Mesedixanim Nemet - Wikipedia
Nemətova Məşədixanım Sədulla qızı (5 yanvar 1924, Zabrat, Bakı qəzası – 26 dekabr 2016, Bakı) — Azərbaycan alimi, tarixçi-epiqrafist və şərqşünası, tarix elmləri doktoru (1969), AMEA-nın müxbir üzvü (2001).[1]
Məşədixanım Nemətova | |
---|---|
Doğum tarixi | 5 yanvar 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 26 dekabr 2016 (92 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | tarix |
Elmi dərəcələri | |
İş yerləri | |
Təhsili |
|
Mükafatları |
Həyatı
redaktəMəşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur. O, 1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun (indi BDU) şərqşünaslıq fakültəsini bitirmişdir.
Elmi fəaliyyəti
redaktəElmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlamışdır (1971-ci ildən epiqrafika qrupunun rəhbəridir). 1993-cü ildən Arxeologiya İnstitutunda eyniadlı qrupun rəhbəridir. Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edir. Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var. 300-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir.
1948-ci ildə AMEA-nın Tarix İnstitutunda aspiranturaya daxil olmuş, 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə" "Şöhrət" ordeninə layiq görülmüşdür.
60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini gəzərək ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb, fars, türk dillərində ölkənin iqtisadi-siyasi, sosial-mədəni tarixi, memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi — sufizm, toponimika, etnoqenez və s. problemlərə dair yeni və ən dəqiq sənədlərlə Azərbaycanın tarixşünaslıq bazasını zənginləşdirmişdir. 2500-dən artıq epiqrafik abidəni toplayıb, oxuyub onların tarixi əhəmiyyətini müəyyənləşdirmişdir. Bu elmi fəaliyyətin nəticəsi kimi 12-dən artıq monoqrafiyanın, 200 elmi məqalənin, o cümlədən 6 cildlik "Azərbaycanın epiqrafik abidələrinin toplusu"nun müəllifidir.
Leninqrad şəhərində (indiki Sankt-Peterburqda) nəşr olunan "Epiqrafika Vostoka" jurnalı 1967-ci ildə çapdan çıxan 18-ci nömrəsində yazırdı:
"M.S.Nemətova Azərbaycanın kitabələrini sistematik olaraq toplayır və tədqiq edir... Məqalələrində əvvəllər məlum olmayan və özünün topladığı yazıları çap etdirir... M.Nemətovanın nəşr etdirdiyi kitabələr filoloqlar, dilçilər, Azərbaycanın maddi və mənəvi mədəniyyəti, incəsənəti və bədii sənətkarlığı ilə məşğul olan tarixçilər üçün böyük maraq doğurur..." |
1976-cı ildə Moskva şəhərində çapdan çıxmış "Tarixi ensiklopediya" kitabında professor V. A. Kraçkovskayanın məqaləsində son 200 ildə X. D. Fren, N. M. Xanıkov (Rusiya), M. Amari (İtaliya), O. Tixsen (Prussiya), F. Kaderov (İspaniya), A. Şevçenko, Ş. Bosselar, R. Vasse (Fransa) və bir neçə sovet alimlərinin, o cümlədən Məşədixanım Nemətovanın da adı qeyd olunmuşdur.
Epiqrafika
redaktəMəşədixanım Nemətova epiqrafikanı bir fənn kimi də Azərbaycanda yaratmışdır. Onun işi təkcə epiqrafik abidələrin aşkar edilməsi, toplanması, tərcümə edilməsi və çap olunmasından ibarət deyil. Alimin çoxillik tədqiqatları nəticəsində aşkar olunmuş epiqrafik abidələr tarixi mənbə kimi də Azərbaycan tarixinin müxtəlif konseptual problemlərinin tədqiqində mühüm rol oynayır.
Məşədixanım Nemətovanın əldə etdiyi xanəgah, ribat, müqəddəs məzar, zaviyə və s. abidələr üzərindəki kitabələr XII–XIX əsrlərdə Azərbaycanda mövcud olmuş sufi cəmiyyətlərinin — Qələndəriyyə, Qədiriyyə, Bektaşiyyə qolları Babailər və Çələbilər, Xəlvətiyyə, Nəqşbəndiyyə qolu Ələviyyə, sənətkarlarla bağlı Əxi cəmiyyətinin mərkəzlərini, şeyxlərinin adlarını, onların fəaliyyətlərinin xronoloji çərçivəsini və fəaliyyət dairəsini müəyyənləşdirmişdir. Kitabələrin çoxu inzibati bölgü, dövlət quruluşu, bürokratik dövlət aparatı, feodal sinfi zümrələrinə dair maraqlı məlumatlar verir. Kitabələrdə gedən bir sıra titul, ləqəb və rütbələrə əsasən Şirvanşahlar dövlətinin quruluşunu, idarə üsulunu müəyyənləşdirmək mümkün olmuşdur.
Məşədixanım Nemətova epiqrafik abidələrə əsasən bir sıra memarlıq abidələrinin təyinatını və tarixini dəqiqləşdirmişdir. Bunlardan, ilk növbədə, Şəmkir qülləsini qeyd etmək lazımdır. Abidə zəmanəmizə gəlib çatmayıb, yalnız təsviri qalmışdır. Memarlar abidənin tarixini XII əsrə aid edirdi və deyirdilər ki, bu, minarədir. XX əsrin 70-ci illərində ərazidə qaz kəməri çəkilərkən 3 metr dərinlikdən kufi xətli yazılı bir daş aşkar olunmuşdur. Yazı Məşədixanım tərəfindən oxunmuş və müəyyən olunmuşdur ki, bu, Şəmkir bürcünün kitabəsidir. Kitabədə abidənin dəqiq inşa tarixi h.493=1099/1100 və təyinati — gözətçi bürcü göstərilmişdir. Yazı hazırda Azərbaycan Tarixi Muzeyində sərgilənir.
Qız qalası
redaktəQız qalasının yazısının səhv olaraq "qüllə", yəni qala əvəzinə "qübbə", yəni gümbəz oxunması alimlərin Məsud Davudun mərtəbələrarası gümbəzlərin inşaatçısı kimi yanlış fikrə gəlməsi ilə nəticələndi. Yazının düzgün oxunuşu onun orta əsrlərdə müdafiə qalası olduğunu təsdiqlədi.
Həkəri və Araz çaylarının hövzəsində bir sıra türbələr yerləşir. Memarlar bu abidələrin yerli feodallara məxsusluğunu və XIII–XIV əsrlərə aid olduğunu iddia edirdilər. Araz və Həkəri çayları hövzəsindəki memarlıq abidələrindən bəhs edən memarlar bunlardan heç birinin üzərində kitabə olmadığına görə türbələrin kimin üçün tikildiyini aydınlaşdıra bilmədikləri üçün təəssüflənmişdilər. Lakin onların üzərindəki yazılara əsasən Məşədixanım müəllimə müəyyənləşdirmişdir ki, Zəngilanın Məmmədbəyli kəndindəki türbədə alim Yəhya bəy Hacı Məhəmməd dəfn olunmuşdur. Yazıda türbənin tikilmə tarixi h.704/1305-ci il və Qarabağ memarlıq məktəbinin banisi Əli Məcdəddinin adı var.
Memarlıq abidələri
redaktəMəşədixanım Nemətova XIII–XIV əsrlərdə yaşamış, fəaliyyət göstərmiş, Avropanın qapısı olan Anadolunu Çin ilə birləşdirən, Araz boyu Azərbaycandan keçən qədim karvan-ticarət (İpək) yolu üzərindəki Füzuli, Zəngilan, Cəbrayıl, Zəngəzur (Səlim keçidi), Ələyaz, Dərələyəzdə yerləşən memarlıq abidələrinin memarı Əli Məcdəddinin adını memarlıq tarixinə yazmışdır.
Daşyonma sənəti
redaktəMəşədixanım sənətşünaslıq tarixində məlum olmayan bədii daşyonma sənəti məktəblərini, onun əsasını qoymuş ustaları, onların davamçılarının, fəaliyyətlərinin xronoloji çərçivəsini və əsərlərinin yayıldığı sahələri müəyyənləşdirmişdir. O, XII–XX əsrlərin əvvəllərinə kimi memarlıq və sənətşünaslıq tarixində məlum olan inşaatçı usta, memar, xəttat, həkkakların siyahısına Bakı-Abşeron üzrə 105, Şəki-Zaqatala bölgəsi üzrə məlum olan 8 nəfərin siyahısına 137 nəfərin adını əlavə etmişdir. Qalan bölgələrdə də bu kimi əlavələr var.
Məşədixanımın epiqrafika sahəsində kəşfləri bizə torpaq iddiasında olan bədnam qonşularımıza da tutarlı cavabdır. Buna sübut Zəngəzurun Urud kəndindəki 1961-ci ildə üzə çıxardığı XIV–XVII əsrlərə aid qoç heykəlli və sənduqə formalı məzar daşlarıdır. İki abidə üzərində yazılmış "Avladi ağvan" — alban övladları sözləri Zəngəzurda yaşamış alban tayfalarının türkləşməsini və islamı qəbul eməsini təsdiq edir.
Abidələr
redaktəAbidələr üzərindəki qədim türk tayfalarına məxsus onqonların (tanrıların) — maral üzərində oturdulmuş ov quşları, Tibet yak öküzləri, şaman təsvirləri onların hələ islamı qəbul etməzdən əvvəl türkləşməsini göstərir. Onlar islamı qəbul etdikdən sonra bir müddət qədim inanclarını saxlamış, sonra isə bu, onların təsviri sənətinə keçmişdir.
Urud kəşfləri
redaktəMəşədixanımın Urud kəşflərinə qədər tarixi ədəbiyyatda belə bir fikir mövcud idi ki, xristian olan alban tayfaları xilafətin Qafqazın istilası zamanı islamı qəbul etməsinlər deyə qriqoryan xaçını qəbul edib erməniləşdilər, gürcü xaçını qəbul edib gürcüləşdilər. Urud abidələri bir daha indiyə qədər tarixi ədəbiyyatda mövcud olan türk elementinin Qafqaza gəlmə olduğu konsepsiyasını alt-üst etdi və sübut olundu ki, türklər Qafqazın aborigenləridirlər.
Məşədixanım Zəngəzur, Laçın, Kəlbəcər, habelə Armazisxevidə (Gürcüstan), Qobustan tərəfdəki Qarabağ və digər qəbiristanlıqlarda aşkar etdiyi XIV-XIX əsrlərə aid at, qoç heykəlli və başdaşı formalı məzar daşlarında türk tayfalarına məxsus tamqaların, şamanların təsvirləri əsasında Cənubi Qafqazda türk tayfalarının yayılma arealını və beləliklə, Azərbaycanın tarixi ərazisini müəyyənləşdirmişdir.
Məşədixanım Nemətovanın XIII–XIV əsrlərə aid Abşerondakı (Buzovna, Şağan, Yeni Suraxanı) üç türbə üzərində ərəbcə yazılmış kitabələrə əsasən xristian Suriya nəsranilərinin Abşeronda yaşamalarını, türkləşmələrini və Azərbaycan xalqının təşəkkülündə iştirak etmələrini sübut etmişdir.
İlisu sultanları
redaktəGürcü tədqiqatçıları İlisu sultanlarının gürcü İlisen mauravlarının davamçıları, avarlar isə onların avar olduqlarını sübut etməyə çalışırlar. Məşədixanım Nemətova İlisu Came məscidinin kitabəsində onların ərəb sərkərdəsi Əbu Məbran nəslindən, İlisu sultanlarının məzar daşlarında olan kitabələrə əsasən onların Əlibəy Şami (Suriya) övladları olmalarını sübut etmişdir.
Ərəb sərkərdəsi Əbu Müslüm xilafətin Qafqazı istilasından sonra Suriyadan qohumlarını Qafqaza köçürüb hərəsini bir əyalətə hakim təyin etmişdi. Sonra isə Azərbaycan ərazisinə köçürülmüş ərəblər türkləşdilər. Azərbaycanda ərəblərlə əlaqədar kənd adları indiyə kimi mövcuddur.
"Azərbaycanın epiqrafik abidələri" toplusu
redaktəMəşədixanım Azərbaycan ərazisində apardığı 60 illik tədqiqatlarını yekunlaşdıraraq "Azərbaycanın epiqrafik abidələri" toplusunu VI cilddə:
- I cild Bakı-Abşeronun ərəb-fars-türkdilli kitabələri (XI–XX əsrlərin əvvəli), Bakı, 1991;
- II cild Şəki-Zaqatala bölgəsinin ərəb-fars-türkdilli kitabələri (XIV–XX əsrlərin əvvəli), Bakı, 2001;
- III cild Naxçıvan Muxtar Respublikasının ərazisindəki ərəb-fars-türkdilli kitabələr (XII–XX əsrlərin əvvəli), Bakı, 2001;
- IV cild. Quba-Xaçmaz Cənubi Dağıstanın ərəb-fars-türkdilli kitabələri (VIII–XX əsrlərin əvvəlləri), Bakı, "Nurlan", 2008;
- VI cild. Şirvan, Gəncə, Ağdam, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər və başqa rayonların ərəb-fars-türkdilli kitabələri (XI–XX əsrlərin əvvəlləri), Bakı, 2011;
- VI cild. Mis qablar, silahlar, bayraqlar üzərindəki ərəb-fars dilində olan kitabələr (XVII–XIX əsrlər), Bakı, 2011) nəşr etdirmişdir.
Toplunun V cildi bütün işğal altında olan ərazilərin epiqrafik abidələridir. Ermənilərin işğalı zamanı orada yerləşən bütün maddi-mədəniyyət abidələri də təcavüzə məruz qalıb. Toplunun V cildi bu torpaqların bizə vətəndaşlıq hüququ verən pasportumuzdur, desək yanılmarıq.
Məşədixanım Nemətovanın hazırladığı kadrlar epiqrafik abidələrin tədqiqi — kitabələrin aşkar edilməsi, estampı, fotosu, oxunması, tərcüməsi ilə yanaşı, problemlərin tədqiqi ilə də məşğuldurlar.
Məşədixanım Nemətovanın elmi fəaliyyəti respublikamızdan kənarlarda da dəyərləndirilib. 1991-ci ildə Tehranda təşkil olunmuş kitab sərgisində görkəmli alim kitabları ilə iştirak etmişdir.
2011-ci ildə Türkiyədə, Qarsda keçirilmiş "Qazı Kars şehrengizi" simpoziumunda Məşədixanım Nemət türk-islam mədəniyyətinə xidmətə görə mükafatlandırılmışdır.[2]
Vəfatı
redaktəMəşədixanım Nemətova 27 dekabr 2016-cı ildə 92 yaşında Bakı şəhərində vəfat etmişdir.[3] Zabrat qəbiristanlığında dəfn olunub.
Kitabları
redaktəMənbə
redaktə- "Azərbaycan" qəzeti, 19 dekabr 2013-cü il
İstinadlar
redaktə- ↑ "Nemətova Məşədixanım Sədulla qızı" (az.). science.gov.az. 2017. 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
- ↑ "Azərbaycan" qəzeti, 19 dekabr 2013-cü il
- ↑ Azərbaycan elminə ağır itki üz verib