Seyx Sultan Eli - Wikipedia
Şeyx Sultan Əli və ya Şeyx Əli Mirzə Səfəvi[1] (1469, Şaməsbi (Ərdəbil), Ərdəbil ostanı – 1494, Ərdəbil) — Səfəviyyə ordeninin rəhbəri. Şeyx Heydərin Aləmşah Bəyimdən olan ilk övladı. I Şah İsmayılın böyük qardaşı. Siyasi gücünə görə çəkinilən Sultan Əli ana tərəfdən qohumları olan ağqoyunlular tərəfindən həbs edilmiş və bir neçə il ailəsi ilə birlikdə Fars əyalətində saxlanılmışdır. O, 1493-cü ildə şahzadə Rüstəm tərəfindən həbsdən azad edilmiş, o və onun adamları da bunun qarşılığında Rüstəmə Baysunqur Yaqub oğlunu məğlub etmədə yardım etmişdir. Lakin bundan bir il keçdikdən sonra Rüstəm də onu özünə təhlükə olaraq görmüş və 1494-cü ildə onun edamına əmr vermişdir. Özünün qaçınılmaz sonunu anlayan Sultanəli ölümündən qısa müddət əvvəl kiçik qardaşı İsmayılı ordenin rəhbəri təyin etmişdir. Nəticədə İsmayıl 1501-ci ildə yeni dövlətin əsasını qoymuş və özünü şah elan etmişdir.[2]
Şeyx Sultan Əli | |
---|---|
fars. علیمیرزا صفوی | |
Ərdəbil hakimliyinin VII şeyxi | |
7 iyul 1488 – 1494 | |
Əvvəlki | Şeyx Heydər |
Sonrakı | Şah İsmayıl Xətai |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1469 |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri |
|
Vəfat səbəbi | başın kəsilməsi |
Dəfn yeri | |
Fəaliyyəti | ilahiyyatçı |
Atası | Şeyx Heydər |
Anası | Aləmşah bəyim |
Ailəsi | Səfəvilər |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSultanəli Səfəvi Şeyx Heydərin böyük oğludur və anası Aləmşah Bəyim Ağqoyunlu Uzun Həsənin arvadı Dəspinə Xatundan olan qızıdır.[2] Qasım bəy Təbrizə görə, o, 1469/1470-ci ildə Ərdəbil yaxınlığındakı Şaməsbi kəndində dünyaya gəlmişdir.[3]Gilanlı tarixçi Əli Şəmsəddin Lahici Tarix-i Hani əsərində Sultan Əlidən bəhs edərək onun Şeyx Heydərin övladları içərisində ən böyüyü olduğunu qeyd edərək yazır:
Şeyx Heydərin Həsən bəyin qızından doğma övladları içərisində ən böyüyü Sultan Xoca Əli idi. Ondan kiçiyi Sultan İbrahim, ondan da kiçiyi fəqət hər mənada hamısından böyüyü Hz. Şah İsmayıl idi.[4]
Digər dövr müəlliflərindən Qadı Əhməd Qumi də Şeyx Heydərin Aləmşah Bəyim ilə olan evliliyindən doğulan uşaqları barədə yazır ki, bunlardan birincisi Sultan Əli Padşahdır.[4]
Təriqət rəhbəri olması və həbs dövrü
redaktəO, Şeyx Heydərin 1488-ci ildə Tabasaranda öldürülməsindən sonra atasının yerinə keçmişdir.[1][2] Əslində, Sultan Heydər Şirvan yürüşünə yollanmamışdan əvvəl böyük oğlu Sultan Əli Mirzəni öz varisi elan etmiş və müridlərinə vəsiyyətində də ona sədaqətli olmağı tövsiyə etmişdi.[5]
Bundan başqa, Sultanəli Səfəvi sülaləsində Padişah titulu daşıyan ilk şəxsdir. Rocer Seyvorinin 1985-ci ildə yazdığına görə, bu, "bu mərhələdə Səfəvilərin həm maddi, həm də mənəvi hakimiyyətə can atdıqlarının bariz göstəricisi idi". Sonrakı tarixçilər tərəfindən Əli Mirzə Səfəviyə verilən Sultan titulunun mənsubiyyəti şübhə doğurur; Əli Mirzə yəqin ki, Rocer Seyvoriyə görə bu titulu özü işlətməyib.[2]
"Tarix-i aləmara-yi Şah İsmayıl"ın müəllifi onun təriqət taxtına oturması barədə yazır:
Sultan Heydər hələ döyüşə yollanarkən özünün Sultan Əli mirzə adlı böyük oğlunu öz varisi və vəliəhdi təyin etmiş, nə etmək lazım olduğu haqqında onun qulağına nəsihətlər demişdi.[6]
Əli Mirzə Ərdəbildə atası üçün matəm mərasimi təşkil etdi və istər Səfəviyyə təriqətinin sufiləri, istərsə də şəhər əhalisi onun başına toplanıb, öz sədaqətlərini izhar etdilər. Həsən bəy Rumlu bu barədə yazır:
Sultan Heydərin şəhid olmasından sonra sufilər toplanaraq, İsgəndər şanlı xaqan kiçik yaşında olduğu üçün Sultan Əli padşahı xilafətə təyin etdilər. O həzrətin səltənətinin avazı iradət sahiblərinin (müridlərin) qulağına çatdıqda, özlərini darülirşad Ərdəbilə yetirib ali büsata əyilməklə iftixar və baş ucalığı əldə etdilər.[7]
Ərdəbil xanəgahının nüfuzunun artması uzaq ərazilərdən də buraya təriqət tərəfdarlarının axınına səbəb oldu. Nəticədə Ağqoyunlu şahı Sultan Yaqub hakimiyyət üçün təhlükə törədəcəyindən qorxuya düşdü. Sultan Yaqub şübhə etmirdi ki, Sultan Əli Mirzə güclənsə atasının qisasını almaq fikrinə düşə bilər. Bu isə Sultan Yaqubun həyatı üçün yeni bir təhlükə ola bilərdi.[8] Bu təhlükənin aradan qaldırılması üçün Sultan Əli Mirzənin öldürülməsi də mümkün idi. Amma mövcud məlumatlara görə, Sultan Yaqub bacısına, yəni Sultan Əli Mirzənin anası Həlimə bəyimə olan ehtiram üzündən onu öldürmək fikrindən daşındı. Amma qərara gəldi ki, Sultan Heydərin Ərdəbildə qalmış bütün ailəsini sürgünə göndərsin. Nəticədə o əmr etdi ki, bir qoşun dəstəsi Ərdəbilə yola düşsün və burada Şeyx Heydərin xanımı və uşaqlarını həbs edərək Fars vilayətinə aparsın. Buranın hakimi Mənsur bəy Pornaka da tapşırıldı ki, onları İstəxr qalasında həbs etsin. Sultan Əli Mirzə və qardaşlarının İstəxr qalasında həbsə salınma tarixləri barədə mənbələrdə fikirlər müxtəlifdir.[9]
Tarix-i Cahan-ara, Riyazüs-Siyaha əsərlərinin müəllifləri onların 1488–1489-cu ildə Mənsur bəy Pornak tərəfindən İstəxr qalasına salıdıqları haqqında həm fikirdirlər. Digər tərəfdən Hüseyn Astrabadi isə onların 1493-cü ildə azad olunduqlarını yazır. Şərəf xan Bidlisi bildirir ki, uşaqlar yaşca kiçik olduğuna görə Sultan Yaqub onları öldürmədi və ilk əvvəl Əxtəmər qalasına oradan İstəxr qalasına sürgün etdirdi. Bu fikir Lokart, Sara Aşurbəyli, Süleyman Əliyarlı kimi tarixçilər tərəfindən də dəstəklənir. Onu da qeyd etmək lazımdır ki, Şeyx Heydərin sadəcə Aləmşah Bəyimdən olan övladları sürgünə göndərilmişdi. Digər övladları isə sərbəst idilər.[10]
Bu hadisə İsgəndər bəy Münşinin "Tarix-i aləmara-yi Abbasi" əsərində daha ətraflı təsvir edilmişdi.
Bu xanədanın sədaqət və səmimiyyət mülkünün fatehləri olan səadət nişanlı sufiləri o dinpərvər və ədalətli sultanın ali nəsilli övladlarının həyatda qalıb ömür sürməsini eşitdikdə səmimi addımlarla arzu-dilək yolunda irəliləyərək, uğurlu bəxtin köməyi ilə gündən-günə Ərdəbil vilayətinə toplanıb, yaşı etibarilə irşad və səltənət taxtına [çıxmaq] ləyaqətinə çatmış Sultan Əli padşah həzrətlərinə tabe olaraq, ona sədaqət izhar etdilər. Onlar müharibə və qoşun çəkmək üçün hazırlaşmağa başladılar. İşarə və xəbərçilik edənlər Sultan Yaquba xəbər verdilər ki, Sultan Heydərin böyük oğlu səadət meyvəsi vermiş atasının yerində oturmuşdur və tezliklə onun dövlət bayrağı çox yuxarı qalxacaqdır. Sultan Yaqub haqq yolunu, aradakı qohumluğu və abır-həyanı nəzərə alıb, yüksəkrütbəli şahzadələrin hörmətli anası olan və Aləmşah bəyim adlanan böyük bacısı Həlimə bəyimdən utanaraq, Sultan Heydərin oğullarını öldürmədi. Lakin o, cahcalallı əmirlərdən birini türkmanların böyük bir dəstəsi ilə Ərdəbilə göndərdi ki, o səadət dənizinin dürlərini ələ keçirərək, Fars vilayətindəki İstəxr qalasına aparsın, o diyarın hakimi Mənsur bəy Pornaka tapşırsın ki, o qalada ömür keçirsinlər. Sultan Əli padşah vaxtın məsləhətini onda gördü ki, bir müddət ayağını salamatlıq ətəyinə çəksin və zəmanə ilə uyğunlaşsın. Nəhayət, o, böyüklü-kiçikli hər şeyi yaradana təvəkkül edərək, [Sultan Yaqubun göndərdiyi] həmin çoxsaylı dəstənin müşayiəti ilə, hörmətli anası və əziz qardaşları ilə birlikdə İstəxrə tərəf yola düşdü, Siddiq (Yusif peyğəmbər) kimi qorxulu zindanda sakit oturdu və zəmanənin cəfa və möhnətinə qatlaşdı. Sözün qısası, Mənsur bəy Pornak fərmanı icra edərək, o xilafət xanədanının övladlarını qalada saxladı, lakin əqidə və sədaqət yolu ilə hərəkət edərək, o yüksək məqamlı rəhbərin balalarına xidmət etməyi özünə vacib bildi.[11]
Həbsdən çıxması
redaktəBu hadisədən 2 il sonra Sultan Yaqub Qarabağda ikən dünyasını dəyişdi. Beləliklə Ağqoyunlu daxilində hakimiyyət uğrunda mübarizə başladı. Sufi Xəll və Sultan Yaqubun Mosullu boyundan olan əmirləri 1 il 8 ay müddətində hakimiyyətdə qala bilən Baysunquru taxta çıxardılar. Digər tərəfdən Mirzə Məsihi taxta çıxarmaq istəyən Bayanduri və Pornak boyları ilə Maqsud bəyin oğlu Rüstəm bəyi dəstəkləyən digər əmir və boylar arasında mübahisələr yarandı. Bunun nəticəsində Məsih Mirzə və Sultan Xəlilin oğlu Əli Mirzə Rüstəm Mirzə tərəfindən sui-qəsd ilə öldürüldü.[10]
Bayanduri şahzadələrindən olan Dana Xəlil və Aybə Sultanın oğlunun əli ilə sərbəst qalan Rüstəm Mirzə 1492-ci ildə Təbrizdə taxta çıxdı. Baysunqur məğlub olub Şirvana qaçsa da hakimiyyət iddiasından heç də əl çəkməmişdi. Ona qarşı mübarizənin səmərəli şəkildə aparılması üçün Rüstəm Mirzə həbsdə olan Səfəvi xanədanı nümayəndələri ilə əməkdaşlıq yaratmaq fikrinə düşdü.[12]
Münşi yazır:
Nəhayət, xeyirxah adamların məsləhəti ilə belə qərara gəldi ki, xilafət səmasının parlaq ulduzlarını (Şeyx Heydərin oğullarını) İstəxr qalasından çıxararaq, rəhbərlik və sərdarlığa layiq olan Sultan Əli Mirzənin əzəmətli bayrağını şaha layiq tərbiyə yolu ilə qaldırsın və Baysunqurun fitnəsini dəf etmək, ata və babasının qanını almaqdan ötrü onu Şirvan tərəfinə göndərsin.[13]
Baysunqurla münaqişədə iştirakı
redaktəBundan sonra Rüstəm Mirzə xüsusi bir dəstəni Sultan Heydərin övladlarının ardınca göndərdi. Qoşunlarının böyük bir hissəsi ölkə daxilində baş verən üsyanların yatırılmasına vəzifələndirildiyi bir zamanda qızılbaş qüvvələrinin xidmətinə böyük ümidlər bəsləyən Rüstəm Mirzə 1493-cü ilin yazında Təbrizə yetişən Sultan Əli Mirzəni çox böyük təntənə ilə qarşıladı. Rüstəm Mirzə ona belə dedi:
Sənə qarşı etdiyim arxada qalsın, inşaallah ki, onları düzəltməyə çalışacağam. Sən mənim qardaşımsan, məndən sonra padşahlıq sənə məxsusdur.[14]
Aləmara-yi Şah İsmayılın müəllifi yazır ki, Rüstəm ona Sultan Əli padşah ləqəbini verdi və bildirdi ki, ona daha "Mirzə" yox, "padşah" deyə müraciət etmək istəyir.[15][14]
Təbii ki, bu təmtəraq və bütün bu mərasim hiylə xarakteri daşıyırdı və Səfəvilərin Baysunqura qarşı döyüşə cəlb edilməsi planının tərkib hissəsi idi. Öz növbəsində Sultan Əli, Baysunqura və şirvanşaha qarşı mübarizədə Rüstəm padşahla ittifaqa girdi. Bunu eşidən Səfəvi təriqət mənsubları öz mürşidlərinin bayrağı altında müharibədə iştirak etmək üçün hər tərəfdən axışıb gəlməyə başladılar.[14]
Sultan Əli ətrafında sufi müridlərinin toplaşdığı bir vaxtda Baysunqurun Ağqoyunlu üzərinə hücumu barəsində məlumat alındı. Bu məlumat alınan kimi Rüstəm Mirzə də müharibəyə hazırlıq əmri verdi. Rüstəm Mirzə ilə Baysunqur arasında hakimiyyət uğrunda növbəti qarşıdurma Baysunqurun təşəbbüsü ilə başlandı. Rüstəm Mirzə tərəfindən həm hakimiyyətə sədaqətli olan qüvvələrə, həm də Sultan Əliyə bu qarşıdurmaya hazırlaşmaq haqqında göstəriş verildi. Bəzi tarixi ədəbiyyatda Baysunqura qarşı göndərilən hərbi qüvvələrin baş komandanı kimi Sultan Əlininin təyin edildiyi bildirilir.[15][16]
Rüstəm Mirzə bununla iki məqsədini həll etmək istəyirdi:
- Döyüşə öyrəşmiş Səfəvi müridlərini Baysunqurun əli ilə ortadan qaldırmaq və təhlükəni bərtəraf etmək.
- Baysunqurun bütün hərbi gücünü Səfəvi tərəfdaşları ilə döyüşdə tükətmək. Bununla da Baysunqurun Rüstəm Mirzə üzərinə yürüş edəcək hərbi qüvvəsi qalmayacaqdı.
Rüstəm Mirzə qoşunların baş komandanı vəzifəsinə özünün tanınmış sərkərdəsi Aybə sultanı təyin etdi və Sultan Əlini də onun tabeliyinə verdi. Aybə sultanın sərəncamında 20 min nəfərlik qoşun dəstəsi var idi. Bütün qoşun dəstəsinin 30 min nəfər olduğu üçün, çox güman ki, bu qoşundan 10 min nəfəri sufi müridləri idilər və Sultan Əlinin rəhbərliyi altında döyüşə qoşulmuşdular. Bir digər mənbədə göstərilir ki, Sultan Əlinin sərəncamında 11–15 min nəfərlik qızılbaş toplanmışdı.[14]Məsələyə şirvanşah da qarışdığı üçün Sultan Əli və onun döyüşçüləri təkcə "Baysunqurun fitnəsini dəf etməyə" deyil, həm də Şirvanda qətlə yetirilmiş Səfəvi şeyxlərinin qanını almağa gedirdilər.[17]
Səfər hazırlıqları başa çatandan sonra Ağqoyunlu qoşunları ilə Səfəvi qüvvələri Təbrizdən Qarabağa doğru hərəkətə başladılar. Rüstəm Mirzə iki gün ərzində qoşunları müşayiət etdi və sonra geri döndü. Qoşunlar isə öz yolunu Ərdəbildən saldılar. Sultan Əli Ərdəbil xanəgahına gələrək burada öz yaxınları və müridləri ilə görüşdü və sonra Baysunqurla döyüşə yola düşdü.[15]
Tərəflərin qüvvələri Araz çayı sahillərində bir-biri ilə rastlaşdılar. Amma bu qüvvələr Araz çayını keçməyə cəsarət etmədilər. Tərəflər Araz çayının müvafiq sahilində düşərgə salaraq bir neçə gün bir-birini müşahidə etdilər və sonra da döyüşə başlamayaraq geri çəkilməyi üstün tutdular. Baysunqur Şirvanşah Fərrux Yasar ilə, Sultan Əli isə Aybə sultan ilə birlikdə geri qayıtdı. Münşi yazır:
"Mirzə Baysunqurun Şirvan ordusu ilə Azərbaycana daxil olduğu xəbərini alan Əmirzadə Rüstəm, Sultan Əli padşahı Aybə sultan və bir dəstə türkman əsgərləri ilə Baysunqur və şirvanlıları dəf etməyə göndərdi. Onlar Araz çayının sağ sahilinə çatdıqda çadırlar qurdular. Hər iki tərəfdə suyun kənarında bərə körpü vardı, aralarındakı get-gəl yolu bir ox məsafəsindən artıq deyildi. İki tərəfdən heç birinin qələbə çalmaq imkanı görünmürdü. Tərəflər [belə] durmağın uzandığından təngə gəldilər. Baysunqur Şirvana döndü. Sultan Əli padşah və Aybə sultan isə Təbrizə gəldilər".[18]
Çox keçmədən İsfahan hakimi olan Kosa Hacı Bayandur 1493-cü ilin avqust ayında Ağqoyunlu dövlətinə qarşı üsyan qaldırdı və Rüstəm Mirzəyə tabe olmaqdan imtina edərək Baysunquru ölkə hakimi kimi tanıdığını bildirdi. Bununla bağlı onun adına xütbə də oxutdu. Bu xəbəri eşidəndə Baysunqur Mirzə yenidən cənuba doğru qoşun şəkmək və Təbriz səltənətini ələ keçirmək qərarına gəldi. Rumlu yazır:
"Rüstəm bəy özünü iki tərəfdən müxaliflərin oxlarının hədəfində gördü. O, yenidən Sultan Əli padşahdan xahiş etdi ki, Aybə sultanla bərabər qiyamçıları dəf etməyə yollansın. O həzrət bu mübarizəni qəbul edib, on iki min nəfərlə həmin döyüşə əzm edib yola düşdü. Həmin gün Qara Piri Tuğaçı, Kosa Hacı ilə müharibəyə yollandı."[19]
Qızılbaş qoşunu hazır vəziyyətə gəldikdən sonra Rüstəm də onlara Aybə sultanın komandanlığı altında 20 minə qədər Ağqoyunlu döyüşçüsü əlavə etdi və onlar Baysunqurun üzərinə yollandılar. Rüstəm padşah bu yürüşə o qədər önəm verirdi ki, şəxsən özü Təbrizdən çıxaraq, yürüşə gedənləri iki mənzil müşayiət etmiş, sonradan paytaxta qayıtmışdı. Sultan Əli döyüşdən öncə Ərdəbilə gələrək, öz qohumları və şəhərdəki sufiləri ilə görüşdü. Daha sonra onun və Aybə sultanın 30–35 minlik birləşmiş qoşunları Qarabağa daxil oldu. Baysunqurla Fərrux Yəsar da 30 minlik ordu ilə Kür çayını keçib Qarabağa gələrək, onların yolunu kəsdilər. Döyüş ərəfəsində səflər qurularkən Sultan Əli və Aybə sultan ordunun mərkəzində, qızılbaş əmirlərindən Hüseyn bəy Şamlu sağ cinahda və Dədə bəy Talış sol cinahda mövqe tutdular. Aybə sultan beş minlik Ağqoyunlu qoşununu çərxçi mövqeyində qərarlaşdırdı.[17] Rəqib düşərgədə isə Fərrux Yəsar mərkəzdə, Baysunqur mirzə sağ cinahda, Şirvan sipəhsaları Bəhmən Səlimi sol cinahda, onun oğlu Məlik isə çərxçi mövqeyində dayandılar. İlk növbədə çərxçilər bir-birilərinə həmlə etdilər. Şirvan sərkərdəsi Məlik şücaət göstərərək, əsgərləri öz arxasınca aparır və Ağqoyunlu qoşunlarını sıxışdırırdı. Lakin belə bir anda təcrübəli Aybə sultan özünü çatdıraraq, gənc və cəsur şirvanlı sərkərdəni qətlə yetirdi. Bu, Şirvan çərxçiləri arasında qısa müddətdə pərakəndəliyə səbəb oldu. Buna baxmayaraq, arxa səflərdə dayanmış Şirvan ordusu əzmlə irəli atıldı və Ağqoyunluları geri çəkilməyə vadar etdi. Aybə sultan nizə yarası aldı. Bunu görən Sultan Əli qızılbaşları hücuma səslədi və onlar öz mürşidlərinin əmri ilə hər tərəfdən həmləyə keçdilər. Bu döyüş Baysunqurun ölümü və şirvanşahın qaçması ilə sona çatdı.[20] Rumlu yazır ki, Sultan Əli bu döyüşdə 2 mindən çox nəfəri qətlə yetirdi.[19]
"Tarix-i aləmara-yi Abbasi" də Sultan Əlinin əldə etdiyi uğurdan sonra Rüstəm Mirzə tərəfindən yüksək səviyyədə qarşılanması və aralarında yaranmış etimadın nişanəsi kimi, Sultan Əliyə, onun qardaşlarına və anasına Ərdəbilə dönmək icazəsi verildiyini bildirdi. "Sultan Əli Mirzə müzəffər və qalib şəkildə, son dərəcə əzəmətlə və iqtidarla Təbrizə gəldi. Əmirzadə Rüstəm dostanə təşəkkür və minnətdarlıq edərək, o həzrəti sonsuz ehtiram və izzətlə Ərdəbilə tərəf yola saldı. O dinpərvərlik səmasının on dörd gecəlik ayı bu cənnətəbənzər vilayətdə ata-babalarının qaydası ilə hidayət və irşad taxtına oturdu. Əqidə və sədaqət sahibləri fələklə bərabər olan hörmətli astanaya gəlib-getməyə başladılar".[21]
Aləmar-yi Şah İsmayıl əsərinin müəllifi isə yazır ki, Sultan Əli Ağqoyunlu sarayında qısqanclıq hadisələrinin artması səbəbindən Təbrizi tərk edərək Ərdəbilə sığınmaq məcburiyyətində qaldı. Mənbədə yazılır ki, Şirvanşah qoşunları üzərində qələbədən altı ay sonra saray əyanlarının Sultan Əliyə qarşı ədavəti gücləndi və onlar Rüstəm Mirzəni də Sultan Əliyə qarşı mövqe tutmağa sövq edə bildilər. Saray əyanlarının fikrincə, Sultan Əli artmış nüfuzundan istifadə etməklə istədiyini edə bilərdi. Ona görə qərara alındı ki, Sultan Əli aradan götürülsün.[21][20][22]
Şeyx Heydərin oğlanlarının Ərdəbilə qayıtması xəbərini eşidən Səfəvi müridləri və tərəfdaşları xanəgaha axın etdilər. Bundan qorxuya düşən Rüstəm bəy 1493-cü ilin payızında onları yenidən Təbrizə gətirdi.
Tarixi ədəbiyyatda olan bir məlumata görə, Sultan Əli və onun qardaşları Ərdəbildən gətirildikdən sonra Təbriz kənarında bir düşərgəyə yerləşdilər. Rüstəm Mirzə də bu düşərgəni nəzarət altına aldı. Sultan Əli nəzarət altına alındıqlarını biləndə Rüstəm Mirzənin görüşünə getdi və ondan nəzarət altına alınmalarının səbəbini soruşdu. Eyni zamanda ona çatdırdı ki, nə etmək lazımdırsa ona bildirsinlər və həmin göstərişləri yerinə yetirməyə çalışacaqdır. Rüstəm Mirzə də ona çatdırdı ki, sufi müridlərinin onun yanına gəkib-getməsindən razı deyildir. Ona görə bir müddət onların gəlib-getməsinə son qoyulsa Sultan Əli haqqında qərəzçiliyə də son qoyula bilər. Sultan Əli bununla razılaşdı və müridlərinin onun yanına gəlib-getməsini azaltmağa çalışdı. Sultan Rüstəm düşünürdü ki, bununla tərəfdaşların axınının qarşısını alar və Sultan Əlinin fəaliyyətini öz nəzarətində saxlayar. O Səfəvi müridlərinin Sultan Əliyə yaxınlaşmasının qarşısını almaq üçün bir neçə şəxsə əmr verdi. Buna baxmayaraq tərəfdaşlar gizlicə Sultan Əliyə pul, hədiyə və qurbanlarını aparıb geri qayıdırdılar.[23]
Buna baxmayaraq 1494-cü ildə Xoy yaylağına getdiyi zaman Rüstəm Mirzə Sultan Əli və sufilərini ziyafətə dəvət edərək öldürmək qərarı aldı. Onun bu qərarı Türkman müridi vasitəsilə Sultan Əliyə çatdırıldı və Sultan Əli dərhal məclis təşkil edərək bu məsələni müzakirəyə açdı. Hüseyn bəy Lələ, Dədə bəy Talış, Qara Piri bəy Qacar və İlyas bəy gecə olduğu zaman Ərdəbilə qaçmağı qərara aldılar.[24]
İsgəndər bəy Münşi yazır:
Əmirzadə Rüstəm bu işdən xəbər tutan zaman (Sufilərin Sultan Əlinin yanına gedib-gəlməsindən) Şeyx Heydər əhvalatını xatırladı. Nəticədə, xətalı fikrə gələrək, o həzrəti aradan götürməyə qərar verdi. Məclisdə olanlardan biri o həzrəti padşahın bu hiylə və xəyanətindən agah etdi. Bu hiylənin işığı Sultan Əlinin parlaq ürəyinə düşdükdə qabağında dayanılmayan şeylərdən qaçmaq peyğəmbərin ənənəsidir deyildiyinə uyğun olaraq, gecə gizlincə ata minib, Təbrizdən Ərdəbilə tərəf yola çıxdı.[25]
Ölümü
redaktəBeləliklə, Sultan Əlinin qardaşları ilə birlikdə Təbrizi tərk etməsi xəbəri alınan kimi, Rüstəm Mirzə onun ardınca qoşun dəstəsi göndərdi. Bu qoşun dəstəsinə rəhbərlik Aybə sultana tapşırıldı. Bəzi mənbələrin məlumatına görə, Aybə sultanın tabeliyinə 4–5 min nəfərlik atlı dəstəsi verilmişdi. Bu dəstə böyük sürətlə Səfəvi şeyxlərinin və müridlərinin ardınca hərəkət etdi və Ərdəbil yaxınlığında Sultan Əlinin dəstəsini yaxalamaq mümkün oldu. Rüstəm Mirzə tərəfindən belə bir tapşırıq verilmişdi ki, Sultan Əli Ərdəbilə daxil olmamış ələ keçirilsin. Əks təqdirdə, onun Ərdəbil daxilində ələ keçirilməsi çoxlu sayda adamın qırılması ilə başa gələ bilərdi.[24]
Rumlu yazır:
Sultan Əli padşahın qaçmasından və kinli qazilərin toplanmasından xəbər tutan Rüstəm bəy cəhalət və nadanlıq üzündən Hüseyn bəy Əlixanlı adlı dayısı oğlunu Aybə sultanla ittifaqda güclü bir qoşunla Sultan Əli padşaha qəsd etmək üçün Ərdəbilə göndərdi.[26]
Rüstəm Mirzə xəbər tutan zaman Aybə Sultanı 4000 və 5000 nəfərlik Türkman əsgərlərini onların arxasınca göndərdi. O dedi:
"Əgər, Allah göstərməsin, Sultan Əli bir dəfə Ərdəbilə çatsa ona qarşı göndəriləcək 10 min Türkmən belə heç nə edə bilməz!"[27]
Sultan Əli ilə birlikdə onun qoşun dəstəsinin də hərəkət etdiyini bildirirdi. Bir mənbə isə Sultan Əlinin ətrafında 700 nəfərlik bir dəstənin olduğunu yazırdı.[22]
Rüstəm Mirzə tərəfindən göndərilən qoşun dəstəsinə müqavimət göstərilməsi aydın olanda Sultan Əli qardaşı İsmayıl Mirzəni (Şah İsmayılı) yanına çağırdı, təriqət mürşidliyini ona tapşırdı, Heydər tacını onun başına qoydu, kəmərini onun belinə bağladı və sonra da vəsiyyətini etdi. O, İsmayıl Mirzəyə çatdırdı ki, bu son döyüşdə həyatını itirəcəkdir.[28] Ona görə vəsiyyət etdi ki, İsmayıl Mirzə gələcəkdə həm onun, həm də əcdadlarının qisasını Uzun Həsənin övladlarından alsın.
Münşi yazır:
Sultan Əli ilahmverici ili ilə bəyan etdi ki, Mürtəza xanədanının çırağı onun vücudundan parlayacaq, onun göylərə yüksələn bayrağının ayrparası böyük əzəmətə çatacaq və onun ədalətinin işığı aləmdə yaşayanların üzərinə nur saçacaqdır.[25]
Sultan Əli bildirdi ki, bu məsuliyyətli vəzifə onun üzərinə düşübdür və məsləhət bildi ki, Gilana yollansın və orada öz hərəkatına başlasın. Bundan sonra Sultan Əli ətrafındakılardan 7 nəfər etibar qazanmış sərkərdələrin, o cümlədən Lələ Hüseyn bəyin, Qarapiri Ustaclının, Dədə bəy Talışın və digərlərinin müşayiəti ilə Gilana yollanmalarını, orada Lahican hakiminə sığınmalarını və sonra da oradan hərəkata başlamalarını tövsiyə etdi.[29][30]
Bir məlumata görə isə, ətrafındakılar Sultan Əliyə qardaşları ilə birlikdə Ağqoyunlu qoşunları ilə qarşılaşdıqları məntəqədən uzaqlaşmağı məsləhət gördülər. Məlumata görə, Aybə sultanın tabeliyində olan qoşun dəstəsinin əksəriyyətini gürcülər, emənilər və çərkəslər, yəni qeyri-müsəlmanlar təşkil edirdilər. Bildirilir ki, müridləri şeyx övladlarının salamat geri çəkilmələri üçün özləri Aybə sultanın dəstəsi ilə vuruşmaq niyyətində idilər. Amma Sultan Əli bu təklifi qəbul etmədi və müridlərinə də bildirdi ki, haqq dünyasından Sultan Cüneyd və Sultan Heydərdən sonra onun da şəhid olacağından xəbərdar olmuşdur.[31]
Döyüşün başlanğıcında Ağqoyunlu döyüşçüləri Sultan Əlinin dəstəsini mühasirəyə aldılar. Bu döyüşdə Aybə sultanla Sultan Əlinin də qarşılaşması baş verdi. Əvvəlcə Aybə sultan onun üstünə atılaraq onu qətl yetirməyə çalışdı. Onun fikrincə, Sultan Əlinin qətlə yetirilməsi ilə onun dəstəsi də müqaviməti dayandıracaqdı. Bunu Sultan Əli görəndə onun ardınca düşdü. Aybə sultan qalxanla mühafizə olunsa da Sultan Əlinin güclü qılınc zərbəsi onu iki yerə böldü. Ağqoyunlular dəstə rəhbərinin öldürülməsi xəbərindən sonra döyüşü dayandırmaq istədilər. Lakin Sultan Əlini döyüş meydanında görəndə onun üstünə atıldılar və onu şəhid etdilər.[32]
Bəzi mənbələrdə, Aybə sultanın Sultan Əli ilə döyüşdə deyil sonradan öldürüldüyü bildirilir.
Həsən bəy Rumlu yazır:
"Sultan Əli padşah düşmənlərin qarşısında səf qurdu. Gözü onların bayrağına sataşdıqda, qəzəbli aslan kimi heç nədən qorxub çəkinməyərək onlara həmlə etdi, çoxsaylı səfləri bir-birinə vurdu və elə döyüşdü ki, Rüstəm və İsfəndiyar dastanını kölgədə qoydu. O həzrət gah misri qılıncla boyunların üzərindəki başları bədəndən ayırır, gah da nizə ilə ayrı-ayrı dilavərləri bir-birinə bitişdirir, sivri ox tikanı ilə vücud köynəyində səbanın gül qönçəsini açdığı kimi yaralar açır, qan tökən nizənin ucu ilə ömür qəbasını sərsər küləyi kimi zay edərək onu deşib lalə rənginə döndərir, ömür budağından həyat çiçəyini külək kimi yoxluq torpağı üzərinə tökür, iti poladla daşa və zindana bənzər ürəklərdə atəş yandırır və od saçan yaranın küləyi ilə düşmənin qanını su kimi torpağın səthinə axıdırdı. Aybə sultan və Hüseyn bəy Əlixanlı ona tab gətirməyib idbar üzlərini fərar vadisinə çevirdilər. Qızılbaş qoşunu və dərbədər qazilər qənimət toplamaqla məşğul oldular. Aybə sultanın qoşunlarının pusquda duran dəstəsi xilaf qılıncını qılafdan çıxarıb, qarətlə məşğul olan adamları iti qılınca yem etdilər. Həmin an Sultan Əli padşahla birlikdə olan təxminən üç yüz nəfərlik dəstə düşmənlərə həmlə etdi. Onun at çapdığı yolun üzərində bir nəhr vardı. O həzrət oraya düşdü və onun boynu qırıldı. Düşmənlər onun mübarək başını bədənindən ayırdılar və Rüstəm bəyə göndərdilər."[33]
Sultan Əlinin şəhid olması tarixi ilə bağlı həm mənbələrdə, həm də tarixi ədəbiyyatda müxtəlif rəqəmlər göstərilir. Müəlliflər onun şəhidlik tarixinin 1494–1495-ci il olmasına daha çox üstünlük verirlər.[34]
Ölümündən sonra
redaktə"Aləmara-yi Şah İsmayıl"ın müəllifi yazır ki, Sultan Əlinin meyiti bir dəstə sufi tərəfindən Ərdəbilə gətirildi. Anası Aləmşah bəyim oğlunun cəsədi üzərində "xeyli fəryad və fəğan qopardı", özü Ağqoyunlu xanədanına mənsub olmasına baxmayaraq, Ağqoyunluların ünvanına qarğışlar və nifrinlər yağdırdı, oğlunun intiqamının "bu azğın yağı qövmündən" alınmasını Allahdan istədi. Şeyxzadənin meyiti gətirildikdən az sonra Təbrizdən gələn əlavə qüvvələrlə birlikdə Ağqoyunlu qoşunları Ərdəbilə daxil oldular.[35]
Sultan Əlinin ölümü ilə Ərdəbil Təriqətinin dövləti sona çatdı. Sultan Əli dövründə Səfəvilər yetəri qədər güclənmişdi. Beləliklə Şeyx Heydər əsgəri fəaliyyətləri və Sultan Əli dövründəki qısa müddətli dövlətçilik təcrübəsi Səfəvi dövlətinin özəyini təşkil etmişdi.[36]
Ailəsi
redaktəAtası Səfəvi sülaləsindən olan Şeyx Heydər, anası isə Aləmşah Bəyimdir. Heydər Şeyx Cüneydlə Uzun Həsənin bacısı Xədicə bəyimin oğludur. Anası Aləmşah Bəyim Uzun Həsən ilə Dəspinə Xatunun qızıdır. İsmayıl Mirzə, Seyid Həsən və İbrahim Mirzə adlı qardaşları, Mələk Xanım, Fəxrcahan Xanım adlı bacıları olmuşdur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Ghereghlou, 2016
- ↑ 1 2 3 4 Savory, 1985. səh. 868
- ↑ Ghereghlou, 2017. səh. 805–832
- ↑ 1 2 Musalı, 2018. səh. 208
- ↑ Süleymanov, 2018. səh. 85
- ↑ Musalı, 2011. səh. 106
- ↑ Rumlu, 2017. səh. 326
- ↑ Rumlu, 2017. səh. 327
- ↑ Cavanşir, 2007. səh. 128
- ↑ 1 2 Cavanşir, 2007. səh. 129
- ↑ Münşi, 2009. səh. 60
- ↑ Süleymanov, 2018. səh. 89
- ↑ Münşi, 2009. səh. 61
- ↑ 1 2 3 4 Musalı, 2011. səh. 107
- ↑ 1 2 3 Süleymanov, 2018. səh. 90
- ↑ Cavanşir, 2007. səh. 130
- ↑ 1 2 Musalı, 2011. səh. 108
- ↑ Münşi, 2009. səh. 71
- ↑ 1 2 Rumlu, 2017. səh. 334
- ↑ 1 2 Cavanşir, 2007. səh. 131
- ↑ 1 2 Süleymanov, 2018. səh. 93
- ↑ 1 2 Musalı, 2011. səh. 109
- ↑ Hinz, 1992. səh. 81
- ↑ 1 2 Süleymanov, 2018. səh. 95
- ↑ 1 2 Münşi, 2009. səh. 76
- ↑ Rumlu, 2017. səh. 342
- ↑ Cavanşir, 2007. səh. 133
- ↑ Cavanşir, 2007. səh. 134
- ↑ Musalı, 2018. səh. 210
- ↑ Süleymanov, 2018. səh. 96
- ↑ Süleymanov, 2018. səh. 97
- ↑ Süleymanov, 2018. səh. 98
- ↑ Rumlu, 2017. səh. 343
- ↑ Süleymanov, 2018. səh. 99
- ↑ Musalı, 2011. səh. 110
- ↑ Cavanşir, 2007. səh. 135
Mənbə
redaktə- Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN 978-605-030-641-5.
- Münşi, İsgəndər bəy. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF) (az.). I. Bakı: «Təhsil» nəşriyyatı. 2009.
- Cavanşir, Babək. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576) (türk). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007.
- Musalı, Namiq. I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ (“TARİX-İ ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA) (az.). Bakı: Nurlan. 2011.
- Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN 978-9952-8176-9-0.
- Musalı, Namiq. ŞAH İSMAİL’İN AĞABEYİ İBRAHİM MİRZA VE KIZILBAŞ HAREKETİ İÇİNDEKİ ROLÜ (türk). Ankara: IV. ULUSLARARASI ALEVİLİK VE BEKTAŞİLİK SEMPOZYUMU (18-20 EKİM 2018 ANKARA) BİLDİRİLER KİTABI. 2018.
- Kioumars Ghereghlou. ḤAYDAR ṢAFAVI. Encyclopaedia Iranica. 2016.
- Kioumars Ghereghlou. Chronicling a Dynasty on the Make: New Light on the Early Ṣafavids in Ḥayātī Tabrīzī's Tārīkh (961/1554). Journal of the American Oriental Society. 137 (4). 2017. 805–832. ISBN 0003-0279.
- Hinz, Walter. Uzun Hasan ve Şeyh Cüneyd, XV. Yüzyılda İranın Milli Bir Devlet Haline Yükselişi (türk). Ankara: TTK Basımevi. 1992.
Əlavə ədəbiyyat
redaktə- R. M. Savory. ALĪ MĪRZĀ. I. Encyclopaedia Iranica. 1985. 868.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN 978-9952-34-101-0.