Sovet Isgalina Qarsi Usyanlar 1920 22 - Wikipedia
Sovet işğalına qarşı üsyanlar (1920–22) — Azərbaycanın bolşeviklər tərəfindən işğalı əleyhinə müqavimət hərəkatı.
İlk qığılcımlar
redaktəÜsyan dalğası 28 aprel işğalından az sonra bütün Azərbaycanı bürümüşdü. Mayın 18-də bolşeviklər və qırmızı döyüşçülər Şuşada yeni hökumətə qarşı hazırlanan üsyandan xəbər tutub onun qarşısını ala bildilər. Həmin vaxtlarda Ucar və Bərgüşadda yeni rejimlə razılaşmayan əhali dəmir yolu xəttində qatarların hərəkətini dayandırmağa cəhd göstərdi. 1920-ci il mayın ortalarından Bakıda sovet hakimiyyəti əleyhinə üsyana hazırlıq aparıldı. Şəhər hərbi qarnizonunun rəisi, 28-ci diviziyanın komandiri Nesterovskinin 1920-ci il mayın 26-da imzaladığı əmrdə göstərilirdi ki, Bakı şəhərində fəhlə və kəndli hökumətinə qarşı üsyanların hazırlanması barədə şayiələr dolaşmaqdadır. Əmrdə daha sonra deyilirdi:
Hansı evdən güllə atılsa, o ev top atəşinə tutulacaq, evdə sükunət edənlər də fəhlə və kəndli hökumətinin düşməni adlandırılaraq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər. |
Qarabağ üsyanı
redaktəYeni hökumətə qarşı ilk qüvvətli üsyan Qarabağda başladı. Yerli əhali, xüsusən də daşnak Ermənistanının nizami qoşunlarına qarşı mübarizə aparmış Cümhuriyyət ordusunun əsgər və zabitləri yeni rejimə qarşı nifrətini silahlı çıxışlarla ifadə edirdilər. Bu zaman Şuşada Qarabağ sakinlərindən ibarət 300 nəfərlik silahlı dəstə də formalaşmışdı. Qarabağda yaranmış gərgin vəziyyət, nəhayət, partlayışla nəticələndi. Mayın 21-də Tərtərdə yerli əhali buradakı 11-ci Qırmızı ordu bölmələrinə qarşı hücuma keçdi. Üsyançılar qalib gəldilər. 11-ci Qırmızı ordu hissələri 80 nəfərə qədər itki verdi. Tərtərdəki 11-ci Qırmızı ordu alayının komandiri Naumov öldürüldü. Üsyan Azərbaycanda sovet rejiminə qarşı ilk güclü müqavimət idi. Onun daha da genişlənməsinin qarşısını almaq üçün 11-ci ordu komandanlığı dərhal əməli tədbirlər gördü. Gəncədən Qarabağa süvari bölmələri gətirildi. Ermənilər xəyanət edərək, düşmən tərəfinə keçdilər. Ermənilərdən təşkil edilmiş dəstə 11-ci Qırmızı ordu dəstələri ilə birlikdə üsyanın yatırılmasında fəal iştirak etdi. Bütün bunlann nəticəsində Tərtərdə üsyançıları müvəqqəti olaraq sakitləşdirmək mümkün oldu.
Zaqatala üsyanı
redaktə1920-ci il iyunun birinci yarısında Zaqatala bölgəsində sovet işğalına qarşı baş vermiş xalq hərəkatı. Qarabağdakı antisovet üsyanı ilə eyni vaxtda başlayıb. Üsyandan məqsəd qırmızı ordu hissələrinin bölgədəki azğınlıqlarının qarşısını almaq və onu bütünlüklə sovet rejimindən azad etmək idi. Üsyan iyunun 6-da başladı. Üsyanda xalq kütlələri ilə bərabər, azsaylı qoşun dəstələri də iştirak edirdi. Onun rəhbərləri də xalq arasından seçilmişdi. Zaqatala üsyanının rəhbəri, Tala kəndinin imamı Hafiz əfəndi idi. İlk günlərdə üsyançıların sayı 1000 nəfərə çatırdı. Cümhuriyyət ordusunun Zaqatalada yerləşən və sonradan sovet hakimiyyətinə tabe etdirilən taboru da üsyançıların tərəfinə keçdi. 1920-ci il iyunun 9-da, səhər saat 6-da bölgədəki üsyançı qüvvələr Zaqatalaya toplaşdılar. Şəhər qalası və teleqraf dərhal elə keçirildi. İnqilab Komitəsi üzvlərinin və sovet işçilərinin həbsi barədə qərar verildi. Gürcüstanla sərhəddə yerləşən keçmiş Cümhuriyyət taborunun üsyançılara qoşulması onlann gücünü daha da artırdı. Qısa müddətdən sonra Qax da sovet qüvvələrindən azad edildi. 11-ci Qırmızı ordunun bölgədə yerləşdirilmiş 7-ci süvari diviziyasının 37, 39 və 40-cı süvari alayları 1920-ci il iyunun 10-da Əlibəyli, Yuxarı Muxax kəndləri yaxınlığındakı yüksəklikdə, Qaraman və s. məntəqələr ətrafında döyüşlərdə üsyançı qüvvələrin müqavimətini qıra bilməyib böyük itkilər verdi. İyunun 11-də üsyançılar 39-cu süvari alayının Əmbərçay ətrafındakı zastavalarını da geri çəkilməyə məcbur etdilər. İyunun 13-də strateji əhəmiyyətli Baş Göynük kəndi də üsyan qaldırdı və kənd qırmızı qüvvələrdən təmizləndi. Bölgədə hərbi təşəbbüs bütünlüklə üsyançı qüvvələrin əlinə keçdi və onlarını döyüş fəallığı nəticəsində 11-ci Qırmızı ordunun 7-ci süvari diviziyasının vəziyyəti xeyli mürəkkəbləşdi. Bu diviziyanı tamamilə məhv olmaqdan xilas etmək üçün bölgəyə 58-ci piyada briqadası, 27-ci zirehli dəstə və kommunistlərdən təşkil edilmiş dəstədən ibarət əlavə qüvvələr göndərildi. Əlavə qüvvələr iyunun 16-da bölgəyə yetişdilər və iyunun 17-də bütün cəbhəboyu üsyançı qüvvələrin üzərinə hücum təşkil edildi. Çoxsaylı hərbi texnikaya və üstün qüvvələrə malik olan 11-ci Qırmızı ordu hissələri gün ərzində üsyançılarını müqavimətini qırmağa nail oldular. Zaqatala-Şəki şose yolu və digər strateji məntəqələr yenidən onların əlinə keçdi. İyunun 18-də isə 11-ci Qırmızı ordunun hissə və bölmələri Zaqatalaya daxil oldular və burada sovet hakimiyyəti yenidən bərpa edildi. Bölgə əhalisinə qanlı divan tutuldu.
Gəncə üsyanı
redaktəÜsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanıb. Ağır zərbədən sarsılan istiqlal mücahidləri Gəncəyə toplaşaraq üsyana qalxdılar. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər.
Üsyanın təşkilində başlıca olaraq birinci piyada diviziyası, üçüncü Gəncə alayının bölmələri, üçüncü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, Qaçaq Qasım, Qaçaq Mikayıl və başqaları da öz silahlıları və silahdaşları ilə birlikdə Gəncə üsyanının təşkilində xüsusi fəallıq göstərirdilər. Şəhər əhalisindən qoşuları könüllülərlə birlikdə üsyançıların sayı 10 mindən artıq idi.
Bolşeviklər üsyanın yatırılması üçün şəhərə əlavə ordu hissələri yeridiblər. Gəncədə yaşayan ermənilər rusların ordusuna kömək edirdilər. Üsyan mayın 31-də böyük qəddarlıqla yatırıldı. Bir həftə ərzində hər iki tərəfdən üst-üstə təxminən 20 min adam öldü. Minlərlə gəncəli doğma yurdunu tərk etməyə məcbur oldu. Şəhər, demək olar ki, boşaldı. Əgər 1916–1917-ci illərdə Gəncədə 60.291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38.880-ə endi.[1]
Üsyan yatırılandan sonra erməni və ruslar üç gün ərzində Gəncədə qanı su yerinə axıtdılar. Qeyri-rəsmi məlumatlara görə 20 min nəfərdən artıq dinc əhali qətlə yetrildi. Qətliamlar sonrakı günlərdə də davam etdi. İyun-avqust aylarında üsyanda iştirak etməkdə və ya onlara yardımda şübhəli bilinən 13 min adam məhkəməsiz güllələndi. Qırmızı ordu isə Gəncə döyüşlərində 900 nəfərdən artıq əsgərini itridi. 6 mindən artıq Qırmızı ordu əsgəri isə yaralandı.[2]
Gəncə üsyanı tez bir zamanda Azərbaycanın hər yerinə yayıldı. Bunu görən XI Qırmızı ordu komandanlığı gizli direktiv imzaladı. Direktivdə deyilir:[2]
Bakı, 26 may. Xüsusi gizli operativ direktiv nömrə 60. Yelizavetpolda (Gəncə) üsyan baş verib. Tərtərdə yenicə üsyan yatırılıb. Onlar Bakı üzərinə yürüşə hazırlaşırdılar. Ölkənin hər yerində üsyan təhlükəsi gözlənilir. Biz bu mübarizəyə hazır olmalıyıq. |
Gəncə üsyanından bəhs edərkən Cümhuriyyət lideri Məhəmməd Əmin Rəsulzadə belə qeyd edirdi:
İxtilaldan bir ay sonra artıq bütün Azərbaycan, məmləkətinin müdhiş bir istilaya məruz qaldığını acı bir surətdə dərk eyləmişdi. Türkiyəyə gediyor – deyə təhəmmül eylədiyi rus ordusunu məmləkətində fəsad iqa etməklə bir davam görüncə, sevgili ordusunun, kəndisinə hər yürüşü ilə dünyalar qədər ruh və izzətinəfs edən bu gənc əsgərlərin mürəttəb bir surətdə dağıldığını, münəvvəranının kəndisi ilə münasibətdən mən edildiyini, sərvət və samanının yağmaya getdiyini, ədəb və əxlaqi-milliyyəsinin fəna surətdə təhqirə məruz qaldığını duyunca, bittəb xalq təhəmmül edəmədi. Üsyan etdi. Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər. Üsyan bir həftə qədər davam etdi. Ruslar burada divizyonlarını qeyb etdilər. Bakıdan qüvayi-imdadiyyə gəldi. Digər tərəfdən də Gəncə erməniləri qiyamiləri arxadan vurmağa başlayınca şəhər süqut etmək məcburiyyətində bulundu. Xətti-ricətləri daşğın nəhrlə kəsilən əhali müdhiş bir qətli-ama məruz qaldı. Şəhər yaxıldı. Bazar qarət edildi. Hətk edilmədən irz və namus buraxılmadı.[3] |
Şəmkir üsyanı
redaktə1920-ci ilin yayında Şəmkirin Müskürlü kəndində də sovet rejimi əleyhinə üsyan baş verdi. Qırmızı ordu hissələrinə müqavimət göstərmək üçün burada da yerli əhalidən silahlı dəstə təşkil olunmuşdu. Digər bölgələrdə olduğu kimi, 11-ci ordu komandanlığı buradakı üsyanın da yatırılmasına böyük qüvvələr göndərdi. Bədirbəyli nəslindən olan mülkədarlar da üsyana qoşulmuşdular. Onlardan Xəlil ağa Qədimov üsyanın əsas iştirakçılarından idi. Şəmkirdə sovet qüvvələrinə qarşı qadınlar və uşaqlar da vuruşurdular. Payızda burada alovlanan başqa bir üsyana Namaz adlı bir kəndli rəhbərlik edirdi. Üsyançılar 500 nəfərlik dəstə ilə qəzanın böyük bir hissəsində sovet rejimini ləğv etmişdilər. Qırmızı ordunun çoxsaylı hərbi qüvvələri bu üsyanı da böyük qəddarlıq və amansızlıqla yatıraraq, yerli əhaliyə divan tutdu.
Quba qəzasında üsyan
redaktəAvqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi silahlı üsyan qaldırdı. Onlar kənddə iki nəfər milisi öldürdülər və yeni hakimiyyətə itaətsizliklərini bəyan etdilər. Üsyanın qarşısını almaq üçün qəza komitəsi kəndə 4-cü süvari alayından 45 nəfərlik (30 nəfər süvari, 15 nəfər piyada) dəstə göndərdi. Lakin dəstə üsyanı yatıra bilmədi və çoxlu itki verdi. Dəstədən yalnız 6 nəfər xilas oldu. Qubanın hərbi komissan Kuzun kəndində sovet hakimiyyətinin bərpa olunması üçün bir taqım və pulemyotçu göndərdi. Avqustun 26-da Kuzun kəndinin üsyançıları ilə sovet qüvvələri arasında yeni döyüş oldu. Kənd əhalisi bu dəfə də sovet qüvvələrinə ciddi müqavimət göstərdi. Avqustun 29-da Qubanın 4 verstliyində sovet qüvvələri ilə üsyançılar arasında yeni vuruşma baş verdi. 100 nəfərlik sovet qüvvələri xeyli itki verdilər. Avqustun sonu sentyabnn əvvəllərində üsyançıların silahlı dəstəsi tam fonnalaşmışdı. Cümhuriyyət ordusunun podpolkovniki Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də vardı. Üsyançılar xeyli pulemyot və beşaçılan tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saat 7-də üsyançılar Dəvəçi-Xaçmaz üzərinə hücum etdilər. Onların qarşısına 7-ci süvari dəstəsi çıxarıldı. Gərgin döyüşdən sonra sovet-bolşevik döyüşçüləri mövqelərini qoruyub saxlaya bildilər. Quba ərazisində mövcud olan güclü dəstələrdən birinə də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin keçmiş deputatı Həmdulla Əfəndi Əfəndizadə rəhbərlik edirdi. Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920-ci il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edilmişdi. Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev və Levan Qoqoberidzeni ora ezam etmək barədə qərar qəbul etdi. Üsyan sentyabrın birinci ongünlüyünün sonlarına qədər davam etdi. Çətinliklə yatırılan Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla Əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkildi. Üsyançı kəndlər isə qırmızıların nəzarəti altına keçdi[4].
Muğan üsyanı
redaktəSovet hakimiyyətinə qarşı vuruşan böyük üsyançı dəstələrdən biri də Muğanda formalaşmışdı. 1920-ci il avqustun sonundan başlayaraq bu dəstənin fəaliyyəti bölgənin bir çox kəndlərində sovet hakimiyyəti orqanlarının devrilməsi ilə başa çatmışdı. Sovet qüvvələri Qaradonlu ətrafında üsyançı dəstəni məhv etməyə cəhd göstərsə də, bu cəhd nəticəsiz qaldı. Qaradonlu ətrafındakı 7 kənd də üsyançılara qoşuldu. Bu kəndlərin birləşmiş silahlı dəstəsinə Sarıxan rəhbərlik edirdi. Həmin dəstə xeyli gücə malik idi. Cavad qəzası İnqilab Komitəsinin sədri Baxtamov Bakıya göndərdiyi raportlarında israrla əlavə kömək göndərilməsini xahiş edirdi. Sarıxanın 4 minlik dəstəsinin qarşısını almaq üçün qəzada kifayət qədər qüvvə yox idi. Üsyançı dəstə yerlərdəki sovet qüvvələrinin müqavimətini qıraraq, sentyabrın 21-də qəzanın daha bir neçə kəndini qırmızılardan təmizlədi. Kəndlərdə olan milislər də üsyançıların tərəfinə keçdilər. Qəza rəisi sentyabrın sonlarına aid raportlarının birində sovet hakimiyyətinin qəzadakı mövqeyinin getdikcə mürəkkəbləşdiyini və yaxın vaxtlarda təcili tədbirlər görülməzsə, Salyana qədər olan ərazilərin üsyançıların nəzarəti altına keçəcəyini bildirirdi. Qəza rəisi sovet hakimiyyətinin möhkəmləndirilməsinin yeganə yolunu 11-ci ordu qüvvələrinin göndərilməsində ora görürdü. Çünki bölgədəki hərbi qüvvənin əsgər və komandirləri xalqla bir olduğundan üsyançılara qarşı çıxış etmirdilər.
Lənkəran-Astara üsyanı
redaktə1920-ci ilin iyununda başlanmış, həmin ilin sentyabrında kütləvi xarakter almışdır. Üsyan, əsasən, bölgədə yaradılmış 7 böyük silahlı dəstə tərəfindən aparılmışdır. Ən böyük dəstələrə Cümhuriyyətin süqutundan sonra Azərbaycanda qalmış türk zabiti Yusif Camal bəy, Nəcəfqulu xan və Şahverən rəhbərlik edirdilər. Üsyançı silahlı dəstələrdəki döyüşçülərin sayının 6–10 min arasında olduğu güman edilir. Yusif Camal bəyin dəstəsi Lənkəranın cənubunda, Nəcəfqulu xanın dəstəsi iə şimalında fəaliyyət göstərirdi. Yusif Camal bəyin silahlı dəstəsi, ilk olaraq, Lənkəranın Şahağac, Təngərud, Səfidar kəndlərini sovet rejimindən azad etdi. Züvənd sahəsindəki sovet milis dəstəsini isə Şahverənin dəstəsi məhv etdi.[5] Sentyabrın (1920) əvvəllərində Astara ətrafında genişlənən xalq üsyanının əsas zərbə qüvvəsi Ramazanın dəstəsi idi. Astaranın Şüvə kəndində yaradılmış başqa bir üsyançı dəstəyə isə Qüdrət Mollaağa oğlu başçılıq edirdi. Üsyançı qüvvələr 1920-ci ilin sonlarına kimi bölgənin müxtəlif məntəqələrində sovet qüvvələrinə ağır zərbələr endirdilər. Dekabrda Yusif Camal bəyin dəstəsi Astaranı sovetlərdən təmizləyərək, Lənkərana doğru istiqamət götürdü.[6] Yusif Camal bəyin irəliləməsini yalnız Lənkəran ətrafında dayanmış 245-ci sovet alayının və dənizdəki sovet hərb gəmilərinin birgə səyi ilə dayandırmaq mümkün oldu. Genişlənən xalq üsyanlarının qarşısını almaq üçün 11-ci ordu komandanlığı 248-ci, 249-cu atıcı alaylarını, "Roza lüksemburq " kreyserini, "Prıtkı" minadaşıyanını, "Kursk" gəmisini və desant daşıyan əlavə beş nəqliyyat gəmisini bölgəyə göndərdi. Bakıdan göndərilən qüvvələr bölgəyə yetişəndən sonra iki taktiki qrupa bölünməli və onların köməyi ilə Lənkəran və Astara arasındakı ərazini nəzarət altına almış üsyançı qüvvələr neytrallaşdırılmalı idi. Qrupun biri Lənkərandan cənuba, digəri isə Astaradan şimala doğru hərəkət etməli idi. Bölgədə yerləşən I süvari alayı və digər hərbi birləşmələr də bu iki taktiki qrupla birgə hərəkət etməli idi. Üsyançılara qarşı hazırlanan döyüşün taktiki planına əsasən, bölgədəki bütün sovet qüvvələri Lənkərandan cənuba hərəkət edən qrupu, Bakıdan gələn qüvvələr isə sahilə çıxmaqla, Astaradan şimala hərəkət edəcək qrupu təşkil etməli idilər.[7] Çox böyük imkanlara baxmayaraq, Bakıdan gələn qüvvələrin dekabrın 23-də sahilə çıxmaq üçün göstərdikləri cəhd baş tutmadı. Buradakı üsyançı qüvvələr çox böyük şücaət göstərərək sovet birləşmələrini geri oturtdular. Lakin üsyançıların sovet gəmilərində olan uzaqvuran topların qarşısını almaq üçün heç bir vasitəsi yox idi. Məhz gəmi artilleriyasının işə salınması üsyançıları geri çəkilməyə məcbur etdi. Sovet qüvvələri gəmi artilleriyasından fəal istifadə etməklə , Lənkəran və Astara arasında sahil boyu zolaqda döyüş mövqelərini ələ keçirib möhkəmləndilər. 1920-ci il, dekabrın 25-də Lənkəran və Astara bölgəsi yenidən sovet qüvvələrinin nəzarəti altına alındı. 1921-ci il yanvarın əvvəllərində Lerik ətrafında Şahverənin başçılığı ilə sovet işğalçılarına qarşı üsyan yenidən alovlandı. Şahverən kifayət qədər taktiki çeviklik göstərərək, bura gətirilmiş sovet bölmələrinə ciddi zərbələr endirldi. Yanvarın 9-dan 26-dək bölgədə gedən döyüşlərdə əlahiddə sovet süvari divizionu 196 nəfər itki vermiş, 78 nəfər yaralanmış, 75 nəfər isə döyüş qabiliyyətini itirmişdi.
1921-ci il fevralın əvvəlində Lənkəran ətrafında Nəcəfqulu xanın başçılığı ilə, həmin il avqustun sonlarında isə Astara ətrafında bir neçə dəstənin iştirakı ilə xalq üsyanı yenidən alovlandı. Astara ətrafındakı üsyanda Rəşid xanın, Hüseynəli xanın, Şahverənin, Ataxanın, Nəcəfqulu xanın və onun qardaşı Əhməd xanın dəstələri iştirak edirdilər. Üsyançılar kifayət qədər şücaət göstərsələr də, Bakıdan gətirilən əlavə qüvvələrdən, xüsusən gəmi artilleriyasından geniş istifadə etməklə onların müqavimətini qırmaq mümkün oldu.
Digər bölgələrdəki üsyanlar
redaktəQarabağdakı üsyanın vüsət aldığı bir vaxtda Azərbaycanın digər ərazilərində də sovet rejiminə qarşı xalq üsyanları baş verdi. Kür və Qanıq çaylarının qovuşacağında sovet hakimiyyətindən narazı olan əhali 800 nəfərlik silahlı dəstə yaratmışdı. Dəstənin sərəncamında 2 top və 8 ədəd pulemyot var idi. Qəbələdə bütün müsəlmanlar işğalçılar əleyhinə müqəddəs müharibəyə çağırıldı. Bu çağırışa səs verənlər Şəkidən 50 verst cənub-şərqdə olan Xaçmaz kəndinə toplanırdı. Xalq könüllüləri Şamaxı-Quba yolu ilə şimala doğru hərəkət edib Azərbaycanın Sovet Dağıstanı ilə əlaqələrini kəsməli idi. 3000 nəfərlik başqa bir silahlı dəstə Cavad qəzasında, Saatlıda yaradılmışdı. Dəstə onlara qarşı göndərilmiş 28-ci diviziyanın 2-ci süvari alayına hücum etdi. Toqquşmalar nəticəsində üsyançılar ağır tələfat verdilər.
Üsyanlardan sonra Bakıdakı vəziyyət
redaktəGəncə üsyanı 11-ci ordu komandanlığını daha ciddi təşvişə saldı. Həm bu üsyanın, həm də digər bölgələrdə baş verən üsyanların qarşısının alınması üçün 11-ci ordu komandanı 1920-ci il mayın 26-da 60 nömrəli direktiv imzaladı. Azərbaycanda baş verən xalq hərəkatı ilə bağlı mayın 28-də Qafqaz cəbhəsi komandanı V. Gittis də xüsusi direktiv imzaladı. Cəbhə komandanı Zaqatala, Gəncə, Şuşa bölgələrində vəziyyətə nəzarət edilməsi üçün həmin yerlərdə lazımi qədər qüvvə saxlanılmasını lazım bildi. O, əsas vəzifə kimi, nəyin bahasına olursa-olsun, Bakıda vəziyyətə nəzarət olunması, neft mədənlərinin və qurğularının qorunması haqqında göstəriş verdi. Azərbaycanda Moskvanın dayağı olan qüvvələr Bakının xaricdən qorunmasını təmin etməklə bərabər, onun daxilində də işğal rejimini möhkəmləndirmişdilər. Xüsusi şöbənin əməkdaşları şübhələndikləri adamları terrorla aradan götürürdülər. Əhalidə saxlanılan silahlar toplanırdı. Sovet rejiminə qarşı ən adi hərəkətlərə görə amansız tədbirlər görülürdü. Bu baxımdan Bakı şəhər qarnizonu rəisinin iyunun 7-də imzaladığı əmr səciyyəvidir. Əmrin imzalanmasına səbəb kimi Abşeron yarımadasında qırmızı hərbçilərin əhali tərəfındən öldürülməsi, yaralanması, bəzilərinin isə itkin düşməsi göstərilirdi. 11-ci ordu komandanlığı bu hadisələri kütləvi üsyana xəbərdarlıq kimi qəbul edir və əhalinin narazılığını yerindəcə boğmağa çalışırdı. Ona görə, qarnizon rəisi Bakı kəndlərinin əhalisindən evlərində saxladıqları silahları təhvil verməyi tələb edirdi. Kənd sakinləri isə qarnizon rəhbərliyinin tələblərinin əksinə olaraq, özlərini qorumaq üçün saxladıqları silahları təhvil verməyə meyl göstərmirdilər. Belə olduqda, sakinlərdən 10 nəfər girov götürülmüş və bir neçə gündən sonra güllələnmişdilər. Lakin 11-ci ordu komandanlığının həyata keçirdiyi tədbirlər əhalinin narazılığını daha da artırdı.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Azərbaycan tarixi, 7 cilddə c.6, B., 2000
- XX əsr Azərbaycan tarixi, c.2. B., 2004
- İbişov F. Azərbaycanın kəndində sosial-siyasi proseslər (1920–1930), B., 1996
- Qaffarov T. Azərbaycan tarixi (1920–1991), B., 1999
- Ибрагимов Б. Жизнь отданная народу, Б., 1989
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Əhməd İsayev. Gəncə üsyanı. "Azərbaycan" qəz. 2010, 8 avqust, s. 4". 2019-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
- ↑ 1 2 "Qaraca Bəxtiyar. 1920-ci ilin aprel çevrilişindən sonra başlayan xalq üsyanları. "Azərbaycan" qəz., 2015, 28 aprel, s.11". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
- ↑ "Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Cümhuriyyəti (Məhəmməd Əmin Rəsulzadə Azərbaycan, hürriyyət və istiqlal haqqında)" (PDF). 2022-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-04-09.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 352
- ↑ "Cümhuriyyətimizin fədailəri - Yusif Camal bəy (Camal Paşa) və silahdaşları". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
- ↑ "1920-ci ildə Qarabağda, Zaqatalada, Lənkəranda xalq üsyanları". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
- ↑ İbrahimli Fəzail- Azərbaycan tarixində sosial-siyasi proseslər (1920–1930) Bakı, 2001