Furin - Wikipedia
Furin (風鈴?, azərb. "külək zəngi") – Yaponiyada istifadə olunan ənənəvi külək zəngləri. Əsasən, şüşə və metaldan, bəzən isə keramika və bambukdan hazırlanır.[1] Furinlər binaların pərvazından asılır və külək əsəndə səs çıxarırlar.[1] Yayın simvollarından biri hesab olunur.[1] Küləki tutması üçün aşağı hissəsinə lələk və ya kiçik dördbucaqlı kağız yapışdırılır.[1]
Tarixi
redaktəFurinlərin mənşəyi Çində istifadə olunmuş, senfutaku adlı fal əşyası ilə bağlıdır.[2] Çində istifadə olunmuş bu külək zəngi meşəyə aparılaraq bambukdan asılırdı və çıxardığı səsə əsasən öncəgörmələr edilirdi.[2] Heyan dövründə bu əşya Yaponiyaya çatmış və buddist məbədlərinin elementinə çevrilmişdir.[2] Tezliklə Heyan dövrünün zadəganları şər ruhları qovmaq üçün qoruyucu tilsim kimi evlərində furin asmağa başlamışdırlar.[2] Daha sonra adi insanlar da evlərində furindən istifadə etmişdirlər.[2] Bir başqa versiyaya görə furin fəlakətə səbəb ola biləcək güclü küləkləri müəyyən etmək üçün istifadə olunmuş futoku adlı zəngin sadələşmiş formasıdır.[3]
Heyan dövründə əsasən bürünc və mis furinlər hazırlanırdı.[2] XVI əsrdə avropalılarla yaranan ticarət əlaqələrindən sonra şüşədən hazırlanmış furinlər dəbə minmişdir.[2] XX əsrdə dəmir furinlərə böyük təlabat yaranmışdır.[2]
Xüsusiyyətlər
redaktəFurinlərin quruluşu 3 hissədən ibarətdir: qayken (boşqab formasında olan xarici hissə), zetsu (zəng çalan hissə) və tanzaku (ən aşağıda yerləşən, rəngli kağızlardan ibarət hissə).[2] Külək tanzakuya dəyəndə zetsunu hərəkətə keçirir və qaykendə zəng səsinin çıxmasına səbəb olur.[2] Furin əsən küləyin vizual təsvirini yaratmaqla yanaşı, çıxardığı zəng səsinin sərinləşdirici hiss yaratdığına inanılır.[2]
Hazırda furinlər əsasən şüşədən hazırlanır, üzərilərində çiçək və ya balıq kimi yay təsvirləri olur.[2] Furinlərin mindən çox növü mövcuddur.[2] İvate prefekturası öz Nambu furinləri ilə tanınır.[2] Bu furinlər ənənəvi Nambu dəmirçiliyinin kinki-teki texnikası ilə dəmirdən hazırlanır.[2] Nambu furininin çıxardığı səs 3000 Hz təşkil edir və müalicəvi təsiri olduğu deyilir.[2] Toyama prefekturasında bürüncdən hazırlanan Takaoka furinləri müasir və minimalist dizayna malikdir.[2] Himeciyə xas olan Hibaçi furini isə sallanan yemək çubuqlarından hazırlanır.[2]
Furinlər əsasən eyvanlardan və pəncərələrdən asılır.[2] Lakin müasir dövrdə mənzil binalarında qonşuları narahat etməmək üçün furinlərdən az hallarda istifadə olunduğu müşahidə olunur.[2] Bəzi insanlar furinlərdən sadəcə dizayn məqsədilə istifadə edirlər.[3] Buna baxmayaraq, furinlər hələ də şər ruhları qovmaq üçün məbədlərdə istifadə olunur.[2] Bir sıra məbədlərdə yayda furin festivalları keçirilir.[2] Hər ilin iyul ayında Kavasaki Dayşi məbədində baş tutan furin festivalında 30.000 furin eyni anda "rəqs edir".[2] Asakusada yerləşən Senso məbədinin və Kavaqoedə yerləşən Hikava məbədinin öz furin festivalı keçirilir.[2]
Qalereya
redaktə-
Edo furini.
-
Mizusava stansiyasında asılmış furinlər.
-
Naqanoda sərgilənən furinlər.
-
Kamado məbədində furinlər.
-
Tokioda furinlər.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Kodansha Encyclopedia of Japan
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 Lealand, Cath. "What are Furin? All About Japanese Wind Chimes". Japan Objects (ingiliscə). 7 fevral 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2023.
- ↑ 1 2 "Furin Wind Chimes - Japanese Encyclopedia". Matcha (ingiliscə). 1 mart 2020. 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2023.
Ədəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 254. ISBN 0-87011-628-2. İstifadə tarixi: 8 fevral 2023.