Qurban Pirimov - Wikipedia
Qurban Baxşəli oğlu Pirimov (Primov) (oktyabr 1880, Gülablı[1] – 29 avqust 1965, Bakı) — Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti (1931).[2][3]
Qurban Pirimov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | oktyabr 1880 |
Doğum yeri | |
Vəfat tarixi | 29 avqust 1965 (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | 4 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 1904–1965 |
Janrlar | muğam, xalq musiqisi |
Musiqi aləti | tar |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
redaktəQurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir.[2][3]
Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q. Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır.[2][3]
15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir.
Qurban Pirimov dramatik və musiqili səhnə əsərlərində tarda müşayiət etmişdir. O, Üzeyir Hacıbəyovun 1908-ci ildə ilk dəfə tamaşaya qoyulan "Leyli və Məcnun" əsərində orkestrin solisti olmuş, tarda ifa etmişdir.[2][3]
Qurban Pirimov 1920-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. O, Qliyerin "Şahsənəm" operasının tamaşaya qoyulmasında bilavasitə iştirak etmişdir. Eyni zamanda 1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının olimpiadasında birinci yeri tutmuş, 1939-cu ildə Moskvada keçirilmiş musiqiçilərin ümumittifaq baxışının qalibi olmuşdur.[2]
Üzeyir Hacıbəyovla, M. Maqomayevlə, Z. Hacıbəyovla yaxından dostluğu, həmçinin yaradıcılıq münasibətləri Q. Pirimovun Azərbaycan professional musiqisinin inkişafında da müstəsna rolundan xəbər verir. Niyazi, Q. Qarayev, T. Quliyev, F. Əmirov, S. İbrahimova kimi bəstəkarlar Pirimovun ifasından bir neçə muğam, xalq mahnı və təsniflərini nota yazıblar.[3]
Qurban Pirimov həmçinin pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Belə ki, o, 1925-ci ildə Ü. Hacıbəylinin rəhbərliyi ilə muğam proqramının hazırlanmasında da yaxından iştirak etmişdir. Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələri Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov onun tələbələri olublar.[3]
Qurban Pirimov 29 avqust 1965-ci ildə Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda torpağa tapşırılıb.[2]
Şəxsi həyatı
redaktəQurban Primov Nabat xanım Ağalar qızı ilə ailə həyatı qurub və Əsgər, Sara, Tamara, Ədilə adında dörd övlad atası olub.
İrsi
redaktəMəşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. Görkəmli musiqişünas Şuşinski xatirələrində belə yad edirdi:
Mən Qurban Primovu son dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, "Rahab" çalırdı. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürək oxşayan səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən "Rahabı" 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni 3 dəfə səhnəyə dəvət etdilər. |
Xalq artisti Canəli Əkbərov tarzən haqqında söyləmişdir:
Mən ağlım kəsəndən bu sənətin aşiqi olmuşam. Dahi sənətkarın evimizdə çoxlu qrammofon valları var idi. Həmişə onlara qulaq asar, eynilə onlar kimi oxuyardım. Hətta Cabbarın oxuduğu "Heyratı"nı eyni ilə onun kimi oxuyardım. Bunu eşidənlər mənə məsləhət bildilər ki, oxumağımı tarzənə eşitdirim. Məqam elə gəldi ki, dənizkənarı parkda Qurban əmini görərək özümü görməməzliyə qoyub oxumağa başladım. Tarzən səsi eşidib ayaq saxladı. Tez tarını çıxardıb məni müşayiət edərək dinlədi və dedi: "Sən gələcəyin böyük xanəndəsi olacaqsan". Qurban əmi çalanda sanki tar dil açıb danışırdı. Tarzən əlinə tarı alanda çalğısı ilə gözəl rəvan dərsi tədris edən, mahnını sevdirən müəllimi xatırladırdı. Onun çalğısında bir balans, muğam cütlüyündən kənara çıxmayan kvadratura olub. |
Canəli Əkbərov sənətkarın həyatında ən maraqlı hadisənin erməni tarzəni ilə yarışması olduğunu qeyd etmişdir:
50-ci illər olardı. Erməni tarzəni Bala Merkomyanla onun sənət yarışması olub. Bu yarış üçün erməni tarzəni xüsusi tar bağladıb. O, "Mahur"u, Qurban əmi isə "Bayatı Şiraz"ı çalıb. Qurbanın çalğısına sinə gərmək hər tarzənə qismət olmayıb. O, elə aydın, səlis yumşaq, şirin çalıb ki, həmkarı tarı qoyub, səhnəni tərk edib. |
Canəli Əkbərova ilk dəfə oxuduğu "Çoban bayatısı"nı da tarzənin çalğısı sevdirib. O, qeyd edir ki, bu cazibədə ifanı eşitməsə idi, bəlkə də oxumaq üçün özündə güc tapa bilməzdi:
Qurbanda Cabbar ifasının qüdrəti var idi. O, heç vaxt musiqinin əlifbasından kənara çıxmayıb. Hər zaman xanəndənin yolunu gözləyib. Necə ki, sənət ədəb-ərkanını Cabbarda görüb, o cür də ömrünün sonuna qədər davam etdirib. Onun səhnəyə adi gəlişində, oturuşunda, tarı tutmağında bir şagird nizam-intizamı olub. O, ömrünün sonuna qədər özünü şagird sayıb. |
Qurban Pirimovla 30 il sənət əlaqəsində olan respublikanın əməkdar artisti Firudin Ələkbərovun da tarzənlə bağlı maraqlı xatirələri var. O deyir ki, Qurban əmi muğamlarımızı dərindən bilən sənətkar olub. Qurban əmi tar çalanda mizrabından qığılcım çıxıb:
Onun vaxtında mikrofon az idi. Ancaq heç vaxt mikrofondan istifadə etməzdi. Onun gur çalğısı bütün zala yayılırdı. Mizrabı simlərə vuran kimi bütün zalda əyləşənləri məcbur edirdi ki, ona qulaq assınlar. |
Mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1931
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1929
- "Qırmızı əmək bayrağı" ordeni
- "Şərəf nişanı" ordeni — 17 aprel 1938
Filmoqrafiya
redaktə- Neft və milyonlar səltənətində (film, 1916) (Tammetrajlı Bədii Film) — Tarzən
- Bakılılar (film, 1938)
- Üzeyir ömrü (film, 1981)
- Qızıl fonddan seçmələr (film, 2001)
Mənbə
redaktə- Azərbaycan Milli Konservatoriyası Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine
- "Gərək hər bir tarzənin öz barmaqları olsun" Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 Qurbansız qalan tarım.
- ↑ 1 2 3 4 5 6 "Görkəmli azərbaycanlılar" (PDF). 2019-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-28.
- ↑ 1 2 3 4 5 6 "Qurbansız qalan tarım". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.