Seyx Heyder Turbesi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Şeyx Heydər türbəsi — Xızı rayonunun Tıxlı kəndi ərazisində Səfəvi təriqətinin rəhbərlərindən biri olan Şeyx Heydərin basdırıldığı türbə.
Şeyx Heydər türbəsi | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Xızı rayonu |
Yerləşir | Tıxlı |
Aidiyyatı | Səfəvilər |
Üslubu | Səfəvi memarlığı |
|
Haqqında
redaktəŞirvanşah Fərrux Yasarla döyüşdə məğlub olan Şeyx Heydər elə öldüyü yerdə də dəfn olunub. Hər iki qoşun arasında döyüş Ruzbihan Fəzlullahın yazdığına görə Elbrus (Qafqaz) dağlarının ətəklərində getmişdir. V. F. Minoriskiyə görə Elbrus Şahdağdır. Şeyx Heydər 9 iyul 1488-ci ildə baş vermiş vuruşmada məğlub olaraq döyüş meydanında qəhrəmancasına həlak olur və müridləri tərəfindən orada da dəfn olunur. Onun məqbərəsi Xızı rayonunun Tıxlı kəndindən 3–4-km şimal-şərqdə, Beşbarmaq dağının arxasındadır. Türbə üzərində aşkar edilmiş daş lövhədəki üçsətirlik farsca kitabə (1,21x0,67m) süls elementli nəsx xətti ilə həkk olunmuşdur. Kitabənin birinci sətri iri, aydın nəsx xətti ilə, ikinci, üçüncü sətirdəki sözlər 5–6 cərgədə, yuxarı qaldırılaraq üst-üstə süls elementli xırda nəsx xətti ilə yazılmışdır. Mətnin tərcüməsi belədir: 1 "Böyük məzar Allah yolu ilə gedənin müqəddəs şəhidgahı, həqiqət yolunun yolçusunun qəbri, hikmətli Quran dininin həqiqət axtaran şeyxi, Şeyx Sultan Cüneydin oğlu Şeyx Sultan Heydərindir. 2. Şirvan, Ruman, İran (Ağqoyunlu dövləti nəzərdə tutulur- Məşədixanım Nemət) müharibəsində öldürülmüşdür. (Məqbərə) o ildən min otuz birinci ilə kimi xarab (vəziyyətdə idi). Etibarlı imam Əmir əl-möminin Əli ibin Əbu Talib (ə) Şeyx Cüneydin oğlu Şeyx Heydərin başına gələn hadisənin doğruluğunu (bilib) qəbrin parlaqlığını və möhkəmləndirilməsi üçün həqiqi nökəri Şah Ismayılın yanına gəlib buyurdu ki, uzun müddət bu bərəkətli, böyük qəbir Şirvan dağlarında bir dağın ortasında gizli qalıb 3. Fərman (verdi ki) onu bu cəfa dolu quyudan və alçaqlıq zülmündən qurtarıb, aşkar edib, qəbir üzərində bina tiksinlər. Mərhəmətlə o ali və yüksək cavanın dəfn olduğu dağın ətəyini 50 zər (1 zər 107 sm-dir- M. N.) eninə çapıb, dərinliyə getdilər. Qədim qəbrin yerini aşkara çıxarıb, ona təzim etdilər. Şah Səfi Bahadur xan əl-Hüseynin hakimiyyəti vaxtında bu qəbir üzərindəki bina yenidən təmir və bərpa olundu. Uzun müddət məlayikələr astanası olan bu dərgahda çoxları şəfa tapdı. Rəcəb ayı min qırx doqquzuncu il tarixdə".
Kitabənin mətnində məlum olur ki, Səfəvi şeyxlərindən Şah İsmayıl Xətainın atası olan Şeyx Heydər "Şirvan dağlarından birində gizlicə dəfn olunmuş və onun məzarı uzun müddət gizli qalmışdır". Sonralar Qızılbaşların Şirvan ərazisinə yürüşləri zamanı Şah İsmayıl Səfəvi atası Şeyx Heydərin qəbrini axtarıb tapmış, üzərində türbə binası tikdirib orada müridləri tərəfindən Təkəli və Şıxlar kəndlərini saldırmış və məqbərəni müqəddəs ziyarətgah elan etmişdir. Hazırda kəndLərin xarabalıqları qalmışdır. Sonralar kəndin əhalisi buranı tərk edərək sənaye mərkəzlərinə köçmüşdür.
Şeyx Heydərin qəbri üzərində bişmiş kərpicdən tikilmiş məqbərə binası iki otaqdan ibarətdir, üstü uçmuşdur. Günbəzin dayandığı tağ oturacaqları və günbəz dairəsinin qalığı görünməkdədir. Naxçıvan-Marağa memarlıq məktəbinə xas üslubda tikilmiş binanın bəzəklərində yaşıl, qara, qəhvəyi, abı rəngli kaşılı kərpiclərdən istifadə olunmuşdur.