Shashin Shimpo - Wikipedia
"Shashin Shimpo"[a] (写真新報?, hərf. Fotoqrafiya xəbərləri) – 1882–1940-cı illərdə (fasilələrlə) Yaponiyada nəşr olunmuş aylıq fotoqrafiya jurnalı. 1890-cı illərdə Şərqi Asiyanın ilk, Yaponiyanın isə yeganə fotoqrafiya jurnalı idi.[1]
Shashin Shimpo | |
---|---|
写真新報 | |
Növ | fotoqrafiya |
Dövrilik | aylıq |
Təsisçi |
Fukasava Yokitsu (1882 və 1896) Oqava Kazumasa (1889) |
Təsis tarixi | sentyabr 1882 |
Nəşrini dayandırıb | dekabr 1940 |
Ölkə | |
Qərargah | |
Dil | yapon dili |
Tarixi
redaktə"Shashin Shimpo" 1882-ci ildə Fukasava Yokitsu tərəfindən təsis olunmuşdur. Jurnalın təsisçi nəşriyyatı Tokioda yerləşən "Choyosha" nəşriyyatı idi. "Shashin Shimpo" 1874-cü ildə Yaponiyanın ilk fotoqrafiya jurnalı kimi yaradılmış, cəmi 3 sayı nəşr olunmuş "Datsuei yawa" (hərf. Fotoqrafiya hekayələri) jurnalının, eləcə də, həmin jurnalın xələfi olan, 1880–1881-ci ildə 7 sayı nəşr olunmuş "Shashin Zasshi" (hərf. Fotoqrafiya jurnalı) jurnalının davamçısı kimi yaradılmışdır. Fukasava Yokitsu hər iki jurnalın redaktəsində iştirak etmişdi.[2]
Jurnalın ilk sayı 1882-ci ilin sentyabrında nəşr olunmuşdur. ABŞ-də yaşayan fotoqraf Oqava Kazumasa ABŞ fotoqrafiyası haqqında hesabatlarını bu jurnala göndərirdi. 18 sayı nəşr olunduqdan sonra jurnal 1884-cü ilin sentyabrında fəaliyyətini dayandırmışdır. Oqava Yaponiyaya qayıtdıqdan sonra 1889-cu ildə jurnalı yenidən təsis etmiş və redaktoru olmuşdur. Bu dəfə "Hakubundo Shoten" nəşriyyatı tərəfindən nəşr olunan jurnalın ilk sayı 1889-cu ilin fevralında işıq üzü görmüşdür. Fotoqrafiya avadanlıqlarının tədarükü ilə məşğul olan "Asanuma Shōkai" şirkəti jurnalın distrubüteri idi.[2] Oqava 1894-cü ilə qədər jurnalı redakə etməyə davam etmişdir.[1] Jurnal 1896-cı ilin sentyabrında fəaliyyətini dayandırsa da, 2 ay sonra – dekabrda Fukasava Yokitsu və "Shashin Shimposha" nəşriyyatı tərəfindən fəaliyyəti bərpa olunmuşdur.[2] 1916-cı ilin iyulunda Tokio Təsviri İncəsənət Məktəbinin professoru Mori Yoşitaro jurnalın baş redaktoru olmuşdur.[3] Jurnal 1940-cı ilin dekabrına qədər nəşr olunmuşdur. Yaponiya ordusunun jurnal və qəzetləri konsolidasiya etmə siyasəti nəticəsində bağlanmışdır.[2]
Xüsusiyyətlər
redaktə"Shashin Shimpo" Yaponiyada həvəskar fotoqraflar üçün əsas informasiya mənbəyi idi. Jurnalda universitet professorlarının yazıları və xarici nəşrlərin tərcümələri çap olunurdu.[2] 1889-cu ilin aprelində Asay Çunun "Fotoqrafiyada kompozisiya" (Şaşin no içi) essesi, 1893-cü ilin mayında Şimooka Renconun avtobioqrafiyası "Fotoqrafiya hekayəsi" (Şaşin cireki) jurnalda serializasiya olunmağa başlamışdır.[4] Oxucuları arasında Yaponiya Fotoqrafiya Cəmiyyətinin üzvləri var idi.[2] Üzvlərin çəkdikləri fotolar "Shashin Shimpo" jurnalında nəşr olunurdu.[5]
Qeydlər
redaktə- ↑ "Photographic News" başlığından da istifadə olunub.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Tucker, Anne; Iizawa, Kōtarō; Friis-Hansen, Dana; Ryuichi, Kaneko; Kinoshita, Naoyuki; Joe, Takeba. The History of Japanese Photography (ingiliscə). Yale University Press. 1 yanvar 2003. səh. 378. ISBN 9780300099256. İstifadə tarixi: 13 dekabr 2024.
Xarici keçidlər
redaktə- "A photographic publication for Japan" ("British Journal of Photography", 1889).