Azerbaycan Bayragi - Wikipedia
Azərbaycan Respublikasının bayrağı — Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir.[1] 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.[2]
Azərbaycan Respublikasının Bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadəsi | Milli bayraq və dəniz bayrağı |
Qəbul edilib |
9 noyabr 1918 5 fevral 1991 |
Ləqəb | Üçrəngli bayraq |
Proporsiya | 1:2 |
Dizayn | Mavi rəng, qırmızı rəng, yaşıl rəng. Qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. |
Dizayner | Əli bəy Hüseynzadə |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.[3]
Bayrağın təsviri
redaktəBayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.[4][5]
Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".[6] Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəllifi Üzeyir Hacıbəyov yazırdı: "Azərbaycan Respublikası sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb… Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir".[7]
Bayraqda əks olunan rənglərin mənası məlum olsa da ağ rəngli aypara və səkkizgüşəli ulduzun mənası barədə yekdil fikir yoxdur.[8] Qırmızı zolaq üstündəki bu rəmzlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə qəbul etdiyi (21 iyun 1918-ci il) qırmızı rəngli, üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının (bu XIX əsrin ortalarınadək Osmanlı İmperatorluğunun milli bayrağı olub) üçrəngli milli bayraqda kiçildilmiş formasından ibarətdir. Başqa sözlə, ağrəngli aypara və səkkizguşəli ulduz simvolu Azərbaycan bayrağına əski Osmanlı İmperatorluğunun bayrağından hazır şəkildə keçmişdir.[9]
Fətəli xan Xoyski öz nitqində ulduzun guşələrinin sayının 1918-ci ildə əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirib.[8] Bəzi iddialara görə, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqilər və türkmənlər) ulduzun 8 guşəsində əks edilib.[10] Digər fərziyyələr də var.[8]
Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində Dövlət Bayrağının təsviri:
Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. |
Rəng kodları
redaktə"Azərbaycan Respublikasının dövlət bayrağının istifadə qaydası" haqqında sərəncamda dövlət bayrağının dəqiq rəng xüsusiyyətləri qeyd olunur. 22 oktyabr 2013-cü il tarixində "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir,[11] lakin sonradan bu qanuna əsasən müəyyənləşdirilmiş pantone kodları — Pantone Blue 313C, Pantone Red 185C və Pantone Green 3405C rəng çalarları ləğv edilmişdir.[12][13]
Rəng modeli 2013–h. h. |
Mavi | Qırmızı | Yaşıl |
---|---|---|---|
RAL | 5012 | 3018 | 6018 |
Pantone | 306 C | Red 032 C | 362 C |
CMYK | 100-20-0-11 | 0-79-73-6 | 49-0-70-38 |
HEX | #00B5E2 | #EF3340 | #509E2F |
RGB | 0-181-226 | 239-51-64 | 80-158-47 |
Bayrağın tarixi
redaktəAzərbaycan Xalq Cümhuriyyətinin bayrağı
redaktə1918-ci il mayın 28-də tarixdə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi.[6] Həmin qərardan:
Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin.[6] |
Bu bayraq Osmanlı imperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi.[14]
Daha sonra Azərbaycan bayrağının dəyişməsi sualı qaldırıldı. Yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, İslamçılıq və Müasirlik. Qeyd olunmalıdır ki, ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninin təsiri olmuşdu.[15] Əfqani "Milli birlik fəlsəfəsi və din əsl mahiyyəti" və "İslam birliyi" kitablarında, müsəlman xalqlarının tərəqqisi dini konsolidasiya şəraitində, milli birlik və Avropa hökumətçiliyinin mütərəqqi ənənələrini tədqiq etməsi nəticəsində mümkündür. 1914-cü ildə, Cəmaləddin Əfqani kimi Məhəmməd Əmin Rəsulzadə də islamiyyətin və müsəlmanlığın milliyyət deyil, "ümmətçilik" ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qeyd etmişdi.[16]
1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin haqqında bayrağı qərar qəbul edildi:
Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:
Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin.[6] |
ABŞ veksilloloqu Vitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci ildə iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat" (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: "Türk qanlı, islam imanlı, avropa mədəniyyətli".[6]
7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılmışdır.[2] Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan Məhəmməd Əmin Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi "türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini" (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi.[2] O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng "Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur".[2]
Üzeyir Hacıbəyov milli bayrağın rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı:
Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır.[2] |
Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi:
Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur.[2] |
-
Azərbaycan Demokratik Respublikası Parlamentinin birinci iclası. İlk dəfə Azərbaycanın üçrəngli bayrağı bu parlamentdə ucaldı. 7 dekabr 1918-ci il.
-
Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı. 1919-cu il. Arxa planda ADR-in üçrəngli bayrağı.
-
Azərbaycan Xalq Cümhuriyyətinin zabitləri və əsgərləri Dövlət Bayrağı fonunda.
Azərbaycan SSR-in bayrağı
redaktə1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti quruldu və Azərbaycan SSR elan olundu.[2] Sovet bayraqşünaslarının fikrincə, ilk dövrlərdə inqilabi al bayraqlarla yanaşı, bayrağın sapına yönəlmiş yuxarı sol küncündə ağ beşguşəli ulduz və ağ aypara təsvirli al bayraqlardan da istifadə olunurdu.[2] Məsələn, 1921-ci ildə Bakıda buraxılmış plakatda belə bayraq təsvir olunmuşdu.[2] Lakin Sovet hakimiyyətinin ilk illərində Azərbaycan özünün dövlət atributlarını Sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq məcburiyyətində qalmışdı.[2]
1921-ci ilin may ayında RSFSR-in Konstitusiyasına uyğunlaşdırılmış şəkildə Sovet Azərbaycanının ilk Konstitusiyası (Əsas Qanun) qəbul edilmişdi. 104-cü maddədə dövlət bayrağının təsviri verilirdi:[2]
Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin ticarət, dəniz və hərbi bayrağı al qumaş parçadan ibarətdir, onun sol küncündə, bayraq sapı tərəfdə yaşıl fon üzərində qızılı "AİŞC" və ya "Azərbaycan İctimai Şuralar Cümhuriyyəti" yazısı yerləşdirilmişdir.[2] |
Yuxarıda verilən təsvir RSFSR-in 1918-ci il Konstitusiyasında verilmiş RSFSR bayrağının təsvirini eyniliklə təkrar edirdi. Fərqli cəhət bundan ibarət idi ki, RSFSR bayrağında yazılı sahə qırmızı idi, Azərbaycan SSR-in bayrağında isə yaşıl verilmişdi, respublikaların adlarının abreviaturaları da həmin qaydada seçilirdi.[2]
1922-ci ilin dekabrın 30-da SSRİ-ni tərkibinə daxil olduqdan sonra öz müstəqilliyini de fakto itirən Azərbaycan SSR MİK (Mərkəzi İcraiyyə Komitəsi) yeni latın qrafikalı əlifbanın (yeni əlifba adlanan) ərəb əlifbası əsasında olan köhnə əlifbası ilə eyni hüquqa malik olması barədə dekret qəbul etdi.[2] Bu amil bayrağın təsvirinə də öz təsirini göstərmiş oldu, yəni "A. S. S. R" abreviaturu həm latın, həm ərəb əlifbası ilə verildi.[2]
1924-cü il dekabrın 8-də Azərbaycan SSR MİK-in dördüncü çağırış üçüncü sessiyası Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) yeni redaksiyasını qəbul etdi.[2] Azərbaycan SSR Sovetlər Qurultayı 1925-ci il martın 14-də onu təsdiq etdi. Konstitusiyanın (Əsas Qanun) yeni redaksiyasının 104-cü maddəsində dövlət bayrağı aşağıdakı qaydada təsvir edilirdi:
AİŞC-nin dövlət bayrağı 2:1 nisbətdə olan al (qırmızı) qumaşdan ibarətdir. Yuxarı sol küncündə, bayraq sapı tərəfdə radiusu bayraq eninin 1/6-nə bərabər olan ölçüdə qızılı oraq və çəkic yerləşdirilib; onun üzərində şiş ucları sağ tərəfə yönəlmiş qızıl aypara və qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib; ayparanın diametri bayraq eninin 1/10-nə bərabərdir, oraq və çəkicdən sağda yeni və əski türk əlifbası ilə "A.İ.Ş.C" yazısı verilib.[2] |
1930-cu ildən başlayaraq Azərbaycan SSR-in bayrağı üzərində "ASSR" abreviaturu yalnız latın əlifbası ilə verilməyə başladı.[2] Bu qayda VII Ümum-Azərbaycan Sovetlər Qurultayının 1931-ci il fevralın 14-də qəbul etdiyi Azərbaycan SSR-in Konstitusiyasının (Əsas Qanun) yeni redaksiyasında təsbit edildi.[2]
1937-ci il Konstitusiyasının 152-ci maddəsində isə dövlət bayrağının təsviri belə ifadə edilmişdi:[2]
“Azərbaycan Sovet Sosialist Respublikasının dövlət bayrağı, sol bucağında, bayraq ağacı yanında yuxarıda qızılla oraq və çəkic çəkilmiş və üstündə Azərbaycan dilində "Az SSR" sözləri yazılmış qırmızı qumaşdan ibarətdir.”[2] |
1939-cu il 11 iyul tarixdə qəbul edilmiş "Azərbaycan əlifbasının latın əlifbasından rus əlifbasına keçməsi" haqqında Azərbaycan SSR-in Qanununa uyğun olaraq 1940-cı il yanvarın 1-dən Azərbaycan əlifbası latın əlifbasından rus əlifbasına keçirildi.[2] Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1940-cı il 20 mart tarixli fərmanı ilə Azərbaycan SSR Dövlət bayrağı üzərində "Az. SSR" abreviaturu yeni əlifba ilə təsvir edildi.[2]
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1952-ci il 7 oktyabr tarixli Fərmanı ilə Azərbaycan SSR xalq rəssamı və Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru Kazım Kazımzadəin layihəsi əsasında Azərbaycan SSR-in yeni Dövlət bayrağı təsdiq olundu və onun təsviri Azərbaycan SSR-in 1953-cü il 18 avqust tarixli Qanunu ilə Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) 152-ci maddəsinə daxil edildi:[2]
Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağı iki üfüqi yerləşən rəngli zolaqlardan ibarətdir: qırmızı rəngli üst zolaq bayrağın eninin ¾-nə bərabər ölçüdədir, göy rəngli alt zolaq bayrağın eninin ¼-nə bərabər ölçüdədir, qırmızı zolağın yuxarı sol küncündə bayraq sapı tərəfdə qızılı oraq və çəkic, onlardan yuxarıda qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib. Eninin uzununa nisbəti 1:2-dir.[2] |
1956-cı il may ayının 5-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə" təsdiq edildi.[2] Burada bayraq üzərində oraq, çəkic və ulduzun mövqelərini təkrarlayan və onların dəqiqləşdirilmiş təsvirləri aşağıdakı kimi verilirdi:
...Oraq və çəkic tərəfi bayraq eninin ¼-nə bərabər olan kvadratın içərisinə yerləşdirilir. Orağın şiş ucluğu kvadratın üst tərəfinin ortasına düşür, orağın və çəkicin dəstəkləri kvadratın alt künclərinə dirənir. Çəkicin dəstəyi ilə bir yerdə uzunluğu kvadratın diaqonalının uzunluğunun ¾-ni təşkil edir. Beşguşəli ulduz kvadratın yuxarı tərəfinə bitişik diametri bayraq eninin 1/8-nə bərabər olan çevrəyə yerləşdirilir. Ulduzu, orağı və çəkici ortadan bölən şaquli ox bayraq sapından bayraq eninin 1/3-i qədər məsafədə yerləşir. Bayrağın yuxarı kənarından ulduzun mərkəzinə qədər məsafə bayraq eninin 1/8-i qədərdir.[2] |
Bu dəyişikliklərin nəticəsində oraq və çəkic təsvirlərinin ölçüsü SSRİ Dövlət bayrağı üzərindəki təsvirlərlə uyğunlaşdırılmış, yəni kiçildilmişdir, 1952–1956-cı illərdəkinə nisbətən bayrağın sapından bir az uzaqlaşdırıldı.[2] Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 mart tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan SSR Dövlət bayrağı haqqında Əsasnamə"nin yeni redaksiyasında Azərbaycan SSR Dövlət bayrağının təsviri 1956-cı ildəki təsviri ilə müqayisədə dəyişilməz qalmış, lakin bayraq haqqında Əsasnaməyə əlavədə Azərbaycan SSR Dövlət bayrağının əks tərəfinin rəsmi təsdiq olunmuşdu, buradan oraq, çəkic və ulduz təsvirləri çıxarılmışdı.[2]
5 fevral 1991-ci il tarixli Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Qanunu ilə Azərbaycan Respublikasının Dövlət bayrağının yeni təsviri təsdiq edilmişdir.[2]
1920-ci ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının istifadəsi
redaktə1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı xaricdə immiqrant təşkilatlar tərəfindən istifadə olunurdu.
Böyük Vətən müharibəsi zamanı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Üçüncü Reyx tərəfdə döyüşən Azərbaycan legionu tərəfindən istifadə olunurdu.[17] Azərbaycan legionunun işarəsi olaraq, bayraq döyüşçülərin qol embleminin üzərində əks olunmuşdu.
6 noyabr 1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayını Əbdürrəhman bəy Fətəlibəyli başçılıq edirdi. Qurultayda Azərbaycanın bayrağı qaldırılmış və alınan qərarlardan biri Azərbaycanın müstəqilliyinin bərpa edilməsi idi.[18]
1922-ci ildə Məhəmməd Əmin Rəsulzadə Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçmişdi. O, orda Gülməmməd Bağırovla AXC-nin bayrağını hazırlamışdı. Hal-hazırda bayraq Azərbaycan Tarix Muzeyində yerləşir.
Ağ rəngli aypara və səkkizgüşəli ulduz Münhendə Əbdürrəhman bəy Fətəlibəylinin və Parisdə Topçubaşovlarun ailə məzarının üstündə yerləşir.[19][20]
1956-cı ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətin yaranışını məxsusi qeyd edən Cahid Hilaloğlu, Bakıda Qız Qalasının başına Cümhuriyyət bayrağını sancmışdı.[21] Bir neçə aydan sonra Cahid Hilaloğlunu palto oğurluğunda suçlayıb tutub, daha sonra onu Azərbaycan SSR CM 21–63 maddəsi ilə və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbliğat və təşviqatda suçlaymışdı.[21] İşə baxan Azərbaycan SSR Ali Məhkəməsi Hilaloğlunu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılmışdı.[21]
Azərbaycan Respublikasının bayrağı
redaktə1980-ci illərin sonlarında AXC bayrağı milli hərəkatın kütləvi tədbirlərində istifadə olunurdu.[22] Bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.[23] 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.[24]
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.[23] 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.[23][25]
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.[2]
Dövlət bayrağının istifadəsi
redaktəAzərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.[26]
Azərbaycan Respublikasının 683-cü qanunun 2-ci maddəsinə görə Dövlət bayrağının qaldırılmalı olduğu yerlər:[26]
- Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Prezident sarayının və dövlət iqamətgahlarının üzərində, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının, mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının binaları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin yerləşdiyi binanın üzərində daimi qaldırılır.
- Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır.
- Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasına Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin üzərində qaldırılır.
- Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının sərhəd nəzarət-buraxılış məntəqələrinin və sərhəd zastavalarının binaları üzərində daimi qaldırılır.
- Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində aşağıdakı hallarda qaldırılır:
- Azərbaycan Respublikasının bayram günlərində;
- hərbi andiçmə mərasimində;
- hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə;
- hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda.
- Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissələrində onların qərargahlarının binalarında, hərbi gəmilərində isə Hərbi Dəniz Qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq qaldırılır.
- Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağını da qaldırmalıdır.
-
Azərbaycan Silahlı Qüvvələri 9 may 2010-cu ildə Moskva şəhərində keçirilən hərbi nümayiş zamanı.
-
Azərbaycan Hərbi Hava Qüvvələri göydə Azərbaycan bayrağının rənglərini nümayiş etdirirlər. Bakı, 2013.
-
Azərbaycan azarkeşləri 2012 Yay Paralimpiya Oyunlarında. London, 2012.
-
Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə. Solunda Azərbaycan bayrağı, sağında Azərbaycan Prezidentinin ştandartı.
-
Sosial-iqtisadi inkişaf dövlət proqramlarının icrası sərgisində. 2013.
Dövlət bayrağının şaquli vəziyyətdə asılma qaydası
redaktəAzərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.[27]
Azərbaycan bayrağına hörmətsizliyin məsuliyyəti
redaktəAzərbaycan bayrağına hörmətsizlik cinayət sayılır.[28] Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsində Dövlət Bayrağı və Dövlət Gerbinin təhqir edilməsi yolverilməz hesab olunur.[28] Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər — iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[28]
Dövlət Bayrağı Günü
redaktə2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
Dövlət bayraq meydanları və muzeyləri
redaktəBakıda
redaktəBakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb.
Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində — Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat vəsait ayrılmışdı.[29]
Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib.[30] Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.
20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.[31] Ginnesin Rekordlar təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və Azərbaycanın xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.[32] Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Dövlət Bayrağı Meydanında ucaldılan bayraq 2024-cü ilin noyabrın 6-da ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb. Hazırda ucaldılan bayrağın eni 36 metr, uzunluğu isə 72 metrdir.[33]
Digər Azərbaycan şəhərlərində
redaktəDövlət bayraq meydanları Azərbaycanın digər şəhərlərində də mövcuddur. 2016-cı ildə Beyləqanda və Ağdam rayonunun Quzanlı qəsəbəsində Bayraq Muzeyinin açılışı olub.[34][35]
Təsiri
redaktəAzərbaycan himnində bayraq iki dəfə qeyd olunur — 5-ci və 15-ci misralarda. 1919-cu ildə şair Əhməd Cavad "Azərbaycan bayrağına" şeirini parlamentin üzərində dalğalanan Dövlət bayrağına həsr etmişdir.[36] Şair Cəfər Cabbarlı da Azərbaycan bayrağına sevgisini ifadə etməkdən kənarda qalmır. 1919-cu ilin 25 avqustunda "Azərbaycan" qəzetində onun bayrağımıza həsr etdiyi "Sevdiyim", cəmi dörd gün sonra isə elə həmin qəzetdə "Azərbaycan bayrağına" şeirləri çap olunur:[37]
Bu göy boya, Göy Moğoldan qalmış bir türk nişanı,
— Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
— Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
— Mədəniyyət bulmalı!
"Azərbaycan bayrağına", Cəfər Cabbarlı, c. 1919[38]
1922-ci ildə İstanbulda çap olunmuş Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan respublikası" kitabında, onun məşhur "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi ilk dəfə istifadə olunmuşdur. 1995-ci ildən [[Güney Azərbaycan Milli Oyanış Hərəkatı]] tərəfindən istifadə etdiyi [[Cənubi Azərbaycan bayrağı]], Azərbaycan bayrağı əsasında yaradılıb. Bu bayraq altında İran azərbaycanlılarının hüquqlarının qorunmasına aid, o cümlədən mədəni və dil şəxsiyyətinin tanınması, kütləvi tədbirlər keçirilir.
Poçt markası üzərində
redaktə2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Dövlət Bayrağına həsr olunmuşdur.[39]
Azərbaycan bayrağı əsasında yaradılmış bayraqlar
redaktə-
Azərbaycan legionunun bayrağı
-
[[Cənubi Azərbaycan bayrağı]]
-
CAMAH tərəfindən təqdim olunmuş [[Cənubi Azərbaycan bayrağı]]
-
Əbülfəz Elçibəyin görünüşündə Güney Azərbaycanın bayrağı
-
Türkmanların bayrağı
Oxşar bayraqlar
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Azərbaycan Xalq Cümhuriyyəti - Bayraq". Preslib (az.). 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2016.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 Bayraq. preslib.az. http://files.preslib.az/projects/remz/pdf/remz_bayraq.pdf. (#accessdate_missing_url)
- ↑ "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
- ↑ King, Charles. The Ghost of Freedom: A History of the Caucasus. Oxford University Press. 2008. səh. 168. 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2017.
- ↑ Kotkin, Stephen. Stalin: Paradoxes of Power, 1878-1928. Penguin books. 2014. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2017.
- ↑ 1 2 3 4 5 "ÜÇRƏNGLİ BAYRAĞIMIZIN MƏNASI". musavat.com. 5 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
- ↑ Mustafayeva, Sabire. "BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ…". www.regionplus.az. 9 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
- ↑ 1 2 3 "Bayrağımızın sirri". www.anspress.com. 16 November 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
- ↑ "Mərdanov M.C., Quliyev Ə.Q. [[Azərbaycan]] Respublikasının dövlət rəmzləri. (elmi redaktor: Ramiz Mehdiyev), səh. 31 Bakı: Çaşıoğlu, 2001" (PDF). 2019-01-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-07-24.
- ↑ Encyclopædia Britannica Online, s. v. "flag of Azerbaijan", accessed April 23, 2016, http://www.britannica.com/topic/flag-of-Azerbaijan Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine. Orijinal mətn (ing.)
The star points were said to stand for eight traditional Turkic peoples—the Azerbaijanis (Azeris), Ottomans, Jagatais, Tatars, Kazakhs, Kipchaks, Seljuqs (Seljuks), and Turkmen.
- ↑ ""Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" [[Azərbaycan]] Respublikasının Qanununda dəyişiklik edilməsi barədə [[Azərbaycan]] Respublikasının Qanunu" (az.). president.az. 25 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.
- ↑ "22 oktyabr 2013-cü il tarixli 788-IVQD nömrəli [[Azərbaycan]] Respublikasının Qanunu ("Respublika" qəzeti, 29 noyabr 2013-cü il, № 262; [[Azərbaycan]] Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 11, maddə 1303) ilə 9.2-ci maddə yeni redaksiyada verilmişdir". e-qanun.az. 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-06.
- ↑ "Bakı şəhəri, 8 oktyabr 2019-cu il, № 1674-VQD". e-qanun.az. 8 October 2019. 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-06.
- ↑ "Azərbaycan Xalq Cümhuriyyəti" (az.). axc.preslib.az. 29 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2021.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I–II cildlər. Bakı, 2005.
- ↑ Alakbarov, Faig. "Azərbaycan türkçülüyü ideyası - VI". modern.az. 20 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2015.
- ↑ Azərbaycan bayraqları. Kataloq. Bakı, "Elm", 2005.
- ↑ "Кинохроника о конгрессе азербайджанцев в Берлине". 2012-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
- ↑ "Фотография могилы Фаталиева в Мюнхене". vetenim.files.wordpress.com. 2012-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-27.
- ↑ Из коллекции Рамиза Абуталыбова. "Фотография семейной могилы Топчибашевых в Сен-Клу, пригороде Парижа". ourbaku.com. 2012-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-27.
- ↑ 1 2 3 "Sovet vaxtı [[Azərbaycan]] bayrağını Qız Qalasından asan Cahid Hilaloğlu kimdir? -(Ardı)". www.azadliq.org. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2015.
- ↑ Ahmadov, Sabuhi. "Государственный флаг Азербайджанской Республики" (PDF). www.irs-az.com (Rusca). 24 August 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 November 2015.
- ↑ 1 2 3 "Milli Bayraq haqqında". www.dqmk.nmr.az. 8 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 November 2015.
- ↑ "Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur". www.bbc.com. 1 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2015.
- ↑ Əliyev İqrar, Məhərrəmov Elmar. Azərbaycan Respublikasının dövlət rəmzləri. Yenidən işlənilmiş nəşri. Bakı, "Nurlan", 2008.
- ↑ 1 2 "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" (PDF). mfa.gov.az. 13 October 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 15 November 2015.
- ↑ "RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR № 317". 2019-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-30.
- ↑ 1 2 3 "Mavilər bayraq meydanında". www.haqqyolu.com. 23 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
- ↑ "Baki_sheherinde__167224.html APA, 26 oktyabr 2009 [ölü keçid]
- ↑ Price, Rob. "Two Americans created a great business building the world's tallest flagpoles for dictators — see some of their record-breaking designs". uk.businessinsider.com. uk.businessinsider.com. 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2016.
- ↑ "Mediaforum.az, 2009-10-26". 2014-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
- ↑ "Tajikistan takes flag pole war to new heights". www.telegraph.co.uk. 2017-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Azərbaycan Bayrağı ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb - EKSKLÜZİV". Report İnformasiya Agentliyi (az.). 2024-11-08. 2024-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-08.
- ↑ "Beyləqanda Bayraq Muzeyi açılıb". www.1news.az. www.1news.az. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2017.
- ↑ "Ağdam rayonunda Bayraq Muzeyinin açılışı olub". www.1news.az. www.1news.az. 2016-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2017.
- ↑ Qorchu, Oqtay. "AZƏRBAYCAN DEYƏNDƏ... (Birinci yazı)". www.mediaforum.az. 1 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 November 2015.
- ↑ Eyyub, Vurgun. "Şeir təhlilləri". www.anl.az. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2015.
- ↑ ""Azərbaycan bayrağına" (Cəfər Cabbarlı)". www.azadliq.org (Azerbaijani). 10 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2014.
- ↑ 11.10.2011. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş marka. azermarka.az Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (az.)
Xarici keçidlər
redaktə- Azərbaycan. Dövlət rəmzləri və atributları
- Azərbaycan Respublikasının dövlət rəmzləri. Bakı. 2008
- Bayraq necə və niyə dəyişdirildi