Cexoslovakiya - Wikipedia
Çexoslovakiya (çex. Československo), (slovak. Česko-Slovensko) — Mərkəzi Avropada 1918-ci ildən 1992-ci ilə qədər mövcud olmuş dövlət.
Tarixi dövlət | |||||
Çexoslovakiya | |||||
---|---|---|---|---|---|
çex. Republika Československá çex. Československá republika çex. Československá republika çex. Československá socialistická republika[1] çex. Československá federativní republika[2] | |||||
|
|||||
|
|||||
Paytaxt | Praqa | ||||
Dilləri | çex dili[3], Slovak dili[3] | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini | katolisizm | ||||
Valyuta | çexoslovak kronu[d] | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Çexoslovakiya respublikasının təşkili
redaktəBirinci dünya müharibəsinin sonuna qədər Çexiya və Slovakiya Avstriya-Macarıstan imperiyasının tərkibində idi. Müharibədə "Dördlər İttifaqı"nın məğlubiyyəti Çexiya xalqını da öz müstəqilliyi uğrunda mübarizəyə ruhlandırdı. 1918-ci ilin yanvar ayının 6-da çex deputatları Avstriya reyxstrat və seymindən Çexiyaya müstəqillik verilməsini tələb etdilər. Lakin bu tələb rədd edildi. 1918-ci ilin iyununda isə Parisdə fəaliyyət göstərən çex siyasi partiyaları Milli komitə təşkil etdilər. Komitənin rəhbəri Tomaş Masarik təyin edildi. 1918-ci ilin oktyabrın 28-də Milli Komitə müstəqil Çexiya dövlətinin yaradıldığını elan etdi.[4] 1918-ci ilin oktyabrın 30-da Slovakiya da Macarıstandan ayrıldığını və Çexiya ilə birləşdiyini bildirdi.
1918-ci ilin noyabrın 14-də Milli Məclis Çexoslovakiyanı respublika elan etdi. Respublikanın prezidenti Tomas Masarik seçildi. "Ümumxalqkoalisiyası" adlanan hökumət təşkil edildi və onun tərkibinə ölkədəki siyasi partiyaların nümayəndələri daxil oldular. Hökumət 8 saatlıq iş günü müəyyən etdi. Aqrar islahat keçirildi. Hökumət Macarıstana müdaxilədə iştirak etdi. Bu dövrdə Slovakiyada yaranan Sovet respublikası 1919-cu il iyulun 1-də süqut etdi. 1920-ci ilin iyulunda sosial-demokrat partiyasının sağ qanadının lideri V.Tusar "qırmızı-yaşıl koalisiya" adlanan hökumət təşkil etdi. 1920-ci il fevralın 20-də Çexoslovakiya Respublikasının konstitusiyası qəbul edildi. Konstitusiyaya görə prezident 7 il müddətinə seçilir və ona böyük səlahiyyətlər verilirdi. Qanunverici məclis ikipalatalı parlament idi ki, onun da aşağı palatası Milli Məclis adlanırdı. Paris sülh konfransının qərarına əsasən Zakarpat Ukraynası da Çexoslovakiyaya verilirdi. Çexoslovakiya Habsburqlar imperiyasının sənaye potensialının 4/5 hissəsinə sahib oldu.
Çexoslovakiya çoxmillətli ölkə idi. Onun 13,5 milyonluq əhalisinin 7 milyona qədəri çex, 3 milyona qədəri alman, 2 milyona yaxını slovak, 750 minə yaxını macar, 500 minə yaxını ukraynalı, 100 minə yaxını polyak idi. XX əsrin 20-ci illərinin əvvəllərində Çexoslovakiyanın xarici siyasətinə böyük dövlətlərin, ilk növbədə Fransanın təsiri güclü idi. 1920–1921-ci illərdə Çexoslovakiya Fransanın rəhbərliyi ilə təşkil edilən Kiçik Antantanın üzvü oldu. 1920-ci ilin aprelində keçirilən parlament seçkilərində sosial-demokratlar və milli sosialistlər əksəriyyət qazandılar. V.Tusar yenə də hökumətə başçılıq etdi. Kommunist İnternasialının fəaliyyəti Çexoslovakiyaya da öz təsirini göstərdi. 1921-ci ilin mayında Şmeralın başçılığı altında Çexoslovakiya Kommunist Partiyası təşkil edildi.[5]
Çexoslovakiya kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi böhranı illərində
redaktəBirinci dünya müharibəsindən sonra ölkədə baş verən böhrandan ölkə ancaq 1923-cü ilin sonunda çıxa bildi. Çex inhisarçıları Slovakiya və Zakarpat Ukraynasının iqtisadiyyatını özlərinə tabe etdilər və onu yüksək inkişaf etmiş çex torpaqlarının aqrar-xammal əlavəsinə çevirdilər. Kapitalizmin nisbi sabitləşməsi illərində ölkədə yüngül sənaye sahələri daha sürətlə inkişaf etdi. "Skoda" zavodu öz silah məhsullarını Kiçik Antantanın üzvlərinə və digər ölkələrə satırdı.
1929–1933-cü illərin dünya iqtisadi böhranı Çexoslovakiya iqtisadiyyatına da ciddi zərbə vurdu. Böhran hərbi sənayedən başqa bütün sənaye sahələrinə toxundu. Ölkədə işsizlərin sayı 700 mini ötüb keçdi. Böhran illərində ölkədə milli münasibətlər də kəskinləşdi. Siyasi məsələlərin həllində "Qrad" qrupu əsas rol oynayırdı. Onunla müxalifətdə olan partiya isə "Pyaterka" partiyası idi. "Qrad"ın nüfuzu daha güclü idi. Ölkədə "çexləşdirmə" siyasəti yeridilirdi. Bu siyasətin nəticəsində Slovakiyada millətçi xalq partiyası təşkil edildi ki, onun da rəhbəri Qlinka idi. Sudet vilayətində də Henleynin başçılığı altında millətçi Alman partiyası təşkil edildi. Zakarpat Ukraynası da muxtariyyət tələb edirdi. 1929-cu ilin dekabrında keçirilən parlament seçkiləri nəticəsində "hakim koalisiya hökuməti" təşkil edildi. Çexoslovakiya böhrandan ancaq 1934-cü ildə çıxa bildi.[5]
Çexoslovakiya İkinci dünya müharibəsi ərəfəsində
redaktəAlmaniyada faşizmin hakimiyyət başına gəlməsi Çexoslovakiyada da millətçi qrupların daha da fəallaşmasına səbəb oldu. Ölkədə təqiblər artdı. 1934-cü ildə Kommunist partiyasının fəaliyyəti qadağan edildi. 1935-ci ilin mayın 19-da Milli Məclisə keçirilən seçkilərdə Sudet vilayətində Alman partiyası, Slovakiyada isə Xalq partiyası səslərin əksəriyyətini topladı. 1935-ci ilin dekabrında keçirilən prezident seçkilərində "Qrad" qrupunun rəhbəri Beneş qalib gəldi. Hökumətin başçısı isə Milan Qoca oldu.
1936–1938-ci illərdə ölkədə alman, slovak, ukrain, macar və polyak separatizmi gücləndi. Bununla belə 1938-ci ilin mayında Çexoslovakiya sərhədinə faşist Almaniyasının qoşun yığmaq cəhdi uğursuz oldu. Çünki o dövrdə Çexoslovakiya Avropada ən güclü qoşuna malik olan dövlətlərdən biri olduğu üçün Hitler buraya hücum etməyə cəsarət etmədi. 1938-ci ilin mayında Milan Qocanı general Sırov əvəz etdi. 1938-ci ilin sentyabrında olan Münhen konfransı Sudet vilayətinin orada almanların çoxluq təşkil etməsi bəhanəsi ilə Almaniyaya birləşdirilməsi haqqında qərar qəbul etdi. 1938-ci ilin oktyabrında Almaniya Sudet vilayətini özünə birləşdirdi. Çexoslovakiya öz ərazisinin 1/3-ni, əhalisinin 5 milyonunu, sənaye potensialının isə 40%-ni itirdi. Bundan sonra o, "İkinci respublika" adlandı. Prezident Beneş istefa verdi. Onu Qaxa əvəz etdi. Baş nazir Milli birliyin lideri R.Beran oldu. 1938-ci ilin oktyabrında Slovakiyada Tisonun başçılığı altında hökumət təşkil edildi. Slovakiya 1939-cu ilin martın 14-də öz müstəqilliyini elan etdi. Slovakiya Almaniyanın satilletinə çevrildi. Zakarpat Ukraynasına isə Hitlerin razılığı ilə macar qoşunları daxil oldular. 1939-cu ilin martın 14-də Zakarpat Ukraynası da öz müstəqilliyini elan etdi. 1939-cu ilin martın 15-də prezident Qaxa Hitlerin Çexoslovakiya Respublikasını ləğv etmək tələbi ilə razılaşmalı oldu. Bohemiya (Çexiya) və Moraviya Almaniyanın protektoratlığına verildi. Beləliklə, Çexoslovakiya parçalandı və onun dövlət müstəqilliyinə son qoyulmuş oldu.[5]
Çexoslovakiya İkinci dünya müharibəsindən sonra
redaktəÇexoslovakiya 1945-ci ildə Sovet qoşunları tərəfindən tutuldu. 1945-ci ilin martında Çexoslovakiyada Kommunist, Sosial-Demokrat, Xalq Demokrat və Milli-Sosialist partiyalarının nümayəndələrindən Milli Cəbhə təşkil edildi. 1945-ci il aprel ayının 4-də Koşise şəhərində onlar sosial-demokrat Z.Firlenqerin başçılığı altında Milli Cəbhə hökuməti təşkil etdilər. Çexoslovakiya 1945-ci ilin mayında faşistlərdən təmizləndi. Kütlələrin təzyiqi altında müəssisələrdə fəhlə nəzarəti orqanları yaradıldı. 1945-ci il mayın 19-da prezident alman və macar sahibkarlarının, həmçinin faşistlərlə əməkdaşlıq etmiş yerli burjuaziyanın zavod, şaxta, torpaqlar, banklar, sığorta cəmiyyəti və digər müəssisələrinin dövlətin idarəsinə keçməsi haqqında dekret imzaladı. 1945-ci il iyunun 21-də imzalanan dekret əsasında 2,9 milyon ha torpaq müsadirə edildi. 303 min kəndli təsərrüfatı bütövlükdə 1,2 milyon ha torpaq aldı.
Ölkənin siyasi həyatında da mühüm dəyişikliklər baş verdi. Faşist və digər mürtəce təşkilatlar buraxıldı. Demokratik təşkilatların fəaliyyəti canlandı. 1945–1948-ci illərdə ölkədə Beneş prezident kimi fəaliyyət göstərdi. 1945-ci il oktyabrın 24-də hökumət əsas sənaye sahələrinin, iri müəssisələrinin, bütün bankların və xüsusi sığorta cəmiyyətlərinin milliləşdirilməsi haqqında dekret verdi. 1946-cı il mayın 26-da keçirilən parlament seçkilərində kommunistlər 38%, sosial-demokratlar 12% səs aldılar. Kommunist K.Qotvaldın başçılığı altında koalisiyalı hökumət təşkil edildi. 1947-ci ildə baş verən quraqlıqla əlaqədar olaraq həmin ilin iyulunda SSRİ Çexoslovakiyaya 400, həmin ilin noyabr ayında əlavə 200 ton da taxıl göndərdi. 1948-ci il fevral ayının 20-də sağ partiyalardan olan 12 nazir istefa verdi. Bundan məqsəd hökuməti zəiflətmək idi. Lakin kütlələr xalq hakimiyyətinin müdafiəsinə qalxdılar. Mühafizəkar qüvvələr təkləndilər.
1948-ci il fevral ayının 25-də prezident Beneş sağ partiyalardan olan digər nazirlərin də istefasını qəbul etdi. Özü də istefa verərək ölkəni tərk etdi. Ölkə Çexoslavakiya Xalq Respublikası adlandı. 1948-ci il mayın 5-də dövlət hakimiyyətinin ali orqanı olan Milli Məclisə seçkilər keçirildi. Yeniləşmiş Milli Cəbhə 88% səs aldı. Prezident K.Qotvald seçildi. Hökumətə isə A.Zapotski başçılıq etməyə başladı. 1948-ci il may ayının 9-da Çexoslovakiyanın yeni Konstitusiyası qəbul edildi. Müharibədən sonrakı ilk illərdə Çexoslovakiya SSRİ ilə dostluq əlaqələrini inkişaf etdirdi. 1946–1949-cu illərdə Çexoslovakiya Yuqoslaviya, Polşa, Bolqarıstan, Rumıniya, Macarıstanla dostluq, qarşılıqlı yardım və əməkdaşlıq haqqında müqavilə bağladı.
1948-ci ilin yayında ölkədə ikillik planın yerinə yetirilməsi qeyd edildi. Milli Məclis 1948-ci il oktyabrın 27-də 1949–1953-cü illəri əhatə edən beşillik planı bəyəndi. Topdansatış sənaye məhsulları buraxılışı 93%, maşınqayırma sənayesi məhsulları istehsalı isə təxminən 3 dəfə artdı. 1953-cü ildə kartoçka sistemi ləğv edildi. Əmək haqqı artdı, müxtəlif malların qiyməti aşağı salındı. 1949-cu ildə ölkədə vahid kənd təsərrüfat kooperasiyalarının təşkili haqqında Qanun verildi. Lakin kənd təsərrüfatı yenə də geridə qalmış sahə idi.
1956–1960-cı illəri əhatə edən ikinci beşillik plan müvəffəqiyyətlə yerinə yetirildi. Sənaye məhsulu istehsalının həcmi 1960-cı ildə 1949-cu illə müqayisədə 3,7 dəfə artdı. Maşınqayırma sənayesi məhsulları isə 6,6 dəfə artdı. Kənd təsərrüfatında sosialist bölməsi 87,4% təşkil edirdi. Slovakiyanın sənayeləşdirilməsi sahəsində mühüm addımlar atıldı. 1960-cı il iyulun 11-də yeni Konstitusiya qəbul edildi. Ölkə Çexoslovakiya Sosialist Respublikası adlandı. 60-cı illərdə Çexoslovakiya öz inkişafının yeni mərhələsinə qədəm qoydu. 1961–1965-ci illəri əhatə edən üçüncü beşillik plan qəbul edildi. Lakin bu plan lazımınca yerinə yetirilmədi. Belə ki, sənayedə artım 56% əvəzinə 29%, kənd təsərrüfatında isə 22,8% əvəzinə 7,4% oldu.
Çexoslovakiyada 1953-cü ilə qədər hökumətə K.Qotvald başçılıq etdi. Ölümündən sonra onu Antonio Novotnı əvəz etdi. Respublikanın prezidenti isə A.Zapotski oldu. 1957-ci ilin noyabrında A.Zapotskinin ölümündən sonra ölkənin prezidenti A.Novotnı oldu.[6]
Çexoslovakiyada 1968-ci il hadisələri
redaktə1968-ci ildə Çexoslovakiyada hakimiyyətə Aleksandr Dubçek gəldi. O hakimiyyətə gələn kimi partiyanın rəhbər roluna qarşı çıxdı. Dövlət təhlükəsizlik orqanlarını tənqid etdi. Çoxpartiyalılıq və əqidə azadlığı tərəfdarı olduğunu bildirdi. Onun bu ideyaları "Fəaliyyət proqramı" adlı sənəddə öz əksini tapdı. Lakin SSRİ Dubçekin hərəkətini anti-sosialist hərəkət kimi qiymətləndirərək onun oğurlanmasını və Moskvaya gətirilməsini təşkil etdi.
Çexoslovakiya hadisələri ilə əlaqədar 1968-ci il avqustun 5-də Bratislavada xüsusi müşavirə çağırıldı. 1968-ci il avqustun 21-də isə SSRİ və Varşava müqaviləsinin iştirakçısı olan 5 dövlətin (Rumıniyadan başqa) qoşunları oraya daxil oldu. Qərb dövlətlərinin hazırladığı "Zefir" əməliyyatı baş tutmadı. Hadisələrin qarşısı alındı. Çexoslovakiya hadisələri tarixə "Praqa baharı" kimi daxil oldu. SSRİ Çexoslovakiyada hakimiyyətə Qustav Qusakı gətirdi.
70–80-ci illərdə Çexoslovakiya sosialist ölkələri arasında ən inkişaf etmiş, əhalinin həyat səviyyəsi yüksək olan dövlətlərdən biri idi. 1977-ci ildə "yetmiş yeddilərin xartiyası" meydana gəldi. 1977-ci ilin sonunda Q.Qusakı Yakeş əvəz etdi. 80-ci illərin ortalarında SSRİ-də baş verən hadisələr Çexoslovakiyaya da təsir etdi. 1989-cu il noyabrın 17-də Çexoslovakiyada "məxməri inqilab" baş verdi. Parlament seçkilərində Vətəndaş forumu qələbə çaldı. 1989-cu ildə həmin forumun liderlərindən olan Vatslav Havel Çexoslovakiyanın prezidenti oldu. Dövlətin adı dəyişilərək Çex-o-Slovakiya adlandı.[6]
Çexoslovakiyanın bölünməsi
redaktə1992-ci ilin iyununda Çexoslovakiyanı meydana gətirən Çex və Slovakiya respublikalarında ayrı-ayrı edilən seçkilərdən sonra iki respublikanın bir-birindən ayrılması gündəmə gəldi. 1993-cü il yanvarın 1-dən hər iki milli qurum ayrılaraq müstəqil dövlət kimi fəaliyyət göstərməyə başladı. Çexiyanın prezidenti yenə Havel, Slovakiyanın prezidenti isə Klaus oldu. 2008-ci ilin fevralında keçirilən seçkilərdən sonra yenə də prezident 66 yaşlı Klaus oldu. Çexiya 1999-cu ilin martında NATO-nun üzvü oldu. Hər iki dövlət BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların üzvüdür. Slovakiya da 2004-cü ildən NATO-nun üzvüdür.[6]
Çex Respublikasının bayraqları qədim Çexoslovak bayrağı ilə eynidır. Çexoslovakiyanın dağılmasından sonra Slovakiya yeni bayraq qəbul etdi, Çexiya isə bu bayrağı tarixi əlaqələrinə görə saxladı.[7]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- http://www.left.ru/2005/11/vazlav128.phtml История компартии Чехословакии (rusca)
- http://www.yale.edu/annals/sakharov/documents_frames/Sakharov_008.htm Arxivləşdirilib 2007-10-12 at the Wayback Machine (rusca)
İstinadlar
redaktə- ↑ Çexoslovakiya Sosialist Respublikası. 1948.
- ↑ Czechoslovak Federative Republic. 1990.
- ↑ 1 2 https://books.google.com/books?id=f2oZAAAAIAAJ&q=%22jazyk+%C4%8Deskoslovensk%C3%BD+jest+st%C3%A1tn%C3%ADm%22&dq=%22jazyk+%C4%8Deskoslovensk%C3%BD+jest+st%C3%A1tn%C3%ADm%22&hl=en&ei=8KPkTe2IKMbLswbQ7pWVBg&sa=X&oi=book_result&ct=result&resnum=2&ved=0CC0Q6AEwAQ.
- ↑ Musa Qasımlı.Avropa və Amerika ölkələrinin müasir tarixi. I hissə. (1918–1945-ci illər. Bakı, 2007, səh.11
- ↑ 1 2 3 Səmayə Mustafayeva. Avropa və Amerika ölkələrinin ən yeni tarixi I hissə. Bakı. 2010. səh. 190-193.
- ↑ 1 2 3 Səmayə Mustafayeva. Avropa və Amerika ölkələrinin ən yeni tarixi II hissə. Bakı. 2011. səh. 284-287.
- ↑ https://mapuniversal.com/czechoslovakia-map-of-czechoslovakia Arxivləşdirilib 2020-11-25 at the Wayback Machine Çexoslovakiya tarixi