Qutbeddin Sirazi - Wikipedia
Qütbəddin Şirazi (1236–1311; farsca:قطبالدین محمود بن مسعود شیرازی) — iranlı, Nəsirəddin Tusinin şagirdi və alim idi[1]
Qütbəddin Şirazi | |
---|---|
Qütbəddin Mahmud Şirazi | |
Doğum tarixi | |
Doğum yeri | Kazerun, İran |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Təbriz, İran |
Elm sahələri | Fəlsəfə, astronomiya, riyaziyyat, din, hüquq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQütbəddin Mahmud ibn Ziyaəddin Məsud ibn Müslih Şirazi 1236-cı ilin oktyabr ayında Kazerunda anadan olmuşdur. Onun atası Ziyaəddin Məsud ibn Müslih Kazəruni Şirazda təbib işləmişdir.[2] Alim ilk təhsilini atasından almış, 1250-ci ildə onun vəfatından sonra təhsilini Şirazda əmisi Kəmaləddin Əbdülxeyr Kazəruninin, Şəmsəddin Kütübinin, Şərəfəddin Zəki ər-Rukşəvinin və dövrünün başqa tanınmış alimlərinin yanında davam etdirmişdir. [3]
Qütbəddin Şirazi 1260-cı (hicri 658-ci) ildə, yaxud 1263-cü (hicri 661-ci) ildə biliyini təkmilləşdirmək üçün Marağaya, Nəsirəddin Tusinin yanına getmişdir. O, Marağa rəsədxanasında çalışmaqla yanaşı, Nəsirəddin Tusidən fəlsəfə, astronomiya və riyaziyyatı mükəmməl öyrənmişdir. Marağada alim kimi böyük nüfuz qazanmışdır.
Qütbəddin Şirazi alim kimi məşhur olmaqla bərabər, siyasi xadim kimi də tanınmışdır. O, XIII əsrin 60-ci illərindən etibarən ictimai-siyasi fəaliyyətə başlamışdır. Filosof Marağada biliyini mükəmməlləşdirdikdən sonra elxanın sərəncamı ilə Xorasana və paytaxtı İsfahan şəhəri olan fars İraqına səfər etmişdir. Burada alimlərin himayəçisi, İsfahan hakimi Bahəddin Məhəmməd Cüveyni ilə tanış olmuşdur. Qütbəddin Şirazi 1268-ci ildə Bağdada getmiş, sonra Kiçik Asiyaya yola düşmüşdür. Orada rəğbətlə qarşılanaraq dövlət işlərində çalışmış, bir müddət Sivas və Malatyada qazi işləmiş, alimlərlə, o cümlədən Cəlaləddin Rumi (1207-1273) və Sədrəddin Konəvi (1210-1274) ilə dostluq etmişdir. Ensiklopedik alimin siyasi fəaliyyəti Əhməd xan Təkudər (1282-1284) zamanında genişlənmişdir. O, Elxanın sərəncamı ilə Misirə məmluk sultanı Mənsur Seyfəddin Kalaunun (1279-1290) yanına səfir göndərilmişdir. Əmisi Kəmaləddin Əbdülxeyr Kazəruni də onunla birlikdə olmuşdur.
Qütbəddin Şirazi Misirdə səfir işləyərkən monqolların diplomatik tapşırıqlarını yerinə yetirərək, monqollar və misirlilər arasındakı münasibətləri yaxşılaşdırır. O, səkkiz il uğurlu siyasi fəaliyyət göstərdikdən sonra Elxanilər dövlətinin o zaman paytaxtı olan Təbrizə qayıdır.[3]
Qütbəddin Şirazi 7 fevral 1311-ci ildə Təbrizdə vəfat etmişdir. Zeynəddin ibn əl-Vərdi (...-1349) filosofun ölümündən təsirlənərək bir mərsiyə yazmışdır. Bu mərsiyədə təəccüblə deyilir ki, elm dəyirmanının oxu (Qütb) qırıldığı halda necə fırlana bilər.[3]
Elmi yaradıcılığı
redaktəQütbəddin Şirazinin yaradıcılığı və elmi fəaliyyəti mənbələrdə geniş işıqlandırılmışdır. Zəngin yaradıcılıq yolu keçmiş ensiklopedik alim fəlsəfə, məntiq, tibb, riyaziyyat, astronomiya, kosmoqrafiya və s. mövzularda qiymətli əsərlər yaratmışdır.
Qütbəddin Şirazi çox gənc ikən İbn Sinanın “Tibb qanunu” (“əl-Qanun fi-t-tibb”) əsərinin ümumi nəzəri hissəsinə - “Külliyyat”a şərh yazmağı planlaşdırır, Sivas və Malatyada qazi işləyəndə də, Misirdə səfir olanda da bu şərh üzərində çalışır. Misirdən qayıtdıqdan sonra əsəri tamamlayan alim onu Əhməd xanın vəziri Məhəmməd Sədəddinə ithaf edir.
Qütbəddin Şirazinin yaradıcılığında “Göy sferalarını bilməkdə idrakın son həddi” (“Nihayət əl-idrak fi dirayət əl-əflak”) kitabı mühüm yer tutur. Kosmoqrafiyaya dair bu əsər İsfahan hakimi Bahaəddin Məhəmməd Cüveyniyə ithaf olunmuş və bütövlükdə 1281-ci (hicri 680-ci) ildə tamamlanmışdır. Bu kitabın çoxlu sayda əlyazma nüsxələri Bağdad, Qahirə, Mosul, İstanbul, Tehran, Berlin, Leyden, London, Mançester, Paris, Oksford, Florensiya, Daşkənd və başqa şəhərlərin kitabxanalarında saxlanılır. Qütbəddin Şirazinin “Şah töhfəsi” (“ət-Tuhfa əş-şahiyyə”) əsəri vəzir Şah Məhəmmədin şərəfinə qələmə alınmış, 1285-ci ildə tamamlanmışdır. Bu əsər “Göy sferalarını bilməkdə idrakın son həddi” kitabının geniş şərhidir. “Şah töhfəsi” əsəri Bağdad, Məşhəd, Berlin, Sankt-Peterburq, London, Oksford, Priston, Florensiya, Rampur, Roma, İstanbul və başqa şəhərlərin kitabxanalarında mövcuddur.
Qütbəddin Şirazinin astronomiyaya dair “Müzəffərəddin üçün seçmələr” (“İxtiyarat-i Müzaffari”) əsəri “Göy sferalarını bilməkdə idrakın son həddi” əsərinin müxtəsər şərhidir. Kitab Müzəffərəddin Bulaku Arslana ithaf edilmişdir.
Qütbəddin Şirazinin yaradıcılığında xüsusi yer tutan fəlsəfəyə dair “Dibaca ən yaxşı tac incisi” (“Dürrə ət-tac li ğürrət əd-Dibac”) traktatı nəzəri və əməli fəlsəfənin bütün qisimlərini əhatə edir. Kitab Qərbi Gilanın hakimi Filşah ibn Rüstəmşah oğlu əmir Dibaca ithaf olunmuşdur. Filosofun fars dilində qələmə aldığı bu əsər təxminən 1293-1305 illər ərzində yazılmışdır.
“Dibaca ən yaxşı tac incisi” traktatı beş hissədən ibarətdir: birinci məntiq, ikinci “ilk fəlsəfə”, üçüncü təbiət elmləri, dördüncü riyazi elmlər, beşinci metafizika və nəticə (din və siyasət məsələləri). Qütbəddin Şirazinin ensiklopedik səciyyə daşıyan bu traktatı yazarkən sələflərinin və müasirlərinin yaradıcılığından geniş istifadə etmişdir.[4]
Mənbələrdə Qütbəddin Şirazinin başqa traktatlarının da adları çəkilir. “Elmlərin tacı” (“Tac əl-ülum”), “Sultani astronomik cədvəl” (“əz-Zic əs-Sultani”), “Mahiyyət fəlsəfəsinin şərhi” (“Şərh Hikmət əl-ayn”), “Kəşşafın şərhi” (“Şərh əl-Kəşşaf”), “Vacib varlığın isbatına dair traktat” (“Risalə fi İsbat əl-vacib”), “İşarələr və qeydlər kitabının şərhi” (“Şərh əl-İşarat”) və başqalarını qeyd etmək mümkündür.
Qütbəddin Şirazinin fəlsəfi görüşlərində həm din, həm peripatetizm, həm də işraqilik motivləri vardır. Bütün bunlardan daha çox isə onun İslam dini dünyagörüşünə mühüm yer verməsi qeyd edilməlidir. Qütbəddin Şirazi dini məsələlərlə də maraqlanmışdır. Onun “Quranın təfsirinə dair Mərhəmətlinin açması” (“Fəth əl-Mənnan fi təfsir əl-Quran”) traktatı təxminən qırx cilddir. Əsərdə Quranın geniş təfsiri verilmişdir.
Məntiq, fəlsəfə və təbiət elmlərini Marağada Nəsirəddin Tusi məktəbində öyrənən mütəfəkkir sonralar Konyada Sədrəddin Konəvidən (1210-1274) və başqalarından dini elmləri – hədis, fiqh və Quranın şərhi üzrə təhsil almışdır. Bu hal onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Qütbəddin Şirazinin təxminən qırx cildlik “Quranın təfsirinə dair Mərhəmətlinin açması” (“Fəth əl-Mənnan fi təfsir əl-Quran”) traktatı və “Quranın çətin məsələlərinə dair” (“Fi müşkilat əl-Quran”) əsəri onun dini məsələlər ilə dərindən məşğul olmasından xəbər verir.[3]
AMEA-nın müxbir üzvü Zakir Məmmədov bu dövrdə Yaxın və Orta Şərq ölkələrində mövcud fikir cərəyanları arasında ideya mübarizəsinə baxmayaraq, bir-birinə yaxınlaşma, qarşılıqlı təsirlənmə hallarının artdığını bildirmişdir. Tədqiqatçı müxtəlif təlimlərin uzlaşdırılmasının XIII əsrin sonlarından etibarən daha artıq dərəcədə nəzərə çarpdığını yazmışdır. Bu hal Qütbəddin Şirazinin dünyagörüşündə daha qabarıq şəkildə özünü göstərir. Bu səbəbdən filosofu ensiklopedik məzmunlu yaradıcılığına görə həm dini, həm də dünyəvi elmlərin nümayəndəsi hesab edir, həm peripatetik, həm də işraqilik təliminin tərəfdarı adlandırırlar.[4] [5]
Zakir Məmmədov Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin, xüsusən onun İşraqilik fəlsəfəsinin Nəsirəddin Tusinin istedadlı şagirdi Qütbəddin Şirazi tərəfindən müfəssəl araşdırıldığını bildirmişdir. İşraqi ədəbiyyatın şah əsəri “İşraq fəlsəfəsi” (“Hikmət əl-işraq”) kitabına Qütbəddin Şirazinin yazdığı şərh xüsusilə qiymətlidir. İranın müxtəlif kitabxanalarında ayrı-ayrı vaxtlarda üzü köçürülmüş məlum yeddi əlyazması nüsxəsi saxlanılan həmin şərh orijinalı ilə birlikdə 1898-ci (1315) ildə Tehranda çapdan çıxmışdır. Cəlaləddin Əbdürrəhman Süyuti (1445-1505) Qütbəddin Şirazinin əsərləri sırasında “Sührəvərdinin sirlər kitabının şərhi” (“Şərh kitab əl-əsrar li-s-Sührəvardi”) traktatının da adını çəkmişdir. 1295-ci ildə tamamlanmış və öz müəllifinə şöhrət qazandırmış bu şərhə Seyid Şərif Cürcani (1339-1413), Mövlana Əbdülkərim (...-1495), Nəcməddin Hacı Mahmud Təbrizi, Sədrəddin Şirazi (...-1640), Molla Hadi Səbzəvari (1798-1878) kimi filosoflar haşiyələr qələmə almışlar.[6][7][8]
Qütbəddin Şirazinin yaradıcılığında məntiq məsələlərinin şərhinə geniş yer verilir. Filosof “Dibaca ən yaxşı tac incisi” ensiklopediyasından əlavə başqa əsərində də bu mövzu üzərində xüsusi dayanmış, məntiqin ayrı-ayrı bəhslərinin müfəssəl təhlilini vermişdir. Onun təlimində məntiqin mövzusu və vəzifələri, anlayış və onun tərifi, hökm və onun tərifi, hökmlərin məna və quruluşa görə bölgüsü, hökmlər arasında münasibətin aydınlaşdırılması məsələləri mühüm yer tutur.[4]
Qütbəddin Şirazi fəlsəfənin yalnız nəzəri hissəsi ilə deyil, əməli hissəsi ilə də maraqlanmış, “Dibaca ən yaxşı tac incisi” traktatında etik-əxlaqi və ictimai-siyasi məsələlərə geniş yer vermişdir.
Böyük Azərbaycan filosofu Nəsirəddin Tusinin istedadlı şagirdi Qütbəddin Mahmud Şirazi ensiklopedik yaradıcılığında dəqiq elmlər sahəsində şöhrət tapmaqla bərabər fəlsəfi elmlər sahəsində də tanınmışdır. Onun varlığa, idraka, məntiqə, habelə ictimai-siyasi və etik-əxlaqi məsələlərə dair baxışları müxtəlif təlimlərin təsiri altında vücuda gəldiyindən sinkretik səciyyə daşımışdır. Filosofun yaradıcılığında peripatetizm aparıcı istiqamət olmuş, onun fəlsəfi dünyagörüşünü müəyyənləşdirmişdir. Qütbəddin Şirazi elmi fəaliyyətində müəllimi Nəsirəddin Tusinin mövqeyindən çıxış etsə də, yaradıcılıq irsi orijinallığı və zənginliyi, ən əsası ensiklopedik səciyyə daşıması ilə xüsusilə diqqəti cəlb edir. [4]
İstinadlar
redaktə- ↑ Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, 2000
- ↑ Zakir Məmmədov. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978
- ↑ 1 2 3 4 Aytək Zakirqızı (Məmmədova). Ensiklopedist alimin layiqli davamçısı. “Elm” qəzeti, 11 oktyabr 2000-ci il
- ↑ 1 2 3 4 Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin fəlsəfi məktəbi. Bakı, Elm, 2011
- ↑ Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994
- ↑ Zakir Məmmədov. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978
- ↑ Zakir Məmmədov. Şirazi Qütbəddin. Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı,1987. səh. 539
- ↑ Zakir Məmmədov. Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü). Bakı, 2009