Gence Muqavilesi - Wikipedia
Gəncə müqaviləsi (rus. Гянджинский договор) — 1735-ci il martın 21-də Rusiya ilə Səfəvi nümayəndələri arasında imzalanmış müqavilə. Bu müqavilənin şərtlərinə əsasən rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir, burada əvvəlki inzibati idarə üsulu bərpa olunurdu. Gəncə müqaviləsi rus tacirlərinin Səfəvi ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq etdi.[1]
Gəncə müqaviləsi rus. Гянджинский договор | |
---|---|
İmzalanma tarixi | 10 mart, 1735 |
İmzalanma yeri | Gəncə yaxınlığı |
Qüvvədən düşməsi | 1747 |
İmzalayanlar | Nadir xan və Sergey Qolitsın |
Tərəflər | Çar Rusiyası və Səfəvilər |
Müqavilənin tarixi və şərtləri
redaktəMüqavilə 10 mart 1735-ci ildə Səfəvilər tərəfdən Nadir xan Əfşar, Çar Rusiyası tərəfdən isə knyaz Sergey Qolitsın tərəfindən imzalanmışdı. Müqavilənin imzalandığı ildə Nadir xan Gəncə qalasını mühasirəyə almışdı və Osmanlı qüvvələri ilə döyüşlər gedirdi. Razılığa da elə Gəncə yaxınlığında Nadir xanın düşərgəsində gəlinmişdi. Lakin 1747-ci ildə Nadir xanın ölümündən sonra Rəşt müqaviləsi və Gəncə müqaviləsi ləğv olundu.[2]
Müqavilənin şərtlərinə görə Nadir xan Rusiyanın düşmənlərini öz düşməni hesab edir və qaytarılan torpaqları bir də heç vaxt Osmanlılara verməməyi öz üzərinə götürürdü. Rusiya isə 19–21 mart 1735-də bütün Xəzəryanı vilayətlərdən (Kürün axarından Dərbəndədək) birdəfəlik çıxmağa razı oldu. Bu andlaşmaya görə, Rusiya Bakını 15 günə, Dərbəndi 2 aya boşaltmalıydı, Nadirsə öhdəsinə götürdü ki, Rusiyanın daimi müttəfiqi olacaq, Bakı və Dərbəndi heç kəsə verməyəcək. Solaq qalası Rusiya və Səfəvi dövlətləri arasında sərhəd oldu. Dövlətlər bir-birindən xəbərsiz Osmanlıyla müqavilə bağlamamağa da razılaşdılar. Lakin Nadir xan 1746-da Osmanlılarla müqavilə bağlayarkən rusların rəyini nəzərə almamışdı.[3]
İstinadlar
redaktə- ↑ e-derslik.edu.az. "Rəşt və Gəncə müqavilələri" (az.). 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-01.
- ↑ Yaqub M. Mahmudov, Kərim K. Şükürov. Vətən tarixi (Dörd cilddə, I cild) (PDF). Bakı. 2009. səh. 123. ISBN 978-9952-8133-0-2. 2017-05-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-04-01.
- ↑ Ədalət Tahirzadə. Nadir şah Əfşar (Tərcümeyi-hal oçerki) (PDF). Bakı: “Çıraq”. 2005. səh. 10. 2017-05-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-04-01.