Dialektika - Wikipedia
Dialektika (yun. διαλεκτική — mübahisə etmək) — maddi dünyanın mövcudluğunu daimi dəyişiklik, hərəkət, mübarizə və inkişafla izah olunması üsuludur.
Ümumi məlumat
redaktəDialektika tezis-antiteza=sintez düsturu ilə işləyir, başqa cürə buna inkarın inkarı deyilir. Bir şey(tezis) inkar olunur(antiteza) və bu inkar öz növbəsində inkar olunur(sintez), və bu əksliklərin mübarizəsi və vəhdətindən yeni bir şey yaranır. Yeni yaranan köhnənin inkarı üzərində təşəkkül tapır, ama bu inkarın müsbət həllini nəzərdə tutur, bu o deməkdir ki, yeni köhnənin ən üstün tərəflərini özündə ehtiva edir və onun yeni səviyəyə inkişafı deməkdir.
Dialektikanın özünəməxsus tarixi vardır. Qədim Yunanıstanda dialektika dedikdə (qədim yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm məktəbində sübut nəzəriyyəsi kimi mövcud olmaqdadır. Dialektika ideyaları fəlsəfənin bütün tarixi ərzində inkişaf etmişdir.
Beləliklə, dialektika:
- təbiət, insan cəmiyyəti və təfəkkürün hərəkət, dəyişmə, təzələnmə və inkişafının ümumi qanunlarından bəhs edən elmdir.
- təbiət, insan cəmiyyəti və təfəkkürünün hərəkəti və inkişafı prosesidir.
- təbiət, cəmiyyət və təfəkkürün inkişafının ən ümumi qanunauyğunluqları haqqında təlim olmaqla prosesin daxili mənbəyini ziddiyyətlərin mübarizəsində görür.
- təbiətin, insan cəmiyyətinin, təfəkkürün hərəkət və inkişafının ümumi qanunları haqqında fəlsəfi təlim; bir keyfiyyətdən digərinə sıçrayışla keçidə gətirib çıxaran daxili ziddiyyətlərin və əksliklərin mübarizəsinin açılması yolu ilə, daim hərəkətdə olan və dəyişən təbiət və cəmiyyət hadisələrinin dərk edilməsinin elmi metodu. Qısa olaraq dialektikanı əksliklərin birliyi haqqında təlimdir.
- bir şeyin onun ziddiyyətliliyi fonunda hərəkət və inkişaf prosesidir (məsələn, hadisələrin dialektikası, tarixin dialektikası).
- rəqibin müddəalarında daxili ziddiyyəti aşkar etməklə söhbət, fikir mübadiləsi, mübahisə aparmaq incəsənətinin köhnəlmiş adı; mübahisədə məntiqi əsasları tətbiq etmək bacarığıdır [1].
Hegelin dialektikası idealist dialektika olmaqla dialektikanın ikinci mühüm tarixi formasını təşkil etmişdir. K.Marks və F.Engels tərəfindən yaradılan dialektika dialektikanın üçüncü tarixi formasını təşkil edir. Bununla belə dialektikanın müxtəlif variantları da ola bilər. Məsələn, neqativ dialektika, antinomik dialektika, paradoksal dialektika və transsendental dialektika vardır. Dialektika nəzəriyyə və metodun üzvi vəhdətindən təşkil olunmuşdur. Dialektika qarmaqarışıq, nizamsız, dövrəvi, funksional olan istənilən hərəkəti qəbul etməklə yanaşı, onların hərəkətindəki qayıtmazlığı, istiqamətliliyi, sistemin keyfiyyətcə dəyişilməsinə aparan hərəkətlərə xüsusi diqqət verir və onları inkişaf kimi xarakterizə edir. Dialektika metod olmaq etibarı ilə metodoloji funksiyaları yerinə yetirir və dialektik məntiqin prinsipləri kimi qəbul edilən bir sıra prinsipləri formula edir. Onlardan ən başlıcaları olan hərtərəflilik, istorizm və ziddiyyətlilik prinsiplərini göstərmək olar.
Dünya və idrakın öyrədilməsinə dair konsepsiyalardan və ya metodlardan ən qədimi metafizikadır. Metafizika yunanca fizikadan sonra mənasını verir və o, e.ə. I əsrdə Aristotelin əsərlərinin nəşriçisi samoslu Andronikin elmə daxil etdiyi anlayışdır. O, Aristotelin varliğin və idrakın ümumi problemlərindən bəhs edən əsərlərini «Metafizika» adlandırmışdı. Metafizika təbiəti tədqiq etmək, öyrənmək metodu kimi Yeni dövr fəlsəfəsində formalaşmışdır. O, təbiəti öz tərkib hissələrinə parşalayaraq, həmin hissələrdən hər birini ayrılıqda, dəyişikliksiz və inkişafdan kənarda öyrənmək metodundan ibarət olmuşdur.
Dialektika hərəkət və inkişaf haqqında elm və univrsal idrak metodu olmaq etibarı ilə öz alternativlərindən keyfiyyətcə fərqlənən bir elmdir. Onun bir elmi sistem olmaqla qanun və kateqoriya aparatı, onların bir – birilə qarşılıqlı əlaqələri, nizamlılığı və sistemliyi vardır.
Dialektik kateqoriyalar
redaktəVarlığın ən ümumi universal əlaqələri kateqoriya (yunanca mülahizə, müddəa deməkdir), anlayışında ifadə olunmuşdur. Onlar gerçəklik hadisələrinin, idrakın mühüm və ümumi xassələrini, tərəflərini əks etdirən əsas və ümumi anlayışlardır. Fəlsəfi kateqoriyalar məzmunu gerşəkliyin xassə, əlaqə və münasibətləri haqqında ümumiləşdirilmiş bilikdən ibarət olan fəlsəfənin əsas anlayışlarıdır. Hər bir obyektin idrakı onun xassələrinin öyrənilməsindən başlayır. Xassə predmetin digər predmetlərlə fərq və ya oxşarlığını şərtləndirən və onlarla qarşələqlə təsirdə təzahür edən tərəfdir. Predmetin xassələrinin məcmusu onun keyfiyyətini təşkil edir. Keyfiyyət müəyyənlikdir. Keyfiyyət müəyyənliyi ilk əvvəl hiss orqanları vasitəsilə qeydə alınır. Təfəkkürün qabiliyyəti nəticəsində müəyyən cismin nədən ibarət olmasını göstərən xassələrin sistemli məcmusundan təşkil olunan keyfiyyət kateqoriyası formalaşır.
Kəmiyyət predmetin miqdarca çoxluğu və ya xassələrin intensivliyi ilə xarakterizə olunan müəyyənliyidir.Aristotel kəmiyyətləri bölünən və fasiləsiz xassələrdən ibarətdir. Məsələn, ədəd və söz bölünəndir, xətt, səth, yer, zaman və məkan fasiləsizdir. Keyfiyyətsiz kəmiyyət, kəmiyyətsiz keyfiyyət yoxdur. Onların vəhdəti ölçüdə öz əksini tapır.
Mahiyyət və təzahürü xarakterizə edən kateqoriyalar onun məzmununu bu və ya digər tərəfdən aşkar edirlər. Mahiyyət obyektin daxili, təzahür isə xarici tərəfidir, mahiyyət müəyyən obyektlər şoxluğundakı ümumidir, təzahür təkcələrdə təzahür edir.
Məzmun obyektin bütün hissələrinin məcmusu, forma isə məzmunun daxili təşkili, məzmununun strükturudur. Məzmunu təşkil edən forma sayəsində obyekt keyfiyyət müəyyənliyinə malik olur. Səbəb obyektlər və ya onların tərəfləri arasındakı qarşılıqlı təsirdən, nəticə isə obyektlər və ya onların tərəflərinin dəyişilməsindən ibarətdir. Zərurət sabit, daxili, daimi fəaliyyət göstərən səbəblərdən törəyir. Təsadüf isə əsasən qeyri – sabit və qeyri – həmcins və qeyri – müəyyən xarici səbəblərdən törədiyindən, təzahür edir. İmkan müəyyən şəraitdə həyata keçə, gerçəkliyə çevrilə bilən, obyektiv qanunlara zidd olmayan nə varsa onların məcmusuna deyilir. Gerçəklik isə həyata keçmiş, baş tutmuş, realizə edilmiş imkanı nəzərdə tutulur. Dialektik materializmdə gerçəklik hər bir cism və hadisənin öz varlığını, öz gerçəkliyini nəzərdə tutur.
İmkanın gerçəkliyə çevrilməsində həlledici rolu oynayan amil obyektiv şəraitdir. Cəmiyyət hadisələrində şüurlu fəaliyyət göstərən insanların rolu zəruri şərtləndirilir.
Dialektikanın aşağıdakı qanunları mövcuddur:
- 1) Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.
Bu qanun gerçəkliyin ən ümumi, obyektiv qanunlarından biridir. Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur. Lakin onlar arasında əsaslı fərqlər də vardır. Əgər kəmiyyət dəyişiklikləri azalma və artmaya, kiçilmə və böyüməyə səbəb olur, müəyyən ölçü daxilində yeni keyfiyyət halı doğurmursa, cismin keyfiyyətcə dəyişilməsi ölçünü pozur, yeni keyfiyyət halının əmələ gəlməsi ilə nəticələnir. İnkişafın ən ümumi və obyektivliyi olan bu qanun - «öz hərəkətin», «öz inkişafın» mexanizmini, xarakterini,mahiyyətini ifadə edir, inkişafın necə, hansı formalarda baş verdiyini müəyyən edir, insanları inkişafın səciyyəvi xüsusiyyətləri, formaları, mərhələləri və s. haqqında qanunauyğunluqlarla silahlandırır. Bu da insanlarda nəzəri təfəkkürün inkişafına və əməli işlərində daha fəal olmasına kömək edir.
- 2) Əksliklərin vəhdəti və mübarizəsi qanunu.
Bu qanun ümumi hərəkət və inkişafın səbəblərini, mənbələrini, hərəkətverici qüvvələrini müəyyən edir. Əksliklərin vəhdəti və mübarizəsi qanunun mahiyyətini, inkişaf prosesində rolunu və fəaliyyət mexanizmini dərindən anlamaq üçün «eyniyyət», «fərqlilik», «ziddiyyət», «əkslik», «münaqişə» və s. anlayışlarının mahiyyətini bilmək, onları fərqləndirmək zəruridir. Bu anlayışları 2 mənada səciyyələndirmək olar:
- «əkslik» gerçəklik hadisələrinə xas olan, onların inkişafını şərtləndirən ən ümumi müəyyənlikdir;
- «əkslik» ziddiyyətlərin kəskinləşməsi dərəcəsi, mənafe fərqlərinin artıb tam qütbləşməsi və barışmazlığı forması və təzahürüdür.
- İnkarı inkar qanunu.
İnkarı inkar – dialektikanın ən ümumi qanunudur, gerçəklikdəki inkişafın perspektivlərini, meyllərini və istiqamətlərini, forma və nəticələrini bildirir. «inkar» terminini fəlsəfəyə ilk dəfə Hegel gətirmiş, «inkar inkarı» bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir. İnkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır: inkar, varislik və inkişaf. İnkarın anlaşılmasında əsasən iki münasibət – dialektik və metafizik mövqe fərqləndirilməlidir.
İnkarı inkar – gerçəkliyin bütün sahələrində (təbiətdə, cəmiyyətdə, idrakda) fəaliyyət təsirinə malik olan, inkişafın qarşısıalınmazlıq və varisliyini vəhdət halında əks etdirən, köhnənin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən ümumi qanundur.
Ədəbiyyat
redaktə- ↑ R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.