Rest Muqavilesi - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Rəşt müqaviləsi — Səfəvilər dövləti ilə Rusiya arasında müqavilə.
Rəşt müqaviləsi ərəfəsində Azərbaycanda baş verən siyasi hadisələr
redaktəRusiya Əşrəflə 1729-cu il Rəşt müqaviləsini imzaladıqdan sonra İranda Nadirin mövqeyi möhkəmlənməyə başladı. O, 1726-cı ildə Mazandaranda II Təhmasib ətrafında toplanan antiəfqan qüvvələrə qoşulmuş və burada əsas qüvvəyə çevrilmişdi. Nadir Əşrəf üzərində qalib gələrək İsfahana daxil olmuş, burada II Təhmasib şah taxtına çıxarılmışdı. Nadir Şiraz yaxınlığında Əşrəfi yenidən məğlubiyyətə uğradaraq, 1730-cu ildə əfqan işğallarına son qoydu. Bundan sonra Nadir osmanlılara qarşı çıxdı. O, 1730-cu ilin avqustunda Təbrizi tutdu. Vəziyyəti belə görən Rusiya İranla danışıqları bərpa etməyi qərara aldı.
Xorasanda əfqanların üsyanı Nadirin planında dəyişiklik yaratdı. II Təhmasib Nadirin əfqanlara qarşı yola düşməsindən istifadə edərək Osmanlı dövləti ilə hərbi əməliyyatları bərpa etdi və məğlubiyyətə uğradı. 1732-ci ilin yanvarında II Təhmasib Osmanlı dövləti ilə müqavilə bağlamağa məcbur oldu. Osmanlı-Səfəvi yaxınlaşması Rusiya diplomatiyasını daha da fəallaşdırdı. 1731-ci ilin yazında Rəştdə Rusiya-İran danışıqları başladı. 21 yanvar 1732-ci ildə müqavilə bağlanmışdır.
Müqavilənin şərtləri
redaktəMüqavilə 8 maddədən ibarət idi. Preambulada müqavilənin bağlanması səbəblərindən bəhs olunur, Rusiya hökmdarı Anna İvanovnanın nümayəndələri V.Levaşov və P.Şafirovun səlahiyyəti təsdiq edilirdi.
I maddədə İranda onun cəlb edilmiş olduğu ziddiyyətlər və düşmənçilik hərəkətlərinin hər iki tərəfdən unudulmasından, tərəflər arasında sülhün bərqərar olmasından bəhs edilirdi.
II maddədəyə əsasən Rusiya silah gücünə tutduğu əraziləri-Lahican, Vanapux əyalətini, Səfidrud çayının о tayındakı bütün əraziləri bu traktatın tərtib olunub təsdiq olunduğu vaxtdan bir ay müddətinə İran dövlətinə qaytaracaq. Gilan və Astrabad əyalətləri isə hətta Kür çayı boyu ərazilər də bu traktatın təsdiqləndiyi vaxtdan sonra beş ay müddətinə qoşunlardan təmizlənəcək, abad vəziyyətdə Şah hakimiyyətinə qaytarılacaq. Başqa əyalətlər və Kür çayından şimalda olan torpaqlar isə Rusiya torpaqlarına və təbəələrinə təhlükə sovuşandan sonra İmperatorun qərarı ilə qaytarılacaq, yəni İran öz düşmənlərini məhv edəcək, öz dövlətində sabit hakimiyyət bərqərar edəcək. Dağıstanda yaşayan, İran dövlətinin təbəələri ilə birləşərək böyük narahatlıq yaradan xalqlar sakitləşəcəklər, о vaxt Rusiya qoşunları qeyd-şərtsiz bu torpaqları da tərk edib, İran dövlətinə təhvil verəcəklər. İran dövlətinə qaytarılan torpaqlar heç vaxt, heç bir şərtlə başqa bir dövlətə təhvil verilməyəcək.
III maddəyə görə bunun müqabilində Şah həzrətləri özü və varisləri adından bütün Rusiya imperator həzrətləri ilə əbədi və qırılmaz dostluğunu elan edirdi. Rusiya imperatoru həzrətləri bütün öz torpaqları və vilayətlərində həm Rusiyadan İrana gətirilən, həm də İran malları, orada alınan və dəyişdirilən mallarla azad, müstəqil, rüsumsuz ticarət elan edirdi. Qərarlarla hər yerdə, şəhər və vilayətlərdə idarəedici adamlarla və gömrükxana xidmətçilərinə tapşırılırdı ki, bütün Rusiya tacirlərindən heç bir gömrük və b. vergi tələb etməsinlər və almasınlar. Rusiya imperator həzrətlərinin torpaq və yerlərində azad, gömrüksüz ticarətə, Rusiya təbəələrinin Hindistan və ya başqa dövlətlərə İran torpaqları və vilayətlərinə quru və ya dəniz yolu ilə azad və rüsumsuz ticarətinə yol verilirdi. Hər hansı bəhanə və yol ilə Şah həzrətlərinə rüsum, başqa vergi, hədiyyə və rüşvətin verilməsi qadağan edilirdi. Əlverişli yerlərdə ticarət üçün karvansara, dükanlar, evlər, anbarlar tikməyə icazə verilirdi. Onlara İran hakimləri tərəfindən hər cür yardım edilməli idi. Əgər Rusiya tacirlərinin malları olan gəmilərə hər hansı şəkildə zərər dəysəydi, İran ərazisində ziyan çəkənlərin malları, mülklərini xilas etmək üçün İran təbəələri hər cür yardım etməli idi. Rusiya təbəələrindən kimsə İran vilayətlərində vəfat etsə, onun bütün mülkiyyəti qohumu və ya yoldaşına ərizə ilə ləngidilmədən, zərərsiz siyahı üzrə verilməli idi.
IV maddədə göstərilirdi ki, qarşılıqlı surətdə İran Rusiya dövlətinə və oradan başqa dövlətlərə ticarət üçün müstəqillik və yardım vəd edir. Rusiya tərəfindən tacirlər haqqında, onlar İran sarayından ticarət üçün fərmanla, şəhadətnamə ilə gəlsəydilər, Şah həzrətlərinin məişət şeyləri üçün göndərilmiş olsaydılar, onların mallarına dövlət rüsumu alınmayacağı vəd edilirdi.
V maddədə qeyd olunurdu ki, İran dövlətində qiyamçıların həyəcanları zamanı xeyli Rusiya taciri döyülmüş və yüz minlərlə malları, malikanələri qarət edilmiş, nəticədə Rusiya tacirlərinin çoxu tamam müflisləşmişdi. Belə olduqda Rusiya İran dövlətindən tələb etmişdir ki, Rusiya tacirlərinə onun tərəfindən ədalətlilik və qarət edilmiş mülklərin xərcinin ödənilməsi həyata keçirilsin. Bu işdə ədalətlilik, Rusiya təbəələrini incidənlərin cəzalandırılması, onların var-dövlətindən yuxarıda göstərilənlərin mükafatlandırılacağı vəd olunurdu.
VI maddədə yazılırdı ki, hər iki dövlət arasında səmimi razılıq, gedib-gəlişlər üçün, tacirlərin mühafizəsi üçün səfir və ya müvəkkil rütbəli adamın olması vacibdir. Bu tacirlər incidilmişsə, lazım gələrsə, onları müdafiə etməyə, ədalət tələb etməyə səy göstərməlidirlər. Hər bir tərəf onları rahat mənzil, yemək pulu ilə təmin etməli, ticarəti müdafiə üçün şəhərlərdə öz Əlahəzrətlərindən rütbə almış səfir və müvəkkil saxlamalıdır. Onlar hər yerdə ehtiramla qarşılanmalı, hər iki tərəfin komandaları onları hər cür haqsızlıq və inciklikdən müdafiə etməli idi. Hər iki tərəfin təbəələrinə qarşı haqsızlığı onlar əngəlsiz, ədalətlə aradan qaldırmalı idi.
VII maddəyə görə rus qoşunlarının İran əyalətlərinə daxil olması və orada olduğu dövrdə Rusiya xidmətində və təbəəliyində olanlara İran dövləti tərəfindən etimadsızlıq göstərilməməli idi. Onların şəxsiyyəti və mülkiyyətinə heç bir zərər dəyməməli, cəza və müflisləşməyə yol verilməməli, əvvəlki kimi Şah həzrətlərinin himayəsi altında öz malikanələrində dinc yaşamalı idi.
VIII maddə ilə gürcü çarı Vaxtanq öz mülklərindən məhrum edilirdi. İran dövlətinə vəd edirdi ki, Gürcüstan İran daxilində, Şah həzrətlərinin himayəsində olanda əvvəlki qayda üzrə mülkləri və idarə hüququ çar xarakterində müəyyən olunacaq. Müqavilənin sonunda Rusiya tərəfindən vəd edilirdi ki, imperator həzrətlərinin bu müqaviləsini təsdiq etməsi, qarşılıqlı surətdə bir-birinə göndərilməsi dörd ay ərzində başa çatacaq. Müqavilədə yuxarıda göstərilən vəd edilmiş əyalətlərin verilməsi vaxtı isə İran həmin müqaviləni təsdiq edib, Rusiyaya təqdim edildiyi tarixdən hesab olunurdu.
Mənbə
redaktə- Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 г. ч.1, М., 1869
- Агаев Х.А. Торгово-экономические связи Ирана с Россией в XVIIIXIX вв. М., 1991
- Бушев П.П. Беспошлинная торговля русских купцов в Иране в 1732-1747 гг. // Иран. История и культура в средние века и в новое время. М., 1980, с.78-90
- Договоры России с Востоком. СПб., 1869, с. 194-202
- Нагорная А. Русско-иранские договоры 1732 и 1735 гг. //Арабские страны. Турция. Иран. Афганистан. История, экономика. М., 1973, с. 116-121.
- Советско-иранские отношения.М., 1946, с.13-19.