Oqava Kazuma - Wikipedia
Oqava Kazumasa[a] (小川 一眞?, 29 sentyabr 1860[1][2], Oşi hanı[d], Tokaydo[d] – 6 sentyabr 1929, Hiratsuka[d]) – Yaponiya fotoqrafı və naşiri. Meyci dövrünün ən uğurlu fotoqraflarından biri hesab olunur. Yaponiyada kollotipiyanın qabaqcılıdır. Xaricdə fotoqrafiya təhsili almış ilk yaponlardan biridir. Qərb dünyasında tanınmış və Kral Fotoqrafiya Cəmiyyətinə seçilən ilk yapon fotoqraf olmuşdur. Yaponiya hökumətinin sifarişlərini yerinə yetirmişdir. 1910-cu ildə İmperator İncəsənət Komitəsinə qəbul olunan ilk fotoqraf olmuşdur.
Oqava Kazumasa | |
---|---|
yap. 小川一真 | |
Doğum tarixi | 29 sentyabr 1860[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 6 sentyabr 1929 (68 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | fotoqraf |
Fəaliyyət illəri | 1877–1920 |
Vikianbarda əlaqəli mediafayllar |
Oqava innovativ yanaşması ilə tanınmış, 1892-ci ildə Yaponiyada fotomexaniki üsulla ilk fotonu hazırlamışdır. O, portret və peyzaj fotoqrafiyası ilə məşğul olmuşdur. Yaponiyada ilk kollotipiya mətbəəsini açmış,[5] 300-dən çox kollotipiya nəşr etdirmişdir.[6] O, öz suvenir albomlarını istehsal etmiş və "Bəzi yapon çiçəkləri" və "Tokionun məşhur geyşalarının növləri" kimi kollotipiya kitabları hazırlamışdır.
İlk illəri
redaktəOqava 1860-cı ildə doğulmuşdur. Atası Matsumayra klanına xidmət edən samuray idi. Oqava 1868-ci ildə baş vermiş Boşin müharibəsinə canlı şahidlik etmiş, atası və bacısı ilə birlikdə döyüş meydanında olarkən ayağından yüngül güllə yarası almışdır. Bacısı döyüş meydanında naqinata nizəsi daşıyırdı.[7]
1873-cü ildə memarlıq təhsili almaq üçün Tokioda yerləşən Arima məktəbinə göndərilmişdir. Burada ingilis dilini öyrənməyə başlamışdır. 15 yaşında olanda məktəb dərsliyində fotoqrafiya haqqında şəkillər gördükdən sonra onda bu sahəyə qarşı maraq oyanmış, fotoların necə çəkildiyini öyrənmək istəmişdir. Fotoqrafiya haqqında ingilisdilli kitab əldə etmiş, lakin dil biliyi zəif olduğu üçün özünü inkişaf etdirə bilməmişdir.[7]
Fotoqrafiya
redaktə1877–1888
redaktəOqava ikinci əl kamera almış və köhnə teatr binoklundan əldə etdiyi linza ilə təcrübələr aparmağa başlamışdır. Yerli fotoqraf Yoşivara Hideonun şagirdi olmuş və 6 ay ərzində onunla qalaraq yaş plitə fotoqrafiyası haqqında biliklər əldə etmişdir. 1877-ci ildə Qunma prefekturasının Tomioka şəhərində ilk fotoportret studiyasını açmışdır. Studiya uğur qazanmış və iki il sonra daha yaxşı kamera almışdır.[7] Oqava texniki biliklərini artırmaq üçün Tokioya köçmüş və amerikalı missioner Ceyms Balla tərəfindən idarə olunan ingilis məktəbində bir il təhsil almışdır. Nəticədən narazı qalaraq fotoqrafiyanı daha yaxşı öyrənmək üçün Amerikaya səyahət etməyə qərar vermişdir.[8]
Tokioda tanış olduğu fotoqraf Futami Asakumanın dəstəyi[9] ilə ABŞ-yə məxsus "Swatara" freqatında dənizçi kimi işə düzəlmiş və 26 iyul 1882-ci ildə yola düşmüşdür. O, gəmidə 6 ay işlədikdən sonra Vaşinqtonda enməyə qərar vermişdir. Növbəti 15 ay ərzində fotoqrafiya və çap texnologiyalarını sistematik şəkildə öyrənmişdir.[8] Boston şəhərində Ernest Ferdinand Ritsin studiyasında quru plitə fotoqrafiyası, "Allen Lowell" şirkətində karbon çapı və quru plitə istehsalı, "Albert Type" şirkətində kollotipiya haqqında biliklər əldə etmişdir.[9] Filadelfiyaya köçərək quru plitə fotoqrafiyasını öyrənməyə davam etmişdir.[8] ABŞ-də yaşadığı müddətdə Yaponiyaya quru plitələr və ABŞ fotoqrafiyası haqqında hesabatlar göndərmişdir.[9] 1884-cü ilin yanvarında Yaponiyaya qayıtmışdır. ABŞ-də tanış olduğu Okabe Naqamotonun dəstəyi ilə 1885-ci ildə Tokioda "Qyokucunkan" adlı fotostudiya açmışdır.[8][9]
Oqava 1885-ci ildə Yaponiya Ordusunun Fotoqrafiya Bölməsinin nəzdində olan Torpaq Tədqiqatı Şöbəsinin təlimatçısı təyin olunmuşdur.[9] 1886-cı ildə Uenoda keçirilən Milli Sərginin komitə üzvlüyünə seçilmişdir.[10] 1888-ci ildə Kacima Seybeyin dəstəyi ilə Tsukici Quru Plitə İstehsalı Fabrikini qurmuşdur.[5][11] 1887 və 1896-cı illərdə günəş tutulmasını müşahidə etmək üçün Şirakavaya gələn və astronom Devid Pek Toddun rəhbərlik etdiyi ABŞ ekspedisiyasını müşayiət etməklə vəzifələndirilmişdir. Oqava ekspedisiya zamanı aynuların və şimali Hokkaydonun fotolarını çəkmişdir.[8] O, 1880-ci illərin sonunda hökumətdən bir sıra tapşırıqlar almağa davam etmişdir. Şahzadə Yoşihitonun fotoportretini çəkmişdir. 1888-ci ilin mayında əsas imperator kitabxanaçısı Kuki Ryuiçinin tarixi Kinki regionu səfərində iştirak etmiş, regionun əhəmiyyətli memarlıq abidələrinin, heykəllərinin və rəsmlərinin fotolarını çəkmişdir. 1888-ci ilin sentyabrında amerikalı incəsənət tarixçisi Ernest Fenollosanın Nikko səfərində iştirak etmiş, regionun incəsənətini əks etdirən fotolar hazırlamışdır. Oqava 1880-ci illərin sonunda 100-dən çox stereomənzərə seriyası təqdim etmişdir.[10]
1889–1929
redaktəOqava 1889-cu ilin fevralında "Shashin Shimpo" fotoqrafiya jurnalını təsis etmiş və jurnalın redaktoru olmuşdur. Bu, 1882-ci ildə onun iştirakı ilə təsis olunan jurnalın davamçısı idi. O, 1894-cü ilə qədər jurnalı redakə etməyə davam etmişdir. 1889-cu ilin mayında Yaponiya Fotoqrafiya Cəmiyyətinin qurucu üzvlərindən biri olmuşdur. Cəmiyyətin 12 dekabr 1889-cu ildə keçirilmiş görüşündə öz nəhəng kamerasını və tripodunu təqdim etmişdir. 1889-cu ildə kollotipiya nəşri ilə məşğul olan "Ogawa Shashin Seihanjo" şirkətini təsis etmişdir. Öz kollotipiya prosesini ilk dəfə Yaponiya Fotoqrafiya Cəmiyyətinin 27 sentyabr 1889-cu ildə baş tutmuş görüşündə nümayiş etdirmişdir. Həmin il incəsənətə həsr olunmuş, kollotipiya haqqında yazılarla başlayan "Kokka" jurnalını da təsis etmişdir.[10] Fotoqraf Enami Tamotsuya müəllimlik etmişdir.[12]
1890-cı ildə Uenoda keçirilmiş III Milli Sənaye Sərgisinin mükafatını qazanmışdır. 1891-ci ilin iyulunda Asakusa bölgəsində Ryounkaku göydələninin açılışı münasibətilə Şimbaşi və Yoşivara məhəllələrində yaşayan tanınmış geyşaları əks etdirən 100 fotoportretini nümayiş etdirmişdir. Ziyarətçilər səsvermədə iştirak edərək ən bəyəndikləri geyşanı seçməyə dəvət olunmuşdur. Oqava 1891-ci ilin oktyabrında seysmoloq Con Miln və dostu Vilyam Börton ilə birlikdə Böyük Gifu zəlzələsinin fotolarını çəkmişdir. 1892-ci ildə bu zəlzələnin fotolarından ibarət kitab nəşr etdirmişdir.[10] 1893-cü ildə ABŞ-yə ikinci səfərini gerçəkləşdirərək Çikaqo Dünya Sərgisində iştirak etmişdir.[6] 1894-cü ildə mis lövhə nəşri ilə məşğul olmuşdur.[5] 1895-ci ildə Britaniyanın Kral Fotoqrafiya Cəmiyyətinə seçilən ilk yapon olmuşdur. 1900-cü ildə Çinə gedərək Boksçular üsyanının fotolarını çəkmişdir. Pekində olanda şəhərin memarlıq abidələrinin fotolarının çəkilməsində iştirak etmiş və fotolarını "Saray binasının fotoları" (Şinkoku Pekin koco şaşinço) adı ilə nəşr etdirmişdir.[6] 1905-ci ilin aprelində Ueno parkında Rus-yapon müharibəsini əks etdirən fotolardan ibarət sərgi keçirmişdir. 1909-cu ildə Tokio Fotoqraflar Birliyinin ilk sədri seçilmişdir.[13] 1910-cu ilin oktyabrında İmperator İncəsənət Komitəsinə qəbul olunan ilk fotoqraf olmuşdur. 1912-ci ildə Tokio Təsviri İncəsənət Məktəbində fotoqrafiya şöbəsinin yaradılmasında iştirak etmişdir. Həmin ilin sentyabrında İmperator Meycinin dəfn mərasiminin fotolarını çəkmişdir. 1915-ci ilin iyununda Maruki Riyo ilə birlikdə İmperator Tayşonun fotosunu çəkmişdir.[6]
Qalereya
redaktəQeydlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Kazuma Ogawa // Google Arts & Culture. 2011.
- ↑ 1 2 Kazumasa Ogawa // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
- ↑ RKDartists (nid.).
- ↑ Bennett. səh. 302
- ↑ 1 2 3 Tucker. səh. 356
- ↑ 1 2 3 4 Bennett. səh. 216
- ↑ 1 2 3 Bennett. səh. 210
- ↑ 1 2 3 4 5 Bennett. səh. 211
- ↑ 1 2 3 4 5 Tucker. səh. 34
- ↑ 1 2 3 4 Bennett. səh. 212
- ↑ Tucker. səh. 346
- ↑ Bennett. səh. 315
- ↑ Tucker. səh. 317
Ədəbiyyat
redaktə- Bennett, Terry. Photography in Japan: 1853–1912 (ingiliscə). Tuttle Publishing. 2006. 210–216. ISBN 0-8048-3633-7. İstifadə tarixi: 12 dekabr 2024.
- Tucker, Anne; Iizawa, Kōtarō; Friis-Hansen, Dana; Ryuichi, Kaneko; Kinoshita, Naoyuki; Joe, Takeba. The History of Japanese Photography (ingiliscə). Yale University Press. 1 yanvar 2003. səh. 356. ISBN 9780300099256. İstifadə tarixi: 12 dekabr 2024.