Gence Qalasi - Wikipedia
Gəncə qalası — Gəncə şəhərinin tarixi mərkəzində yerləşən XVI əsrə aid tarix-memarlıq abidəsi. Qala 1588-ci ildə Osmanlılar tərəfindən ələ keçirilmiş Qədim Gəncə qalasına nəzarət edəcək hərbi qüvvələrin yerləşdirilməsi üçün Fərhad Paşanın göstərişi ilə inşa edilmişdir. Sonradan I Şah Abbas və Cavad xanın hakimiyyəti dövründə qala genişləndirilmiş və möhkəmləndirilmişdir. I Şah Abbasın göstərişi ilə Gəncə şəhərinin mərkəzinin Qədim Gəncə qalasından Gəncə qalasının forştadtına köçürülməsindən sonra Gəncə qalası şəhərin mərkəzində yerləşən əsas kompleks olmuşdur. Qalanın sitadelində Gəncə xan sarayı yerləşmişdir.
Gəncə qalası | |
---|---|
40°40′36″ şm. e. 46°21′18″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Qala küçəsi, Xan bağının yaxınlığı |
Aidiyyatı |
Osmanlı imperiyası Səfəvilər Gəncə xanlığı Rusiya imperiyası |
Sifarişçi |
III Murad[1] Fərad paşa |
Tikilmə tarixi | 3 sentyabr 1588 |
Üslubu | Arran memarlıq məktəbi |
Material | kərpic, əhəng məhlulu |
İstinad nöm. | 200 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
1804-cü ildə bir aydan artıq davam edən mühasirə və qanlı döyüşdən sonra Gəncə qalası Çar Rusiyası tərəfindən ələ keçirilir. Bundan dərhal sonra daxili qalanın özəyini təşkil edən Xan sarayı talan edilərək dağıdılır.
Dövrümüzə Gəncə qalasının yalnız hissələri çatdığından, onun memarlıq xüsusiyyətləri əsasən tarixi xəritə və planlar, həmçinin qravür və fotoşəkillər əsasında öyrənilmişdir. Qalanın 1797-ci ilə aid planından görünür ki, şəhər böyük bir əraziyə malik idi və onun ərazisinin böyük bir hissəsini bağlar tuturdu. Şəhər ərazisi qala və forştadta bölünürdü. Gəncə qalası planda qeyri-bərabər altıbucaqlı formasına malik idi. Gəncə qalası iki qat qala divarına malik idi. Qala divarları bir-birindən 70-80 metr aralıda yerləşmişdi. Əsas qala divarları olan daxili divarlar altı bastiona malik idi. Xarici qala divarları isə bir-birindən kifayət qədər uzaq məsafədə yerləşən qüllələrə malik idi. Qala divarlarından kənarda yerləşən geniş bağlar və evlər isə yalnız çiy kərpicdən hörülmüş divarlarla müdafiə olunurdu.
Tarixi
redaktəXVI əsrdə Qədim Gəncə Səfəvi-Osmanlı müharibələrinin mərkəzlərindən birinə çevrilir. 1587-ci ildə Fərhad Paşanın rəhbərlik etdiyi Osmanlı ordusu Gəncə şəhərini ələ keçirir. Osmanlılar şəhərin möhkəmləndirilməsi üçün dərhal işə başlayırlar və 1588-ci ildə yeni qala divarlarının inşasına başlanılır. 1606-cı ildə I Şah Abbas tərəfindən mühasirəyə alınana kimi Gəncə Osmanlı dövlətinin tərkibində qalır.[2]
1603-1618-ci ildə baş vermiş növbəti Səfəvi-Osmanlı müharibəsi zamanı, 1606-cı ildə Gəncə Səfəvilər tərəfindən ələ keçirilir. Şah Abbas qədim şəhərin qala divarlarını dağıtdırır və şəhər mərkəzini əvvəlki ərazidən bir fərsəx aralıya - Gəncə qalasının forştadtına köçürür. Şahın əmri ilə yeni Gəncə qalasında bərpa və möhkəmləndirmə işləri aparılır.
XVIII əsrin sonlarında Gəncə qalası yeni xanlığın paytaxtına çevrilir. Bu dövrdə şəhər bölgənin ən böyük ticarət mərkəzlərindən biri idi.[3] Nadir şah Əfşar Gəncə qalasını ələ keçirmək üçün Çar Rusiyasından hərbi kömək istəməli olur və ona Bakı qalasından artilleriya və hərbi heyət göndərilir.[2]
XVIII əsrin əvvəllərində Gəncə şəhərində olmuş abbat Avril Filippa onu təsvir edərkən yazır:
Persiyanın ən yaxşı şəhərlərindən biri olan Gəncə gözəl düzənlikdə yerləşir...Yerli əhali şəhər ərazisindən axan çoxsaylı çayları şəhərdə həddən artıq olan bağları suvarmaq üçün istifadə edir və bu da şəhər torpağını münbitləşdirir. Farslar həqiqətən möhtəşəm olan bu ərazini imperiyanın güllüyü adlandırırlar. Şəhərin mərkəzində yerləşən bazarlar Şərqdə gördüyüm bazarların ən gözəl və möhtəşəm olanlarıdır. Onlar qeyri adi iri ölçülərə malik olmaqla yanaşı böyük tağlarla örtülmüşdür və hər növ məhsul xüsusi sırada təqdim edilir. Gəncənin yerləşdiyi ərazi ticarət baxımından çox əlverişli olduğundan burda ilin hər fəslində çoxlu xarici tacirləri görmək mümkündür.[4] |
Ə. Salamzadə qeyd edir ki, bu tarixi təsvirdə qeyd edilən “çoxsaylı çaylar” əlbəttə ki, təbii çaylar yox, bir çoxu dövrümüzə çatmış Gəncənin mürəkkəb kəhriz-arx sistemidir.[5] Gəncə qalasının 1797-ci ilə aid planında müxtəlf istiqamətlərə yönəldilmiş bir neçə kana və ya arx göstərilmişdir.[5] Planda həmin arxlardan yalnız birinə izahat yazılaraq onun, daxili qalanın içindən keçdiyi göstərilmişdir.[5] Ə. Salamzadə ehtimal edir ki həmin kanal məhz Xan sarayı və xan ailəsinin suya olan tələbatın ödəmək, Xan sarayının həyətlərindəki fontanları su ilə təmin etmək üçün istifadə olunmuşdur.[5]
Holland səyyahı Kornelius de Bruin XVIII əsrin əvvəllərində Gəncə şəhərini təsvir edərkən yazır:
Şamaxıdan 50 lye aralıda yerləşən Kandja şəhəri, ondan dörd dəfə böyükdür. Şəhərdə əksəri iki mərtəbəli olan çoxlu daş evlər, gözəl, geni küçələr, zəngin bazarlar, gözəl karvansaraylar, həmçinin qubernatorun geniş sarayı vardır; şəhərin içindən gözəl çay axır; şəhərdə çoxlu bağlar...həddən artıq meyvələr vardır. Buna görə də, onu bütün Persiyanın ən gözəl şəhərlərindən biri hesab etmək olar.[6]
XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Gəncə Rusiya-İran müharibəsinin mərkəzində qalır. 1796-cı ildə rus hərbiçilərinin qısa müddətli hakimiyyətindən sonra, daha çox Qacarlara meyl edən Gəncə xanı şəhərin qala divarlarını bərpa edərək möhkəmləndirir. 1804-cü ildə bir aydan artıq davam edən mühasirə və qanlı döyüşdən sonra Gəncə qalası Çar Rusiyası tərəfindən ələ keçirilir. Bundan dərhal sonra daxili qalanın özəyini təşkil edən Xan sarayı talan edilərək dağıdılır.[5] Rusiya İmperiyası ordusuna rəhbərlik edən P. Sisianov Gəncə adını istifadə edənlərin 1 gümüş rubl məbləğində cərimə olunmasına göstəriş verir.[7]
Memarlıq xüsusiyyətləri
redaktəDövrümüzə Gəncə qalasının yalnız hissələri çatdığından, onun memarlıq xüsusiyyətləri əsasən tarixi xəritə və planlar, həmçinin qravür və fotoşəkillər əsasında öyrənilmişdir. Gəncə qalasının ən erkən planı “Ətraf ərazilər və forştadtın bir hissəsi ilə Gəncə qalasının planı” (rus. «План крепости Гянджи с показанием около лежащей экспланады и части форштадта») [Qeyd 1] adlanır. Plan üzərindəki qeyddə göstərilir: “Mühəndis mayor İvan Qartinq. Gəncə qalası 24 fevral 1797”.
Ə. Salamzadə qeyd edir ki, planın üzərində qeyd edilmiş tarxdən bəlli olur ki, o, qraf V. A. Zubovun korpusunun 1796-cı ildən 1797-ci ilin martına kimi davam edən yürüşü zamanı tərtib edilmişdir.[8] 1797-ci ilin martında çar I Pavelin əmri ilə V. A Zubovun Cənubi Qafqaza yürüşü başa çatdırılmışdır.[9]
Qalanın 1797-ci ilə aid planından görünür ki, şəhər böyük bir əraziyə malik idi və onun ərazisinin böyük bir hissəsini bağlar tuturdu. Şəhər ərazisi qala və forştadta bölünürdü.[8] Lakin, Bakı qalasının forştadtı təsadüfən səpələnmiş, müdafiə sistemindən məhrum forştadtından fərqli olaraq, Gəncə qalasının forştadtı mərkəzi memarlıq ansamblına, çoxsaylı yaşayış və ictimai tikililərə və bağlara malik idi. Gəncə qalasının forştadtı çiy kərpic və gil məhlulundan hörülmüş qala divarları ilə əhatə olunmuşdu.[8]
Gəncə qalası planda qeyri-bərabər altıbucaqlı formasına malik idi. Qalanın içinə aparan iki yol onun şərq və qərb tərəflərində yerləşirdi. Qaladan xaricə üç yol çıxırdı ki, onlar da “İrəvan yolu”, “Şuşa yolu”, “Kür və ya Tiflis yolu” adlandırılırdı.[8] Qala divarının şimalından keçən yol isə həmin üç yolu birləşdirirdi.[8]
Gəncə qalası iki qat qala divarına malik idi.[8] Qala divarları bir-birindən 70-80 metr aralıda yerləşmişdi.[8] Əsas qala divarları olan daxili divarlar altı bastiona malik idi.[8] Xarici qala divarları isə bir-birindən kifayət qədər uzaq məsafədə yerləşən qüllələrə malik idi. Qala divarlarından kənarda yerləşən geniş bağlar və evlər isə yalnız çiy kərpicdən hörülmüş divarlarla müdafiə olunurdu.[8]
İkiqat qala divarları aasında 1797-ci il planında “Sakinlər tərəfindən qalanın Gürcüstan çarı və Şuşa xanı tərəfindən mühasirəsi zamanı inşa edilmiş qazmalar” kimi qeyd edilmiş tikililər olmuşdur. Ə. Salamzadə qeyd edir ki, döyüşlər zamanı forştadt sakinləri iki qala divarı arasındakı bu əraziyə sığınır və müvəqqəti olaraq bu qazma evlərdə yaşayırdı.[10]
Gəncə qalasının digər bir planı isə 1804-cü ilə aiddir.[Qeyd 2] Ə. Salamzadə qeyd edir ki, Gəncə qalasının 1804-cü ilə aid planı, 1797-ci il planının əlavə və qeydlər edilmiş yeni nüsxəsidir.[10] 1804-cü il planında Gəncə qalasının xarici divarına birləşik inşa edilmiş və daxili qala divarları ilə əlaqələndirilmiş altı bastionun adı qeyd edilmişdir. Onlar Qapı, Şirəli bəy, Cəfər bəy, Yuxarı qapı, Qafar bəy və Hacı xan bastionlarıdır.[10] Yuxarı qapı bastionu yaxınlığında Gəncə qalasının əsas giriş qapısı, Yuxarı qapı bastionu yaxınlığında isə 1797-ci il planında Tiflis qapısı adlanan qapı yerləşirdi.[10]
XVIII əsrdə Gəncə şəhəri artıq nəhəng əraziyə malik idi və buna görə də 1797-ci il planında yalnız forştadtın bir hissəsini göstərmək mümkün olmuşdur.[10] Gəncə qalasının forştadtı üçün yaşayış kompleksləri və evlər arasında çoxlu sayda bağların olmasıdır.[10]
Gəncə qalasının üçüncü planı “План города Елисаветпола” adandırılan və 1804-cü ilə aid edilən tarixi plandır.[Qeyd 3] Karandaşla çəkilmiş və bəzi yerlərdə tuşla işlənmiş planda şəhərin mərkəzi hissəsi göstərilməsə də, forştadtı əhatə edən çiy kərpic divarlar tam və aydın qeyd edilmişdir. Hündür olmayan həmin qala divarları bir-birindən 200-500 metr məsafədə yerləşən qüllələrlə möhkəmləndirilmişdir.[10]
Gəncə şəhərinin cənub-şərq hissəsinin 24 fevral 1797-ci ildə işlənmiş xüsusi planı mühəndis mayor İvan Qartinq tərəfindən imzalanmışdır.[10] Bu planın əsas diqqət çəkən cəhəti böyük ərazini tutan “Xan heyvanxanası” və “Xan bağı”nın göstərilməsidir.[10] Ə. Salamzadə qeyd edir ki, “Xan heyvanxanası” adı altında ehtimal ki, xan ailəsi üzvlərinin vəhşi heyvanlar saxladıqları ərazi və ya xan ailəsi üzvlərinin ovlandıqları qoruq formalı vəhşi ərazi nəzərdə tutulurdu.[10] “Xan bağı” isə dövrümüzə çatmış və qədimdə yalnız xan ailəsi və onların qonağı olan şəxslərin dincəldiyi geniş bağdır.[10]
Qeydlər
redaktə- ↑ Yeganə nüsxəsi Rusiya Dövlət Mərkəzi Hərbi-Tarixi Arxivində (ЦГВИА, ф. 349, оп. 12, д. 6055) saxlanan həmin plan Ə. Salamzadə tərəfindən ətraflı tədqiq edilmişdir.
- ↑ Rusiya Dövlət Mərkəi Hərbi-Tarixi Arxivində saxlanan bu plan (ЦГВИА, ф.349, оп. 12, д. 6057) Ə. Salamzadə tərəfindən tədqiq edilmişdir.
- ↑ Rusiya Dövlət Mərkəi Hərbi-Tarixi Arxivində saxlanan bu plan (ЦГВИА, ВУА № 21938) Ə. Salamzadə tərəfindən tədqiq edilmişdir.
İstinadlar
redaktə- ↑ Альтман М. М. Исторический очерк города Ганджи. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 94.
- ↑ 1 2 Саламзаде, 1964. səh. 124
- ↑ Бурнашев, C. Описание областей Азербайджанских в Персии и их политического состояния. Курск. 1793. 11.
- ↑ Philippe, Avrelle. Curieuse Reis durch unterschiedene Staaten in Europa und Asia. Hamburg. 1705. 76.
- ↑ 1 2 3 4 5 Саламзаде, 1964. səh. 128
- ↑ de Bruins, Cornelis. Reizen over Moskove door Persie en Indie. Amsterdam. 1711. 104.
- ↑ Л. Бретаницкий, А. Саламзаде. Кировабад. Москва. 1960. 24.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Саламзаде, 1964. səh. 125
- ↑ Левиатов, В. Н. Очерки из истории Азербайджана в XVII веке. Баку. 1948. 185.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Саламзаде, 1964. səh. 126
Ədəbiyyat
redaktə- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.