Mehemmed Mirze Qacar - Wikipedia
Bu məqalə hərbçi haqqındadır. İranın xarici işlər naziri üçün Məhəmməd mirzə Kaşifus-Səltənə səhifəsinə baxın. |
Məhəmməd Mirzə Qacar — Azərbaycanlı hərbi xadim, Azərbaycan Xalq Cumhuriyyəti ordusunun general-mayoru.[1]
Məhəmməd Mirzə Qacar | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1910-1920 |
Rütbəsi | General-mayor |
Vəzifəsi |
Baş Artilleriya İdarəsinin rəisi Gəncə Qarnizonunun rəisi Azərbaycan ordusunun təchizat rəisi |
Döyüşlər |
Rus-Yapon müharibəsi I Dünya müharibəsi Gəncə üsyanı (1920) |
Təltifləri |
Həyatının erkən dövrü
redaktəMəhəmməd Mirzə Qacar Azərbaycan Qacarlar sülaləsi nəslindəndir. Bəhmən Mirzənin beşinci arvadı Çiçək xanımdan olan dördüncü oğludur.
Təhsili
redaktə1872-ci ildə Şuşada doğulub.[1] Şuşada mədrəsə təhsili alan Məhəmməd Mirzə Qacar 1885-ci ildə qardaşı, çar ordusunun generalı Rzaqulu Mirzə Qacarın təkidi ilə Tiflisdə yerləşən hərbi məktəbdə oxumağa başlayır. Tez bir zamanda yüksək nəticələrə nail olan Məhəmməd Mirzə Qacar 1888-ci ildə Sankt-Peterburqda yerləşən hərbi məktəbə daxil olur.[2]
Hərbi karyerası
redaktə1893-cü ildə Rusiya İmperator Ordusunda xidmət etməyə başlamışdır.[2]
Rusiya imperiyasında xidməti
redaktə1904-cü ildə başlayan Rus-Yapon müharibəsində iştirak etmiş və müharibədə göstərdiyi şücaətə görə vaxtından əvvəl kapitan rütbəsinə yüksəlişdir.[2]
1910-cu ildən böyük knyaz, general-feldmarşal Mixail Nikolayeviç adına birinci Kuban-kazak batareyasının komandiri olub. I Dünya müharibəsində də Kazak süvari qoşunlarında döyüşüb.[1] I Dünya müharibəsinə qədər nümunəvi xidmətinə görə ikinci dərəcəli «Müqəddəs Anna» ordeni ilə və həmin ordenin dördüncü dərəcəsi ilə təltif olunur. I Dünya müharibəsində də Kazak süvari qoşunlarında döyüşən Məhəmməd Mirzə Qacar ikinci və üçüncü dərəcəli «Müqəddəs Stanislav» ordeninə layiq görülür. 1915-ci ildə mayor rütbəsi ilə təltif edilən Məhəmməd Mirzə Qacar müharibədən geri cağrılaraq Sankt-Peterburqda yerləşən hərbi hissəyə göndərilir. Bir qədər sonra isə o, çarın xüsusi mühafizə dəstəsində xidmət etməyə başlayır. 1916-cı ildə Məhəmməd Mirzə Qacar podpolkovnik rütbəsi ilə təltif edilir. 1917-ci ildə polkovnik rütbəsi ilə rus ordusundan təqaüdə ayrılmışdır.[2]
Cümhuriyyət ordusunda xidməti
redaktəO, 1918-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təşkilinə başlanılanda onun sıralarına qoşulmuşdur. Hərbi Nazirlik bərpa edildikdən sonra polkovnik Məhəmməd Mirzə Qacar birinci topçu briqadasının komandiri təyin olunmuşdu. Briqadanın formalaşdırılmasının ilkin ağırlığı da onun üzərinə düşmüşdü. Azərbaycan ordusunun təşkilatlanmasında göstərdiyi xidmətlərinə görə Hökumətin 1919-cu il 25 iyun tarixli qərarı ilə ona general-mayor rütbəsi verilmişdi. Bir müddət Birinci Piyada Diviziyasına rəhbərlik edib, daha sonra Gəncə Qarnizonunun rəisi təyin edilib. Məhəmməd Mirzə Qacar 1919-cu ilin il 1 dekabrda Baş Topçu İdarəsinin rəisi, 1920-ci il 15 martda isə Azərbaycan ordusunun təchizat rəisi təyin olundu.[3] Onun başçılıq etdiyi qurumun tərkibinə ləvazimat idarəsi, hərbi-sanitar hissəsi və hərbi baytar hissəsi daxil idi.
1920-ci ildə Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçə Qarabağdan vurduğu bir teleqram:[1]
Xəbər verirəm ki, Qarabağ qubernatorluğunda ermənilər tərəfindən çox ciddi, demək olar ki, faciəli vəziyyət yaradılmışdır. Çox böyük və ciddi qüvvə lazımdır. Xankəndi qarnizonunun dəstə rəisinə dəymək olmaz, əks halda yerli ermənilər Əsgəran və Şuşanı tuta bilərlər... |
Gəncə üsyanı
redaktəMəhəmməd Mirzə Qacar 1920-ci ilin mayında bolşevik işğalına qarşı başlamış Gəncə üsyanının əsas təşkilatçılarından biri idi. Ona üsyandan sonra təşkil olunacaq yeni hökumətə rəhbərlik etmək tapşırılmışdı. Lakin üsyan işğalçı Qırmızı Ordu birləşmələrinin birgə əməliyyatı nəticəsində amansızcasına yatırıldı. Məhəmməd Mirzə Qacar üsyanın yatırılması zamanı qardaşları general Əmir Kazım Mirzə Qovanlı Qacar və general Feyzulla Mirzə Qacar Qovanlı ilə birlikdə öldürülür.[1]
Məhəmməd Mirzə Qacarın dəqiq ölüm tarixi bəlli deyildir, lakin onun 30 may tarixində vəfat etdiyi güman edilir.[2]
Ailəsi
redaktəFətəli şahın nəvəsi şahzadə Bəhmən Mirzənin 31 oğlundan biridir. Bəhmən Mirzənin beşinci arvadı Çiçək xanımdan olan dördüncü oğludur. General Əmir Kazım Mirzə Qovanlı Qacarın və general Əmənulla xan Mirzənin kiçik qardaşıdır.[1]
Mükafatları
redaktəI Dünya müharibəsinə qədər nümunəvi xidmətinə görə ikinci dərəcəli «Müqəddəs Anna» ordeni ilə (qılıncla birgə) və həmin ordenin dördüncü dərəcəsi ilə (igidliyə görə) təltif olunub. I Dünya müharibəsində İkinci və üçüncü dərəcəli «Müqəddəs Stanislav» ordeninə (qılınc və bantla birgə) layiq görülüb.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Nəzirli Ş., Cümhuriyyət generalları, B., 1995,
- Nəzirli Ş., Qacarlar, B., 1995,
- Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998;
- Каджар; Чингиз, Каджар, Б., 2001
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 97-98. ISBN 9952-417-44-4.
- ↑ 1 2 3 4 5 "Gəncə üçün ölümə gedən general: Ruslar Qacar qardaşlarını niyə axtarırdı?". alp.az. 28 yanvar 2022. İstifadə tarixi: 13 fevral 2022.[ölü keçid]
- ↑ "Qacar nəslinin Azərbaycan Cümhuriyyətinə olan xidməti və onların aqibəti". millikimlik.az. 10 dekabr 2021. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.