Mirze Bala Memmedzade - Wikipedia
Mirzə Bala Məmmədzadə (13 avqust 1898, Zirə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 8 mart 1959, İstanbul, Türkiyə) ― publisist, tərcüməçi, dramaturq, ictimai xadim. Müsavat Partiyasının ikinci başqanı.
Mirzə Bala Məmmədzadə | |
---|---|
türk. Mirzabala Memmedzadeh | |
7 mart 1955 – 8 mart 1959 | |
Əvvəlki | Məhəmməd Əmin Rəsulzadə |
Sonrakı | Kərim Odər |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 avqust 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 8 mart 1959 (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | yazıçı, jurnalist, siyasətçi, tarixçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMirzə Bala Məmmədzadə 1898-ci il avqustun 13-də Abşeronun Zirə kəndində balıqçı ailəsində anadan olmuşdur.[1][2] Atası ailəsini dolandırmaq üçün əsrin əvvəllərində Bakıya köçərək, şəhərin Çəmbərəkənd adlanan hissəsində məskunlaşmışdır. Uşaqlığı Bakıda Çəmbərəkənddə keçmişdir. 7-ci "rus-tatar" məktəbini (1914), 3-cü ali ibtidai məktəbi bitirdikdən sonra təhsilini Bakı texniki sənaye məktəbində davam etdirmişdir. Ədəbi yaradıcılığa təhsil illərində başlamış, 1912-ci ildə İsa bəy Aşurbəyovun "Kaspi" mətbəəsində "Nəfi-elm və yaxud elmin sonu" adlı kitabı çap olunmuşdur[3]. "Məhəmmədiyyə" dərnəyində qabaqcıl fikirli ziyalılarla yaxından tanış olması onun dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir. 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadənin nəşr etdirdiyi "Açıq söz" qəzetinə ara-sıra məqalələr yazan Mirzəbala Məmmədzadə, sonradan həmin qəzetin işində fəal iştirak etmişdir.[4] Eyni zamanda, həftəlik "Bəsirət" jurnalının baş redaktoru olmuşdur.[5]
Fəaliyyəti
redaktə1917-ci il fevral inqilabından sonra açıq siyasi fəaliyyətə qoşulmuş, "Müsavat" partiyası sıralarına daxil olmuşdur. Məqalələrinin birində o, gəncliyə müraciətlə yazırdı:
Bu gün Kəbeyi-müqəddəsiniz olan vətəninizi azad ediniz... Sizi bir insan olaraq vətən yaşadar. Sizin diliniz, sizin irz və namusunuz yenə vətəniniz içində səlamət qala bilər
"Açıq söz", 4 yanvar, 1918. |
Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal sonra M. B. Məmmədzadə "Müsavat" partiyası nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı "Gənclər yurdu" (1918, iyun-noyabr) jurnalının redaktoru (T. F. Hacızadə ilə birgə) olmuşdur. Həmin dövrdə Mirzə Balanın Tiflisdə "İki inqilab arasında" adlı risaləsi də çap edilmişdi. Kitabçada 1905–1917-ci illər arasında Azərbaycanda mətbuat, maarif, ədəbiyyat, teatr, din və qadın məsələləri tarixinə ümumi nəzər salınırdı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində stenoqrafçı işləyən M. B. Məmmədzadə 1919-cu ilin oktyabrında "Müsavat" partiyası Bakı Komitəsinin üzvü seçilmişdi. Həmin ilin sentyabrında Azərbaycan Dövlət Teatrında onun 1918-ci il mart soyqırımıdan bəhs edən "Bakı uğrunda mübarizə" pyesi tamaşaya qoyulmuşdu.[6]
Aprel işğalından sonra fəaliyyəti
redaktəAprel işğalından sonra M. B. Məmmədzadə Bakıda Gizli Müsavatın Mərkəzi Komitəsinin sədri olmuş, 1923-cü ilə qədər onun orqanı "İstiqlal" qəzetini nəşr etdirmişdir. Həmin dövrdə Azərbaycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçi və orta məktəbdə müəllim işləyən M. B. Məmmədzadə mətbuatla da əlaqəsini üzməmiş, "Yeni yıldız" jurnalında Azərbaycan tarixinə dair silsilə məqalələr dərc etdirmiş, 1922-ci ildə Bakıda "Azərbaycan türk mətbuatı" adlı kitabı nəşr olunmuşdur. 1923-cü ilin iyulunda "İstiqlal" qəzeti mətbəəsinin yeri hökumət orqanları tərəfindən aşkar edildikdən sonra gizli Müsavat təşkilatının üzvləri həbs olunduqda M. B. Məmmədzadə həbsdən yayına bilmiş, həbs olunanların bir qrupunun sovet hakimiyyətini müdafiə etmələri barədə verdikləri bəyanatın əleyhinə vərəqələr yaymışdır.
1924-cü il yazın axırına qədər gizli fəaliyyət göstərən M. B. Məmmədzadə mayda İranın Ənzəli şəhərinə gedərək, buradakı mühacirlərin fəaliyyətinə başçılıq etmişdir. Bir müddət Təbrizdə yaşayan, sonra isə Sulduz şəhəri ətrafında şose yolu çəkilişində mühəndis-texnik işləyən M. B. Məmmədzadə İstanbulda Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə nəşr olunan "Yeni Qafqaziya" jurnalma məqalələr göndərmişdir. Bolşevizmin, sovet ideologiyası və rejiminin, partiya-sovet aparatının tərkib hissəsi kimi bolşevik mətbuatının ifşası M. B. Məmmədzadənin bu dövr publisistikasının əsas mövzularından idi. M. B. Məmmədzadə 1927-ci ildə İstanbula köçmüş, elə həmin il İstanbulda onun "Azərbaycan misaqi-millisi: 28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili", "Ermənilər və İran" kitabları çap olunmuşdur. Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə çıxan "Azəri türk" (1928–31) və "Odlu yurd" (1929–31) jurnalları, habelə "Azərbaycan yurd bilgisi" jurnalı ilə də yaxından əməkdaşlıq etmişdir. "Azəri türk" və "Odlu yurd" jurnallarının əsas yazarlarından olan Mirzə Balanın "Fətəli xan Xoyski", "Doktor Həsən bəy" adlı məqalələri Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərini səciyyələndirmək baxımından çox qiymətlidir. "Solovkidən gələn səslər" məqaləsində Rusiyanın 9 ayı qış olan Solovki adalarına — "təbiətin bu qorxunc sekasına", "kommunizm zindanlarına sürülmüş Azərbaycan istiqlal mücahidlərinin dəhşətli işgəncələrə məruz qalmalarına baxmayaraq, yenilmədiklərindən, amansız şəraitdə belə "İstiqlal" marşını oxumalarından bəhs edilir. M. Məmmədzadənin "Bolşevizm və türkçülük", "Azərbaycan və bolşeviklər", "Mədəniləşdirmə ünvanı altında ruslaşdırma", "Kommunistlər və istila", "On illik istismar", "Rusiya əsarətində türk Bakı", "Sovet Azerbaycanında―Hürriyyəti-mətbuat", "Yeni türk əlifbası və bolşevik mətbuatı" və s. məqalələrində bolşevizmin iç üzü açılır, sovet hakimiyyətinin antimilli siyasəti ifşa olunur. M. B. Məmmədzadə mühacirət illərində İstanbul Universitetinin hüquq fakültəsini bitirmişdir.
1931-ci ildə Sovet İttifaqının tələbi ilə Türkiyə hökuməti Müsavatın xarici bürosunun Türkiyədə fəaliyyətini qadağan etdikdən sonra, Məhəmməd Əmin Rəsulzadə və onun digər silahdaşları ilə birlikdə M. B. Məmmədzadə də İstanbulu tərk edərək Varşavaya köçdü. Bu dövrdə onun Berlində Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşr olunan "İstiqlal" (1932–34) qəzetində və "Qurtuluş" (1934–38) jurnalında Azərbaycanın istiqlalı probleminə aid xeyli məqaləsi çap olunmuşdur. M. B. Məmmədzadə "Milli Azərbaycan "Müsavat" xalq firqəsi"nin 1936-cı ildə Varşavada keçirilmiş konfransında yaxından iştirak etmişdir.[7] "Müsavat" partiyasının nəşr etdiyi bülletenlərdə rus müstəmləkə üsuli-idarəsini ifşa edən xeyli məqaləsi dərc olunmuş, Polşada keçirilən bir neçə elmi konfransda məruzə ilə çıxış etmişdir. 1938-ci ildə Berlində "Qurtuluş" jurnalı mətbəəsində Mirzə Bala Məmmədzadənin "Milli Azərbaycan hərəkatı"[8], "Müsavat" xalq firqəsinin tarixi" adlı kitabı çapdan çıxmışdır.
İkinci Dünya müharibəsinin başlanması və Polşanın Almaniya tərəfindən işğalı ilə əlaqədar yenidən İstanbula köçən M. B. Məmmədzadənin "Milliyyət" və "Cümhuriyyət" qəzetlərində, "Türk ensiklopediyası"nda, "İslam ensiklopediyası"nda və digər nəşrlərdə Azərbaycan tarixinə dair çoxlu məqaləsi dərc edilmişdir. 1949-cu ildə M. B. Məmmədzadənin yaxından iştirakı ilə Ankarada "Azərbaycan Kültür Dərnəyi"nin əsası qoyulmuş, 1951-ci ildə "Azərbaycan tarixində türk Albaniya" adlı əsəri həmin dərnək tərəfindən çap olunmuşdur. 1952-ci ildən Ankarada onun "Azərbaycan Kültür Dərnəyi"nin "Azərbaycan" jurnalında da Azərbaycan tarixi ilə bağlı çox saylı məqaləsi dərc edilmişdir. O, 1954-cü ildən Münhendəki SSRİ-ni öyrənən institutda çalışmış, burada iki il elmi şuranın sədri, iki il isə sədr müavini vəzifəsini icra etmişdi. Türkiyənin bir çox qəzet və jurnallarında da onun SSRİ-dəki totalitar rejimi kəskin tənqid edən məqalələri dərc olunmuşdur. Onun "Proletar ədəbiyyatı milliyyətçi ədəbiyyatın vahid cəbhəsi qarşısında", "Ədəbi hakimiyyət qovğası", "Azəri türk ədəbiyyatının dünəni və bu günü", "Müasir Azərbaycan şairləri", "Romantik və realist cərəyanlarını mücadiləsi", "Milli dil və milli kültür", "Cəfər Cabbarlı", "Mirzə Ələkbər Sabir", "Sovet dil siyasətinin bugünkü səhifəsi", "Dədə Qorqud", "Milli dastanlarımıza dair" və s. məqalələrində ədəbiyyatımızın dünəni və bu günü ilə bağlı mülahizələr irəli sürülür, Azərbaycanda yeridilən ruslaşdırma siyasətinin (dil, mədəniyyət, ədəbiyyat və s. sahələrdə) mahiyyəti aşkarlanmır. M. B. Məmmədzadənin "Mirzə Bala", "Nuhoğlu", "A. Kut", "M. M. Məmmədzadə", "M. B. Daşdəmir" və "Əli Kutluk" imzaları ilə 2000-dən çox məqaləsi vardır. Məhəmməd Əmin Rəsulzadənin vəfatından (1955) sonra "Müsavat" partiyasına və Azərbaycan Milli Mərkəzinə M. B. Məmmədzadə rəhbərlik etmişdir.[9]
Visbaden konfransına münasibəti
redaktə"Azərbaycan Kültür Dərnəyi"nin "Azərbaycan" jurnalında Mirzə Bala Məmmədzadənin "Qafqaz ölkələri istiqlal elanın 40-cı ildönümü münasibətilə" adlı iri həcmli məqaləsi Qafqaz problemini, bu regionun beynəlxalq aləmdə yerini və rolunu düzgün dəyərləndirmək baxımından əhəmiyyətlidir. Visbaden konfransında (1951) siyasi mühacirətin görkəmli nümayəndələri Ceyhun bəy Hacıbəyli, Əkbər ağa Şeyxülislamov və İsmayıl Əkbərin "Vahid antibolşevik cəbhə" yaradılması haqqında Rusiya mühacirət təşkilatları ilə müştərək bəyannamə imzalamaları Azərbaycan mühacirət təşkilatlarının ciddi narazılığına səbəb oldu. M. B. Məmmədzadənin "Qafqasya" jurnalında çıxan (1952, avqust, № 13,) "Milli İstiqlal davamızın bugünkü səhifəsi" adlı yazısı bir tərəfdən, məqsədi "vahid və bölünməz Rusiya qurmaqdan" ibarət olan rus siyasi mühacirlərinin niyyətlərinin iç üzünü ifşa edirsə, digər tərəfdən, Visbaden konfransına qatılan qeyri-rus, o cümlədən Azərbaycan mühacirlərinin yanlış mövqelərini tənqid edirdi. Mirzə Bala bu qənaətdə idi ki, "Milli İstiqlal davamızı ruslarla bir bazarlıq mövzusu halına gətirmək rus imperialistlərinin qayə və əməllərini asanlaşdırmağa yarayır". Məmmədzadə "Hər şeydən öncə milli istiqlal" məqaləsində Rusiya mühacir təşkilatlarının fəaliyyətini əlaqələndirən və maliyyələşdirən, Visbaden konfransını təşkil edən Amerika Komitəsini "Sovetlərdəki millətlərin istiqlal haqqını şübhə altına aldığına" görə ciddi tənqid edirdi. Qafqaz İstiqlal Komitəsinin orqanı olan "Birləşik Qafqasya" jurnalında dərc etdirdiyi məqaləsində Qafqaz xalqlarının istiqlal mübarizəsi tarixini və yolunu işıqlandıran M. B. Məmmədzadə SSRİ-dəki qeyri-rusların istiqlal haqqını tanımaq istəməyən rus mühacirlərini, habelə, sovet rejimini, kommunist ideologiyasını tənqid edir, ədəbi, mədəni həyatla bağlı məsələlərə toxunurdu.[9]
Ölümü
redaktə8 mart 1959-cu ildə İstanbulda ürək xəstəliyindən vəfat etmişdir. Qaracaəhməd məzarlığında dəfn edilmişdir.[10]
İstinadlar
redaktə- ↑ Mirzəbala Məhəmmədzadə. Azərbaycan türk mətbuatı. Bakı: Çapar yayınları. 2022. səh. 3.
- ↑ "MİRZƏBALA MƏMMƏDZADƏ - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi". diaspor.gov.az. 2018-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-18.
- ↑ Bədirxan Əhmədli. Azərbaycan mühacirət ədəbiyyatı. Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 258. 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 60. ISBN 978-9952-5661-5-4.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 195
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 196
- ↑ Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 64. ISBN 978-9952-5661-5-4.
- ↑ Nikpur Cabbarlı. Azərbaycan mühacirət nəsri (PDF). Bakı: Elm və təhsil nəşriyyatı. 2011. səh. 16. ISBN 978-9952-8142-4-8. 2021-04-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-08.
- ↑ 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 197
- ↑ Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 65. ISBN 978-9952-5661-5-4.
Ədəbiyyat
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), Bakı: 1998;
- Vaqif Sultanlı. Azərbaycan mühacirət ədəbiyyatı, Bakı: Şirvannəşr, 1998;
- Abid Tahirli. Azərbaycan mühacirət mətbuatı, 2 cilldə, II c., Bakı: 2003;
- Afgan Veliyev. Azerbaycan siyasi dÜşünce tarihi ve Mirza Bala Mehmetzade, İstanbul: Doğu kütüphanesi, 2006;
- Vaqif Sultanlı. Azerbaycan Mühaceret Edebiyatı, İstanbul: Avrupa Yakası Yayınları, 2007
- Asif Rüstəmli. Zirədən başlanan yol, Bakı: "Gənclik" nəşriyyatı, 2018
- Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi, Bakı: "Nurlar" nəşriyyatı, 2019