Masalli Rayonu - Wikipedia
Bu məqalə Masallı rayonu haqqındadır. Masallı şəhəri üçün Masallı səhifəsinə baxın. |
Masallı rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Masallı şəhəridir.
Rayon | |
Masallı | |
---|---|
39°02′ şm. e. 48°39′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Lənkəran-Astara |
İnzibati mərkəz | Masallı |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 721 km² |
Hündürlük | 917 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 225 800(2022)[1] nəfər |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-MAS |
Telefon kodu | 994 25 |
Poçt indeksi | AZ4400 |
Avtomobil nömrəsi | 44 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Masallı rayonu Lənkəran ovalığı və qismən Talış dağlarında cəmlənmişdir.
İnzibati-ərazi bölgüsü
redaktəƏhalinin orta sıxlığı — 158 nəfər kv/km. Ən böyük kəndləri: Boradigah, Ərkivan (artıq qəsəbədir), Mahmudavar və Qızılağacdır.
Tarixi
redaktəMasallı ərazisində qədim insanlar 15–20 min il bundan əvvəl yaşamışlar. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəyoğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdioğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır.
"Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponimi "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və buraların onun şərəfinə Masallı adlandırıldığı qeyd olunur.
Toponimika ilə məşğul olan alimlərimizdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı "Azərbaycanın coğrafi adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunmuşdur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri doktoru N.Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı"isə məkan bildirən şəkilçidir.
Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI–XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Talış xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Talış qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı Azərbaycan SSR-nin xəritəsinə rayon mərkəzi kimi daxil oldu.
Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlamışdır. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə bir münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə məlumatlara rast gəlmək olar. Doktor N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır. Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev iki dəfə, prezident İlham Əliyev isə bir neçə dəfə Masallıya səfər etmişlər. Masallının ən qədim kəndlərindən biridə təxminən 7 əsr yaşı olan NİNƏLOV kəndidir.
Coğrafiyası
redaktəMasallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Şərqdə Xəzər dənizi, Qərbdə isə Talış dağları, Burovar silsiləsi ilə həmsərhəddir. Sahəsində maksimal hündürlük 917 m-ə çatır, ən aşağı ərazisi Xəzər dənizi sahillərində −26,5 m.dir. Mineral və geotermal mənbələr var. Yanvar ayının orta temperaturu 2,5 °C, iyul ayının orta temperatur 25,6 °C. İllik yağıntının miqdarı — 600–800 mm. arasında dəyişir. Ən böyük çayı Viləşdir.
Rayon Ələt–Astara yolunun 232-ci kilometrliyində yerləşir. Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuşdur. Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir. Meşələrin ümumi sahəsi 16,9 hektardır. Ağac növlərindən şabalıdyarpaq palıd, vələs, palıd, fıstıq, əzgil, gavalı, dəmirağac, Lənkəran akasiyası, şümşad kimi növlər var. Əksəriyyəti endemik növdür.
İstisu
redaktəİstisu hidrogen-sulfidli müalicə ocağıdır. Yerlilər buna "möcüzə su" deyirlər. Isti su yerin altından təbii halda 69 dərəcə C temperaturla çıxır. Ona görə adı belə də qalıb: İstisu. Bu su ilə oynaq-əzələ, dəri-zöhrəvi və bir çox xəstəlikləri müalicə edirlər. Sanatoriyada müalicə mineral su vannalarında aparılır. İstisudakı qayaların arasından çıxan su isə buz kimi soyuqdur. Hidrogen-sulfidlə zəngin olan bulaq sularından kəskin lax yumurta qoxusu gəlir. Suyu dərman kimi stəkanlara doldurur və dadını hiss etməmək üçün birnəfəsə içirlər. Bulaqların üstündə "böyrək suyu" və "mədə suyu" sözlərini oxumaq olar. Bulaq sularının mədə yarası və böyrək ağrılarını sağaltdığı söylənilir. Istisuda suyun müalicəvi tərkibi XX əsrin 50-ci illərində aparılan araşdırma işləri zamanı məlum olub. Əslən Masallıdan olan geoloq–alim Mir Kazım Aslanlı 1955-ci ildə isti suyun müalicəvi əhəmiyyəti ilə bağlı dissertasiya müdafiə edib. Burada 60-cı illərdə yaradılan müalicə-istirahət zonası 2007-ci ildə sanatoriya statusu qazanıb. Subtropik iqlimə malik olduğundan, Masallıya düşən yağıntının miqdarı regionun digər yerlərinə görə daha çoxdur. Tez-tez yağan yağış Talış meşələrinə romantik çalar qatır. Rənglərin sıxlaşdığı İstisu meşələri rayon mərkəzindən 12 km aralıdır. İstisu ilin bütün fəsillərində gözəl olur. Payızda təbiətin bütün rənglərini Talış meşələrində görmək olur. Bu mövsümdə tək–tük otel çalışır. Istisunun bütün gözəlliyini yaşamaq üçün yaz, payız və qış aylarında getmək məsləhətdir. Həm adam az olur, həm də nisbətən sərin havada istisu vannasını qəbul etmək rahat olur. Əgər yayın qızmar istisində vannada 3 – 5 dəqiqədən artıq dayanmaq çətindirsə, sərin havada saatlarla hovuzda üzmək olur. İstisu vannasından sonra yüngüllük hiss edirsən. Bədəninizdə yara yaxud ağrı varsa, suyun yaratdığı möcüzənin şahidi olursunuz. Yay mövsümünün gəlməsi ilə meşədə mənzərə tamamilə dəyişir. Kurort mövsümünün qızışdığı iyul–avqust aylarında buraya müalicə olunanların axını baş verir. İstisu şəlalələri ilə də məşhurdur. Buranın gözəlliyini birə min qat artırır. Yay aylarında meşənin dərinliyində gizlənən şəlalələr ətrafı sərin tutduqlarına görə insanlar onlara yaxın yerlərdə istirahət edirlər.
Əhali
redaktəAzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumatına əsasən rayonda 211.951 nəfər əhali yaşayır.[2]
Etnik tərkibi
redaktəMasallı rayon İcra Hakimiyyətinin rəsmi veb-saytında rayonun əhalisi haqqında verilən məlumata əsasən 1 yanvar 2014-cü il tarixinə rayonun əhalisi 211.9 min (1 km²-ə 294[2] nəfər əhali düşür) nəfərdir.
Bələdiyyələri
Masallı rayonunda 36 bələdiyyə fəaliyyət göstərir. Ümumi bələdiyyə üzvlərinin sayı 842 nəfərdir. Fəaliyyətdə olan bələdiyyələrin 1-i şəhər ərazisində, 2-i qəsəbədə, qalanları isə (33 bələdiyyə) kənd yaşayış məntəqələrində fəaliyyət göstərir.
İnzibati bölgüsü
redaktəLəğv edilmiş yaşayış məntəqələri
redaktə- Kosagül kəndi
Qoruqlar
redaktəRespublikanın ən böyük və ən zəngin qoruqlarından olan Qızılağac Dövlət Təbiət Qoruğu əsasən Qızılağac körfəzi və "Pirman" adlanan sahələrdə yerləşir. Qoruqda adları "Qırmızı kitab"a düşən quşlar və vəhşi heyvanlar var. Bundan başqa dünyada ən nadir ağaclardan olan "Qızılağac" ağacı (el arasında ona Razdar da deyilir) qorunur.
Tarixi və memarlıq abidələri
redaktəMasallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilmişdir.Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanmışdır. Bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur.
Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir.
Masallı rayonunda aşağıdakı tarixi və memarlıq incəsənət abidələri mövcuddur
- XIV əsrə aid Hişkədərə kəndində Nəzirə Xanım türbəsi;
- III – IX əsrlərə aid Mahmudavar kəndində yaşayış yeri arxeoloji abidə;
- IX – X əsrlərə aid "Ərkivan qalası";
- Orta əsrlərə aid Qarğalıq ərazisində Şəhriyar yaşayış yeri;
- XIX əsrə aid Masallı şəhər Cümə məscidi;
- XIX əsrə aid Boradigah məscidi;
- XIX əsrə aid Qızılavar məscidi;
- XIX əsrə aid Masallı şəhərində hamam;
- XIX əsrə aid Güllütəpə kəndində Əmir türbəsi;
- XIX əsrə aid Ərkivan kəndində Mehti bulağı;
- VII əsrə aid Sığdaş kəndində Mürsəli ocağı;
- XVI əsrə aid Mahmudavar kəndində Baba Seyidağa türbəsi;
- XIX əsrə aid Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində dağ-qoç fiquru;
- Tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları;
- Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları;
- XXI əsrə dair Ərkivan kəndində Mir Seyid Sadiq Ağa məqbərəsi;
- Hişkədərə kəndində iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi;
- Orta əsrlərə dair Ninəlov kəndində Səhhət qalası;indidə Səhhət qalasının daş qalıqları qalmaqdadır Ninəlov kəndi özü XIII–XIV əsrlərdə salınıb
- XX əsrə dair Ərkivan kəndində Şəhsəfi bulağı;
- XIX əsrə aid Şərəfə məscidi və hamamı ;
- Tunc dövrünə aid Şərəfə kurqanı.
Masallının qəhrəmanları
redaktə1941–1945-ci illərdə Böyük Vətən Müharibəsinə getmiş 10 914 nəfər Masallı sakinindən 4 248 nəfəri qayıdıb, 1573 nəfəri itkin düşüb, 5 mindən çoxu şəhid olub.
Qarabağ muharibəsində 5 min nəfərə yaxın Masallı sakini vuruşub. Onlardan 150 nəfəri şəhid olub, 30 nəfəri itkin düşüb, 500 nəfərdən çoxu yaralanıb. Onlardan 4 nəfəri — Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov və Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 3 nəfər Masallı döyüşçüsünə Azərbaycan Bayrağı ordeni verilmişdir.
Tanınmış şəxsləri
redaktəXX əsrdə Masallı Azərbaycana və dünyaya 230-dan çox elmlər doktoru, elmlər namizədi, 6 general, 100-ə yaxın yazıçı və şair, müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslər verib. İqtisadiyyat sahəsindəki uğurlarına görə SSRİ dövründə 50 nəfərdən çox Masallı Sosialist Əməyi Qəhrəmanı fəxri adına və Lenin ordeninə layiq görülmüşdür.
- Məmməd Kazım — Azərbaycan Yazıçılar Birliyinin, şair, yazıçı, dramaturq, jurnalist, publisist, "Qızıl Qələm" mükafatı laureatı.
- Qubad Nəsirov — Sosialist Əməyi Qəhrəmanı.
- Teymur bəy Bayraməlibəyov — etnoqraf.
- Baloğlan Əşrəfov — Azərbaycanın əməkdar artisti.
- Zəbi Quliyev — Azərbaycan SSR dövlət xadimi.
- Elşad Əhədov — Azərbaycanın Milli Qəhrəmanı.
- Elşad Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı.
- Səfa Axundov — Azərbaycanın Milli Qəhrəmanı.
- Səfəralı Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı.
- Qulamhüseyn Əlibəyli — Aydınlar Partiyasının sədri.
- Vaqif Yusifli — Tənqidçi, ədəbiyyatşünas alim, professor, AMEA-nın Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar incəsənət xadimi.
- Əsədulla Cəfərov — Tarix elmləri doktoru, professor, AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunda şöbə müdiri, beynəlxalq İNTAS-2000 proqramının qrant lauretı.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
- ↑ 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: Masallı rayonu Arxivləşdirilib 2014-02-20 at the Wayback Machine (yenilənmə: 1 yanvar, 2014-cü il) — yoxlanılıb: 13.02.2015