Tofiq Behramov Adina Respublika Stadionu - Wikipedia
Tofiq Bəhramov adına Respublika stadionu — Bakı şəhərində yerləşən stadion.
Tofiq Bəhramov adına Respublika stadionu | |
---|---|
Yeri | Azərbaycan, Bakı |
Açılış tarixi | 1951 |
Sahibi | AFFA |
Tamaşaçı tutumu | 31.200 |
Ev sahibi komanda | Azərbaycan, Qarabağ[1] |
Meydançanın ölçüləri | 105 x 68 |
Ot örtüyü | Təbii ot |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBu gün ən möhtəşəm idman tədbirlərinin keçirildiyi milli stadion əfsanəvi hakim Tofiq Bəhramovun adını daşıyır və dünyada hakimin şərəfinə adlandırılan yeganə futbol arenasıdır.[2] Görkəmli hakimin adının əbədi ünvan tapdığı stadionun rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında keçirilib. Tikintisinə 1939-cu ildə başlanılsa da, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar stadionun tikinti işləri yarım qalıb. Tikinti işləri yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra idman azarkeşlərinin ixtiyarına verilib. Alman hərbi əsirləri tərəfindən tikilən stadion yuxarıdan rus əlifbasının "С" hərfini xatırladır. Stadionun arxitekturası o zaman xalqların rəhbəri sayılan Stalinin şərəfinə qurulub. Kommunist Partiyasının 20-ci qurultayından sonra stadion Leninin adını daşıyıb. 1993-cü ildə dünya şöhrətli hakim Tofiq Bəhramov dünyasını dəyişəndən sonra stadion onun adını daşımağa başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionu UEFA tərəfindən ilk dəfə 1996-cı ildə beynəlxalq oyunların keçirilməsi üçün lisenziya alıb. 2001-ci ildə arenanın qüllələri təzələnib. Ot örtüyü isə 2002-ci ildə dəyişdirilib, drenaj sistemi quraşdırılıb. 2007-ci ildə elektron tablosu dəyişdirilib, Sovet dövründən qalmış tablo, müasiri ilə əvəzlənib.[3]
Yenidənqurmadan sonra
redaktə16 avqust 2012-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılmışdır.
Stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri Koreya Respublikasının "Samhwa Telecom" şirkəti tərəfindən həyata keçirilmişdir. Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılmış stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulmuşdur.
Stadionun ot örtüyünün yenidən qurulması Niderlanddan gətirilmiş toxum vasitəsilə həyata keçirilmişdir. Meydançanın ətrafındakı qaçış zolağı da Almaniyadan gətirilmiş xüsusi örtüklə yenidən qurulmuşdur.
Oyunlar zamanı meydançanın işıqlandırılması üçün köhnə projektor dirəkləri sökülmüş, yeni müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Stadionda tribunaların üstünün bağlanması üçün Koreya Respublikasından gətirilmiş xüsusi fəza konstruksiyası quraşdırılmış və 30 min kvadratmetr ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtüklə tam örtülmüşdür.
Tribunada hər biri 10 nəfərlik 16 "ailə baxış otağı" da inşa edilmişdir. Üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulmuşdur. Tribunanın alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı və digər köməkçi otaqlar yaradılmışdır. Burada, eyni zamanda, mərkəzi idarəetmə və təhlükəsizliyə nəzarət-müşahidə otağı və şərhçi otaqları inşa edilmişdir. Bütün otaqlar müasir yanğın təhlükəsizliyi və mərkəzi havalandırma sistemləri ilə təchiz olunmuşdur. Əlillərin tribunaya qalxmaları üçün xüsusi lift quraşdırılmışdır.
Stadionun VİP binası və tribunası da əsaslı surətdə yenidən qurulmuşdur. Burada, həmçinin Türkiyə istehsalı olan mebellərlə təchiz edilmiş 205 nəfərlik restoran yaradılmışdır.
Burada əlavə olaraq məşqlərin keçirilməsi üçün nəzərdə tutulan mövcud futbol meydançası yenidən qurulmuş, soyunub-geyinmə otaqları, sanitar qovşaqları, duş kabinələri olan bina inşa edilmişdir.
Stadionda ot örtüyünün isitmə sistemini istiliklə təmin etmək üçün qazanxana inşa edilmişdir. Giriş hissədə eyni vaxta 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılmışdır. Stadionun fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılmışdır. Burada quraşdırılmış 44 işıqlandırma dirəyinə təhlükəsizlik nəzarət kameraları və səsgücləndirici dinamiklər birləşdirilmişdir. Stadionun daxili və xarici elektrik, su-kanalizasiya, rabitə, internet şəbəkəsi və qaz xətləri tamamilə yenidən qurulmuşdur.
Ərazidə 2 min kvadratmetr sahədə yaşıllaşdırma işləri görülmüşdür.[4]
Statistika
redaktəİdman yarışlarından başqa, stadionda konsertlərdə keçir.[5][6][7][8]
Konsertlər
redaktəKonsert | |||
---|---|---|---|
Tarix | Müğənni | Tur | Tamaşaçı |
30 iyun 2006 | Tarkan | Solo Konsert | 55 000[9] |
13 oktyabr 2012 | Şakira | FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 | 40 000 |
23 sentyabr 2007 | Elton Con | Kapitan və Uşağ turu | 32 000[10] |
22 sentyabr 2012 | Cennifer Lopez | FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 | 30 000[11] |
10 iyun 2007 | Aygün Kazımova | Solo Konsert | 29 000 |
19 aprel 2013 | Könül Xasıyeva | Solo Konsert | 15 000[12] |
İstinadlar
redaktə- ↑ "QARABAĞ" QUZANLIDAN İMTİNA EDİB, "TOFİQ BƏHRAMOV"U SEÇDİ[ölü keçid]
- ↑ "Hakimin adını daşıyan yeganə futbol arenası".[ölü keçid]
- ↑ "ARAŞDIRMA: "AZƏRBAYCANDAKI 100-DƏK FUTBOL ARENASININ ƏKSƏRİYYƏTİ YENİDƏN QURULMALIDIR"". 2019-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.
- ↑ "Arxivlənmiş surət". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ "Rihanna and Shakira to perform in Baku". ann.az. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2013.
- ↑ "Shakira: "I expect grandiose shows on October 13-14 in Baku"". en.apa.az. APA News Agency. 20 April 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 July 2013.
- ↑ "ELTON JOHN GIVES CONCERT AT TOFIG BAHRAMOV STADIUM IN BAKU. PRESIDENT OF AZERBAIJAN ILHAM ALIYEV AND HIS SPOUSE MEHRIBAN ALIYEVA ATTEND THE CONCERT". www.mehriban-aliyeva.org. 13 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 July 2013.
- ↑ Warrick, Joby. "Tiny Azerbaijan unleashes pop-power against Iran's mullahs". washingtonpost.com. Washington Post. 15 October 2012. 21 July 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 July 2013.
- ↑ "Tarkan Concert Statistics". www.tarkancoll.com. 14 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
- ↑ "ELTON JOHN GIVES CONCERT AT TOFIG BAHRAMOV STADIUM IN BAKU. PRESIDENT OF AZERBAIJAN ILHAM ALIYEV AND HIS SPOUSE MEHRIBAN ALIYEVA ATTEND THE CONCERT". www.mehriban-aliyeva.org. 13 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
- ↑ "J-Lo and the circus in pictures". www.fifa.com. 15 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
- ↑ "Könül Xasıyevanın konsertində "Mercedes" fırıldağı". musavat.com (Azerbaijani). 28 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.