hədəfləyirdi. Əslində, sultan da, vəzirləri də şahın ordularını açıq döyüşə çəkə bilməyəcklərinin fərqində idilər. Mövcud döyüş taktikası ilə isə, Səfəvi ordusunu məğlub etmək mümkün görünmürdü. Osmanlı ordusunun döyüş əhval-ruhiyyəsi də aşağı idi, buna görə də ordu rəhbərləri münaqişəni tez bir zamanda bitirmək istəyirdilər. Əsas gözləntiləri isə şahın sülh üçün müraciəti idi. Elə buna görə də, Cələlzadə tərəfindən hazırlanmış məktub Osmanlının üstünlüyünü yalnız ritorik üslubla əks etdirirdi.[9] Bunları mükəmməl şəkildə bilən Təhmasib, məktuba tez bir zamanda cavab vermədi və Naxçıvan, İrəvan şəhərlərini sakinlərdən təmizlədi. Osmanlı ordusu 18 iyulda İrəvana, 22 iyulda Naxçıvana daxil oldular. Lakin onlar şəhərdə nə yeməyə, nə də daldalanmağa heç bir şey tapa bilmədikdən sonra, şaha aid bir neçə binanı dağıdıb geri çəkildilər. Həmçinin Osmanlı ordusunda xəstəliklər də yayılmağa başlamışdı. 31 iyul 1554-cü ildə Ramazan bayramının yaxınlaşması ilə sultan Ərzuruma yollandı. 6 avqust tarixində ordu Bəyazid yaxınlığında düşərgə saldı və şahın məktubu burada sultana təhvil verildi. Cəlalzadə və onun yazdıqları əsasında yazanlara görə məktubun kontenti bundan ibarət olmuşdur: guya Təhmasib heç bir zaman daha güclü olan Osmanlı ordusu ilə açıq döyüşə girməyəcəyini bildirmiş, həmçinin o, belə bir qərar verdiyinə görə (Çaldıran döyüşü nəzərdə tutulur) atası Şah İsmayılı da qınamışdır. Türkiyəli müəllif Zahid Atçıl Cəlalzadəyə istinadən yazır ki, Təhmasib sülhə tamamilə hazır olmuşdur. Lakin Təhmasibin yazışmalarının Əbdülhüseyn Nəvai tərəfindən yayımlanmasından sonra məktubun kontentinin əslində bundan ibarət olmadığı bəlli oldu. Əslində, məktubda nə Şah İsmayılın qərarından duyulan peşimanlıq hissindən, nə də açıq döyüşə girməmə istəyindən söz edilməmişdir. Məktub şiddətli anti-sünni kontentə malik olmaqla birlikdə, siyasi və ruhani hakimiyyətin şiələrə mənsubluğunu əsaslandıran arqumentlərlə zəngin idi.[10] Cəlalzadənin yazdığının əksinə, məktubda peşmanlıq hissi bildirilməməklə birlikdə, sünni və şiəliyin təmsilçiləri olaraq Osmanlı və Səfəvilər arasında fərq açıq şəkildə qabardılmışdır. Həmçinin məktubda Təhmasib "siz Əbubəkr, Ömər, Osman, Müaviyyə və Mərvanın simvollarını tərk etmədikcə bizim aramızda sülh olmayacaqdır" deyə yazmışdır. Məktuba görə, mövcud münaqişə dördüncü imam Əlinin tərəfdarları ilə zalım Əməvi tərəfdarları arasında gedir. Özünü əsl hökmdar modeli olaraq təqdim edən Təhmasib, Süleymanı zəif, yalançı və gücsüz hökmdar kimi təqdim edir. Məktubda həm də Ərzurum paşası Ayaz paşanın sülh təklif etməsi, bu təklifin baş vəzir Əhməd paşa tərəfindən də dəstəklənməsi bildirilir və bundan xəbərsiz olan Süleymana məzəmmət edilirdi. Təhmasib açıq şəkildə bildirirdi ki, Süleyman hökmdar olmağı haqq etmir:
Sənin mənə olan cavabında deyilir ki, "mən vəzir Əhməd paşanın yazışmalarından xəbərim olmayıb. Bu məktublar mənim biliyim və icazəm olmadan yazılmışdır" və sülh haqqında şayiələr hərəkətə keçir. Əgər sən doğruları deyirsənsə, Əhməd paşa və digərləri sənin xəbərin olmadan, səninlə məsləhətləşmədən yazıblar. İndi bil ki, sülh və danışıqlara çağırışları xilafət və sultanlıq iddiasına layiq olan dövrün məşhur sultanları və böyük hökmdarları edir. Sultanlığın əsası və qüdrət sütunu olan şəxslərin məsləhətsiz, zəif mülahizələri əsasında belə böyük bir iş görmələri... nəhayət səni rüsvay etdi.[11] |
Məktubun yerdə qalan hissəsində Azərbaycan ərazilərinə olan Osmanlı hücumları qınanılırdı:
Öyrəndik ki, Rumların (Osmanlıların) bədbəxt əsgərləri Naxçıvana (onu) viran etmək üçün göndəriliblər. Ədalətli və şanlı hökmdara yalnız onun təbəələrinin müdafiəsi yaraşdığına görə, qalib ordumdan bir dəstəni sərhədə göndərdik. Bu zaman bu kafir franklar (Romalılar/Osmanlılar) və Mərvan evinin qalan əsgərləri Naxçıvanı qarət etməklə məşğul idilər, bir kəşfiyyatçı gəldi və bu biabırçı dəstəyə ordumuzun gəlişini xəbər verdi. Bu səbəbdən də, onlar Naxçıvan torpaqlarından it kimi qaçdılar.[12] |
Cəlalzadə öz əsərində belə bir məktuba istinad etmir. Bunun səbəbi isə öz əsərində güclü ideoloji propaqanda aparması və Osmanlıların mövqeyinə xəyanət etmək istəməməsidir. Bundan əlavə, Cəlalzadənin mövqeyindən sülh təklifi, hətta gizli olsa belə, Osmanlıların güclü və əzəmətli imicinə xələl yetirə bilərdi. Ayaz paşanın belə bir təklif etməsini inkar etməsə belə, o, bir yerdə Əhməd paşanın Təhmasibin əyanlarından birinə məktub göndərməsindən bəhs edir. Bununla da göstərməyə çalışır ki, sülh təklifi daha əvvəl olmuşdur və Süleymanın yürüşü isə, yaxın zamanda Osmanlı torpaqlarına olmuş qızılbaş hücumlarına görədir. Paşa məktubunda inanc məsələsi ilə bağlı mübahisə etdikdən sonra, sultanın üstünlüyünü tanımaqdan imtina etdiyi halda, sultanın astanasının sülh danışıqları üçün açıq qaldığını bildirirdi.[12]
Səfəvi qaynaqları bildirir ki, Osmanlı ordusunun Naxçıvandan Ərzuruma geri çəkilməsindən sonra şahın ordusu çox sayıda döyüşçünü hücum edəərk öldürdü, bir o qədərini də əsir götürdü. Əsir götürülənlər arasında Osmanlı sərkərdələrindən biri olan və sultanın sevimlisi Sinan paşa da var idi. Sinan paşanı əsirlikdən azad etmək üçün Əhməd paşa Ayaz paşaya Təhmasıbə sülh təklifi etməyi tapşırdı. Bu qaynağa görə, Osmanlı tərəfində sülh istəyi bu hadisədən sonra meydana çıxmışdır. Əslində isə, Osmanlı sultanı və vəzirlərinin sülh istəyi ən əvvəldən mövcud idi və elə buna görə də, Səfəvi elçisini qəbul etmiş, onunla sülh şərtlərini müzakirə etmişlərdi. Naxçıvan yürüşü isə sadəcə şahı sülhə məcbur edə bilmək atılmış addım idi. Sultanın İstanbuldan ayrılmamışdan əvvəl Səfəvilərlə sülh imzalamamasının əsas səbəbi isə Şahzadə Mustafanın yaratdığı problemlər idi. Bütün yol boyunca baş vəzir Rüstəm paşa Səfəvi elçisi Dilicani ilə sülh şərtlərini müzakirə etmiş, lakin sonda Mustafanın edamından sonra Osmanlı ordusunun ruh düşkünlüyü yaşamasından istifadə etməyə qərar vermiş Təhmasibin döyüş əmrindən sonra vəziyyət dəyişmişdi. Beləki, Təhmasib Mustafanın edamı münasibətiylə Osmanlı ordusunun döyüşmək istəmədiyindən xəbərdar idi, buna görə də sülh istəyini geri çəkmiş və sonda imzalanacaq sülh müqaviləsində maksimum mənfəət təmin edə bilmək üçün müharibəni davam etdirmişdi. Hadisələrin sonrakı gedişatı Təhmasibin doğru qərar verdiyini və Osmanlı dövlətinin də bu qərarların meydana çıxardığı şərtlərə uymağa məcbur olduğunu göstərdi.[13]
Süleymanın və ordusunun Naxçıvanı tərk etməsindən sonra Təhmasib öz süvarilərini Pasin və Oltuya göndərərək, Osmanlı ordusunun Ərzuruma geri çəkiliş yolu üzərindəki hər şeyin dağıdılması əmrini verdi. Şahın əsas planı Osmanlı geri çəkilişini maksimum çətinləşdirmək, yeni hücuma çıxmalarını mümkünsüz etmək və beləliklə də, müqavilə danışıqlarında öz mövqeyini gücləndirmək idi. Sultanın Ərzuruma çatmasından sonra, Şah Təhmasib öz əyanları ilə məsləhətləşmələrə başladı. Onlar Van qalasına hücum etməyi və ətrafdakı bölgələri məhv etməyi təklif edirdilər. Əgər bu hücumlar zamanı Osmanlı ordusu yaxınlaşardısa, onlar Bağdada, Diyarbəkirə və ya Azərbaycana geri çəkilməli, Osmanlı ordusu ilə birbaşa döyüşə girməkdən yayınmalı, Osmanlı ordusunun hərəkət yolu üzərindəki hər şeyi yandırmalı idilər. Bu müharibə strategiyası hələ Şah İsmayıl tərəfindən həyata keçirilməyə başlanmışdı və Osmanlı ordusunun hər baxımdan çoxsaylı və zəngin təchizatlı olmasından qaynaqlanırdı. Şah Təhmasib özünü yazdığı "Təzkirə"də bu strategiyanı bu cür izah edir və əsaslandırırdı:
Müharibədə düşmənə əlverişli imkan vermək olmaz. Əgər düşmən döyüşə can atırsa, imkan daxilində onunla üz-üzə döyüşdən çəkinmək lazımdır”. Sərhəd zolağında bütöv vilayətlərin viran edilməsi şah aşağıdakı maraqlı mülahizələrlə haqq qazandırırdı: “Biz hesablamışıq ki, xondkarın (Osmanlı sultanının) qulluqçulardan başqa təxminən 300 min nəfərlik atlı qoşunu var. Və əgər hər birinin (süvarinin) bir qulluqçusu varsa, bu 600 min nəfər edir. Yeniçərilərdən başqa sultanın piyada qoşunu yoxdur. Əgər hər birinin bir atı və dəvəsi varsa, onda 600 min at və dəvə alınır. Bir eşşəyə isə hər gün 2 mən (batman) arpa, cəmisi 12 min xalvar yüz mən arpa tələb olunur. 600 min adamın hər biri gün ərzində yarım mən ərzaq işlədirsə, cəmisi 3 min xalvar 100 mən alınır. Deməli, bir gün ərzində 15 min xalvar 100 mən taxıl lazımdır. Tutaq ki, xodkarın 150 min xalvar 100 mən taxılı vardır. Qoşunlarda da həmçinin 150 min xalvar taxıl var114. Halbuki, həmin 300 min xalvar taxılı daşımaq üçün 500 min dəvə tələb olunur. Bunun hələ döyüş sursatı, topları və başqa ləvazimat daşıyan dəvələrə dəxli yoxdur. 300 min xalvar taxıl onlara 20 günlüyə bəs edir. Biz torpaqlara od vurduqdan və hər şeyi yeyəndən sonra, onlarla üz-üzə vuruşmayıb dövrələrində fırlanmaqda davam etsək onlar nə nə edə bilərlər? Bəs onlar yeməyi hardan əldə edəcəklər? Bəs qızılın onlara nə faydası olacaq? Buna görə də qayıtmaqdan savayı onların bir çarəsi qalmır.[14] |
Burada Osmanlı ordusunun sayının şişirdildiyi düşünülsə də, gümanki Şah Təhmasib ölkənin qorunması üçün ən pis ehtimalı nəzərə almışdır.[15]
Təhmasibi bir müddət bu planı həyata keçirmək istədi, lakin sonradan bu təklifi rədd etdi və sülh danışıqlarına başlanılması barədə qərar verdi.[13] Bu qərarı verməsində əsas səbəb çox gümanki, Osmanlının Təbrizə və Ərdəbilə hücum etmə təhlükəsinin olması olmuşdur. Çünki bu ərəfələrdə Osmanlı vəzirləri də bunu bildirən məktub göndərmişlərdi. Baş vəzirin əmri ilə hərəkətə başlayan Ayaz paşa Səfəvi sarayına yenə bir məktub göndərdi. Ayaz paşa məktubda Osmanlı ordusunun gələcək yaz Təbriz və Ərdəbilə hücum edəcəyi planladığını, lakin əgər Təhmasib istəyərdisə, sülh danışıqlarına başlaya biləcəklərini yazmışdı.[16]
Sonda, Şah Təmasib, Sinan paşanı azad edərək Şahqulu bəy Qacar ilə birlikdə Osmanlı sarayına bahalı hədiyələrlə sülh danışıqları üçün göndərdi.[17] Səfir Ərzuruma 26 sentyabr 1554-cü ildə çatdı və Osmanlı tərəfindən hörmətlə qarşılandı, müsbət cavabla geri göndərildi. Ərzurumu tərk edərkən, Şahqulu bəy Osmanlıları bir ay içində Səfəvi şahının sülh müqaviləsini imzalamaq üçün başqa bir elçi göndərəcəyini bildirdi.[18][19] Bundan sonra öz yeniçərilərinin çoxunu İstanbula göndərən Süleyman, qışı Amasiyada keçirməyə qərar verdi. Bu Səfəvilər üçün təhlükə yarada biləcək bir şey idi, çünki sultanın qışı Anadoluda keçirməsi hər an yeni bir yürüşün başlana biləcəyi anlamına gəlirdi. Buna görə də, şah, öz elçisini göndərməyi gecikdirdi, bununla o, sultanın İstanbula geri dönməsini gözləyirdi. Çünki sultanın Anadoluda olmaması yeni bir yürüşün olmaması mənasına gəlməklə birlikdə, sülh danışıqlarında şahın əlininin geclənməsi demək idi. Sultan həmçinin Van və Bağdadın canişinlərini mümkün Səfəvi hücumlarının qarşısını almaq üçün öz bölgələrinə göndərdi. Bütün bunlardan xəbərdar olan Səfəvi şahı nəhayət özünün görkəmli diplomatlarından və "Qaradağ sufilərinin" ağsaqqallarından biri Fərruxzad bəyi elçi olaraq Osmanlıların yanına göndərdi.[20] mart 1555-ci ildə Ərzurumdan Ayaz paşa Səfəvi elçisinin çatdığını sultana bildirdi. Sultan Amasiyada baş vermiş yanğına görə elçini orada qəbul etmək istəmirdi və görüş üçün İstanbulu təklif edirdi. Amasyanın xarabalıqları yerinə İstanbuldakı cah-cəlalda görüşmə Osmanlını daha da qüvvətli göstərə bilərdi. Lakin Səfəvi elçisi mümkün ən tez müddətdə sülh imzalanması üçün təkid etdi və sultan onu xarabalıqları yaxşı şəkildə gizlədilmiş Amasiyada qəbul etdi. 21 may 1555-ci ildə Fərruxzad bəy və başqaları şahın hədiyələrini və məktubunu sultana təqdim etdilər. 1 iyun 1555-ci ildə Səfəvi elçiləri sultandan məktub aldılar və bu məktubda rəsmən Osmanlı hakimiyyətinin sülh şərltəri ilə razılaşdığı bildirilirdi.[21]
Sülhün imzalanması
redaktəOsmanlı-Səfəvi münasibətlərinin XVI əsr tarixi barədə müasir tarixşünaslıqda belə bir fikir var ki, ilk Osmanlı-Səfəvi sülh müqaviləsi Səfəvilərin sülh üçün yalvarması, Osmanlının isə bu təklifi lüft edib qəbul etməyi ilə baş tutmuşdur.[22] Bu fikir əsasən, Osmanlı qaynağı olan Mustafa Cəlalzadənin "Təbakat-ül Məmalik və Dərəcat ül-Məsalik" əsərinə istinadən verilir. Bu əsər daha sonrakı Osmanlı qaynaqları üçün də əsas mənbə olmuşdur.[23] Lakin, sülh üçün ilk müraciət Osmanlı tərəfindən olmuşdu.[24] Hələ sultan Naxçıvandan geri qayıdarkən, vəziri Məhəmməd paşanı sülh danışıqlarını başlatmaq üçün vəzifələndirmişdi.[25] Yüksək rütbəli əsirlərin dəyişdirilməsi baş tutdu. 29 may 1555-ci ildə iki dövlət arasında ilk müqavilə Amasyada imzalandı. Müqaviləyə görə, qərbi Gürcüstan bölgələri olan İmeretiya, Meqreliya və Quriya Osmanlı dövlətinin nüfuz dairəsinə keçdi, onun şərq bölgələri olan Mesxetiya, Kartli və Kaxetiya isə Səfəvi dövlətinin tərkibində qaldı.[17][26] Bağdad da daxil olmaqla, İraq Osmanlı dövlətinin, bütün əraziləri ilə birlikdə Azərbaycan da Səfəvi dövlətinin tərkibində qaldı.[27][28]
Şərqi Anadolu boyunca, Ərzurum, Van, Şəhrizor kimi bir neçə bufer zona yaradıldı.[29] Qars hərbsizləşdirilmiş zona elan edildi və onun qalası dağıdıldı.[26][30] Müqavilədəki şərtlərdən biri də, Səfəvilərin Osmanlı üçün önəmli dini fiqurlar kimi qəbul edilən Raşidun xəlifələrinin, Aişənin və peyğəmbər səhabələrinin dini rituallarla alçaldılmasına son qoyulması idi.[20][31] Bu Osmanlı-Səfəvi müqavilələrinin ümumi şərti idi.[32][33]
Farsdilli mənbələrdə bu sülhün dəqiq tarixi verilmir. Həsən bəy Rumlunun Əhsən ət-Təvarix əsərində, Qəffarinin və Əli Zeynalabdinin salnamələrində Fərruxzad bəyin elçiliyi barədə məlumat hicri-qəməri təqvimi ilə 961-ci ilə aid edilir. İsgəndər bəy Münşi onun tarixini xronoqram ilə verir (yəni 1+30+90+30+8+600+10+200), bu da hicri təqvim ilə 969-cu il edir.[34] Bu hadisənin dəqiq tarixini göstərən türk mənbələrinə görə, Amasyada sülh hicri 962-ci il rəcəbin 8-də (1555-ci il mayın 29-da) bağlanmışdır[35]. Sülhdən sonra Osmanlı dövləti qərb cəbhəsinə xüsusi önəm verdi və hər iki dövlətin sərhədləri bir müddətlik stabillik qazandı.[36] Sülh şəriti 1578-ci ildə Osmanlılar tərəfindən pozulana qədər davam etdi.[37]
Yozef fon Hammer bu müqaviləni Osmanlı ilə Səfəvilər arasında bağlanmış ilk rəsmi sülh müqaviləsi adlandırır. Mənbələrdə Çaldıran döyüşündən sonra I Şah İsmayılla Sultan Səlim arasında sülhə dair hər hansı məlumata təsadüf edilmir. Buna baxmayaraq, bəzi əsərlərdə 1515-ci ildə onların arasında sülh əldə edildiyi barədə yoxlanmamış və əsaslandırılmamış fikirlər var.
Nəticə
redaktəAmasya müqaviləsi ilə Səfəvi-Osmanlı müharibələrinin ilk mərhələsi sona çatdırıldı. Lakin bu uzun müddət ərzində heç bir dövlət öz istəyinə nail ola bilmədi. Anadoludakı türkmən tayfalarının dəstəyi ilə oralarda öz hakimiyyətini yaymağa çalışan Şah İsmayıl öz istəyinə nail ola bilmədi, lakin Səfəvi dövlətini sosial və struktural güc kimi ortadan qaldırmaq üçün əks-hücuma keçmiş Sultan Səlim və Sultan Süleyman şərqdə səfəvipərəst üsyanları yatırsalar da, öz istəklərinə nail ola bilmədilər.
1533–1535-ci illər və 1548–1549-cu illər yürüşləri ən yaxşı halda Səfəvi hücumlarının təhlükəsinin azaldılması ilə nəticələndi. Bu yürüşlər əsnasında Ərzurumda, Vanda, Bağdadda və Bəsrədə canişinliklər yaradıldı. Lakin, Şərqi Anadoluda və İraqda qalalardan kənarda Osmanlı hakimiyyəti müttəfiq olduqları yerli kürd elitlərinə arxalanmaqda idi. Şirvanın yerli sünni elit təbəqəsini Səfəvilərə qarşı istifadə etmək və Səfəvilərin şərqdəki qonşuları olan Şeybanilərlə birlikdə Səfəvilərə qarşı yürüşlər təşkil etmə planları da özünü doğrultmadı və heç bir qalıcı nəticə əldə edilmədi. Yerli Qızılbaş əhalisi Osmanlı hakimiyyətindənsə, Səfəvi hakimiyyətini üstün tuturdu, elə buna görə də, Osmanlının sərhəd bölgəsində yaşayan əhalinin dəstəyini qazanma cəhdləri heç bir nəticə vermədi. Bütün bu dövr ərzində, həm Osmanlı, həm də Səfəvilər həm şərqdə, həm də qərbdə döyüşməyə məcbur edilmişdilər. Səfəvilər özbək və osmanlılarla döyüşməyə məcbur ikən, osmanlılar da qərbdə Habsburqlarla döyüşməyə məcbur idilər.[38]
1555-ci il müqaviləsi əslində hər ik dövlətin özlərinin keçmiş imperial hədəflərini yerinə yetirə bilməyəcəkləri barədə gecikmiş etirafları idi. Osmanlılar müqavilə ilə, Səfəviləri bidət və küfrdə ittiham etmək əvəzinə, On iki imam şiəliyi nümayəndələri kimi rəsmən tanıdılar. Səfəvilər həcc ziyarəti hüququ qəbulu qarşılığında Osmanlıları müsəlmanlar üçün müqəddəs şəhər olan Məkkə və Mədinə şəhərlərinin himayədarı kimi qəbul etdilər.[38] Həmçinin Osmanlı dövləti Səfəvi zəvvarlarının Məkkə və Mədinə şəhərləri ilə yanaşı, şiələr üçün müqəddəs olan ziyarətgahlarına girişlərinə də icazə verdilər.[39]
Türk tarixçi İsmayıl Haqqı Uzunçarşılı müqavilə şərtlərinə görə, Azərbaycanın da Osmanlı hakimiyyətinə düşdüyünü bildirmişdir. Lakin Oqtay Əfəndiyev özünün "Azərbaycan Səfəvilər dövləti" kitabında yazır ki, Türk tarixçi İsmayıl Haqqı Uzunçarşılının belə bir iddiası heç nə ilə əsaslandırılmır ki, guya bu sülhə görə Azərbaycan (Təbriz də daxil olmaqla) Osmanlı dövlətinin hökmranlığı altına düşmüşdür[40][17]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Atçıl, 2019. səh. 7
- ↑ Atçıl, 2019. səh. 8
- ↑ 1 2 Atçıl, 2019. səh. 9
- ↑ Atçıl, 2019. səh. 10
- ↑ Atçıl, 2019. səh. 11
- ↑ 1 2 Atçıl, 2019. səh. 12
- ↑ Atçıl, 2019. səh. 13
- ↑ Atçıl, 2019. səh. 14
- ↑ Atçıl, 2019. səh. 15
- ↑ Atçıl, 2019. səh. 16
- ↑ Atçıl, 2019. səh. 17
- ↑ 1 2 Atçıl, 2019. səh. 18
- ↑ 1 2 Atçıl, 2019. səh. 19
- ↑ Əfəndiyev, 2007. səh. 108
- ↑ Əfəndiyev, 2007. səh. 109
- ↑ Atçıl, 2019. səh. 20
- ↑ 1 2 3 Əfəndiyev, 2007. səh. 105
- ↑ Əhsən ət-təvarix, səh.379
- ↑ Tarix-i cahan-ara, səh. 302
- ↑ 1 2 M. Köhbach. "AMASYA". iranicaonline.org. 2019-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2022.
- ↑ Atçıl, 2019. səh. 21
- ↑ Atçıl, 2019. səh. 4
- ↑ Atçıl, 2019. səh. 5
- ↑ Atçıl, 2019. səh. 6
- ↑ Əfəndiyev, 2007. səh. 104
- ↑ 1 2 Mikaberidze, Alexander. Historical Dictionary of Georgia (2). Rowman & Littlefield. 2015. səh. xxxi. ISBN 978-1-4422-4146-6.
- ↑ The Reign of Suleiman the Magnificent, 1520–1566, V. J. Parry, A History of the Ottoman Empire to 1730, red. M. A. Cook (Cambridge University Press, 1976), s. 94.
- ↑ A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East, Vol. II, ed. Spencer C. Tucker, (ABC-CLIO, 2010). s.516.
- ↑ Ateş, Sabri. Ottoman-Iranian Borderlands: Making a Boundary, 1843–1914. Cambridge: Cambridge University Press. 2013. səh. 20. ISBN 978-1-107-24508-2.
- ↑ Alexander Mikaberidze Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia, Volume 1. Arxivləşdirilib 2017-11-08 at the Wayback Machine ABC-CLIO, 31 jul. 2011 ISBN 1598843362 p 698
- ↑ Andrew J Newman. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 11 Apr 2012. səh. 46. ISBN 978-0-85771-661-3.
- ↑ Suraiya Faroqhi. The Ottoman Empire and the World Around It (illustrated, reprint). I.B.Tauris. 3 Mar 2006. 36, 185. ISBN 978-1-84511-122-9.
- ↑ Bengio, Ofra; Litvak, Meir, redaktorlar The Sunna and Shi'a in History: Division and Ecumenism in the Muslim Middle East. Palgrave Macmillan. 8 Nov 2011. səh. 60. ISBN 978-0-230-37073-9.
- ↑ İsgəndər bəy Münşi. Tarix-i Aləm Aray-i Abbasi. Bakı. 2009. səh. 79.
- ↑ J. Hammer. Histoirc de L’Empire Ottomane, c. VI, səh. 70
- ↑ Keith McLachlan. "BOUNDARIES i. With the Ottoman Empire". www.iranicaonline.org. 2000. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2022.
- ↑ Фарах Гусейн. Османо-сефевидская война 1578–1580 гг. Османо-сефевидская война 1578–1580 гг. Bakı: Nurlan. 2005. səh. 31.
- ↑ 1 2 Kaya Şahin. Empire and Power in the Reign of Süleyman. Narrating the Sixteenth-Century Ottoman World. Cambridge Studies in Islamic Civilization. səh. 135. ISBN 978-1-107-03442-6.
- ↑ Shaw, Stanford J. (1976), History of the Ottoman Empire and modern Turkey, Volume 1, p. 109. Cambridge University Press, ISBN 0-521-29163-1
- ↑ İ. H. Uzunçarşılı. Osmanlı tarihi, II cilt, İstanbulun fethinden Kanuni Sultan Süleymanın ölümüne kadar. Ankara, 1949. s. 349–356.
Ədəbiyyat
redaktə- Əfəndiyev, Oqtay. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. ISBN 978-9952-34-101-0.
- Atçıl, Zahit. "Warfare as a Tool of Diplomacy: Background of the First Ottoman-Safavid Treaty in 1555". Turkish Historical Review. Leiden: Brill. 10 (1). 2019: 3–24. doi:18775462-01001006 (#bad_doi).
- Rumlu, Həsən bəy. Əhsən ət-təvarix.