Mir Mehdi Xan - Wikipedia
Mirmehdi xan —1747-ci ildən 1752-ci ilə qədər hakimiyyətdə olmuş ilk İrəvan xanlığı xanı.[1] O, hakimiyyətə Nadir şahın ölümündən sonra gəlmişdir. Lakin bəzi mənbələrdə onun hələ Nadir şahın sağlığında da İrəvanın hakimi olduğu yazılmaqdadır.[2] Mir Mehdi xan mənşəcə Azərbaycan türklərinin Əfşar boyunun Qasımlı tirəsindəndir.[3][4][5]
Mirmehdi xan Qasımlı-Əfşar | |
---|---|
İrəvan xanlığının I xanı | |
1747 – 1752 | |
Sonrakı | Xəlil xan Özbək |
Şəxsi məlumatlar | |
Fəaliyyəti | hərbi lider[d] |
Ailəsi | Əfşarlar sülaləsi |
Dini | islam |
Həyatı
redaktə19-u iyuldan 20-ə keçən gecə Nadir şahın öldürülməsindən sonra onun imperiyasında böyük qarışıqlıq dövrü başladı və taxt uğrunda müxtəlif iddialar səsləndirildi. Bu qarışıqlığın sonunda Nadir şahın qardaşının oğlu Əliqulu xan Adil şah adı altında özünü şah elan etdi.[5] Lakin bu yeni şah feodal xanlıqların formalaşmasının qarşısını ala bilmədi.
Bu zaman Təbrizin hakimi Əmiraslan xan Əfşar generallarından biri olan Mir Mehdi xan Əfşarı İrəvandakı üsyanı yatırmaq üçün göndərdi.[3] Lakin sonda Mir Mehdi xan üsyançılarla razılığa gəlib üsyana qatıldı və ona rəhbərlik etməyə başladı.[6] O, ətrafına Əfşar döyüşçülərini də qataraq təxminən 30 min nəfərlik ordu düzəltdi və Əmiraslan xana qarşı çıxdı. Birləşmiş ordu Urmiyaya hücum edib oradakı xan xəzinəsini ələ keçirdi və öz aralarında böldü.[5] Bundan qısa müddət sonra qardaşı Adil şahı devirərək onun yerinə keçən İbrahim şah Əmiraslan xanı məğlub etdi və onu öldürdü.
Öz xanlığının sərhədlərini genişləndirmə siyasəti yürüdən Mir Mehdi xan 1748-ci ildə yenidən Urmiyaya hücum etdi.[2] Urmiya xanı Fətəli xan məğlub oldu və gəlinən razılığa görə öz xanlığının ərazisindən bəzi yerləri Mir Mehdi xana güzəştə getməyə məcbur oldu.
P. Butkov yazır ki, İrəvan və Gəncədən olan ermənilər 1749-cu il avqustun əvvəllərində çarın yanına gələrək çar Teymuraza tabe olacaqlarını və beş min rubl məbləğində vergi verəcəklərini vəd etmişdilər.[2] Bundan qısa müddət sonra isə, 1749-cu ilin yayında isə İrəvan xanlığı özü Qarabağ xanı Pənahəli xanın 4 min nəfərlik ordusunun hücumuna məruz qaldı. Pənahəli xan İrəvan xanlığının sərhədlərini keçdi və Üçmüədzin bölgəsinə yollandı. Bu zaman gürcü kralı II İrakli də bölgəyə ordu göndərdi və onlara Qarabağ ordusu ilə döyüşməyi əmr etdi. Pənahəli xan məğlub olub geri çəkilməyə məcbur oldu.[7]
Mir Mehdi xan xanlıqda yaşayan az sayıda erməniləri gizli şəkildə Kartli-Kaxeti çarı ilə əlaqədə olduqlarına görə cəzalandırmaq qərarına gəldi. Bunu bəhanə edən Kaxeti kralı II Teymuraz 1749-cu ilin sentyabrında 25 minlik güclü ordu ilə İrəvan üzərinə yürüş etdi. Müqavimət göstərə bilməyən Mir Mehdi xan Teymurazla sülh bağladı. 22 noyabrda gürcü ordusu xanlığı tərk edib geri döndü.[8]
1751-ci ildə Urmiya xanı Fətəli xan öz müttəfiqi Azad xan Əfqanı İrəvan üzərinə göndərdi. Gürcü hökmdarı II İraklidən yardım istəyən Mir Mehdi xanın çağırışına gürcü hökmdarı Qazax və Borçalı tayfalarını göndərdi. Baş vermiş döyüşdə Mir Mehdi qələbə qazandı və urmiyalılar geri çəkildilər.[9]
Xanlıqda Mir Mehdi xanın mövqeyinin zəifləməsindən istifadə edən Fətəli xan İrəvanı tamamilə ələ keçirmək istəyirdi. Azad xanın rəhbərliyində 30 minlik güclü ordu İrəvana göndərdildi və İrəvan qalasını mühasirəyə aldı. Gürcü kralı öz müttəfiqinin yardımına gəlməyə çalışsa da, baş vermiş döyüşdə darmadağın edildi.[6] Beləliklə, Mir Mehdi xan hakimiyyətdən endirildi və Xəlil xan Özbək 1752-ci ildə İrəvan xanlığının xanı təyin edildi.[10][6][11]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "İrəvan xanlığı". www.ens.az. 21 fevral 2019. 2022-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
- ↑ 1 2 3 Qaliboğlu, 2020. səh. 13
- ↑ 1 2 Çingizoğlu, 2008
- ↑ "Mirmehdi xan Qasımlı-Əfşar". www.wikimedia.az-az.nina.az. avqust 2021. 2023-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
- ↑ 1 2 3 Mirzəyev, 2016. səh. 222-230
- ↑ 1 2 3 Mirzəyev, 2016. səh. 228-229
- ↑ Cavanşir, 1959
- ↑ Tarix İnstitutu, 2010. səh. 172
- ↑ Qarayev, 2016. səh. 57–58
- ↑ Qarayev, 2016. səh. 52
- ↑ Tarix İnstitutu, 2010. səh. 52
Mənbə
redaktə- Elçin Qaliboğlu. İrəvan xanlığının ərazisində yaşayan ermənilərin xəyanətkarlığı. Xalq Cəbhəsi. 2020.
- Rafiq Mirzəyev. İrəvan xanlığının yaranması (PDF). Bakı: “Sivilizasiya” jurnalı 2016.№1. 2016.
- A. A. Bakıxanov adına Tarix İnstitutu. İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı. 2010. ISBN 978-9952-8134-0-1.
- Elçin Qarayev. Azərbaycanın İrəvan bölgəsinin tarixindən: XVII yüzilliyin sonu - XIX yüzilliyin ortalarında. Bakı. 2016. 544.
- Mirzə Camal Cavanşir. Tarix-e Qarabağ. Bakı. 1959.
- Ənvər Çingizoğlu və Aydın Avşar. . Bakı: Şuşa. 2008.