Malik Mahmudov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Malik Mahmudov (Malik Rüstəm oğlu Mahmudov; 4 noyabr 1938, Ordubad – 1991) — görkəmli Azərbaycan ərəbşünası, şərqşünas-alim, professor.[1]
Malik Mahmudov | |
---|---|
Malik Rüstəm oğlu Mahmudov | |
Doğum tarixi | 4 noyabr 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 1991 |
Elm sahələri | şərqşünaslıq |
Elmi dərəcəsi | professor |
Elmi adı | filologiya elmlər doktoru |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Ələsgər Məmmədov |
Həyatı
redaktəMalik Rüstəm oğlu Mahmudov 1938-ci ildə noyabr ayinin 4-də Ordubad şəhərində fəhlə ailəsində anadan olmuş, erkən yaşlarında atasını itirmişdir.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində yeni açılmış ərəb şöbəsinə daxil olmuşdur.
1961–1962-ci illərdə Bağdad Universitetində təcrübə keçmiş
1962-ci ildə Malik Mahmudov ölkəmizdə ərəb ədəbiyyatı üzrə ilk qadın elmlər doktoru professor Aida İmanquliyeva, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədov, dosent Malik Qarayev kimi tanınmış şərqşünaslarla birlikdə ərəb şöbəsinin ilk məzunlarından olmuşdur.
1991-ci ildə Malik Mahmudov vəfat etmişdir.
Elmi fəaliyyəti
redaktəİraqdan qayıtdıqdan sonra Malik müəllim Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna kiçik elmi işçi kimi qəbul olunmuşdur. O, ərəb ədəbiyyatında şərh janrının banilərindən sayılan, Bağdaddakı məşhur "Nizamiyyə" Universitetinin aparıcı müəllimlərindən dahi Azərbaycan alimi Xətib Təbrizinin (1030–1109) həyat və yaradıcılığını dərindən araşdırmışdır.
1967-ci ildə bu mövzuda namizədlik dissertasiyası müdafiə etmişdir.
1967-ci ildən 1972-ci ilədək Şərqşünaslıq institutunda ərəb ədəbiyyatı şöbəsinin müdiri işləmişdir.
1972-ci ildə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin yaxın şərq xalqları ədəbiyyatı kafedrasına baş müəllim kimi dəvət olunmuşdur.
1975-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək, professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir.
1978-ci ildə Malik Mahmudov professor elmi adı almışdır
Professor M. Mahmudovun Azərbaycan ədəbiyyatşünaslığına göstərdiyi xidmətlər əvəzsizdir. O, dünya şərqşünaslığında ilk dəfə olaraq, VII–XII əsrlərdə yaşamış ərəbdilli azərbaycanlı ədib və şairlərin həyat və yaradıcılığını hərtərəfli tədqiq etmiş, bununla da mədəniyyət tariximizdə az öyrənilmiş bir sahəni öz dəyərli əsərləri ilə zənginləşdirmişdir.
Əsərləri
redaktə3 monoqrafiya, 1 dərslik və 40-dan çox elmi məqalənin müəllifidir.
Professor M. Mahmudovun orta əsrlərin görkəmli filoloqu haqqında tədqiqatları "Xətib Təbrizinin həyat və yaradıcılığı" (1972) və "Piyada…Təbrizdən Şama qədər" (1982) kitablarında öz əksini tapmışdır. O, Xətib Təbrizinin dövrümüzədək gəlib çatmış əsərlərini dəqiqliyi ilə təhlil edərək, onu IX–X əsrlərdə meydana gəlmiş şərh janrının böyük nümayəndələri Əbu Bəkr əs-Suli (öl.946), İbn Cinni (932–1002), Əbu Hilal əl-Əsgəri (öl.1005), Əbülhəsən ibn İsmayıl (öl.1066), Abdullah ibn Əhməd Səmani (öl.1082), əl-Mərzuqi (öl.1030) və başqaları ilə müqayisə nəticəsində belə bir düzgün qənaətə gəlmişdir ki, Xətib Təbrizi özündən əvvəlki alimlərdən fərqli olaraq, "əsərləri həm dilçilik, həm də ədəbiyyatşünaslıq, həm tarixi, — ictimai mühitlə, həm fəlsəfə, həm etnoqrafiya, həm də folklorla bağlı şəkildə tədqiq edən ilk şərhçi idi". Müəllif bu iki kitabında alimin ədəbi-tənqidi görüşlərini və yaradıcılığının əsas xüsusiyyətlərini təfsilatı ilə vermişdir.
Professor M. Mahmudov "Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII–XII əsrlər)" adlı kitabında məvali-şairləri(yəni islamı qəbul etmiş qeyri-ərəblərdən) dəqiqliklə izləmiş, çox-saylı təzkirələri ələk-vələk edərək, adda-budda qeydləri ustalıqla sistemləşdirmiş, ədəbiyyat tariximizin qaranlıq qalmış guşəsi barədə sanballı bir tədqiqat işi yaratmışdır. O, Azərbaycanın Ərdəbil, Marağa, Təbriz, Səlmas, Urmiyə, Miyanəc, Bərdə, Dərbənd, Beyləqan, Şamaxı, Bərdic, Xoy, Bakı, Gəncə və s. kimi şəhərlərindən çıxmış Harun ibn Ruh Bərdici (öl.914), Əbu Bəkr Məhəmməd Urməvi Azərbaycani (öl.1142), Osman Musəddəd Dərbəndi (öl. XI əsrin əvvəlləri), Əbu Nəcib Urməvi (öl.1042), Məhəmməd ibn Əbdüləziz Bərdəi (969–1032), Əbu Əli Bərdəi (öl.951), Yaqub ibn Musa Ərdəbili (öl.991), Hüseyn ibn Abdullah Urməvi (öl.1011), Məhəmməd ibn Bakuveyh Bakuvi (öl.1029), Musa ibn İmran Səlmasi (öl.990), Məhəmməd ibn Abdullah Maraği (öl.1194), İsmayıl ibn Əli Gəncəvi (öl.1191) və onlarla digər ilahiyyat alimləri, tanınmış şəxsləri haqqında mümkün olan bütün məlumatları toplamışdır.
M. Mahmudov ərəb ədəbiyyatının klassikləri haqqında da bir sıra məqalələr dərc etdirmişdir. Onlardan ənənəyə qayıdış cərəyanının baniləri Əbu Təmmam (804–846), Buhturi (821–897), şair-filosof Əbul-Əla əl-Məərri (973–1057) və başqaları ilə bağlı elmi əsərlərində digər şərqşünasların dediklərini təkrarlamamış, həmişə yeni söz söyləmək bacarığını nümayiş etdirmişdir.
Professor M. Mahmudov "Klassik Azərbaycan ədəbiyyatı" toplusunun və "Azərbaycan sovet ensiklopediyası"nın həmmüəlliflərindən biridir. Bir sıra əsərləri İran və Türkiyədə nəşr olunmuşdur. Onun yetirdiyi neçə-neçə alimlər bu gün ərəb ədəbiyyatı sahəsində çalışırlar.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Mahmudov Malik Rüstəm oğlu (1938–1991)". orient.bsu.edu.az. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi. 2009. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09.
- ↑ "Arxivlənmiş surət". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-13.