Teymur Bey Bayramelibeyov - Wikipedia
Teymur Məmməd bəy oğlu Bayraməlibəyov (22 avqust 1862, Yeddioymaq, Lənkəran qəzası – 2 sentyabr 1937, Bakı) — tarixçi-etnoqraf, pedaqoq, maaarifçi. Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu.
Teymur bəy Bayraməlibəyov | |
---|---|
Doğum tarixi | 22 avqust 1862 |
Doğum yeri | |
Vəfat tarixi | 2 sentyabr 1937 (75 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Elm sahələri | tarix, etnoqrafiya, folklorşünaslıq, pedaqogika |
Təhsili | |
Üzvlüyü |
Həyatı
redaktəTeymur bəy 1862-ci il avqustun 22-də Lənkəran qəzasının Yeddioymaq kəndində anadan olmuşdur. Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbasın hakimiyyəti illərinə gedib çıxır. Onlar məşhur Şahsevənlar nəslinə mənsub olmuş və XVI əsrin sonlarında Muğana köçmüşlər. 1918-ci ildən Teymur bəy ailəsi ilə birlikdə Bakıya köçür və 1929-cu ilədək pedaqoji fəaliyyətini burada davam etdirir. Mübarizələrlə dolu mənalı bir həyat yaşamış yorulmaz pedaqoq, publisist və ictimai-siyasi xadimin yaradıcılığını əsasən 2 dövrə ayırmaq olar. Birinci dövr onun Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra — 1881-ci ildən 1918-ci ilədək Lənkərandakı fəaliyyətini, ikinci dövr isə Bakıya köçdükdən sonrakı 1918-1937-ci illəri əhatə edir. Azərbaycanın ziyalısı Bayraməlibəyov 1937-ci il sentyabrın 2-də Bakıda vəfat etmişdir.[1][2]
Təhsili
redaktəİlk təhsilini kənd mollaxanasında almış, Quranı oxumağı öyrənmiş və Sədi Şirazinin (1210–1292) "Gülüstan" kitabı əsasında fars dilinə yiyələnmişdir. Daha sonra qardaşının təklifi ilə Lənkərandakı 2 sinifli rus məktəbində indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində oxumuş, 1875-ci ildə oranı bitirib Tiflisdə yenicə açılmış feldşerlik məktəbinə təhsil almağa göndərilir. O, burada öz şəxsi hesabına deyil, Bakı torpaq Şöbəsinin xərci ilə oxuyurdu. Burada olduğu illərdə Qori Müəllimlər Seminariyasında Azərbaycan Şöbəsi fəaliyyətə başlayır. Teymur bəy böyük məhəbbətlə öz sənədlərini buraya verir və 1879-cu ildə seminariyanın Azərbaycan şöbəsinə daxil olur. O bu seminariyaya daxil olan ilk 3 azərbaycanlıdan biri idi. Onunla yanaşı Şuşadan S. Vəlibəyov, Naxçıvandan isə M. Xəlilov ilk üçlükdə yer alırdılar.[1]
Pedaqoji və təşkilati fəaliyyəti
redaktə- 1881-ci ildə seminariyanı bitirən Teymur bəy Lənkərandakı 2 sinifli rus məktəbində indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində 1881-ci ildən 1899-cu ilədək rus dili və riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. Müəllim işlədiyi məktəbdə cəmi 4 azərbaycanlı şagirdin oxumasından narahat olan Teymur bəy kəndbəkənd gəzərək valideynlərlə görüşüb, təhsilin, elmin əhəmiyyətini insanlara başa salmaq və inandırmaq yolu ilə məqsədinə nail ola bilmişdi. Bu böyük zəhmətin nəticəsi idi ki, dərs dediyi birinci ildə məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin sayı 4 nəfərdən 16 nəfərə, daha sonra 36-ya çatdırılmış, sonrakı illərdə isə bu artım təhsil alanların 90 faizini təşkil etmişdir.[1]
- Teymur bəyin səyi nəticəsində 5 sinifli "Behcət" adlı məktəb 15 sentyabr 1907-ci ildə İran səfiri İsmayıl xanın səlahiyyəti altında təsis edilir. Teymur bəyin təşəbbüsü ilə yaradılan "Behcət" məktəbi 1910-cu ildə uydurulmuş bəhanələr əsasında qubernator Alışevskinin qəzəbinə tuş gəlir. Onun əmri ilə məktəb çar hökumətinin ideyalarının əleyhinə təbliğat işi apardığına, şagirdlərə pis nümunə göstərdiyinə və inqilabi yuva rolunu oynadığına görə bağlanır.
- Lənkəranda tez-tez maneə və müqavimətlə qarşılaşan Teymur bəy mənəvi tərəqqi uğrunda əvvəlki ardıcıl mübarizəsini yenidən davam etdirir. O, 1909-cu ildə "Ziya" adlı ilk rus-tatar (Azərbaycan) məktəbini açır. Əzabkeş, xeyirxah və uzaqgörən ziyalının zəmanəti və köməyi ilə az sonra bu məktəbin qapıları uşaqların üzünə Dağıstanda açılır. Dağıstan qubernatorunun zəmanəti ilə T. Bayraməlibəyov bu məktəbə müdir təyin olunur.
- Teymur bəy Bayraməlibəyovun savadı, bacarığı, təşkilatçılığı onu Lənkəran Dumasına gətirib çıxarır. Dumada fəaliyyəti nəticəsində 1910-cu ildə o, Lənkəranda 4 sinifli ibtidai məktəbin açılmasına nail olur. Daha sonra isə onun ardıcıl səyləri ilə bu məktəb 3 sinifli gimnaziyaya çevrilir.
- O, həmçinin XIX əsrin 80-ci illərinin sonlarından başlayaraq 1916-cı ilədək müntəzəm olaraq o zaman Bakıda rus dilində çıxan Kaspi qəzetində Lənkəran bölgə müxbiri kimi çıxış etmişdir. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, H. Zərdabi və digərləri ilə yanaşı o da tez-tez bu qəzetdə çıxış edirdi. O, topladığı şifahi ədəbiyyat nümünələrini Tiflisdə nəşr olunan "Sbornik Materialov dlya opisaniya mestnostey i plemen kavkaza" (SMOMPK) məcmusuna da göndərirdi.
- Teymur bəyin nüfuzu və təşkilatçılıq qabiliyyəti Müsavat partiyasının lideri Məhəmməd Əmin Rəsulzadəninn diqqətini cəlb etmişdi. Rəsulzadə onunla yaxın əlaqəlar yaratmışdı. 1917-ci ildə M. Rəsulzadə Lənkərana gəlir. İlk dəfə olaraq Lənkəranda Müsavatın yerli şöbəsi yaradılır. Bayraməlibəyov yekdilliklə şöbənin sədri seçilir. O, tezliklə Lənkəranda güclü təşkilat yaratmağa nail olur. Təsadüfi deyil ki, o qəzada baş verən bütün hadisələrə müdaxilə edirdi. Denikinçilərin Lənkəranda törətdiyi azğınlıqlara etiraz əlaməti olaraq Teymur bəy 1918-ci ilin noyabrında Bakıya gələrək Azərbaycan Xalq Cumhuriyyətinin xarici işlər naziri, bir qədər sonra isə ingilis generalı Tomsonla görüşərək yaranmış vəziyyətlə əlaqədar təsirli tədbirlər görülməsini tələb etmişdi. Rusiyanın Azərbaycanı işğal etməsi ilə əlaqədar Lənkəranda Musavatın fəaliyyəti dayanır. Sonra O, Bakıya köçür və burada 67№-li məktəbdə müəllim işləyir. Onun yaradıcılığında çoxsaylı əfsanə və rəvayətlərin toplanması mühüm rol oynamışdır. O Azərbaycanın ilk folklorşünas alimi olmuşdur.[1][2]
Lənkəranda qızlar məktəbinin təşkilatçısı
redaktəQadınların təhsilinə böyük əhəmiyyət verən Bayraməlibəyov 1917-ci ildə Lənkəranda "Ünas" (qızlar) məktəbinin əsasını qoyur. Teymur bəy Bayraməlibəyovun inqilabi hərəkatda fəal iştirakı bəhanə göstərilərək, o, 1918-ci ildə Muğan Radası tərəfindən həbs edilmiş və Bakıya göndərilmişdir. Onun işini qızı- Məryəm xanım davam etdirmişdir. Məryəm xanım Bayraməlibəyova 1898-ci ildə Lənkəran şəhərində Azərbaycanın xalq müəllimi Teymur bəy Bayraməlibəyovun maarif nurlu ocağında dünyaya gəlmişdir. Məryəm xanım ibtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin hesabına 1905–1911-ci illərdə Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində — I rus-tatar qızlar məktəbində almışdır. O, təhsilini davam etdirmək məqsədi ilə 1911-ci ildə "Müqəddəs Nina" qızlar məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin 8-ci pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa böyük həvəs göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedir və tibb institutuna qəbul edilir[3]. Məryəm xanım həmin məktəbin müdiri və davamçısı olmuşdur. 1918–1920-ci dərs ilində Qızlar məktəbi şəhərin keçmiş Pioner döngəsində, iki otaqdan ibarət bir binada yerləşmişdir. Sonra onları indiki Səttərxan küçəsindəki 69 saylı binaya (Bayraməlibəyovun öz evinə) köçürmüşlər.[4]
Böyük maarifpərvər Teymur bəyin səyi və qızı Məryəm xanımın böyük əməyi sayəsində təşkil edilən məktəbdə ali təhsilli müəllimə Nəsibə Bayraməlibəyova və tibb elmləri namizədi Rəhilə Bayraməlibəyova, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın ilk opera müğənnisi Həqiqət Pzayeva, əməkdar artistlərdən Münəvvər Kələntərli və Cahan Talışinskaya, Məhbubə Seyidzadə, Dilşad Talışlı, Xanımcan Kərimova, Bacıxanım Axundova, Tacı Zeynalova, Qöncə Axundova, Aliyə Qurbanova, Sərvər Sakayeva və b. bu kimi tanınmış qabaqcıl ziyalı qadınlar yetişmişlər.[4] Teymur bəy Bayraməlibəyov həmvətənlərinin bu məsələyə münasibətini hələ bir neçə il əvvəl öyrənib ümumləşdirəndən sonra problemin həllinə çalışmışdır. Bu məqsədlə o, ilk növbədə səlahiyyət sahiblərinin dilini bilməyi vacib saymışdır.
Teymur bəy Bayraməlibəyov yazırdı:
Müsəlman qızların təhsilə cəlb etmək məqsədilə 1913-cü ilin may ayında şəhər məktəblər idarəsinin direktoru C.Txorjevski ilə görüşüb ondan xahiş etdim ki, yeni dərs ilində - sentyabrın 1-də Lənkəranda müsəlman qızlar məktəbinin açılmasına icazə versin. Txorjevski qaldırılan məsələyə rəğbətlə yanaşaraq bu müraciətin həyata keçirilməsinə razılıq verdi. Hətta məktəbin açılışına kredit ayrılmasını yerli özünüidarə təşkilatına tapşırdı. Bu təşkilat şəhər məktəblər idarəsinin xərci hesabına məktəb üçün hər cür şəraiti olan münasib evin ayrılmasına qərar verdi. Lakin qərar Qafqaz Təhsil Dairəsinin başçısı Rudolf ilə Txorjevski arasında narazılığa səbəb oldu və Txorjevski istefa vermək məcburiyyətində qaldı. Onun yerinə Radeski təyin olunur və o, şəhər özünü idarə təşkilatından xahiş edir ki, ilk öncə məktəb şəbəkəsinin smetasını tərtib etsin, sonra isə məktəbin tikinti quruculuq işlərinə başlasın [5]. |
Teymur bəy Bayraməlibəyovu müsəlman qadınlarının hüquqsuzluğu son dərəcə narahat edirdi. O, qadın azadlığının qəti tərəfdarlarından biri kimi, bu məsələni mühüm ictimai vəzifə hesab edirdi. Bu məsələ ilə bağlı Teymur bəy Bayraməlibəyov "Müsəlman qadınlarının ailədə vəziyyəti"[6] adlı əlyazmasında da ailədə qızların tərbiyəsi və təhsil məsələlərindən danışaraq qeyd edir ki, "Çoxəsrlik tarixə malik qadın əsarətinin əsasını onların elm və maarifdən təcrid olunmasında axtarmaq lazımdır. Qadın ailənin ev-məişət işlərini idarə etməklə yanaşı, uşaqların ilk tərbiyəçisi, savadsızlıq və avamlıq isə bu istiqamətdəki tərəqqinin düşmənidir". Odur ki, Teymur bəy müsəlman qadınlarının cəmiyyətdə, ailədə öz doğru yerini tutmaları üçün onların oxumasını, maariflənməsini, elmə, mədəniyyətə yiyələnməsini vacib saymış və yerlərdə məktəblərin açılmasına səy göstərmişdir.[4]
Elmi yaradıcılığı
redaktə- Teymur bəyin 1 sentyabr 1885-ci ildə tarixi mövzuda qələmə aldığı "Talış xanlığının tarixi", "Lənkəran keçmişdə", "Talışın meşə-çöl sahəsi", "Talışın quşlar aləmi", "Lənkəran qəzası talışlarının kosmoqonik rəvayət və inamları" 1881-ci ildən Tiflisdə nəşr olunmuş "SMOMPK" məcmuəsinin üç sayında, "Novruz bayramı" silsilə məqalələri isə "Kaspi" qəzetinin 1913-cü il 55, 56, 57-ci saylarında çap olunmuşdur.
- Tibb təhsili almış Teymur bəy Bayraməlibəyovun etnoqrafik irsində xalq təbabəti ilə bağlı bir neçə əlyazması da vardır.[1]
Xeyriyyəçilik fəaliyyəti
redaktə- Teymur bəy Bayraməlibəyovu zaman bizə sələflərinin və müasirlərinin "təzə kitabxanalar, qiraətxanalar və məktəbxanalar" açmaq, Azərbaycanda kitab və mətbuat bolluğu yaratmaq üçün mətbəə və nəşriyyatlar təsis etmək səylərinin ardıcıl davamçılarından biri kimi tanıdır. Sələflərinin "Xeyriyyə cəmiyyəti" yaratmaq təşəbbüsləri də onu çox düşündürən məsələlərdən idi. O, 1884-cü ildə yaratdığı "Xeyriyyə cəmiyyəti"nin xətti ilə şagirdlərə dərslik, yemək, paltar, ayaqqabı və oxumaq haqqını ödəmək işlərini həyata keçirmişdir. Teymur bəyin təkidi ilə 2 sinifli məktəbi bitirən və orta təhsil məktəbinə daxil olmaq istəyənlərə "Xeyriyyə cəmiyyəti" yol xərci ödəyir və digər köməklik edirdi.
- T. Bayraməlibəyov 1906-cı ildə öz vəsaiti hesabına orada qiraətxana açmışdı ki, həmvətənlərinin geniş dünyagörüşlü insan kimi formalaşmasına kömək etsin. Əks təbliğat işi ilə məşğul olması bəhanə edilərək Bakı qubernatoru Alışevskinin əmri ilə T. Bayraməlibəyovun işdən azad edilməsi mahiyyət etibarı ilə qiraətxanaya və oxuculara vurulan böyük mənəvi zərbə idi. Vəziyyətin gərginləşdiyini görən Teymur bəy Lənkəranda yaşayan bir qrup iranlı ziyalının adından İran səfirliyinə ərizə ilə müraciət edərək, onların uşaqlarının ana dilində təhsil almaları üçün bütün xərcləri öz üzərinə götürmək şərtilə "Behcət" adlı fars-türk ibtidai məktəbinin açılmasına icazə istəyir və bu məktəbin təsisinə nail olur. Orada fars, Azərbaycan, ərəb və rus dilləri tədris olunmaqla şəriət, ərəb qrammatikası, riyaziyyat, coğrafiya, rəsmxət və xəttatlıq dərsləri keçilirdi. Teymur bəy bu məktəbin rus dili müəllimi idi.
- T. Bayraməlibəyovun təşəbbüsü ilə yaradılan ilk dram dərnəyində həvəskar artistlərin iştirakı ilə M. F. Axundzadənin "Hacı Qara", N. Nərimanovun "Dilin bəlası", N. B. Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyesləri, Ə. B. Haqverdiyevin "Kimdir müqəssir", S. M. Qənizadənin "Axşam səbri xeyir olar" əsərləri tamaşaya qoyulmuşdu. Xeyriyyəçilik məqsədi güdən teatr tamaşaları gənclərdə estetik zövqü inkişaf etdirməklə yanaşı, onlarda teatr və səhnə sənəti haqqında təsəvvür yaradırdı.[1]
Xatirəsinə həsr olunmuş tədbirlər
redaktə- 1911-ci ildə Lənkəran qəzasında Teymur bəy Bayraməlibəyovun işıqlı ömür yolunun ən parlaq səhifələrini təşkil edən pedaqoji fəaliyyətinin 30 illiyi təntənəli surətdə qeyd edilir.
- 2012-ci ildə bu böyük ziyalı, maarifçi, pedaqoq, publisist, tarixçi-etnoqrafın, folklorşünasın anadan olmasının 150 illik yubileyi tamam oldu. Keçdiyi mənalı ömür yolunda, xalqın elm, təhsil və maarifə yiyələnməsi uğrunda apardığı şərəfli mübarizələrlə dolu həyatında Teymur bəy Bayraməlibəyov çox böyük işlər görmüşdür. Ümid edirik ki, Teymur bəy Bayraməlibəyovun bizə qoyub getdiyi irsi — əsərləri və dövri mətbuatda çıxan məqalələri toplanılaraq kitab halında nəşr olunacaqdır.[1][2]
- 2022-ci ildə Teymur bəy Bayraməlibəyovin 160 illik yubileyi münasibətilə onun haqqında "Nurlu yol" sənədli filmi çəkilmişdir[7].
Teymur bəy Bayraməlibəyov haqqında yazılanlar
redaktə- Y. Ağazadə. Qəhrəmanlığa bərabər ziyalılıq (Tanınmış maarifçi, folklorşünas T. Bayraməlibəyovun həyatı, mühiti, folklorşünaslıq fəaliyyəti, Bakı, 1999, 123 s.
- Н. A. Таирзаде. Просветительная и научная деятельность Теймурбека Байрамалибекова (1862–1937), Изв. АН А зерб. ССР (серия истории, философии и права), 1974, № 2. с. 19–28.
- F. Ə. Seyidov. Qori seminariyası və onun məzunları. Bakı, 1988, s. 115–118
- Q. Cavadov. Teymurbəy Bayraməlibəyovun əlyazmaları Azərbaycan etnoqrafiyasının öyrənməsində bir mənbə. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. III Resp. elmi-nəzəri konfrans materialları. Bakı. 1992, s. 11–16
- Ə. Hüseynov. İlk azərbaycanlı folklorçu, maarif fədaisi. — Azərbaycan jurnalı, 1993, № 5–6, s. 186
- Ə. Bağırov. Xalq müəllimi Teymur Bayraməlibəyov. — Azərbaycan müəllimi, 1959, 15 yanvar.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda Teymur bəy Bayraməlibəyova məxsus bir neçə sənəd və fotoşəkillərlə yanaşı yanaşı onun "Lənkəran–Ərdəbil şose yolunun tikilməsi layihəsi" və "Böyük Aleksandır haqqında Fars əfsanəsi", "Şah Abbas haqqında türk əfsanəsi" və "Azərbaycan qızlarının fala baxmaları" əlyazmaları sənədlər xüsusu maraq döğurur. O, fonda saxlanılan Lənkəran–Ərdəbil şose yolunun tikilməsi layihəsi haqqında məqaləsində, Lənkəran–İran arasında dəmir yolunun çəkilməsinin iqtisadi cəhətdən üstünlüklərini açıqlamış və onların hansı ərazilərdən keçəcəyini göstərmişdir.[8].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 "Cavadova E., Kərimov B. Görkəmli maarif xadimi. "Azərbaycan müəllimi" qəzeti, 26 avqust, 2011-ci il". 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.
- ↑ 1 2 3 Керимова Т.С. Из истории Национальной Академии наук Азербайджана. Баку: Тахсил, 2005, с. 324–325
- ↑ Cavadova E. … O, həm də etnoqraf idi (Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığından səhifələr). Bakı: Nurlan, 2009, s. 5
- ↑ 1 2 3 Kərimov B. B. XX əsrin əvvəllərində Lənkəranda müsəlman qız məktəbinin təşkili tarixindən//Bakı Universitetinin xəbərləri, Humanitar elmlər seriyası, 2011, № 3, s.103–108
- ↑ “Azərbaycan” qəzeti (rus dilində), 1918-ci il, 6 noyabr, № 28.
- ↑ AMEA Əlyazmalar İnstitutunun fondu, şifrə D-686/28593.
- ↑ ATV. ""Nurlu yol" sənədli filminin təqdimatı keçirilib" (az.). Youtube.com. 27.08.2022. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
- ↑ Bəhman Kərimov. GÖRKƏMLI MAARIFÇI TEYMUR BƏY BAYRAMƏLIBƏYOV S. 45–55 / MILLI AZƏRBAYCAN TARIXI MUZEYI-2011. BAKI, 2011.
Mənbələr
redaktə- AMEA Əlyazmalar İnstitutunun fondu, şifrə D-686/28593.
- Azərbaycan Xalq Cümhuriyyətinin Ensklopediyası. 2 cilddə II c. Bakı: Lider, 2005, 472 s.
- "Azerbaydjan" qəzeti (rus dilində), 1918-ci il, 6 noyabr, № 28.
- Cavadova Esmira. O həm də etnoqraf idi [Mətn]: (Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığından səhifələr) /E. Cavadova; red. A. Ş. Musayeva; AMEA M. Füzuli ad. Əlyazmalar İn-tu.- B.: Nurlan, 2009.- 203, [1] s.
- Hüseynbalaoğlu B. H., Talışlı M. M. Lənkəran. Bakı: Maarif, 1990, 512 s.
- Lənkəran tarix-diyarşünaslıq muzeyinin cari arxivi.
- Məryəm xanım Bayraməlibəyova- Məlik-Yeqanovanın ailə arxivi.
- Керимова Т.С. Из истории Национальной Академии наук Азербайджана. Баку: Тахсил, 2005, с. 324–325
- Kərimov B. B. XX əsrin əvvəllərində Lənkəranda müsəlman qız məktəbinin təşkili tarixindən//Bakı Universitetinin xəbərləri, Humanitar elmlər seriyası, 2011, № 3, s.103–108
- Cavadova E., Kərimov B. Görkəmli maarif xadimi. "Azərbaycan müəllimi" qəzeti, 26 avqust, 2011-ci il.
- Xalq maarifçisi Teymur bəy Bayraməlibəyov//Xalq Cəbhəsi.- 2014.- 24 iyun.- S.11.
- Избранные произведения / Т. Байрамалибеков ; сост. Э. Джавадова ; ред. П. Керимов ; Институт Рукописей им. Мухаммеда Физули НАНА. — Баку : Элм и Тахсил, 2012. — 356 с.
- Байрамалибеков Теймур бек — просветитель
- Теймурбек Байрамалибеков — выдающийся просветитель азербайджанского народа
- Народный этнограф Теймурбек Байрамалибеков