Alemsah Beyim - Wikipedia
Aləmşah bəyim (1460, Diyarbəkir – 1522, Ərdəbil, Səfəvilər, Ərdəbil, Səfəvi imperiyası) — Ağqoyunlu şahzadəsi, Uzun Həsənin və Dəspinə xatunun qızı, Şeyx Heydərin arvadı və Şah İsmayıl ilə Şeyx Sultan Əlinin anası.
Aləmşah bəyim | |
---|---|
Aləmşah Həlimə bəyim عالمشاه حلیمه بیگم | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1460 |
Doğum yeri | Diyarbəkir, Ağqoyunlu dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Ərdəbil, Səfəvilər dövləti |
Dəfn yeri | Şeyx Səfi kompleksi, Ərdəbil |
Fəaliyyəti | siyasətçi |
Atası | Uzun Həsən |
Anası | Dəspinə xatun |
Həyat yoldaşı | Şeyx Heydər |
Uşağı |
|
Adı
redaktəAləmşah bəyimin əsl adı barədə müxtəlif fikirlər mövcuddur. Həlimə bəyim ağa[1], Aləmşah bəyim[2][3]. Xristian müəlliflər bəzən onu Marta da adlandırır.[4]
Həyatı
redaktəAləmşah Bəyim Ağqoyunlu hökmdarı Uzun Həsən ilə onun arvadı, Trabzon imperatoru IV Conun qızı Teodora Megale Komnenenin (Ağqoyunlu sarayında Dəspinə Xatun olaraq bilinmişdir) ailəsində dünyaya gəlmişdir. Həyatının ilk illərinə aid dürüst məlumat yoxdur. 1471-ci ildə bibisi Xədicə Xatunun oğlu və Səfəvi sülaləsindən olan Şeyx Heydər ilə evlənmişdir. Onların bu evlilikdən 3 oğlu - Əli Mirzə Səfəvi, İbrahim və İsmayıl, 4 qızı dünyaya gəlmişdir.[5]
Ağqoyunlular tərəfindən təzyiqlər
redaktəAləmşah Bəyimin əri Şeyx Heydər Səfəvi təriqətinin rəhbəri kimi üç dəfə Şimali Qafqazdakı xristianların üzərinə yürüş həyata keçirmişdir.[6] Belə yürüşlərdən sonuncusu 1488-ci ildə baş verdi. Yürüş zamanı o, Şirvan torpaqlarından keçərkən Şirvanşahların müxalifəti ilə qarşılaşdı.[7] Tabasaran adlanan yerdə Şirvanşah və Ağqoyunlu ordularının birləşməsi ilə baş vermiş döyüşdə Şeyx Heydər öldürüldü.[6][8][7] Ağqoyunlular Heydər öldürüldükdən sonra onun başının kəsilməsini əmr etdilər. Onun başı daha sonra Təbrizdə basdırıldı. Onun oğlu I İsmayıl sonradan hökmdar olduğu zaman atasının Tabasarandakı və Təbrizdəki qalıqlarını bir yerə gətirərək Ərdəbildəki məqbərədə dəfn etdirdi və bu yer ziyarətgaha çevrildi. Heydərin öldürüldüyü yer atası Şeyx Cüneydin 1460-cı ildə öldürüldüyü yerdən uzaq deyildi.[6]
Şeyx Heydərin öldürülməsindən sonra onun tərəfdarları Aləmşah Bəyimdən olma böyük oğlu Şeyx Sultan Əlinin ətrafında birləşməyə və ona atasının qisasını almağı təlqin etməyə başladılar. Bunun nəticəsində Aləmşah Bəyimin qardaşı olan Ağoyunlu hökmdarı Sultan Yaqub Səfəvi təriqətinin güclənməsindən və onun öz hakimiyyətinə təhlükə yaradacağından çəkindiyi üçün bacısı və ailəsini həbs etdirdi. Ailə ilk öncə Akdamar qalasında, daha sonralar isə Şirazdakı İstəxr qalasına salındı. Yaqub bacısı olan Aləmşah Bəyimin müdaxiləsi olmasaydı, yəqin ki, Heydərin ailəsini edam edəcəkdi.[9]
Aləmşah Bəyim 4 il ailəsi ilə birlikdə həbsdə keçirdikdən sonra 1493-cü ildə Rüstəm Mirzə tərəfindən həbsdən azad edildi. Belə ki, Yaqubun 1490-cı ildə ölümündən sonra Ağqoyunlu taxtı uğrunda şahzadələr arasında mübarizə başlamışdı və Rüstəm Baysunqura qarşı mübarizədə Səfəvilərin gücündən yararlanmaq istəyirdi. Bunun qarşılığında, Rüstəmin Sultanəlini özündən sonra taxta çıxacağını söz verdiyi bildirilir. 1493-cü ildə Rüstəm Səfəvilərin yardımı ilə Baysunquru məğlub etdi, lakin 1494-cü ildə anladı ki, bu dəfə də Sultan Əli onun hakimiyyətinə qarşı real təhlükədir. Buna görə də, onun əmri ilə Sultanəli Mirzə və qardaşlarının həbs edilməsi əmr edildi. Sultanəli və qardaşları kiçik qüvvə ilə Rüstəmin düşərgəsindən qaçmağı bacardılar və Ərdəbilə doğru hərəkət etməyə başladılar. Bununla belə Rüstəm onların Ərdəbildə öz adamları ilə birləşməsinin nə dərəcədə təhlükə yarada biləcəyindən xəbərdar idi, buna görə də, onları təqib etmək üçün ordu göndərdi.[9] Döyüşdə Aləmşah Bəyimin böyük oğlu Sultan Əli öldürüldü və kiçik oğlu İsmayıl Mirzə tərəfdarları tərəfindən gizlədilib varis elan edildi.[9] Sultan Əlinin cəsədi Ərdəbilə gətirildiyi zaman Aləmşah Bəyimin uzun müddət cəsəd üzərində ağladığı və özünün də Ağqoyunlu olmasına baxmayaraq, bütün sülaləyə qarqışlar etdiyi, oğlunun qısasını tez bir müddətdə alınmasını dilədiyi bildirilir. Bundan qısa müddət sonra Ağqoyunlu ordusu Ərdəbilə daxil olmuş, təriqət tərəfdarlarının evlərini yağmalamışdır. Bu zaman Şeyx Heydərin evində olan Aləmşah Bəyim ərinin evinin yağmalanmasına şahidlik etmişdir. Ev Ağqoyunlu komandiri Əlixan Soltan Cəgirlinin əmri ilə, o dərəcədə yağmalanmışdır ki, geridə bir dinarın belə buraxılmadığı və Aləmşahın təriqət tərəfdarlarının gecələr gətirdiyi yardımlarla keçinməyə məcbur olduğu yazılır.[10] Bu zaman Aləmşah Bəyimin iki oğlu da ərinin tərəfdarları tərəfindən gizlədilmişdi və o, onların yeri barədə məlumatsız idi. Oğlanları gizlədən, Ərdəbilin Rumlular məhəlləsində yaşayan və Zülqədər elinə mənsub olan həkim Aba Cərraha onun iztirabına son vermək üçün oğlanlarının onunla və yaxşı olduqları məlumatını verir. Bütün şəhəri axtaran və oğlanları tapmaq barədə Ağqoyunlu hökmdarı Sultan Rüstəmdən qəti əmr alan Eybə Sultan onları tapa bilmir və yerlərini öyrənmək üçün Aləmşah Bəyimə işğəncə vermək istəyir. Lakin Quranda Bəqərə surəsinin 233-cü ayəsində keçən "heç bir ana uşağı səbəbiylə zərərə məruz qalmasın" sözünə görə bu fikirdən daşınılır. İsmayıl və İbrahimi gizlədənlər bunun çox da təhlükəsiz olmadığı qərarına gəlirlər və Aləmşah Bəyimlə məsləhətləşdikdən sonra oğlanlarını Lələ Hüseyn bəy Şamlı Gilana aparmaq tapşırığını alır.[11]
İsmayıl Mirzə 1499-cu ildə Lahicandan çıxaraq Ağqoyunlu dövləti üzərinə yürüşə başladığı zaman Aləmşah Bəyim ona Ərdəbildəki vəziyyət barədə məlumat göndərmiş, Ərdəbilin Ağqoyunlu hakimi Əlixan Soltan Cəgirlinin ona Qaradərə deyilən yerdə pusqu qurduğunu bildirmiş və oğlunu bəlkə də ölümdən xilas etmişdir. Bundan başqa, oöluna Ərdəbilə gəlmək üçün 6 ay sonra yola çıxmağı məsləhət görmüş və İsmayıl anasının bu məsləhətinə uymuşdur.[11]
Həyatı barədə mübahisələr
redaktəSəfəvi qaynaqlarının çoxu İsmayılın özünü şah elan etməsindən sonra Aləmşah Bəyim barədə elə bir məlumat verməməkdədir. Bu onun həyatı barədə mübahisələrə səbəb olmuşdur. Tarixçi Namiq Musalı bunu dövrün adətləri ilə əlaqələndirir və bildirir ki, əgər XV əsrin sonlarında Səfəvi ailəsinin başına gəlmiş faciəli hadisələrlə bağlı istər-istəməz qaynaqlar ondan bəhs etməyə məcbur olsalar da, İsmayılın şah olmasından sonra buna ehtiyac qalmamışdır. Çünki dövrün adətlərinə görə, əgər vacib ehtiyac yoxdursa, şahın hərəmi, qızları, arvadları və anası barədə məlumat verilmirdi.[12]
Səfəvilər ilə Osmanlı imperiyası düşmən olduğu üçün o dövrün qaynaqlarında Aləmşah Bəyim üçün ağılagəlməz ifadələr yazılmış və olmayan hadisələr baş vermiş kimi göstərilmişdir. Belə iddialardan biri Sofyalı Şeyx Bali tərəfindən Osmanlı baş vəziri Rüstəm paşaya yazılmış məktubda səsləndirilmişdir. Məktubda verilən məlumatlar tarixi hadisələrlə uyuşmamaqla birlikdə, onu üzə çıxaran tarixçi Tufan Gündüz tərəfindən də məlumatların yanlış olduğu bildirilmişdir.[13][14] Nezmi-zâde Murteza adlı müəllif tərəfindən 1717-ci ildə yazılmış “Gülşen-i Hulefâ” və III Mustafanın hakimiyyəti dövründə yazılmış “Zuhûr-i Devlet-i Safeviyân” əsərində də başqa motivli iddialar səsləndirilsə də, bu iddiaların hamısı Musalı tərəfindən əsassız olduğu bildirilmişdir. O, bu iddiaları daha çox Səfəvi ilə Osmanlı arasında olan düşmənlik ilə əlaqələndirmişdir.[15]
Bir digər iddia isə Aləmşah Bəyimin xristian olması iddiasıdır. Bilindiyi kimi onun anası xristian olmuş və bəzi müəlliflər bunu əsas gətirərək onun da xristian olduğunu irəli sürmüşdürlər.[16][17][18] Halbuki Aləmşah Bəyimin Ərdəbildəki məzar daşı başdan-başa islami yazılar və Qurandan ayələrlə doldurulmuşdur. Həmçinin dövrün qaynaqların yazdığına görə, onun əri Şeyx Heydər xristianlara nifrət etmişdir.[19][20][21] və belə olduğu halda, onun ərinin xristian olması ehtimalı olduqca zəifdir.[22]
Aləmşah Bəyimin ölümü barədə dəqiq məlumat yoxdur. Erməni qaynaqları onun əri Şeyx Heydər ilə birlikdə qardaşı Sultan Yaqub tərəfindən zəhərlənib öldürüldüyünü yazırlar. Erməni din adamı Təbrizli Arakel 1662-ci ildə yazdığı "Tarixlər Kitabı" adlı əsərində bu hadisəni belə təsvir edir:
Şeyx Heydər ilə Sultan Yaqubun bacısından bir oğlan dünyaya gəldi və ona İsmayıl adı verildi. Bu Heydər və arvadı hakimiyyəti ələ keçirmək üçün Sultan Yaqubu zəhərləməyə çalışdılar. Onlar bunun üçün hökmdarı nəzakətlə yeməyə dəvət etdilər və ona zəhərli yemək verdilər. Yaqub yeməyi yedikdən sonra onun zəhərli olduğunu hiss etdi və onları da yeməkdən yeməyə məcbur etdi. Onların üçü də - həm Sultan Yaqub, həm Şeyx Heydər, həm də Aləmşah Bəyim - birlikdə öldülər.[22]
Bir digər erməni qaynağı Zəkəri kanakertsi də hadisəni belə təsvir etməkdədir.[23][22] Erməni salnaməçilərin verdiyi bu məlumatların tamamilə yanlış olduğu ortadadır. Sultan Yaqubun saray tarixçisi olan Fəzlullah ibn Ruzbihan Xunçinin verdiyi məlumatdan aydındır ki, Şeyx Heydər 9 iyul 1488-ci ildə Şirvanda, Yaqub isə 24 dekabr 1490-cı ildə Qarabağda ölmüşdür. Aləmşah Bəyim isə qardaşı və ərinin ölümündən sonra da uzun müddət həyatda olmuşdur. Elə bu səbəblərə görə də, həm Namiq Musalı, həm də məşhur tarixçi Vladimir Minorski erməni müəlliflərin bu iddialarını absurd adlandırır.[22]
XXI əsrdə, xüsusən Türkiyə gündəmində Reha Çamuroğlunun "İsmayıl" və İsgəndər Palanın "Şah və Sultan" adlı əsərlərində, başqalarının akademiklik ərz etdirməyən köşə yazılarında İsmayılın 1501-ci ildə Təbrizi ələ keçirdikdən sonra həm Ağqoyunlu sülaləsinə aid olduğu, həm də sünniləri müdafiə etdiyinə görə anasını öldürdüyü yazılmışdır. Bu iddiaların qaynağı olaraq isə Şah İsmayıl dövrünə aid Venesiya səyahətnamələrinə istinad edilməkdədir. Namiq Musalı bu dövrə aid üç əsas venesiyalı müəllif olan Katerino Zeno, Ciovan maria Angiolello və adının Françesko Romano olduğu düşünülən bir tacir olduğunu yazır. O, bu üç şəxsdən ən əsasının Venesiyanın Ağqoyunlu sarayındakı nümayəndəsi olan Katerino Zenonun xatirələrinin ölümündən sonra qardaşı oğlu tərəfindən Venesiyada, 1873-cü ildə İngiltərədə, 1970-ci ildə İranda və 2006-cı ildə İstanbulda nəşr edildiyini yazır və əlavə edir ki, hər 4 dildəki əsərin qarşılaşdırılması zamanı türkcə tərcümədə böyük yanlışlığa yol verildiyi bəlli olur. Bu yanlışlıq nəticəsində İsmayılın anası Aləmşah BƏyimi öldürdüyü iddia edilmişdir:[24]
Bununla da qalmayaraq, anasının yanına gətirilməsi əmrini verdi. Bu qadın Heydərin ölümündən sonra Dərbənd savaşında şahın tərəfdarları arasında olan qabaqcıl şəxslərdən biri ilə evlənmişdi. Ona təhqiramiz sözlər dedi, xəyanət etdiyi üçün onu qınadı, nəhayət belə bir alçaqlıq və uyğunsuz bir qadının atasının haqqına bir az da olsa hörmətsizliyindən dolayı başını kəsməyi əmr etdi.[25]
Bunu qeyd etdikdən sonra Namiq Musalı digər dillərdəki orijinal qeydləri də göstərərək sübut edirlər ki, burada sözügedən qadın İsmayılın anası yox, bir zamanlar atasının cariyəsi olmuş hansısa başqa qadındır.[26]
Bir digər məşhur türk tarixçisi Faruk Sümer bir italyan qaynağında - Angiolellonun səyahətnaməsində - İsmayılın anasını öldürdüyü yazıldığını bildirməkdədir. Sümer bunu yazarkən Greyin yayımladığı ingilizcə tərcümənin 105 və 191-ci səhifələrinə istinad etməkdədir. Həqiqətən də həm Angiolelloda, həm də bir digər tacirin yazdığı əsərdə belə bir məlumat verilməkdədir. Lakin Sümerin diqqətindən yayınmışdır ki, Grey Sümerin də istinad etdiyi səhifələrdə bu məlumatın yanlış olduunu, digər qaynaqlarla müqayisəli araşdırma nəticəsində İsmayılın öz anasını deyil də, atasının hansısa cariyəsini öldürdüyü bəlli olduğunu qeyd etmişdir. Həmçinin iranlı tarixçi Yusif-Camali Şah İsmayıl ilə bağlı Edinburq Universitetində yazdığı doktorantura tezisində Venesiya qaynaqlarını incələyərək İsmayılın öz anasını öldürmə iddialarının yanlış olduğunu yazmışdır.[27][28][29]
Həm Şah İsmayıl dövründə, həm də ondan sonrakı Səfəvi şahları hakimiyyəti dövründə yazılmış əsərlərdə Aləmşah Bəyimdən böyük hörmət hissi ilə bəhs edilməkdədir. Məsələn, Şah İsmayıl yazmış olduğu şeirlərdən birində atasını İmam Əliyə, anasını Həzrəti Fatiməyə, özünü isə 12 imamlardan birinə bənzətməkdədir:[30][31]
Adim Şah İsmayıl, Haaqun sirriyəm,
Bu cümlə qazilərin sərvəriyəm,
Anamdur FAtimə, atam Əlidür,
On İki İmamun mən də piriyəm (biriyəm)
Bəzi qaynaqlarda Aləmşah Bəyimin 1501-ci ildən sonra yaşaması barədə açıq məlumatlar vardır. Məsələn, qaynaqlara görə, İsmayıl 1503-cü ildə İsfahanı ələ keçirərkən orada xalası Məryəm Bəyimlə qarşılaşmış, o, İsmayıldan bacısını soruşmuş və onun yaxşı olduğu cavabını almışdır.[30][32]
Yenı İsmayılın ALəmşah Bəyimi öldürməsi iddialarını yalanyana başqa bir sübut Katerino Zenonun əsərindən əldə edilir. Belə ki, Uzun Həsənin Dəspinə Xatundan Aləmşah da daxil olmaqla 3 qızı və bir Maqsud adlı oğlu var idi. Həsənin ölümündən sonra Maqsud qardaşları tərəfindən öldürülür və digər iki bacı qorxduqları üçün əvvəlcə Hələbə, daha sonra isə Şama qaçmışdırlar. Zenonun nəvəsi gənc tacir Katerino Şamda bu bacılardan biri ilə tanış olmuş və söhbət etmişdir. Söhbət zamanı Aləmşahın bacısı Şah İsmayılın hakimiyyətə gəlməsindən məmnun olduğunu, özünün də Təbrizə getməyə hazırlaşdığını yazmışdır. Musalı buna əsaslanaraq iddia edir ki, əgər İsmayıl Ağqoyunlu və sünni olduğu üçün öz anasını öldürsəydi, bu ananın bacısı heç bir zaman Təbrizə gəlmək istəməzdi.[33][34][35]
Aləmşah Bəyimin oğlu tərəfindən öldürülmədiyini bəlli edən bir digər məqam isə onun Ərdəbildəki məzar daşıdır. Məzar daşı üzərindəki epiqrafik abidədən bəlli olur ki, Aləmşah Bəyim 1522-1523-cü ildə, yəni oğlunun ölümündən təxminən 1-2 il əvvəl vəfat etmişdir.[33]
Ailəsi
redaktəŞeyx Heydər ilə evliliyindən 3 oğlu və 4 qızı olmuşdur:
- Şah İsmayıl (1487 - 1524) - Səfəvi imperiyasının əsasını qoymuşdur.[36]
- Şeyx Sultan Əli Mirzə (ö. 1494) - Ağqoyunlu Sultan Rüstəm tərəfindən Şəməsi adlı yerdə öldürülmüşdür.
- Şeyx İbrahim
- Fəxr Cahan Xanım - Səfəvi imperiyasının görkəmli sərkərdələrindən olan Bayram bəy Qaramanlı ilə evlənmişdir.
- Mələk Xanım - Səfəvi imperiyasının görkəmli sərkərdələrindən olan Abdullah xan Şamlı ilə evlənmişdir.
- Adı bəlli olmayan bir qız. Hüseyn bəy Şamlı ilə evlənmişdir.
- Adı bəlli olmayan bir qız. Şahəli bəy ilə evlənmidir.
İstinadlar
redaktə- ↑ əl-Siyər, 2017. səh. 425, 428
- ↑ Możṭar, 1971
- ↑ Münşi, 2010
- ↑ Sarwar, 1939
- ↑ Şərəf Xan Bitlisi ―Şərəfnamə, II cild, s. 133–134
- ↑ 1 2 3 Ghereghlou, 2016
- ↑ 1 2 Savory, 2007. səh. 18
- ↑ Jackson və Lockhart, 1986. səh. 209
- ↑ 1 2 3 Savory, 1985. səh. 868
- ↑ Musalı, 2016. səh. 41
- ↑ 1 2 Musalı, 2016. səh. 42
- ↑ Musalı, 2016. səh. 42-43
- ↑ Musalı, 2016. səh. 43
- ↑ Gündüz, 2010. səh. 205
- ↑ Musalı, 2016. səh. 43-44
- ↑ Strange, 1926. səh. 107
- ↑ Vilayeti, 1998. səh. 305
- ↑ Musalı, 2016. səh. 45
- ↑ Musalı, 2016. səh. 45-46
- ↑ Grey, 1873. səh. 185
- ↑ Gündüz, 2007. səh. 175
- ↑ 1 2 3 4 Musalı, 2016. səh. 46
- ↑ Kanakertsi, 1969. səh. 36-37
- ↑ Musalı, 2016. səh. 46-47
- ↑ Gündüz, 2006. səh. 55
- ↑ Musalı, 2016. səh. 46-48
- ↑ Musalı, 2016. səh. 49-50
- ↑ Youssef-Jamâlî, 1981. səh. 322
- ↑ Sümer, 1999. səh. 24
- ↑ 1 2 Musalı, 2016. səh. 53
- ↑ Minorsky, 1942. səh. 1031a
- ↑ Musalı, 2011. səh. 11
- ↑ 1 2 Musalı, 2016. səh. 54
- ↑ Grey, 1873. səh. 42-43
- ↑ Gündüz, 2007. səh. 48
- ↑ Streusand, 2011. səh. 135
Mənbə
redaktə- Kioumars Ghereghlou. ḤAYDAR ṢAFAVI. Encyclopaedia Iranica. 2016.
- R. M. Savory. ALĪ MĪRZĀ. I. Encyclopaedia Iranica. 1985. 868.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN 978-9952-34-101-0.
- Peter Jackson; Lawrence Lockhart. The Cambridge History of Iran. Cambridge: Cambridge University Press. 1986. ISBN 978-0521200943.
- Roger Savory. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 978-0521042512.
- Tufan Gündüz. Sofyalı Bâlî Efendi’nin Safevîlere dair Rüstem Paşa’ya gönderdiği mektup. Ankara: Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi, Sayı: 56. 2010.
- Charles Grey. Travels of Venetians in Persia: A Narrative of Italian Travels in Persia in the 15-th and 16-th Centuries. London: Hakluyt Society. (translated and edited by C.Grey).
- Tufan Gündüz. Seyyahların gözüyle sultanlar ve savaşlar (Giovanni Maria Angiolello, Venedikli bir tüccar ve Vincenzo D’Alessandri’nin seyahatnameleri). İstanbul: Yeditepe. 2007.
- Guy Le Strange. Don Juan of Persia – A Shi’ah Catholic, 1560-1604. New York & London: Harper & Brothers. translated and edited with an introduction by G. Le Strange. 1926.
- Ali Ekber Vilayeti. Şah İsmail Safevî devrinde İran’ın haricî alakalar tarihi. Tehran: el-Hudâ. 1998.
- Namiq Musalı. I Şah İsmailın hakimiyyəti (“Târîh-i ‘Âlemârâ-yı Şâh İsmâ’îl” əsəri əsasında). Bakı: Elm və Təhsil. 2011.
- Mohammad Karîm Youssef-Jamâlî. The Life and Personality of Shāh Ismā’īl I (1487-1524). Ph.D. dissertation. University of Edinburgh. 1981.
- Tufan Gündüz. Uzun Hasan Fatih mücadelesi döneminde Doğu’da Venedik elçileri (Caterino Zeno ve Ambrogio Contarini’nin seyahatnameleri). İstanbul: Yeditepe. Çeviren: T.Gündüz. 2006.
- Zakariy Kanakertsi. Xronika (perevel M.O.Darbinyan-Melikyan). Moskva: Nauka. 1969.
- Vladimir Minorsky. The Poetry of Shah Ismail I. University of London: Bulletin of the School of Oriental and African Studies, Vol. X, Part 4. 1942. 1006a–1053a.
- Faruk Sümer. Safevî Devletinin kuruluşu ve gelişmesinde Anadolu Türklerinin rolü (Şah İsmail ile halefleri ve Anadolu Türkleri). Ankara: Türk Tarih Kurumu Basımevi. 1999.Douglas E. Streusand. Islamic Gunpowder Empires: Ottomans, Safavids, and Mughals. Boulder, Colifornia: Westview Press. 2011.
- Münşi İsgəndər bəy. Dünyanı bəzəyən Abbasın tarixi: Tarixe-aləmaraye-Abbasi. Bakı: Şərq-Qərb. 2010. 1144. ISBN 978-9952-34-620-6.
- Ghulāṃ Sarwar. History of Shāh Ismā‘īl Ṣafawī. Aligarh: Muslim University. 1939.
- Anonim. Tarix-e həbib üs-siyər. IV. Tehran. 1380.
- A. D. Możṭar. Cahanguşa-i Xaqan. İslamabad. 1971.