Abdulrza Ebilov - Wikipedia
Abdülrza Hacıbala oğlu Əbilov (23 aprel 1931, Bakı – 20 may 2009, Bakı) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor.
Abdülrza Əbilov | |
---|---|
Abdülrza Hacıbala oğlu Əbilov | |
Doğum tarixi | |
Doğum yeri | Xırdalan, Bakı şəhəri, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | texnika üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Sənaye İnstitutu |
Həyatı
redaktəAbdülrza Hacıbala oğlu Əbilov 1931-ci il aprelin 23-də Bakı şəhəri Xırdalanda anadan olmuşdur. 1934–1949-cu illərdə Bakı şəhəri 92 saylı orta məktəbdə oxumuşdur. 1951-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) "İstilik texniki qurğuları və avtomatikası" ixtisası üzrə bitirmiş və təyinatla Sumqayıt şəhəri İstilik Elektron Müəssisəsinə göndəril-mişdir. 1956–1957-ci illərdə Azərbaycan Elmlər Akademiyası (EA) Energetika İnstitutunun (Eİ) "Avtomatika və telemexanika" laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləmişdir. 1958–1961-ci illərdə Moskva şəhərində Moskva Kompleks Avtomatlaşdırma İnstitutunun məqsədli aspiranturasında oxumuşdur[1]. 1963–1967-ci illərdə Azərbaycan EA Energetika İnstitutunun "Avtomatik idarəetmə sistemi" laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir. 1967-ci ildə Elektron hesablama Maşınlarının köməyilə kimya-texnologiyası proseslərinin modelləşdirilməsi və optimallaşdırılması işlərinin təşkili məqsədilə Azərbaycan EA Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) köçürülmüşdür. 1969-cu ildə "Neft-kimya proseslərinin optimallaşdırılması" laboratoriyasını təşkil etmiş və ona 30 ilə yaxın müddətdə fasiləsiz rəhbərlik etmişdir.
Professor A. H. Əbilov 2009-cu ildə vəfat etmişdir.
Elmi fəaliyyəti
redaktə1963-cü ildə "Atmosfer vakuum qurğularında borulu sobaların avtomatlaşdırılması" mövzusunda namizədlik, 1986-cı ildə isə "EHM-lərdən istifadə etməklə, sistem analizi əsasında oksidləşdirici katalitik dehidrogenləşmə proseslərinin modelləşdirilməsi və optimallaşdırılması" mövzusunda "Kimya texnologiyasının proses və aparatları" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və 1987-ci ildə həmin ixtisas üzrə professor adını almışdır.
Elmi istiqamətləri
redaktəProfessor A. H. Əbilovun əsas elmi istiqaməti katalitik proses və reaktorların avtomatlaşdırılması, riyazi modelləşdirmə, optimal layihə və idarəetmə problemlərinə, onların kompüter metodlarının və informasiya texnologiyalarının inkişafına həsr edilmişdir. Onun apardığı elmi-tədqiqatlar nəticəsində əldə etdiyi fundamental nəticələr keçmiş SSRİ EA-nın hesabatında üç dəfə təbiət elmləri sahəsində ən mühüm elmi nailiyyət kimi qeyd olunmuşdur. Tətbiqi sahədəki elmi-texniki təklif və tövsiyələri sənayedə həyata keçirilmiş, dəfələrlə keçmiş SSRİ və Beynəlxalq sərgilərdə bir çox diplom və medallarla təltif olunmuşdur. Onun rəhbərlik etdiyi laboratoriya keçmiş SSRİ-də Elm və Texnika Dövlət Komitəsi tərəfindən son 2 beşillikdə Baş təşkilat kimi qəbul edilmişdir. Onun elmi fəaliyyəti 350 elmi və elmi-kütləvi məqalədə, Moskva, Ankara və Bakıda nəşr olunmuş 5 monoqrafiya və dərslikdə, 12 ixtira və patentdə öz əksini tapmışdır[2]. Onun rəhbərliyi altında 30 elmlər namizədi hazırlanmışdır.
Elmi nailiyyətləri
redaktəProfessor A. H. Əbilov 1993-cü ildən elmi fəaliyyətini Türkiyənin Ankara Universitetində (AU) davam etdirir. O, AU-da mühazirələr oxuyur, həm də elmi araşdırmalar aparırdı. Apardığı araşdırmaların nəticələrini 1 kitabda, 30-a qədər məqaləni xarici jurnallarda nəşr etdirmişdir. O, eyni zamanda universitetdə dövlət planlaşdırma təşkilatı tərəfindən maliyyələşdirilən mühüm bir layihənin baş məsləhətçisi seçilmiş və Türkiyə mükəmməliyyət mərkəzinə vermiş olduğu elmi nailiyyət üçün elm və texnika komitəsi tərəfindən təsis edilən "Fəaliyyət raporu"na layiq görülmüş və dəfələrlə NATO təşkilatının köməyi ilə mükafatlandırılmışdır. 1988-ci ildə Respublika Mendeleyev Kimya Cəmiyyətinin diplomuna layiq görülmüşdür.
Elmi-təşkilatı fəaliyyəti
redaktəProfessor A. H. Əbilov geniş ictimai və elmi-təşkilatçılıq işləri də aparmışdır. Uzun illər Azərbaycan EA Prezidiumu yanında olan "Elmi tədqiqatların avtomatlaşdırılması" Şurasının elmi katibi olmuşdur. AMEA NKPİ-nin və ADNSU-nin nəzdində olan İxtisaslaşmış Elmi Şurasının üzvü olmuşdur.
Elmi Tədqiqatları
redaktəProfessor A. H. Əbilovun elmi əsərlərinin əksəriyyəti ABŞ, İngiltərə, Fransa, İsveçrə, Avstriya, Türkiyə və MDB, Yunanıstan, Kolumbiya, Polşa, Çexoslovakiya, Rumıniya ölkələrində nəşr edilmişdir. O, 60-a qədər Ümumittifaq və Beynəlxalq konfrans, konqres və simpoziumlarda fəal iştirak edərək, elmimizi ləyaqətlə təmsil etmişdir.
O, elmi-tədqiqat işi ilə yanaşı 1963-cü ildən pedaqoji fəaliy-yətdə olaraq ADNSU və ATU tələbələrinin diplom layihələrinə rəhbərlik etmişdir.
İstinadlar
redaktə- ↑ "Абилов, Абдулрза Гаджибала оглы - Авторы - Авторефераты диссертаций и диссертации - Базы данных - БГТУ". catalog.belstu.by. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sen 2022.
- ↑ "АБИЛОВ АБДУЛРЗА ГАДЖИБАЛА ОГЛЫ изобретатель и автор патентов - PatentDB.ru". patentdb.ru. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sen 2022.
Mənbə
redaktə- Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. "Müəllim" nəşriyyatı. Bakı 2019. s.33.