M F Axundov - Wikipedia
Mirzə Fətəli Axundov (tam adı: Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov; az.-əski. میرزا فتحعلی آخوندزاده) və ya Mirzə Fətəli Axundzadə (12 (24) iyul 1812[1], Şəki – 10 (22) mart 1878, Tiflis) — Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim; Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi.[4] Axundov həmçinin romantik və müasir İran millətçiliyinin sələflərindən biri idi.[5] Qafqaz Arxeologiya Komissiyasının sədri (1864–1878).[6]
Mirzə Fətəli Axundov | |
---|---|
Doğum tarixi | 12 (24) iyul 1812[1] |
Doğum yeri | |
Vəfat tarixi | 10 (22) mart 1878 (65 yaşında) |
Vəfat yeri | |
Uşağı |
|
Təhsili | |
Fəaliyyəti | yazıçı, dramaturq, ədəbiyyat tənqidçisi, filosof, şair, tərcüməçi |
Əsərlərinin dili | Azərbaycan dili, fars dili[2], rus dili |
Janrlar | lirika, teatr pyesi |
Mükafatları |
|
Mirzə Fətəli Axundov Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Fətəli Axundzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[7]
Həyatı
redaktəMirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir, lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir.[8]
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.
Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.
Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və köhnə müsəlman qəbirstanlığında (indiki Tbilisi botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonu) dəfn olunmuşdur.
Mirzə Fətəli Axundzadənın realist sənətkar, dramaturgiyamızın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri vardır. Görkəmli ədibin 40 illik yaradıcılığı, ictimai-siyasi, maarifçilik fəaliyyəti zəngin və çoxcəhətlidir.
Şəki şəhərində anadan olan Mirzə Fətəlinin atası xırda ticarətlə məşğul olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı ticarətində çətinlik yarandığı üçün Nanə xanımı və iki yaşlı Fətəlini götürüb Xamnəyə qayıtmışdır. Burada ərinin birinci arvadı ilə daim münaqişədə olan Nanə xanım dörd il sonra ərindən ayrılıb Fətəli ilə Cənubi Azərbaycanın Qaracadağ mahalında yaşayan əmisi Axund Ələsgərin yanına gəlmiş, onun himayəsində yaşamışdır. Ədib öz tərcümeyi-haında yazır:" Mən bu tarixdən etibarən atamdan ayrılıb bir daha onu görmədim. .. Bir ildən sonra axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başladı…Bu axund Ələsgər fazil bir şəxs olub. Bütün islam elmlərindən, istər fars, istərsə ərəbcə olsun, kamil məlumatı var idi. Məni övladlığa qəbul etdi. Mən xalq arasında Hacı Ələsgərin oğlu kimi tanınmış oldum."
Məkkə ziyarərinə gedən Hacı Ələsgər onu məntiq və şəriət qanunlarını öyrənmək üçün Gəncəyə aparmış, Molla Hüseyn adlı axunda tapşırmışdır. Burada Mirzə Şəfi Vazehdən də dərs alan Mirzə Fətəli müəlliminin təsiri ilə ruhani olmaq fikrindən daşınıb dövlət qulluğuna girməyi qərara alır. Səfərdən qayıdan əmisi onun niyyətini bildikdə Tiflisə gətirib Qafqazın baş hakimi Baron Rozenin dəftərxanasında tərcüməçi şagirdi vəzifəsinə təyin etdirmişdir. Burada o, rus dilini də mükəmməl öyrənmiş, işində bacarıq və səy göstərərk tərcüməçi vəzifəsinə keçirilmişdir. Ömrünün sonanadək – 44 il həmin vəzifədə uğurla çalışan Mirzə Fətəli Rusiyanın orden və medalları ilə bərabər, Türkiyə və İran dövlətlərinin ordenlərinə layiq görülmüşdır.
M. F. Axundzadə bir neçə il Tiflis qəza məktəbində dərs demiş, sonra öz xahişi ilə işdən azad olunaraq yerini müəllimi M. Ş. Vazehə vermişdir. O, bir müddət Tiflis ruhani seminariyasında da Azərbaycan dili müəllimi işləmişdir. Dövlət qulluğu ilə əlaqədar nümayəndə heyəti ilə İrana gedən Mirzə Fətəli Cənubi Azərbaycanın bəzi şəhərlərinə səfər zamanı xalqın güzəranı ilə yaxından tanış olmuş, gələcək əsərləri üçün material toplamışdır.
Həmin dövrdə Qafqazın inzibati və mədəni mərkəzi olan Tiflis mühiti M. F. Axundzadənin ədəbi taleyində böyük rol oynayıb. Burada A. Bakıxanov, İ. Qutqaşınlı, M. Ş. Vazeh, Q. Zakir, A, Çavçavadze, A. Berje, A. A. Bestujev-Marlinski, A. Sereteli kimi görkəmli ədiblər, ictimai-siyasi xadimlərlə ünsiyyət, əməkdaşlıq onun dünyagörüşünün formalaşmasına, yaradıcılığına müsbət təsir göstərmişdir. O, bu mühitdə müntəzəm mütaliə ilə məşğul olmuş, klassik Şərq ədəbiyyatını, rus və Avropa ədəbiyyatını dərindən öyrənmişdir. Rus dram teatrında Avropa və rus dramaturqlarının əsərlərinin tamaşaları M. F. Axundzadədə dramaturgiyaya və teatra böyük maraq oyatmışdır. Dram sənətinin incəliklərini dərindən öyrənən ədib 1850–1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoymuşdur. Həmin komediyalar müəllifin öz tərcüməsində rus dilində "Kavkaz" qəzetində çap olunub.
Dramaturq kimi şöhrətlənən M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası 1851-ci ildə Peterburqda ev teatrında , "Xırs quldurbasan" və "Vəzir-xani Lənkəran" komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.
M. F. Axundov axund Hacı Ələsgərin qızı Nanə xanımla evlənmiş, bu izdivacdan olan övladlarının körpə yaşlarında ölümü ailədə dərin kədərə səbəb olmuşdur. Övladlarından yalnız oğlu Rəşid bəy və qızı Nisə xanım uzun müddət yaşaya bilmişdir. Axund Hacı Ələsgərin vəfatından sonra onun ailəsini himayəyə götürən Mirzə Fətəlinin dövlət qulluğundan aldığı maaşdan başqa gəlir mənbəyi olmadığı üçün maddi vəziyyəti ağırlaşmışdır.
M. F. Axundzadə Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q. Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olmuşdur. O, həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə etmişdir. Eləcə də Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları lə döyüşdə həlak olmasından sonra, onun mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olmuşdur.
M. F. Axundzadənin ən böyük arzularından biri ərəb əlifbasını dəyişdirmək idi. Bu arzusunu həyata keçirə bilməyən ədib yazırdı ki: "Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar."
Bütün həyatını xalqının tərəqqisinə həsr edən M. F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi M. Ş. Vazehin qəbri yanında dəfn olunmuşdu.
Bədii yaradıcılığı
redaktəAxundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluluğu fikrini müdafiə edirdi.
Azərbaycanda teatr sənətinin inkişafında rolu
redaktəM. F. Axundzadə 1850–1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərmişdir. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli Axundzadə dramaturgiyasının ənənələri işığında inkişaf etmişdir.[9]
Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi tələbələri Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani ilə birlikdə Bakı məktəblərinin birində məşhur "Hacı Qara" əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. Mirzə Fətəli Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də Mirzə Fətəli Axundzadənin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarmışlar.
M. F. Axundovun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda Alman jurnalı Magazin für die Literatur des Auslandes (Xarici ədəbiyyat jurnalı) yazırdı: "Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaqlar, lakin onların arasından qəflətən dramatik dahi meydana çıxdı, Tatar Molyeri, hansının ki, adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətə layiqdir. O Mirzə Fətəli Axundovdur".[10]
M. F. Axundzadə 1837-ci ildə — 25 yaşında ikən "Puşkinin ölümünə Şərq poeması"nı yazmış və dərhal da rus dilində "Moskovskiy nablyudatel" jurnalında çap etdirmişdir. O, Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir.
2012-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mirzə Fətəli Axundovun haqqında bioqrafik bədii film çəkilmişdir. "Sübhün səfiri" adlanan film mütəfəkkirin 200 illik yubileyi münasibətilə ekranlara çıxmışdır.[11]
Din haqqında düşüncələri və fəlsəfi baxışları
redaktəAxundovun nəzəri-estetik fikirlərinin formalaşmasında aydındır ki, onun yaşadığı mühitin, tanış və ünsiyyətdə olduğu mütərəqqi ziyalıların, oxuduğu klassik və dünya ədəbiyyatı nümunələrinin çox böyük təsiri olmuşdur. Homer, Firdovsi, Nizami Gəncəvi, Sədi Şirazi, Uilyam Şekspir, Cami, Puşkin və s. kimi klassiklərin əsərlərini mükəmməl bilməsi onun sənət və sənətkar haqqında estetik zövqünün formalaşmasında çox böyük rol oynamışdır.
M. F. Axundovun fəlsəfə, ədəbiyyat, sənət haqqında fikir və mülahizələri əsasən onun Kəmalüddövlə məktubları adlı fəlsəfi traktatında, eləcə də "Föhristi-kitab"(1859), "Nəzm və nəsr haqqında"(1859), "Tənqid risaləsi"(1860), "İranın yüksək millət qəzetəsi haqqında kritika" (1866), "Mirzə Ağanın pyesləri haqqında kritika"(1871) və s. bu kimi məqalələrində böyük mütəfəkkirin sənətdə realizm, ənənə (tendensiya), bədiilik və onun meyarları, məzmun və forma vəhdəti, ideya və müasirlik, tənqid və onun əhəmiyyəti və s. bu kimi məsələlərlə bağlı fikir və mülahizələri öz əksini tapmışdır.
Ədəbiyyat tariximizdə dramaturgiyanın, realist bədii nəsrin, ədəbi tənqidin ilk nümunələrini yaradan Axundov həmin janrların nəzəri-estetik prinsiplərini də hazırlamışdır. Böyük mütəfəkkirin bütün ədəbi və nəzəri irsində ən başlıca meyar sənətin, ədəbiyyatın real həyatı nə dərəcədə əks etdirməsi, idraki və tərbiyəvi əhəmiyyəti, xalq həyatı ilə birbaşa əlaqəsi ilə bağlıdır. Elm və təhsil vasitəsilə mədəniləşmək, xalqa məxsus elmi və ədəbi irsi mühafizə etməyi bacarmaq, tərəqqiyə mane olan hər şeyə qarşı amansız mübarizə aparmaq Mirzə Fətəlini daim düşündürən, qayğılandıran məsələlər olmuşdur. Elə buna görə də o, əlifbanı dəyişməyi bu yolda atılan ən vacib amillərdən biri sayırdı.[13]
Mirzə Fətəli Axundov Azərbaycan tarixində ilk dəfə olaraq həm materializm həm də dini tənqid baxımıdan öz düşüncə və baxışlarını önəmli dərəcədə irəlilətmiş və inkişaf etdirmiş dahi şəxsdir. Onun düşüncələrində İslami Radikalizm, Şərqi despotizm (mütləq hakimiyyətlilik) və azad düşüncələrin sıxışdırılması, insanların haqqlarını tapdalayan ağır Şərq feodalizmi tənqid edilir.[14] Axundov dinin elmlə birgə ola bilməyəcəyini, dinlə elmin qarşıdurmasını təsvir edir və Şərq ölkələrinin, Asiya xalqlarının həmin dövrə qədər olan cahilliyini, geriliyini onların dini görüşləri və lazımsız adət-ənənələri ilə bağdaşdırır:[14]
İslam dini meydana çıxan gündən hazırkı əsrə qədər, Şərqdə elmlərin durğunluğunun, dəhşətli despotizmin (təkhakimiyyətlilik) əmələ gəlməsinin səbəblərini və ümumiyyətlə, Asiya xalqlarının mədəniyyət və tərəqqi işlərinə qarşı laqeydlik və etinasızlığının səbəblərini heç kəs başa düşməmişdi. Bu cəhətdən təkcə Firdovsi müstəsnalıq təşkil edir və o öz dühası ilə, həqiqətən də kəşf edə bilmişdi ki, Şərq xalqlarının bu qədər böyük bədbəxtliyinin səbəbi ərəblər və onların insan həyatına uyğunlaşmayan mənfur dinidir.[14][15] |
Axundovun materializmi müdafiə edən düşüncələrində də metafizikanın və təbiətüstü qüvvələrin varlığı inkar edilir :
Dünyanın əsası maddidir, təbiətin müxtəlif predment və prosesləri vahid və hərşeyi əhatə edən əbədi və sonsuz maddi substansiyanın təzahürü, öz-özünün səbəbidir ; Mövcud olması üçün heç bir təbiətüstü, metafizik varlığa ehtiyacı yoxdur.[14] |
Onun materialist düşüncəsinə və substantiv fəlsəfi doktrinasına görə isə təbiətdə hərşeyin əsas səbəbi maddədir. Dünya maddidir və kainat da maddədən yaranmışdır.
Hər şeyin əsas səbəbi maddədir. Maddə orijinaldır və onun yaranması üçün başqa səbəbə ehtiyac olduğunu görmürəm. Mən məkan və zamanın obyektivliyini qəbul edirəm. Zaman və məkan obyektivdir, maddə isə onun aksesuarlarıdır. Təbiətdəki hər bir hərəkətin və dəyişikliyin Allahın iradəsinə uyğun olaraq həyata keçirildiyi doktrinasını rədd edirəm. Təbiət öz qanunlarına uyğun olaraq inkişaf edir. Bunda şans üçün bir yer yoxdur, bu da, hər yerdə ciddi rifaha səbəb olur.[15] |
Bilinc və ruh maddənin məhsuludur, maddə müstəqil olaraq yaşaya bilməz. Ruh, nə olursa olsun, bədənsiz, yəni bədən olmadan özünü ifadə edə bilməz, necə ki ağlı da beyinsiz təsəvvür etmək olmaz. Ruhun və sonrakı həyatın ölümsüzlüyünün dini doktrinasına isə qarşıyam.[15] |
Ailəsi
redaktə- Qaynı Mirzə Mustafa Axund Ələsgər oğlu Axundov — 1830-cu ildə doğulmuşdur. Polkovnik, Qafqaz canişinliyində tərcüməçi, kollej müşaviri olaraq çalışmışdır.1903-cü ildə vəfat etmişdir. Qəbri Mirzə Fətəli Axundovun məzarının baş tərəfindədir.
- Oğlu Rəşid bəy Mirzə Fətəli oğlu — 28 yanvar 1854-cü ildə Tiflis şəhərində anadan olmuşdur. 18 yaşındaykən "Şarl Mismerin Ali paşaya məktubu" fəlsəfi əsərini fransızcadan ruscaya çevirib. Tiflis klassik gimnaziyasını bitirib (1863–1872). 1874-də ali təhsil almaqçün Brüsselə gedir; atasının 1878-dəki vəfatı onu sarsıdır, xəstələnir, maddi durumu pisləşir. 1882-də kursu bitirmədən Tiflisə qayıdır, az sonra təhsilini bitirmək üçün Peterburqa gedir və yol mühəndisi olur. 1883–1884; Tiflisə dönərək Qafqaz Dairəsi Yollar İdarəsində işləməyə başlayır. 1905-də həm də quberniya katibiydi. Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti təftiş komisyonunun üzvüydü, 1906–1908 ruhi sarsıntı içində olmuşdur. 1909-da özünü tapançayla öldürüb.
- Kürəkəni Xanbaba mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar — 19 sentyabr 1848-ci ildə doğulmuşdur. Rus ordusunun zabiti olmuşdur. Rus-türk müharibəsində iştirak etmişdir, Bəhmən mirzə Qovanlı-Qacarın oğlu, Mirzə Fətəli Axundovun kürəkəni olmuşdur. 1866-cı ildə M. F. Axundov böyük qızı Seyrəbəyimi Qacar şahzadələrindən Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə verir. Altı ildən sonra Seyrəbəyim vəfat edərək iki uşağı yetim qalmışdır. Bu hadisədən bərk sarsılan M. F. Axundov ölən qızından yetim qalan körpə nəvələrinin anasızlığını hiss etməmələri üçün kürəkənin gözəl əxlaqi keyfiyyətlərə malik bir gənc olmasını nəzərə alaraq ikinci qızı Nisə xanımı da Xanbaba xana ərə verir. Bəzi tədqiqatçılar yanlış olaraq bu uşaqların Nisə xanımdan olduğunu qeyd edirlər. M. Qacar isə Nisə xanımın doğma qızıdır. 9 noyabrr 1926-cı ildə vəfat etmişdir. Tiflisdə dərc olunan "Zarya Vostoka" qəzeti 1926-cı il nömrələrində iki gün (11, 12 noyabrda) dalbadal onun ölümü haqqında nekroloq vermişdir: "Uzun sürən ağır xəstəlikdən sonra Şahzadə Bəhmən Mirzənin oğlu mərhum Mirzə Fətəli Axundovun kürəkəni polkovnik Xanbabaxan Qacar vəfat etdi. Cənazə Krılov küçəsindəki üç nömrəli evdən götürüləcək. Dəfn mərasimi bir nömrəli müsəlman qəbiristanlığında olacaq"..
- Nəvəsi Axundov Fətəli Rəşid bəy oğlu — Rəşid bəyin oğlu Fətəli babasına çox bənzəyirdi. O, Peterburq Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdi. "Arşın mal alan" komediyasının rus dilinə ilk tərcüməsi onu adı ilə bağlıdır. Çox hazırcavab idi, güclü yumor hissinə malik idi. Onun lətifələri "xalq rəhbəri" Stalinə də ünvanlanırdı.[16] Rəşid bəy Axundovun yeganə oğlu Fətəli bəzi məlumatlara görə "Molla Nəsrəddin" jurnalının əməkdaşı İsmayıl Həqqi ilə bir vaxtda repressiyanın qurbanı olub və 28 iyun 1938-ci ildə Tiflisdə güllələnib.[17]
Əsərləri
redaktəPoema:
- Şərq poeması (1837)
Pyeslər:
- Hekayəti Molla İbrahim-Xəlil Kimyagər (1850)
- Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur (1850)
- Sərgüzəşti-vəziri-xani-Lənkəran (1850)
- Hekayəti Xırsi-Quldurbasan (1851)
- Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara) (1852)
- Mürafiə vəkillərinin hekayəti (1855)
Satirik povest:
Məqalələr:
- Fəhristi-kitab (1859)
- Nəzm və nəsr haqqında (1862)
- Tənqid risaləsi (1862)
- Kəmalüddövlə məktubları (1865)
Əsər müəllifi kimi
- Hacı Qara (film, 1929) (tammetrajlı bədii film)
- Dərviş Parisi partladır (film, 1976) (tammetrajlı bədii film)
- Aldanmış ulduzlar (opera, 1977)
- Hacı Qara (film, 2002) (tammetrajlı bədii film)
- Mürafiə vəkillərinin hekayəti (film, 2011) (film-tamaşa)
Xatirəsi
redaktə1938-ci ildə Əbdül Həsənov tərəfindən çəkilmiş Azərfilm istehsalı Böyük yazıçı-maarifçi adlı qısametrajlı sənədli film həsr olunmuşdur.
Digər filmlər:
- Səbuhi (film, 1941) (tammetrajlı bədii film)[18]
- 150 il. Mirzə Fətəli Axundov (film, 1962)) (qısametrajlı sənədli film)
- Mirzə Fətəli Axundov (film, 1972)) (qısametrajlı sənədli film)
- Mirzə Fətəli Axundov (film, 1982)) (qısametrajlı sənədli film)
- Sübhün səfiri (film, 2012) (tammetrajlı bədii film)
Mənbə
redaktəƏdəbiyyat
redaktə- İbrahimov M. Niyəsiz, necəsiz, bir yazısan sən kitabında. Bakı: Yazıçı, 1985, 195 s.
- Qasımov M. M. F. Axundov və XIX əsrin inqilabi-demokratik estetikası. Bakı: 1954, 150 s.
- Qasımzadə F. M. F. Axundovun həyat və yaradıcılığı. Bakı: 1962, 150 s.
- Sadıqov M. Axundov Mirzə Fətəli. Bakı: 1987, 200 s.
- Kəngərli A. M. F. Axundov və Həsənbəy Zərdabi: Ümmətçilikdən millətçiliyə keçidin başlanması. "Yeni Azərbaycan", 2003, 11 may.
- Qafarov N. M. F. Axundzadə komediyalarının dili və milli gülüş mədəniyyətinin ənənələri. "Mədəni-Maarif", 2002, № 8–9, s.40–41.
- Гусейнов Ч. Фатальный Фатали (роман). М.: Советский писатель, 1983, 463 стр.
- Тагизаде С. М.Ф.Ахундов и Европа. Баку: 1991, 50 стр.
- Əlibəyzadə E. M. Azərbaycan dilinin tarixi. İki cilddə. II cild. Bakı: Azərnəşr, 2008, s. 342-414.
- Şahbaz Şamıoğlu (Musayev). Mirzə Fətəli Axundzadənin gürcü müasirləri (monoqrafiya), B., Mütərcim, 2012, 116 s.
- www.anl.az/down/meqale/525/2012/iyun/73.htm
İstinadlar
redaktə- ↑ 1 2 Mirza Fatali Akhundov // https://pantheon.world/profile/person/Mirza_Fatali_Akhundov.
- ↑ Encyclopædia Iranica (ing.). / N. Sims-Williams, A. Ashraf, H. Borjian, M. Ashtiany USA: Columbia University, 1982. ISSN 2330-4804
- ↑ Opera in Azerbaijan by Azer Rezayev , Winter 1997 (5.4) P. 70–71
- ↑ Aqafangel Krımski Тюркские литературы // Энциклопедический словарь Гранат. — М., 1927. — Т. 41, Ч. X. — С. 365. (rus)
- ↑ Swietochowski, Tadeusz. Russia and Azerbaijan: A Borderland in Transition (ingilis). New York: Columbia University Press. 1995. 27–28.
In his glorification of the pre-Islamic greatness of Iran, before it was destroyed at the hands of the "hungry, naked and savage Arabs," Akhundzada was one of the forerunners of modern Iranian nationalism, and of its militant manifestations at that.
- ↑ "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-12.
- ↑ """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
- ↑ Azərbaycan Sovet Ensiklopediyası. I cild
- ↑ "Xoş gördük, Mirzə Fətəli!". 2013-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-23.
- ↑ Islam in Modern Drama and Theatre [ölü keçid]
- ↑ "M.F.Axundova həsr olunan "Sübhün səfiri" filminin təqdimatı keçirilib". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-27.
- ↑ "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-10.
- ↑ Rafiq Yusifoğlu, (proffessor, filologiya elmləri doktoru)525-ci qəzet.- 2012.- 5 iyun.- S.6.
- ↑ 1 2 3 4 referat.ilkaddimlar.com/d_pdf_refe_felse_435.pdf, Mirzə Fətəli Axundovun fəlsəfi fikirləri, səh 1
- ↑ 1 2 3 Философская и социологическая мысль народов СССР в XIX в. Краткий очерк истории философии. Под ред. М. Т. Иовчука, Т. И. Ойзермана, И. Я. Щипанова. М., изд-во «Мысль», 1971 г; OCR Biografia.Ru
- ↑ "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
- ↑ "Arxivlənmiş surət". 2017-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 64–66.
Digər
redaktə- Mirzə Fətəli Axundov Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- Mirzə Fətəli Axundzadə Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine
- "Günə doğru". Dahi dramaturq M. F. Axundovun vəfatından 138 il keçir
- "Hər övladımın ölümünü canımla-qanımla yaşayırdım" – Mirzə Fətəli Sərvər Şirinin heykəllərlə söhbət rubrikasından.
- http://www.biografia.ru/about/filosofia46.html (rus dilində)
- Эльдар Эльхан оглы Исмаилов. Персидские принцы из дома Каджаров в Российской империи. Старая Басманная, 2009 — S. 155.