Abbasqulu Xan Samli - Wikipedia
Abbasqulu xan Şamlı (?-?) — qızılbaş sərkərdəsi (general), Heratın hakimi, şair, xəttat.
Abbasqulu xan Şamlı | |
---|---|
Həsən xan Hüseyn xan oğlu | |
1641 – 1716 | |
Əvvəlki | Həsən xan Şamlı |
Sonrakı | Cəfər xan Ustaclı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Doğum yeri | Herat, Səfəvilər dövləti |
Vəfat tarixi | 1679 |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Həsən xan Şamlı |
Rütbəsi | general, qubernator |
Həyatı
redaktəAbbasqulu xan Həsən xan oğlu Herat şəhərində doğulumuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Sonra mədrəsədə oxumuşdu. Atası kimi şair və xəttatlığı vardı.
Abbasqulu xan şairlərə hamilik edirdi. Onun sarayında Sədəddin Məhəmməd Rəqəm, Molla Nazim, Mirzə Mənsur Şəhriyari, Mirzə Həsən Vahib, Mirzə Fəsihi Ənsari və başqaları kimi şairlər şeir məclislərində iştirak edir, çörək yiyəsi olurdular.
Abbasqulu xan öncə sarayda qılınc qorçusu kimi xidmətə başlamışdı. Sonra yüzbaşı olmuşdu. Atasının vəfatından, 1641-ci ildən sonra Heratın hakimi olmuşdu.
1660-cı ildə Böyük Moğol imperiyasının hökmdarı Şah Cahanın oğlu Daraşokuhun elçisi Səfəvi sarayına çatdıqda Hüseyn xan oğlu Abbasqulu bəyə göstəriş verilir ki, təcili Qəndəhara gedib yüksək məqamlı qonağı qarşılasın. II Şah Abbas Qəndəhardan İsfahana qədər bütün əmirlərə onu yüksək səviyyədə qarşılamaları üçün fərman göndərdi.[1]
Osmanlı elçisi ilə diplomatik danışıq əsnasında rahatsızlıq aradan qaldırıldıqdan sonra Şahın göstərişinə əsasən tüfəngçiağasıbaşı Qələndər sultan və Abbasqulu xan Məşhədə gedib buradakı hərbi ləvazimatı, topları şəhərdən çıxarıb hərbi əməliyyata hazırladılar. Məhəmmədqulu bəyə isə 500 tümən pul verilib tapşırıldı ki, Məşhəd, Herat, Fərah və Bəstamdan qoşun üçün ərzaq və sursat tədarük etsin.[2]
Heratda Rüstəm xanın oğlu Vəliməhəmməd xan və Herat hakimi Abbasqulu xanın da hərbi alayları əsas qoşunla birləşdilər. 1648-ci ilin zolhəcce ayının 12-də II Şah Abbas Qəndəhar qalası ətrafındakı Abbasabad bağına çatdı və iqamətgah burada yerləşdirildi. Qalanın mühasirəsi barədə əmr verildi. Tüfəngçiağası Qələndər sultan 5 top gətirməli idi ki, artıq onlardan ikisi Bosta, üçü isə Qəndəhara çatdırılmışdı. Hələ Herat hərbi müşavirəsində şahın buyruğu ilə çox mühüm hərbi-strateji əhəmiyyətə malik olan Bost qalasının alınması Astrabad hakimi Mehrab xan və Cəmşid xan Pornaka tapşırıldı. Bost qalasının divarları həm hündür, həm də çox möhkəm olduğuna görə qalaya ilk zərbənin top atəşi ilə vurulması tapşırılmışdı. Top atəşinə tab gətirməyən mühafizəçilər və qala hakimi Pərdal xan iç qalaya sığındılar. Nəhayət Bost qalası mühasirəyə tab gətirməyib təslim oldu. Elə ilk alınan qala da Bost oldu. Bost qalasının hakimi Pərdal xan, xeyli əsgər, döyüş texnikası, iki fil və bir çox başqa qənimətlər ələ keçirildi. Zəmindavəri Sarı xanın qızılbaş alayı mühasirəyə almış, onların ilk cəhdləri uğursuz olsa da, sonrakı hücumlarda Zəmindavər hakimi Əsədulla xan aman verilməsini xahiş edib II Şah Abbasa yazdığı məktubu Xorasan qoşunun sərdarı Sarı xana çatdırdı. Sarı xan onun məktubunu dərhal Şaha göndərir. Seyid Əsədulla xan xahiş edirdi ki, Zəmindavərin Qəndəhardan sonra təslim edilməsinə icazə verilsin. O, məktubda həm də Səfəvi Şahına qulluğunu və itaətkarlığını ifadə edirdi. Qala rəisi Seyid Əsdulla xana cavab olaraq qərara alındı ki, Sarı xan atəşi dayandırıb qalanı mühasirədə saxlasın və heç kimin qalaya girib-çıxmasına icazə verilməsin, növbəti əmrə qədər qərar tutduqları yerlərdə dayansınlar.[2]
Allahqulu xanı Bost qalasını mühasirəyə almağa yola saldılar. II Şah Abbas Heratda ikən Mehrab xandan hindlilərin təcavüzü barədə məktub aldı. O, Ərdəbil hakim və mütəvəllisi Əli xan, əmiraxurbaşı Nəcəfqulu bəy Zəngənəyə fərman verdi ki, əsas qoşun gələnə qədər hərəkət edib Qılıc xanın şərindən Bost əhalisini uzaqlaşdırsınlar və hind mühasirəçilərini dağıtsınlar. Sipahsalar Murtuzaqulu xan, qullarağası Siyavuş xan (Kuhgiluyə bəylərbəyi), Kirman hakimi və qorçubaşı Murtuzaqulu xana fərman verdi ki, sərdarlığı öhdələrinə götürsünlər. Mehrab xanın qardaşı Hacı Mənuçöhr xan şahdan xahiş etdi ki, bir dəstə Şah fədaisi ilə onu ordudan əvvəl həmin bölgəyə savaşa göndərsin. Ona icazə verildi və o, 50 nəfər döyüşkən fədai ilə sürətlə savaşmağa yola düşdü. O, Zəmindavərə çatdıqda Xəncər xanın qardaşı oğlu Qılıc xan, Qubad xan, Allahqulu xan 3000 nəfərlə bu nahiyəni çapıb–talamağa göndərilmişdilər. Xəncər xan və onunla birlikdə olanlar Hacı Mənuçöhrlə savaş əvəzinə Zəmindavərə yürüş edib, geri döndükdə Hacı Mənüçöhr xanla savaşmağı qərara alırlar.[3]
Abbasqulu xan 1716-cı ildə üsyançı əfqan əmirlərindən olan Abdulla xan Sadozay və oğlu Əsədulla xanı həbs etmişdi. Bu xəbər Şah Sultan Hüseyn Səfəviyə çatan kimi əsəbləşdi. Abbasqulu xanı Heratdan geri çağırıb onun əvəzinə Cəfər xan Ustaclını təyin etdi.
Quruculuğu
redaktəAbbasqulu xan Şamlı 1666-cı ildə Məşhəd şəhərində mədrəsə binası tikdirmişdi. Bu mədrəsə sonralar "Abbasquluxan mədrəsəsi" adlanmışdı. Mədrəsə hələ də fəaliyyət göstərir.
Qaleriya
redaktə-
Abbasqulu xan mədrəsəsinin kitabəsi
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Şamlı elinin tanınmış simaları, "Soy" dərgisi, 9 (29), Bakı, 2009.
İstinadlar
redaktə- ↑ Məhəmməd Tahir Vəhid. Sərqozaşte Şah Abbas devvom. Be kuşeşe Səttar Əvdi, Tehran, 1384, 126 s.
- ↑ 1 2 Do ketabe nəfis əz mədareke əvvəliyyə. Tarix-i Səfəviyyan. Xülasət ət-təvarix. Tarix-i Molla Kamal. Ərak, 1334, 126 s.
- ↑ Məhəmməd Tahir Vəhid. Sərqozaşte Şah Abbas devvom. Be kuşeşe Səttar Əvdi, Tehran, 1384, 126 s. səh. 49