Samli - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Şamlı — tayfa, el. Qızılbaş tayfa ittifaqına daxil olan toplulardan biri.
"Şamlı" adı haqqında
redaktəAzərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Azərbaycan Respublikasının Qəbələ rayonundakı "Şamlı" adıdır. Məlumdur ki, "Şamlı" Şimali Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Bu faktı tarixi mənbələr də təsdiq edir.
Şamlı adının yaranması haqda Məhəmməd Həsən Vəliyevin (Baharlı) "Azərbaycan" adlı kitabında (fiziki-coğrafi, etnoqrafiq və iqtisadi oçerk) belə yazılır: "1034-cü ildən (425-ci ildən) başlayaraq Azərbaycana Səlcuq adı ilə tanınmış bir türk tayfası gəlməyə başlamışdır… Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan bir çoxları monqol hücumu dövründə onlara tabe olmaq istəməyib, Kiçik Asiyaya çıxıb getmiş və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişdilər, bir hissəsi isə monqollar dövründə də Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər və s. adlarla məşhurdur". M. H. Vəliyev (Baharlı) eyni əsərində daha sonra yazır: "…Başqa səlcuq tayfası Şamlı, monqolların basqını zamanı Türkiyəyə gedən və Şamda (Suriya) məskən salan (o zaman Suriya Osmanlı İmperiyası|Osmanlı imperatorluğunun tərkibində olub – müəl.) səlcuqlardan ibarətdir. Onlar "Şamlı" adı altında Topal Teymur tərəfindən Suriyadan köçürülmüş və İranda məskunlaşmışlar. Burdan da onlar Azərbaycana keçərək öz adlarını aşağıdakı kəndlərə vermişlər:
- Göyçay qəzasında – Şamlı;
- Ağdaş qəzasında – Şamlı". Hazırda Şamlı (Şamlu) tayfasının öz adını aşağıdakı yaşayış məskənlərinə verdiyini görürük:
- Şamlı kəndi – Azərbaycan Respublikasının Qəbələ və Zəngilan rayonlarında, Türkiyənin Balıkəsir vilayətində;
- Hacı Şamlı kəndi – Azərbaycan|Azərbaycan Respublikasının Kəlbəcər rayonunda (işğala qədər – müəl.);
- Mirşamlı kəndi – Azərbaycan|Azərbaycan Respublikasının Şamaxı rayonunda;
- Aşağışamlı qəsəbəsi – Türkiyənin Dənizli vilayətində;
- Yuxarışamlı kəndi – Türkiyənin Dənizli vilayətində;
- Şamlı kəndi – Türkiyənin Qaraman vilayətinin Bəyşehir rayonunuda;
- Şamlı şəhəri – Hindistanın Uttar Pradeş ştatının Muzaffarnaqar rayonunda;
- Şamlı kəndi – Türkmənistanda;
- Şamlı şəhəri – İraqın Muhafazat al Basrah bölgəsində;
- Bi’r aş Şamlı şəhəri – Suriyanın Muhafazat Hələb bölgəsində;
- Dovlət Şamlu şəhəri –İranın Xorasan ostanında. Bundan başqa Şamlı məhəlləsi (Türkiyənin Aksaray şəhərində), dərə (Əfqanıstanda), Şamlılar adını daşıyan nəsil (Türkiyənin Muğla vilayətində və Dənizli vilayətinin Babadağ rayonunda), Şamlular qəbiləsi (oymaq) (Türkiyənin Ərzurum vilayətinin Uzundərə rayonunda), Şamlı, Şamlıoğlu soyadları (İranda, Türkiyədə, Özbəkistanda, Şimali Kipr Türk Respublikasında), ad (Hindistanda), küçə adı (İstanbulda) və s. vardır. Bunlar sadəcə bizim bildiklərimizdir, kim bilir Şamlı (Şamlu) adını daşıyan bilmədiyimiz daha neçə kənd, məhəllə, nəsil və s. vardır.
Tədqiqatçı Adnan Menderes Qayanın 2004-cü ildə Türkiyədə yayınlanmış "Afşar Türkmənləri" adlı kitabında Şamlı tayfası haqqında geniş məlumat verilir: "Şamlı Avşarı (Əski Yörük) adından da anlaşıldığı kimi Quzey Suriya, ya da digər adıyla Hələb avşarlarından gəlməkdədirlər. İranda, özəlliklə Səfəvilər dövründə etkinliyini (təsirini – müəl.) gördüyümüz Şamlılar isə Hələb Türkmənlərindən olub başqa boylara mənsubdu. Ancaq, günümüzdə İrandakı avşarların obalarından biri Şamlı adını daşıyır. Anlaşılan bu Şamlılar, zamanla Afşarlar arasına girib onun bir obasını təşkil etmişdir. 16-cı yüz ildə Qaraman əyalətində bulunan Atçəkən oymaqları arasında Əskil qəzasında sakin bir Şamlular (digər adı Başagirən) camaatı bulunmaqdadır. Bu Şamluların bir bölümü də eyni yüz ildə Tarsus yörəsində bulunurdu. Qutlu Hanlı tayfasına bağlı olan bu camaat, 1543-də ortaya çıxmışdır… Şamlıların önəmli bir bölümü isə Mərsin civarında (ətrafında – müəl.) bulunurdu… …Şamlılar (digər adı Əski Yörük), əsil vətənləri olan Anamurun Çuxurşamlı köyünə (kənd – müəl.) iskan (məskunlaşdırma – müəl.) edildi. Boz-Ulusun Aydın bölgəsində bulunan camaatları arasında yeni oluşan bir Şamlı obası var. Bu obanın bizim Şamlılardan ayrı olmadığını görürük… Şamlılar, Alanya, Anamur, Aydın, Bəyşəhir, Dənizli, Düşənbə, Edirnə, Eflani, Eğridir, Gülnar, Güzelhisar –Aydın, Hamit, İç-Əl, Qaraman, Kıbrıs, Kütahya, Lazkiyə – Kütahya, Manavgat, Manisa, Məntəşə, Rakka, Sarıçam, Saruhan, Tarsus, Təkə, Yalvaç və Zara – Kastamonu bölgəsində yerləşmişdir…".
İnternetdə verilən bir məqalədə Şamlı (Şamlu) haqqında belə yazılır: "…Kərkük və Hələb bölgəsində Bayat boylarının qonaqladıqları (yerləşdikləri – müəl.) bilinməkdədir. Səfəvi Dövlətini quran Şamlu oymaqlarının böyük əksəriyyətini Bayatlar təşkil edir…". İnternetdə yayınlanan "İraqdakı türk oymaqları. İraqda varlığı bilinən boy və oymaqlar" məqaləsində də bu barədə söz açılır: "…. Quzey Suriya Türkmənləri Səfəvilər|Səfəvi dövlətinin quruluşuna, özəlliklə Şamlu adı altında qatılmışlardır…".
Türkiyəli tarixçi Vətən Özgülün internetdə yayınlanan "XIX yüzildən öncə Balaban aşirəti" adlı əsərində XIII əsrdə Suriyada qələbəlik bir Türkmən topluluğunun yaşadığı və bu topluluğun çox mühüm bir hissəsinin yayda Sivasın (Türkiyə) cənub bölgələrinə və Uzun Yaylaya (Türkiyədə) getdiyi qeyd edilir. Bunlara Şamlu, Şam Türkləri və ya Şam Türkmənləri deyilirmiş. Tarixçinin eyni adlı əsərində bu tayfa haqqında belə yazılır: "…Səlçuqlular dövründən bəri Hələb-Antəp arasında qışlayan və Sivas-Gürün-Gəmərək arasında yaylayan Türkmən oymaqlarına Farsca tarixlərdə Ətrak-i Şam və ya Türkman-ı Şam, Türk xalqı arasında və Türkcə əsərlərdə də Şamlu deyilirdi. Osmanlı dövründə rəsmi sənədlərdə Hələb Türkmənləri deyilən Hələb-Antəp arasındakı topluluq başlıca Avşar (Afşar), Bəydili, İnallu, Harbəndəlu, Bayat kimi oymaqlara ayrılmışdı…".
Şamlı tayfası haqqında mərhum Türkiyəli professor Faruq Sümərin "Oğuzlar" kitabında da bəhs edilir. O, yazır: "…XIII əsrdə Suriyada qələbəlik bir türkmən elatı yaşayırdı. Bu elatın çox mühüm bir qismi yayda Sivasın cənub tərəflərinə və Uzun Yaylaya (Türkiyə – müəl.) çıxırdı. Bunlara Şamlu, Şam türkləri və ya Şam türkmənləri deyilirdi". Tədqiqatçının əsərində Şimali Suriya türkmənlərinin Səfəvi dövlətinin yaradılmasında Şamlı (Şamlu) adı altında iştirak etdikləri qeyd olunur. Faruq Sümər eyni adlı əsərində Şamlı boyu haqqında belə yazır: "…Şamlu yayda Sivasın güney (cənub – müəl.) tərəfində və Uzun Yaylada yaşayan, qışı Hələb bölgəsində keçirən türkmənlərin Bəydili, Xarbəndəlu, İnallu kimi oymaqların qollarından meydana gəlmişdir…". Müəllif Şamlı (Şamlu) boyu haqqında yazarkən eyni adlı əsərində daha sonra bunları qeyd edir: "…Qızılbaş ulusunu təşkil edən birinci dərəcəli oymaqlar bunlardır: Ustacalı-Ustahacılu (Səfəvi dövründə Ustaclu), Rumlu, Təkəlü, Zülqədər, Şamlu, Qaçar…".
Bu barədə professor Faruq Sümərin "Qaşqay" adlı əsərində də yazılır: "Bir çox boy və obadan meydana gəlmiş olan Qaşqay elinin bu boy və obaları arasında diqqəti çəkən tarixi boy və oymaqlar bunlardır: Bayat (Oğuz boyu), İğdü (Oğuz boyu), Beğ Dili (Oğuz boyu), Çarıhlu (Çarıklu-Oğuz boyu ?) Kaçarlu, Şamlu, Ağaç-Eri, (Qara Qoyunlulardan), Halac, Musullu (Ağ Qoyunlulardan), Oryad (Oryad Monqol ?)…". Bu fakta Azərbaycanlı tədqiqatçı Mirzə Bala Məmmədzadə|Mirzə Balanın (Məmmədzadə – müəl.) internetdə yayınlanmış "Qaşqay" adlı məqaləsində də rast gəlirik: "…Bəydililərin, Timur səfərlərini izləyərək, Suriyadan Azərbaycana dönən Şamlu Bəydililərdən bir qol olduğu sanılmaqdadır. Eyni təxmin Baharlular üçün də uyğun görülə bilər…".
Alim Vasif İsmayıloğlu 2002-ci ildə İstanbulda nəşr olunmuş "Bir gün xəstəxanada, kürtləşmiş Azərbaycan Türkləri" adlı kitabında Şamlı boyu haqqında belə yazır: "…Quzey (Şimali – müəl.) Azərbaycanın Şamlu, Ayrımlu kimi Türkmən boyları Güneydoğu (cənub-şərq – müəl.) Anadolunun Türkmənlərindən ikən Yavuz Sultan Səlim zamanında məzhəb fərqliliklərindən (Hənəfi və Cəfəri məzhəbləri nəzərdə tutulur – müəl.) doğan ixtilafla əlaqədar köç etmişlərdir".
Türkiyəli professor Əbdülxaluq M. Çayın internetdə yayınlanmış "Azərbaycan və Türklər" məqaləsində də bu barədə məlumat var: "…Qaraqoyunlular, Ağqoyunlular kimi Türkmən topluluqlarından sonra Anadoludan Azərbaycana gələn bu üçüncü böyük köçü təşkil edir. Bu Türkmən topluluqları arasında Sivas, Amasya, Tokat bölgəsindən gedən Ustacalu, Şamlu, Rumlu; Antalya bölgəsindən Təkəlü; Qaraman bölgəsindən Turqutlular və digərləri; Tarsus bölgəsindən Varsaqlar və Dulqədirlilər (Zulqədr)'i görürük". Türkiyəli yazıçı Nihad Çətinqayanın "Qızılbaş Türklər (tarixi yaranışı və inkişafı)" kitabında Şamlı (Şamlu) tayfası haqqında bəhs edir. O, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyevin "Səfəvi Dövlətinin quruluşunda Türk aşirətlərinin rolu" məqaləsinə istinadən belə yazır: "1576’da İskgəndər Münşi tərəfindən verilmiş buyruqlarda (sərəncam, tapşırıq – müəl.), Türk əsilli Qızılbaş aşirətlər, aşağıdakı kimi sıralanmışlardır: Samlu, Ustağlu, Türkmən, Rumlu, Dulkadir, Afşar, Kaçar, Təkəli və Hunuslu…". Professor Oqtay Əfəndiyevin "Səfəvi Dövlətinin quruluşunda Türk aşirətlərinin rolu" məqaləsində eyni fikrin davamı olaraq belə yazılır: "…1628 ilində eyni yazıçı tərəfindən verilən siyahıda Türk aşirətlərinin siyahısı da verilmişdir: Şamlu, Ustaoğlu, Dulkadir, Qaçar, Avşar, Türkmən, İspirli, Rumlu, Qaradağlı, Bayat, Alpaqut, Kazaklı, Qacirlı, Bayburtlu. Şamlulular; Bəydili, Abdili, Arabgirli, Nikaz qəbilələrinə bölünmüşlərdi…". Professor O. Əfəndiyev daha sonra eyni adlı əsərində Şamlı (Şamlu) boyu haqqında belə yazır: "…Bayat aşirətindən Oruc Bəy (İranın don Juanı), Qızılbaş aşirət qolları və ailələri ilə aşirətlərin hamısını göstərən bir siyahı verir. Bunlar içində ən önəmliləri olaraq Ustağlu, Samlu, Afşar, Türkmən, Bayat, Təkəli, Dulqadir, Kaçar, Qaramanlı, Bayburtlu, İspirli ve Baharlıdan təşkil olunmuş 32 ailə və aşirət yer almaqdadır…".
Türkiyənin Balıkəsir Universiteti tarix bölümünün dosenti Abdulməcid Mutaf bu sətirlərin müəllifinə yazdığı elektron məktubda (e-mail) bildirdiyinə görə dörd ailənin Suriyadan gələrək Balıkəsirdə (Türkiyə) yerləşdikləri ərazi onların mənsub olduqları tayfanın adı ilə Şamlı adlandırılmışdır. Bundan başqa internetdə verilmiş bir məlumatda yazılır ki, Türkiyənin Elazığ vilayətinin Ürünverən kəndində yaşayan Şamlı oymağına mənsub insanlar köklərinin Şamdan gələrək Elazığ vilayətinin kəndlərində və bir hissəsinin də Konya bölgəsində yerləşdiklərinə inanırlar. Yeri gəlmişkən, köklərinin Suriyadan gəldiyinə dair inam Qəbələ rayonundakı Şamlı kəndinin köklü sakinlərində də var. Yaşlıların söylədiklərinə görə Şamlı kəndi yerləşən ərazidə ilk dövrlərdə üç-dörd ailə yaşayırmış. Fikrimizcə, Balıkəsirdə olduğu kimi Qəbələdə də bu ərazi orada məskunlaşan insanların gəldikləri yerin (Şam-lı, yəni, Şamdan gələnlər) və ya mənsub olduqları tayfanın (Şamlı) adı ilə "Şamlı" adlandırılmışdır. Bəlkə də hazırda Qəbələnin Şamlı kəndində yaşayanların kökü Şamlı əmirlərinə qədər çatır. Yeri gəlmişkən qeyd edək ki, Şamlı kəndinin adı bəzən səhv olaraq Şamılı kimi yazılır.
Cavad Heyətin internetdə yayınlanmış "Azərbaycanın Türkləşməsi və Azərbaycan Türkcəsinin Təşəkkülü" əsərində Əmir Teymurun Anadolu səfərindən qalib olaraq döndüyündə bir çox türk boylarını (o cümlədən Şamlı boyunu) Suriya və Anadoludan Azərbaycana gətirdiyi qeyd olunur: "…Özəlliklə Teymur Anadolu səfərindən qalib olaraq döndüyündə bir çox Türk boylarını Suriya və Anadoludan Azərbaycana gətirdi. Bunlar Şamlı, Musuulu, Rumlu, Qaçar, Afşar, Zulkadir, Kovanlu, Kozanlu, Təkəlu, Baharlu, Varsaqlu, Bəydili boyları olub Azərbaycanda qaldılar və bir çoxu Ərdəbil və ətrafında Səfəvi şeyxi (Şeyx Əli)nin (rəvayətə Ərdəbildən keçərkən Topal Teymura rast gələn Səfəviyyə təriqətinin qurucusu Şeyx Səfiəddin Ərdəbilinin nəvəsi, bu təriqətin rəhbəri Şeyx Əlinin xahişi ilə əsirləri bağışlayır və onları şeyxin xidmətində durmaları üçün Ərdəbil yaxınlarında yerləşdirir – müəl.) ətrafına toplanıb onun və oğullarının müridləri oldular…". Bu barədə məlumat İsmayıl Qayqusuzun "Qızılbaşlıq və Qızılbaşlar" adlı məqaləsində də var: "…1402 Ankara savaşında Yıldırım Bəyazidi böyük məğlubiyyətə uğradan Teymur (Əmir Teymur – müəl.) geri dönərkən, birlikdə götürdüyü otuz min əsir Türkməni, Ərdəbil şeyxi Xoca Əliyə hədiyyə etmişti. Əsir Türkmənlərin böyük əksəriyyəti Təkəlü və Qaramanlulardı…". Abbasqulu ağa Bakıxanov internet vasitəsi ilə oxuduğumuz "Gülüstani-İrəm" adlı əsərində yazır: "…Sultan Məhəmməd Xudabəndə (Şah İsmayıl Xətainin böyük qardaşı – müəl.) taxta oturdu. …Şamlı və sair tayfaların əmirlərindən bir neçəsinə Şirvanda torpaq verildi…". Abbasqulu ağa Bakıxanov eyni əsərində daha sonra qeyd edir: "…Şirvanda Qaramanlı, Təkəli, Şamlı… və sair bir çox tayfalar vardır". Tarixdən məlum olduğu kimi Qəbələ də müəyyən bir tarixi dövrdə (Şirvanşahların zamanında) Şirvan vilayətinin tərkibində olub. İnayətullah Rzanın internetdə yayınlanan "Aran adı nə üçün məhv oldu?" məqaləsində də bu fakt təsbit olunur: "…Şirvanşahların zamanında Qəbələ ki mülknişin idi və yerli hakimlərin hakimiyyəti altında olurdu, Şirvan hökumətinə tabe oldu…"
Şamlı tayfasının Azərbaycana köç etməsi faktı Türkiyəli alim İsmayıl Qayqusuzun internetdə verilmiş "Qızılbaşlıq və qızılbaşlar" adlı məqaləsində də qeyd olunur: "…Təkəli, Şamlu, Ustaclu və Rumlu Türkmənlərin böyük bir qismi daha o zamandan (1470-ci illərdə) İran və Azərbaycana köç edərək, Şeyx Heydərin ilk Qızılbaş ordusunu təşkil etmişlərdi". İ. Kayqusuz daha sonra eyni adlı məqaləsində yazır: "…Bunların bəziləri, öncə sözü edildiyi kimi, Xoca Əlinin Ərdəbilə yerləştirdiyi Türkmənlərin (Təkəlü, Qaramanlu), o biriləri isə Şeyx Cüneydin savaşlarına qatılaraq, ya da Şeyx Heydər dönəmində (məsələn, Azərbaycanda kənd təsərrüfatı bölgəsinə yerləşmiş Şamlular kimi) gəlmişlərdi…". Bu faktı İsmayıl Qayqusuz "Sufi qıran Çaldıran…" məqaləsində də təsdiq edir: "…Qızılbaş ordusunu təşkil edən Qızılbaş Türkmən qəbilələri də, son yarım yüz il boyunca Azərbaycan və İrana köçüb yerləşmiş əqrabalarından (qohum – müəl.) başqaları deyildi…".
Fikrimizcə, Şamlı (Şamlu) adı ilə bağlı olan bütün yaşayış məskənlərinin sakinləri və bu adı daşıyan nəsillər arasında birbaşa bağlılıq, tayfa qohumluğu mövcuddur.
Son olaraq qeyd etməyi lazım bilirik ki, bu qeydlər kökü, soy bağı ilə Qəbələ rayonunun Şamlı kəndinə bağlı olan yazı müəllifinin bu torpağın tarixi keçmişinə işıq tutmaq cəhdi idi. Fikrimizcə, Şamlı kəndinin tarixi keçmişi haqqında geniş elmi tədqiqata ehtiyac vardır.
Elin tarixi
redaktəŞamlı eli Əmir Teymur tərəfindən Suriyadan köçürülüb Ərdəbil ətrafında məskunlaşdırılıb. Əmir Teymur bu eli Xacə Əli Səfəviyə bağışlamışdı. Elin kökü Bəydili və Avşar boylarına bağlıdır.
Şeyx Heydəri (1460–1488) əvvəlcə Rum, Talış və Qaracadağ sakinləri müdafiə etdilər.1488-ci ilin yazında, Dağıstana sonuncu yürüşü zamanında isə onun qoşununda şamlı tayfası da var idi.
1521-ci ildən sonra Şamlı elinin nümayəndələri Herat əyalətinə başçılıq etdilər.
1524-cü ildə Şamlı elinin iki görkəmli əmiri – Herat hakimi Durmuş xan və Astrabad hakimi Zeynal xan şəxsən Div sultan Rumluya qoşulmasalar da, onun vəkilliyə olan iddialarını müdafiə etdilər.
1529-cu ildə özbəklərlə döyüşdə böyük şücaət və cəsurluq nümayiş etdirmiş Şamlı elinin başçısı Hüseyn xan əvvəlki mühasirə zamanı ağır vəziyyətə salınmış, ərzaq cəhətdən korluq çəkən Heratın hakimi vəzifəsini tutmuşdu. Qızılbaş qoşunu Xorasanı tərk edən kimi, Übeydulla xan yenidən bura hücum etdi və Hüseyn xanın azsaylı qızılbaş dəstəsi ilə qoruduğu Heratı mühasirəyə aldı. Çuxa sultan Təkəli qızılbaş qoşununu Heratda mühasirəyə düşənlərə köməyə göndərməyi yubandırdı. Çuxa sultanın, onun özbəklərin əlinə düşməsini istədiyini yaxşı başa düşən Hüseyn xan Şamlı Übeydulla xanla danışıqlara başladı. Ona maneəsiz olaraq öz dəstəsi ilə şəhəri tərk etməyə və Sistandan keçərək Şiraza geri çəkilməyə icazə verildi21. Hicr 937-ci il zülqədənin 2-də (1531-ci il iyunun 17-də) Hüseyn xan Sam mirzə ilə şahın İsfahan yaxınlığındakı qərargahına gəldi. Çuxa sultan özünün təhlükəli rəqibindən xilas olmaq üçün onu şənliklərin birində öldürmək qərarına gəldi. Onun bu planından Hüseyn xan Şamlı xəbər tutdu. O, gecə düşəndə silahlı adamlardan ibarət dəstə ilə Çuxa sultanın alaçığına yollandı. Çuxa sultan sığınacaq tapmaq ümidi ilə divanxanaya qaçdı. İş o yerə çatdı ki, vuruşma şah otağnda davam etdirildi və Hüseyn xanın adamlarının atdıqları iki ox şahın tacına dəydi. Həmin gecə şahı mühafizə edən, zülqədər tayfasından olan şah qorçiləri Hüseyn xanın tərəfinə keçdilər və onlardan biri Çuxa sultanı ölümcül yaraladı.
Təkəli eli əyanlarınıın hökmranlıq müddəti (1527–1531) şamlı feodallarının hakimiyyəti ilə əvəz edildi. Çuxa sultanın ölümündən sonra Hüseyn xan Şamlı ən qüdrətli feodal oldu, vəkil və əmir əlüməra vəzifələrini tutdu. Hüseyn xan da sələfi kimi ilk növbədə öz tayfasının yaxşı yerləşdirilməsi qayğısına qalaraq "ən yaxşı vilayətləri (iqta əsasında) şamlı əmirləri arasında bölüşdürüb" şaha dövlət işlərinə qarışmaq imkanı vermədi.
Hüseyn xan hicri 940 (1533–1534)-cı ilədək dövlət işlərini idarə etmiş, elə həmin ildə qəflətən hakimiyyətdən kənar edilərək edam olunmuşdu. Mənbələrdə göstərilir ki, Hüseyn xan Şamlı I Şah Təhmasibi zəhərləmək məqsədilə sui – qəsd hazırlanmaqda təqsirləndirilmişdi. I Şah Təhmasib Heratda ikən Hüseyn xanın həmtayfası olan Başdan Qara adlı bir nəfər şahın piyaləsinə zəhər tökmək üçün cəhd göstərmişdi. Hüseyn xanın tərbiyəçisi (lələsi) olduğu qardaşı Sam mirzənin xeyrinə I Şah Təhmasibi devirməyə yönəldilmiş fəaliyyətdə ittiham etmişdilər. Həmçinin Sam mirzənin xəyanəti barədə xəbər verən "Şərəfnamə"yə görə, Sam mirzə özünü I Sultan Süleymanın vassalı kimi tanımışdı. Hüsen xandan məmləkətə soxulmuş türklərlə əməkdaşlıq etməkdə, düşmənin tərəfinə keçmək niyyətində olmaqda şübhələnirdilər. Həsən bəy Rumlunun göstərdiyi kimi, Hüseyn xanın hazırlanmaqda olan xəyanəti barədə şaha xəbər veriləndə Hüseyn xan onun əmrilə saraya çağırılmış və "parça – parça doğranmışdı".
Hüseyn xan Şamlının ölümü ilə qızılbaş feodallarının on il müddətində — 1524-cü ildən 1534-cü ilədək davam etmiş ağalığı başa çatdı. Şübhə yoxdur ki, şamlı əyanlarının hakimiyyəti tezliklə dövlət işlərindən sıxışdırılıb uzaqlaşdırılmş digər tayfa əyanlarınınnarazılığına səbəb olacaqdı. Həm də I Şah Təhmasibib özü artıq böyümüşdü, qızılbaş əmirlərinin sıxıntılı himayəsindən qurtulmaq və nəhayət, dövlət işlərini öz əlinə almaq qərarına gəlmişdi. Hüseyn xanın edam olunması və vəkil vəzifəsinə Qazi Cahan Qəzvininin təyin edilməsi I Şah Təhmasibin mərkəzi hakimiyyəti gücləndirmək və möhkəmləndirmək qətiyyətini göstərirdi.
Elin oymaqları
redaktəŞamlı elinin tanınmış simaları
redaktə- I Hüseyn bəy Şamlı, (?-1514), I Şah İsmayılın lələsi, vəkil, əmirəlüməra
- Abdı bəy Şamlı (?-1524), Herat hakimi
- Durmuş xan Şamlı (?-1525), Herat hakimi
- I Zeynal xan Şamlı (?-1527), Herat hakimi
- Dəmri sultan Şamlı, (?-1527),-Bəstamda özbəklərə qarşı vuruşmuşdu.
- Hüseyn xan Şamlı (?-1534), Herat hakimi
- Ağzivər sultan Şamlı, (?-1534)-Herat hakimi
- Sultan Hüseyn xan Şamlı, (1524–1618)-Heratın hakimi
- I Əliqulu xan Şamlı, (?-1581)-Sultan Hüseyn xanın oğlu, Durmuş xanın nəvəsi, II Şah İsmayıl Səfəvinin zamanında Heratın hakimi, Abbas mirzənin (I Şah Abbas Səfəvinin) lələsi, I Təhmasib Səfəvinin qızı ilə evlənmişdi.
- Mehdiqulu xan Şamlı-Gilanın, Luristanın və Xuzistanın hakimi
- Əliqulu xan Kəramətli-Şamlı, (?-?)-Mehdiqulu xanın oğlu, 1628-ci ildən eşikağasıbaşı.
- Mirzə Vəli xəlifə Şamlı, (?-1581), (Məşhədin hakimi)
- Hüseynqulu sultan Şamlı, (?-1581),I Şah Təhmasib Səfəvinin əmiri, Səbzivar vilayətinin hakimi, Biçərli oymağından.
- Qorxmaz xan Şamlı, (?-1588), Həmadan hakimi
- Xəlifə sultan Şamlı, (?-1635), Herat hakimi
- Ərəb xan Şamlı, (?-1645), Şirvan hakimi
- Həsən xan Şamlı, (?-1641), Hüseyn xanın oğlu, 1618-ci ildə Herat hakimi, şair
- II Zeynal xan Şamlı- Bağdad hakimi, eşikağası
- Mahmudqulu xan Şamlı-Gilanın hakimi
- Məhəmmədqulu bəy Şamlı-1592-ci ildən eşikağasıbaşı, Ərəbgirli oymağından.
- Süleyman xəlifə Şamlı-Astrabadın hakimi olmuşdu.
- Fulad xəlifə Şamlı-Həmədanın hakimi
- Xəlifə sultan Şamlı, (1455-?)-Heratın hakimi
- Əhməd sultan Şamlı-Sistanın hakimi
- Cigərgə sultan Şamlı, I Şah Təhmasib Səfəvinin əmiri, Səbzivar vilayətinin hakimi.
- Şahəli bəy Kəramətli-Şamlı, sərkərdə.
- Abbasqulu xan Şamlı-Həsən xanın oğlu, Heratın hakimi
- Heydər bəy Şamlı, (?-?). I Şah Səfi Səfəvinin sarayında fərraşxana darğası.
- Əlmərdan xan Şamlı-Nadir şahın səfiri
- Mustafa xan Şamlı-Nadir şahın səfiri
- Rzaqulu xan Şamlı-Nadir şahın səfiri
Şamlı elinin şairləri
redaktə- Səfiqulu bəy Şamlu, şair, II Şah Abbas Manuçöhr xanı 1662-ci ildə Qəndəhar hakimiliyindən azad edib onu təyin etdi. 1680-ci ildə Herat hakimi oldu.
- Məhəmmədqulu bəy Şamlı, (?-1647), şair, Səlim təxəllüslü.
- Əliqulu bəy Şamlı, şair, Ənisi təxəllüslü.
- Molla Mühibbi Şamlı, şair.
- Kirami Şamlı, şair,
- Budaq bəy Nəsim Şamlı, şair, Herat hakimi Həsən xan Şamlının mülazimi.
- Lütfəli bəy Azər, şair, Bəydili
- İshaq bəy Üzri, şair, Bəydili, (?-1771)
- Hüseynəli bəy Şərər
- Mürtəzaqulu xan Zəfər-Həsən xanın oğlu
- Vəliməhəmməd xan Məsrur
- Cəfər bəy Bəydili
- Əmini Bəydili
- Qərari Bəydili
- Səbahi Bəydili
- Əzra Bəydili
- Qərari Bəydili
- Hüsami Qaragözlü, şair.
- Həyati Qaragözlü, şair.
Şamlı elinin tarixçiləri
redaktə- Vəliqulu bəy Şamlı-Hacı Davudqulu bəyin oğlu, II Şah Abbasın hakimiyyəti dönəmində "Qissəsül-Xəqani" adlı əsər yazıb.
- Məhəmmədcəfər bəy Şamlı—Tarikh-i Menazilu’l-Fütuh, (nşr. Eliot-Dowson, The History of India, As Told By Its Own Historians VIII) Delhi 1990.
Qalereya
redaktə-
Heydar Gholi Khan Ghiaï-e Chamlou I
Həmçinin bax
redaktəİstinadlar
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, Şamlı elinin tanınmış simaları, "Soy" dərgisi, 9 (29), Bakı, 2009. səh.32–35.
Xarici keçidlər
redaktə- Qhiai-Şamlu
- Youtube-da bax :Bir kəndin nağılı. Şamlı (film)
- Youtube-da bax :Bir kəndin nağılı. Şamlı (film)
- http://turkoloji.cu.edu.tr/CAGDAS%20TURK%20LEHCELERI/eldeniz_abbasli_samli_adi_hakkinda.pdf
- http://www.osmanlimedeniyeti.com/Bilgi/%C5%9Eaml%C4%B1%20ad%C4%B1%20hakk%C4%B1nda Arxivləşdirilib 2016-05-02 at the Wayback Machine
- http://www.atc.az/forum/archive/index.php/t-6926.html