Seyx Cuneyd Turbesi - Wikipedia
Şeyx Cüneyd türbəsi — Qusar rayonunun Həzrə kəndi ərazisində yerləşən XVI əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsi.
Şeyx Cüneyd türbəsi | |
---|---|
41°30′19″ şm. e. 48°14′55″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Qusar |
Yerləşir | Həzrə kəndi |
Aidiyyatı | Səfəvilər |
Tikilmə tarixi | 1544 |
Üslubu | Səfəvi memarlığı |
İstinad nöm. | 304 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şirvanşahlar və Ərdəbil hakimlərinin mübarizə tarixindən məlumdur ki, Qusar rayonu ərazisində 1456-cı ildə I Xəlilullahın başçılıq etdiyi Şirvanşahlar və Şeyx Cüneydin başçılıq etdiyi Qızılbaşlar arasında baş vermiş döyüşdə, ikinci ordunun rəhbəri öldürülmüşdür. Səfəvilər Şirvanda hakimiyyəti ələ aldıqdan sonra, 1544-cü ildə Həzrə kəndindəki məzar üzərində türbə tikdirilmişdir.
Şeyx Cüneyd türbəsi planda hər tərəfi 7.23 metr ölçüyə malik olan kvadrat formalı tikilinin hər dörd divarında qapı yeri vardır. Türbənin divarları daxildə 1.42 m hündürlükdə kvadrat formalı, şahmat formasında düzülmüş mavi və qara-bənövşəyi rəngli kaşı plitələrlə üzlənmişdir. Kaşılar aşağı keyfiyyətlidir və onların üst təbəqəsi çatlarla örtülmüşdür. İnteryerin təyinedici detalı, kvadrat formalı həcmdən günbəzə keçidi təmin edən stalaktitlərdir.
Tarixi
redaktəŞeyx Cüneyd Şah İsmayıl Xətainin babasıdır. Şirvanşahlar və Ərdəbil hakimlərinin mübarizə tarixindən məlumdur ki, Qusar rayonu ərazisində 1456-cı ildə I Xəlilullahın başçılıq etdiyi Şirvanşahlar və Şeyx Cüneydin başçılıq etdiyi Qızılbaşlar arasında baş vermiş döyüşdə, ikinci ordunun rəhbəri öldürülmüşdür. Səfəvilər Şirvanda hakimiyyəti ələ aldıqdan sonra, 1544-cü ildə Həzrə kəndindəki məzar üzərində türbə tikdirilmişdir.[1] Bu məlumatı tikilinin şimal fasadında yerləşdirilmiş kitabə də sübut edir.[2]
Ə. Salamzadə qeyd edir ki, kitabənin yerləşdiyi divarın tədqiq edilməsi, həmin hissələrin tikiliyə sonradan əlavə edildiyini göstərmişdir. Salamzadə 49 Bu halda kitabə həmin divara daha əvvəlki tikilinin divarından köçürülmüşdür.[3] Həmin türbənin 951-ci ildə inşa edildiyini (miladi 1544) bildirən A. A. Ələsgərzadə də bu fikri təsdiqləyir.[4]
XVI əsrdə Şeyx Cüneydin qalıqları Ərdəbilə köçürülsə[3] də, ehtimal ki, bu hadisə türbənin inşasından bir müddət sonra baş vermişdir. Türbənin inşa edildiyi vaxtda Səfəvilərin artıq geniş ərazilərdə hakimiyyətə malik olduğu nəzərə aldıqda, Şah I Təhmasibin ulu babasının qalıqlarını köçürdüyü zaman onun vaxtilə dəfn edildiyi yerdə xatirə məscidi tipli türbə inşa etdirməsində qeyri-adi heç nə yoxdur.[3] Türbə binası mərkəzi günbəzli məscid binaları ilə bir çox ortaq xüsusiyyətlərə malikdir.[3]
Şeyx Cüneydin məzarı üzərindəki sənduqə bərk ağacdan nəfis işlənmiş şəbəkəli çərçivə içərisinə alınmış, üzərində mənbər qoyulmuşdur. Görünür bu türbədən bir zamanlar məscid kimi istifadə edibmişlər. Türbənin üzəri böyük bir günbəzlə örtülmüşdür. Yeddi sətirdən ibarət ərəb dilində nəsx xətti ilə həkk olunmuş kitabə türbənin qərb qapısı üzərindədir:
Bu mübarək və şərəfli imarətin, yüksək sultan, kəramətli və ədalətli xaqan, ərəb və əcəm hökmdarlarının ağası-Allah onun kölgəsini yelərdən əskik eləməsin-qurunun və suyun rəhmanı, dini, dünyanı, xilafəti və səltənəti əzizləyən, Mustafaya (Məhəmməd peyğəmbərə) mənsub olan şəriət qaydalarını yayan, Murtəzəvi təriqətinin (yəni şiəliyin) əsasını qoyan, minnət və ehsan edən, Allah tərəfindən müvəffəqiyyətlənmiş, ehtiyacsız Allaha təvəkkül eləyən, Sultan oğlu Sultan Əbülmüzəffər şah Təhmasib əl-Hüseyni Bahadurxanın-Allah onun hökmranlığını və sultanlığını daima etsin və hər iki dünyanı onun yaxşı işləri və ehsanı ilə feyzləndirsin, öz qəlbini, biliyini Allaha və bəşər aləminə həsr etməyi ilə həzrətlərindən seçilsin (məxsus qılsın)-hökmranlığı zamanında səadət və əzizlik sahiblərinin ən fəxrlisi, vahid Allahın rəhmətinə qovuşmuş Xacə Fəxrəddin Əhməd Fərəhaninin-yüksək Allah onun şükrlərini, səylərini və yaxşı işlərini qəbul etsin-oğlu, qəbilələrin pənahgahı olan böyük vəzir həzrətləri, Allah rəhmətinə getmiş Ziyaəddin Nizamülmülk oğlu ən yüksək vəzirlərin vəziri, hökmdar və valilərin bəyənilmişi, xalqın bütün üzvlərinin tədbirçisi, xalqın yaxşı işlərinə zəmin olan əmmamə sahiblərinin xidmətkarı, kəramət sahiblərinin itaət olunmuşu, yaxşı işlər binalarının banisi, ehsan və səy edənlərin çalışqanı, vahid Allahın mehribanlığı ilə seçilmiş, əzizlik və vəzirlik fələkinin günəşi Ağa Məhəmməd, kəramət sahiblərinin sultanı, yetişmiş və bəyənilmişlərin rəhbəri, ariflərin (bilikli adamların) rəisi, düz yolla gedənlərin yol göstərəni, təriqət məsləkində vahid yol seçmiş, həqiqət məmləkətlərinin sahibi, öz razılıqları ilə eyni məslək istəyənlərin müridi, kainatın sahibi, öz fazilliyi (biliyi) ilə dövlətli olan Sutan Şeyx Cüneyd Səfəvinin -Allah onun qəbrini işıqlandırsın və şəhid olduğu yeri haqq eləsin-qəbri üzərində doqquz yüz əlli birinci ilin axırında tikilməsinə müvəffəq olmuşdur.[5] |
Hicri 951-ci il 1544-1545-ci Milad ilinə müvafiqdir. Kitabədən göründüyü kimi abidəni, məscid-türbəni hicri 951-ci il (1544-1545) ilin axırlarında I Şah Təhmasibin hökmranlığı dövründə onun vəziri Xacə Fəxrəddin Əhməd Fərəhani oğlu Xəcə Ziyaəddin Nizamülmülkün oğlu Ağa Məhəmməd tikdirmişdir.
Memarlıq xüsusiyyətləri
redaktəŞeyx Cüneyd türbəsi planda hər tərəfi 7.23 metr ölçüyə malik olan kvadrat formalı tikilinin hər dörd divarında qapı yeri vardır. Üç tərəfdən - qərb, şərq və cənubdan - qapılar, 4.67 m enə və 2.90 m dərinliyə malik böyük portal içərisində yerləşdirilmişdir. Fasadların kompozisiya elementinin bir hissəsi olan bu cür böyük portalların olması, daxildə köməkçi otaqlar kimi istifadə edilən kiçik künc otaqlarının yaranmasına gətirib çıxarmışdır. Cənub-şərq tərəfdə yerlşən hücrədə günbəzin təməli səviyyəsindən ona aparan qapı vardır.[3]
Türbənin divarları daxildə 1.42 m hündürlükdə kvadrat formalı, şahmat formasında düzülmüş mavi və qara-bənövşəyi rəngli kaşı plitələrlə üzlənmişdir. Kaşılar aşağı keyfiyyətlidir və onların üst təbəqəsi çatlarla örtülmüşdür.[6] İnteryerin təyinedici detalı, kvadrat formalı həcmdən günbəzə keçidi təmin edən stalaktitlərdir. Onların türbənin interyerində dominant mövqeyini göstərmək üçün, döşəmədən stalaktitlərin aşağı sırasına qədər hündürlüyün 2.95 metr olduğunu qeyd etmək olar.[6] Stalaktit kəmərinin öz hündürlüyü isə 4 metrə bərabərdir.[6] Böyük yuvalar şəklində həll edilmiş stalaktit kəməri ilk baxışdanca tikilinin konstruktiv elementi kimi görünür. Birinci stalaktit sırasının hündürlüyü 1.87 m, ikinci stalaktit sırasının hündürlüyü isə 1.70 metrdir. Yuxarı stalaktit sırası üzərində daxildən tağvari görünüşə malik olan günbəz yerləşir.[6]
Divarların şirli kaşı lövhələrlə üzlənmiş aşağı hissələri istisna olmaqla, stalaktitlər də daxil, bütün digər divar səthi gəclə üzlənmişdir. Salamzadə 50 Türbənin interyeri sakit böyüklüyü ilə heyran edir. Bu cür effekt əsasən, bölünmələrin ümumi böyüklüyü və tromp-stalaktitlərin xüsusiyyəti ilə bağlıdır.[6]
Türbə binasına şimaldan bitişən tikili, heç şübhəsiz ki, sonradan inşa edilmişdir. Bu, həm tikilinin ümumi planında (həmin əlavə edilmiş hissə kompozisiya baxımından tikiliyə uyğun gəlmir), həm də əlavə tikilinin divarlarının türbə divarlarının davamı olmayıb, yalnız ona birləşməsində özünü göstərir.[6]
Şəkilləri
redaktəTürbənin ərazisindəki qəbirlər
İstinadlar
redaktə- ↑ "Rasim Əfəndi. Azərbaycan İncəsənəti. Bakı: Şərq-Qərb, 2007, səh. 54". 2013-08-10 tarixində orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
- ↑ Саламзаде, 1964. səh. 48
- ↑ 1 2 3 4 5 Саламзаде, 1964. səh. 49
- ↑ Алескерзаде, А.А. Надписи агбильских мазолеев (XII cild, № 10). Azerb SSR EA Xəbərləri. 1956.
- ↑ Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана. Том IV. Арабо-персо-тюркоязычные надписи Куба-Хачмазской зоны и Юж- ного Дагестана (VIII-начало XX вв.). Баку, Нурлан, 2008, c. 82-83
- ↑ 1 2 3 4 5 6 Саламзаде, 1964. səh. 50
Ədəbiyyat
redaktə- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
Xarici Keçidlər
redaktəHəmçinin bax
redaktə- Şeyx Heydər türbəsi – Şeyx Heydərin Xızı rayonu ərazisindəki türbəsi
- Şeyx Səfi kompleksi - Səfəvilərin Ərdəbil şəhərindəki ailə türbəsi