Seyx Heyder - Wikipedia
Şeyx Heydər (1460, Ərdəbil — 1488 Tabasaran, Şirvan) — Səfəvi təriqətini rəhbəri, Şah İsmayıl Xətainin atası, Səfəviyyə ordeninin başçısı.
Şeyx Heydər | |
---|---|
| |
Ərdəbil hakimliyinin VI şeyxi | |
1460 – 1488 | |
Əvvəlki | Şeyx Cüneyd |
Sonrakı | Şeyx Sultan Əli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1459 |
Doğum yeri | Diyarbəkir |
Vəfat tarixi | |
Vəfat yeri | Samurçay vadisi |
Dəfn yeri | Meşkinşəhr, Ərdəbil |
Fəaliyyəti | lider |
Atası | Şeyx Cüneyd |
Anası | Xədicə bəyim (Uzun Həsənin bacısı) |
Həyat yoldaşı | Aləmşah bəyim |
Uşaqları | |
Ailəsi | Səfəvilər |
Dini | şiəlik |
Həyatı
redaktəAtası öləndə hələ doğulmamış olan Şeyx Heydər dayısı Uzun Həsənin sarayında doğulmuşdu. 9 yaşında dayısı Uzun Həsən tərəfindən Ərdəbilə göndərilmiş, 1471-ci ildə dayısının Dəspinə xatundan doğulmuş qızı Aləmşah bəyim ilə evlənmiş, Uzun Həsənin qaraqoyunlular və Teymuri sultanı Əbu Səidlə mübarizəsində fəal iştirak etmişdir.[1]
Siyasi və hərbi mübarizəsi
redaktəTeymuri sultanı Əbu Səid 1468-ci ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb Qarabağa gəldi. Şirvanşah Fərrux Yasar əvvəlcə Əbu Səidə kömək göstərsə də, Uzun Həsənin hədələrindən qorxuya düşüb onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla, Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı. Danışıqlar üçün Uzun Həsən Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri qayıdıb Xorasan qoşunlarının həqiqətən ağır vəziyyətdə olduğunu təsdiq etdi və Uzun Həsəni Əbu Səid ilə sülh bağlamaq fıkrindən daşındırdı və 31 yanvar 1468-ci ildə baş verən döyüşdə Əbu Səidin qoşunları məğlubiyyətə uğradı, özü isə qaçdı, ancaq yaxanladı və edam olundu.
Şirvan maraqları
redaktəŞeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və Uzun Həsənin 1478-ci ildə ölümündən sonra yerinə keçən oğlu Sultan Yaqubdan Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı. 1487-ci ildə çərkəzlər üzərinə ikinci dəfə basqın edən Şeyx Heydər 6000 nəfər əsir alaraq, eyni yolla Ərdəbilə döndü.
Növbəti səfər zamanı Şeyx Heydər atasının qisasın almaq üçün Şirvanşaha müharibə elan etdi. Şirvanşah Fərrux Yasar qiymətli əmlakla ailəsini, habelə şəhər əhalisinin bir hissəsini Şamaxı yaxınlığındakı Gülüstan qalasına ötürdü, özü isə qızılbaşlar ilə döyüşə yollandı, ancaq Şeyx Heydər öz qoşunları ilə üzərinə hücuma keçəndə Şirvanşah Gülüstan qalasına çəkilməyə məcbur oldu. Qisas alan Şeyx Heydər Şamaxıda çoxlu adam qırdı və Şamaxını yandırdı. Sonra Heydər Gülüstan qalasını uzunmüddətli mühasirəyə aldı. Yeddi aya yaxın mühasirədə qalan Şirvanşah çıxılmaz vəziyyətə düşüb yardım üçün sultan Yaquba müraciət etdi.
Sultan Yaqub qayınatası olan Şirvanşaha yardım etmək qərarına gəldi. Sultanın yaxınlaşması xəbərini eşidən Şeyx Heydər tələsik Şamaxının ətrafını tərk edərək Şamaxıdan 6 km şimal-şərqdə yerləşən Cabaniyə çəkildi və oradan Dərbəndə tərəf yollandı. Şeyx Heydər Gülüstan qalasını mühasirədə saxlayarkən, Şirvanın müxtəlif yerlərinə dağılmış əmirlər Şirvan əyanlarından Kiçi Bəyin başçılığı altında toplaşaraq, üləmaların və zahidlərin razılığı ilə Şirvan qoşunlarından və əhalisindən 10000 nəfərədək adam yığıb Şeyx Heydərə qarşı cihad elan etdilər. Ancaq Şeyx Heydər Gülüstan qalasının mühasirəsindən əl çəkib, əksərən Şirvan kəndlilərindən ibarət bu qeyri-nizami qoşunu darmadağın etdi. Qızılbaş qoşunlarının tələsik getmələrini görən Fərrux Yasar Şeyx Heydərin qorxudan və ərzaq qıtlığından geri çəkildiyini güman etdi və onu təqib etmək məqsədilə qaladan çıxdı. Lakin onun qələbə çaldığını və qayıdıb Gülüstanın mühasirəsini davam etdirmək niyyətində olduğunu biləndə, Şirvanşah Şamaxıdan 20 km şimal-qərbdə yüksəklikdə yerləşən əlçatmaz Sulut qalasına sığınmağa məcbur oldu. Bu vaxt başda sərkərdə əmir Süleyman bəy Bicək oğlu və Ayba Sultan Yaqub olmaqla böyük qoşun Şeyx Heydərlə müharibədə Fərrux Yasara kömək etmək üçün Şirvana yollandı. Şeyx Heydər isə Dərbəndə doğru hərəkət edərək, onu mühasirəyə aldı.
Əmir əl-üməra Süleyman bəy Bicanoğlu qoşunları ilə viran edilmiş Şirvana daxil oldu. Şah Sulut qalasını tərk edərək, qoşunun qalan hissəsi ilə əmirlərə qoşuldu. Süleyman bəy qoşunları ilə Şeyx Heydərin ordusu Təbərsəranda qarşılaşdı. 9 iyul 1488-ci il Şirvanşahın və Ağqoyunlu əmirlərinin birləşmiş qoşunları Şeyx Heydərin qızılbaşlılarına hücum etdi. Hər iki tərəf inadla vuruşurdu. Süleyman bəy vuruşmada yaralanıb, döyüşçüləri tərəfindən kənara çıxarıldı. Bu zaman Şeyx Heydər də oxla boynundan ölümcül yaralandı. Qızılbaşlar onu atdan endirib araya alaraq, düşmənin həmləsini dəf etməyə cəhd göstərdilər. Lakin qızılbaşların qüvvələri tükənmişdi və əmirin qoşunları onların cərgələrini pozdu. Qapıçı Əli ağa Şeyx Heydərin başını kəsərək əmirə gətirdi. Şeyxin həlak olduğunu görən qızılbaşlar döyüş meydanına qayıdaraq mərdliklə vuruşdular. Lakin əmirlərin və Şirvanşahların qoşunları onları məğlub və məhv etdilər. Sultan Yaqubun qərargahına göndərilən qasid döyüşün nəticəsi haqqında xəbərlə yanaşı, Şeyx Heydərin başını da apardı. Sultan Yaqub şeyxin başını bir neçə günlüyə tamaşaya qoyduqdan sonra anasına (Uzun Həsənin bacısına) verməyi əmr etdi.
Ailəsi
redaktə1471-ci ildə Aləmşah bəyim ilə evlənmiş və üç oğlu doğulmuşdu:
- Şeyx İbrahim
- Şeyx Sultan Əli
- Şeyx İsmayıl
Şeyx Heydərin Aləmşah bəyimdən 3 oğlu olmaqla yanaşı, digər bir arvaddan daha 4 oğlu olmuşdur[2]. Onunla 1473-cü ildə evlənmişdi, öz əmisi Şeyx Fəridəddin Cəfər ibn Xacə Əlinin qızı idi:[3]
- Seyid Həsən mirzə (1473–1525) — Ərdəbil hakimi
- Seyid Süleyman mirzə — 1513-cü ildə Şah İsmayıl tərəfindən edam edilmişdir.
- Seyid Davud mirzə
- Seyid Mahmud mirzə
Qızları:
- Fəxr Cahan xanım — Bayram bəy Qaramanlı ilə evlənmişdi.
- Mələk xanım — Abdı bəy Şamlı ilə evlənmişdi.
- Fatma sultan — Hüseyn bəy Şamlı ilə evlənmişdi.
- Dilşad sultan — Sasun bəyliyinin hakimi Şah Əli bəy (ö. 1540) ilə evlənmişdi.
Həmçinin bax
redaktəMənbə
redaktəİstinadlar
redaktə- ↑ "Sir Percy Sykes, Persia, səh 72". 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-01.
- ↑ T. M. Musəvi. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər /XVIXVIII əsrlər/. Bakı, 1977, s.53–54
- ↑ "Heydər Səfəvi - Encyclopedia Iranica". 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-14.
Ədəbiyyat
redaktə- Sara Aşurbəyli. Şirvanşahlar dövləti. Avrasiya Press. Bakı, 2006
- Britannika Shaykh Haydar