Sahzade Osmanli Imperiyasi - Wikipedia
Osmanlı dövlətində şahzadə — Osmanlı sülaləsinə mənsub kişilərə deyilirdi. İlk dönəmlərdə paşa, əmir, çələbi, sultan və bəylərbəyi kimi titullarla anılan şahzadəlik tarixi iki dövrdən ibarətdir. Birinci dövr XVI əsrin ikinci yarısına qədərki dövrdür. Bu dövrdə şahzadələr öz xidmətçiləri ilə birlikdə hansısa əyalətdə idarəetmə strukturunda vəzifələndirilirdi. İkinci dövr isə "Əkbər və Ərşət" hüququnun qanuniləşdirilməsi ilə şahzadələrin qəfəsə qoyulması ilə başlamışdır.[1][2]
Osmanlı sistemində gələcəyin hökmdar namizədi olaraq qəbul edilən şahzadələrin kimdən olması vacib deyildi. Şahzadələrin dünyaya gəlməsi isə sarayda böyük sevinclə qarşılanırdı. XVII əsrə aid sənədlərə görə, şahzadələrin doğumu top atəşi ilə xalqa elan edilir, şənliklərlə qeyd olunurdu. Bu səbəblə sarayda dövlət xadimlərinin və yüksək məmurların iştirakı ilə təbrik mərasimi təşkil olunurdu. Yeni dünyaya gələn şahzadələrin baxımına anası və 20 kəniz nəzarət edir, daha sonra isə şahzadə saray ağası olan 3 lələnin nəzarəti altında böyüyürdü. XVII əsrin əvvəllərinə qədər şahzadələrin təhsil həyatı iki hissədən — nəzəri və praktik hissədən ibarət idi. Şahzadələrin nəzəri təhsili sarayda dövrün ən güclü alimləri tərəfindən həyata keçirilirdi. Bu təhsil adətən şahzadələrin 10–13 yaşına qədər davam edirdi. Sarayda şahzadələrin dərs aldığı xüsusi yerə isə şahzadə məktəbi adı verilirdi. Bundan başqa sarayda şahzadələr at çapmaq və ox atmaq üzrə də dərslər alırdılar. Bu təhsil mərhələsində şahzadələrə ərəbcə və farsca başda olmaqla, fəlsəfə, ədəbiyyat, riyaziyyat, astronomiya, dünya tarixi, İslam tarixi və ədəbiyyatı, yunan dili, latın dili və ədəbiyyatı, dövlət idarəçiliyi haqqında dərslər də keçilirdi. Şahzadələr sarayiçi nəzəri təhsillərini tamamladıqdan sonra mərasimlərlə sünnət edilirdilər. Sünnət mərasiminin ardından praktiki təhsilə keçilməsi üçün müxtəlif sancaqlara göndərilirdilər. Sancağa çıxan şahzadə lələlərinin müşayiəti ilə o bölgənin idarəsindən məsuliyyət daşıyırdı.[1][3]
Şahzadələrin sancağa göndərilməsində əsas məqsəd dövlət idarəsində təcrübə qazanmaq idi. Ənənəyə görə, hələ Osman bəy dönəmində ələ keçirilən bölgələr əyalətə çevrilərək dövlətə bağlı hərbçilərin nəzarətində şahzadələrə verilirdi. Quruluş dönəmində şahzadələrin vəzifələndirildiyi sancaqlar adətən, sərhəd bölgələri olurdu. I Murad dönəmindən sonra xüsusilə Anadolu bəylikləri şahzadələrin sancaqlarına çevrilmişdir. O dönəmdə Karəsi bəyliyindən alınan Balıkəsir, Germiyanoğullarından alınan Kütahya, Sarıxanoğullarından alınan Manisa, Həmidoğullarından alınan İsparta və Antalya, Qazi Bürhanəddindən alınan Sivas və Amasiya bölgəsi ən önəmli şahzadə sancaqları idi. Osmanlı şahzadələrinin Rumelidəki sancaqlara göndərilməsi isə I Muradın oğlu Savcı bəyin Rumelidə çıxardığı üsyanın ardından qadağan edilmişdir. Bu qadağa yalnız bir dəfə pozulmuş, II Bəyazid oğlu Şahzadə Səlimin təzyiqi ilə onu Rumelidəki Səməndirə sancağına təyin etmiş, ancaq Şahzadə Səlim bu sancağa getməmiş atasını taxtdan endirmişdir.[4] O dönəmdə bir bölgənin şahzadə sancağı olması üçün 3 əsas şərt lazım idi:
- Bu bölgə əsasən sərhəd bölgəsi olmalı idi. Ən uc sərhəddə olan şahzadə hökmdarın ən böyük oğlu idi. Səbəb isə bu bölgələrdə idarəetmə strukturunun daha güclü olması idi.
- Bu bölgə keçmiş Anadolu bəyliklərinin mərkəz şəhərləri olmalıdır.
- Bu bölgə tarixi, mədəni və ticarət mərkəzi olmalı idi.
Şahzadələrin sancaqlara göndərilməsi idarəçilik baxımından olduqca önəmli idi. Bu eyni zamanda həmin bölgənin Osmanlı sülaləsinin gözündəki önəmini simvolizə edirdi. Şahzadələrin sancaqlara göndərilməsinin bir digər səbəbi isə iqtisadi səbəbdir. Çünki şahzadələr böyüdükcə onların və qapı xalqının (xidmətçi heyətinin) xərcləri də artırdı. Şahzadələr sancaqlara göndərildikdən sonra həmin bölgənin bütün gəlirləri şahzadəyə yönəlirdi. Beləliklə, dövlət xəzinəsi üzərindən yük qalxırdı. Bölgənin ticarət gəlirləri ilə yanaşı, həmin bölgədən yığılan vergilər də şahzadəyə yönəldilirdi. Sancaqdakı şahzadənin əsas gəlirlərindən biri də səfərə öz orduları ilə qatılmaqları səbəbi ilə səfər qənimətinin beşdə bir hissəsi olurdu.[1]
Osmanlı şahzadələrinin gedəcəkləri sancağı seçmə hüququ olmamışdır. İldırım Bəyazidin Amasyanı fəth etməsinin ardından vəliəhd şahzadələr Amasyaya göndərilmiş, I Səlim dönəmindən sonra isə Manisa ön plana çıxmışdır. Şahzadələrin daha çox göndərildikləri sancaqlar isə Amasya, Kütahya, Trabzon, Manisa və Konya olmuşdur. Bundan başqa Antalya, Kəfə, Bolu, İsparta və Kastamonu da şahzadə sancaqları olmuşdur.[5][6]
XIV-XV əsrlərdə Osmanlı şahzadələrinin evləndirilməsi daha çox siyasi məqsəd güdürdü. Şahzadələr bu dönəmdə Rumelidə mübarizə aparılan xristian ailələrin və Anadoludakı müsəlman bəylərin qızları ilə evləndirilirdi. Ancaq XV əsrin ortalarından sonra Anadoludakı birliyin təmin olunması və Rumelinin ələ keçirilməsi səbəbilə bu ənənə başa çatmış, şahzadələrin sancağa göndərilməsi qaydası sabitləşdikdən sonra isə şahzadələrin evlənməsi tamamilə qadağan edilmişdir.
Şahzadələr Osmanlı sülaləsinin üzvü olduqları üçün önəmli vəzifə və məsuliyyətləri vardı. Bunlar arasında hərbi məsuliyyət xüsusi yer tuturdu. Yavuz Sultan Səlim dönəminə qədər şahzadələr atalarının istəyilə ordunun başında səfərlərə gedir, olduqları sancaqlarda çıxan üsyanları yatırır, hətta digər qonşu dövlətlərin hücumlarına cavab verirdi. Şahzadələr səfərə gedən Osmanlı ordusunun sağ və sol cinahlarında yer alırdılar. I Murad dönəmində Şahzadə Bəyazid və Şahzadə Savcı ordunun sağ və sol cinahlarında vəzifələndirilirdilər. Beləliklə, şahzadələr həm atalarının gözündə, həm ordu, həm də dövlət adamları arasında rəğbət qazanırdı. XVI əsrdən etibarən isə şahzadələr səfərə getməmiş, daha çox mühafizə xidməti görmüşdür. Osmanlı sultanları səfərə çıxarkən şahzadələrdən biri taxt naibi olaraq paytaxtda dövləti idarə edirdi. I Süleyman dönəmindən sonra isə Osmanlı şahzadələrinin səfərə qatılması tamamilə aradan qaldırılmışdır.[7]
Şahzadələr təyin olunduqları sancaqlarda bütün idarəetmə strukturuna malik idilər. Xidmətində paytaxtdakı divan məclisinə bənzər idarəedici aparat fəaliyyət göstərirdi. Şahzadələrin xidmətçi sayı isə XVI əsrdə 2.000 nəfərə qədər artmışdır. Şahzadələrin bütün səlahiyyətləri zaman keçdikcə azalmış, buna əsas səbəb isə Fetrət dönəmindən sonra başlayan taxt mübarizələri olmuşdur. Bu dönəmdən sonra isə sancağa göndərilən şahzadələr daha güclü nəzarət altında fəaliyyət göstərirdilər. I Səlimin dövrünədək tamamilə azad hərəkət edən şahzadələr, bu dönəmdən sonra mərkəzə yaxın sancaqlara təyin olunmağa başlanmış, lələlərinin səlahiyyətləri artırılaraq şahzadələr passivləşdirilmişdir. Xüsusilə I Süleyman dönəmində çıxan Şahzadə Mustafa hadisəsi və Şahzadə Bəyazid üsyanı bu prosesi daha da sürətləndirmişdir. Orxan Qazi ilə başlayan və I Əhmədin taxta çıxışı ilə başa çatan dövrdə taxta çıxan 13 hökmdardan yalnız ikisi (I Mehmed və I Səlim) istisna olmaqla, qalan 11-i ən böyük şahzadə idi. 1617-ci ildə I Əhmədin vəfatı və qardaşı I Mustafanın taxta çıxması 300 illik ənənə başa çatmış və ardından "Əkbər və Ərşət" sistemi qanuniləşdirilmişdir.[1]
Hökmdarın ölümünün ardından varis olan vəya taxt üzərində haqq iddia edən şahzadə paytaxta dəvət edilirdi. Xəbəri alan şahzadə bütün saray heyəti ilə birlikdə sürətlə paytaxta yollanırdı. Yeni hökmdarın taxta çıxması ilə digər şahzadələrin həyatı çətinləşirdi. Hələ quruluş dönəmində Osman bəyin əmisi Dündar bəyi öldürməsi ilə başlayan, I Bəyazidin qardaşı Yaqubu öldürməsi ilə davam edən "Qardaş qətli" ənənəsi II Mehmedin qanunnaməsi ilə qanuniləşdirilmişdir. Yalnız Osmanlıya xas bir ənənə olmayan bu qayda hökmdarın hakimiyyətini sabitləşdirmək və mərkəzi hakimiyyəti gücləndirməyə xidmət edirdi. Bu vəziyyət XVII əsrin əvvəllərində şahzadələrin xüsusi nəzarət altında saxlanılmasına qədər davam etmişdir.
1617-ci ildən etibarən Osmanlı şahzadələri üçün qəfəs adlanan həyat tərzi başlamış, buna səbəb isə III Mehmedin vəfatının ardından qalan bütün şahzadələrin uşaq yaşda olması idi. I Əhmədin taxta çıxışı əsnasında yeni hökmdarın uşaq yaşda olması və gələcəkdə yerinə vəliəhd buraxıb buraxmaması şübhəli olduğundan qardaşı Şahzadə Mustafa qorunmuşdur. III Mehmedin taxta çıxarkən 19 qardaşını qətlə yetirməsi səbəbilə hökmdar xalqın gözündə nifrət qazanmış, 1617-ci ildə qəbul edilən qərarda bu vəziyyət də nəzərə alınmışdır. Qədim ənənələrə uyğun olaraq bir neçə dəfə sancağa göndərilmə təşəbbüsü irəli sürülsə də, qəbul edilməmişdir. Saraya məhkum olunan şahzadələr yalnız atalarının səltənəti illərində rahat həyat sürür, bu dönəmdə mükəmməl təhsil alır, ataları ilə birlikdə gəzintilərə çıxırdılar.
Atalarının ölümünün ardından bu sərbəst həyat tərzi sona çatırdı. Özlərinə aid olan saray otağında məhkum həyatı yaşayaraq taxta çıxacaqları günü gözləməyə başlayırdılar. Bu şahzadələr saray hərəmxanası yaxınlığında şümşad ağacından inşa olunan bir köşkdə yaşayırdılar. Bu səbəblə də yaşadıqları bu köşk Şümşadlıq (Şimşirlik) adlanırdı. İ. H. Uzunçarşılı bu köşkdə 12 otaq olduğunu və ətrafında yüksək divarlar olan kiçik bir bağçası olduğunu qeyd edir. Qəfəs həyatındakı şahzadənin xidmətində 10–12 kənizi və ağaları olurdu. Heç kimlə əlaqə saxlaya bilməzdilər və yalnız padşahın icazə verdiyi şəxslərlə nəzarət altında görüşə bilərdilər. Bayram təbriki istisna olmaqla, padşahın hüzuruna çıxa bilməzdilər. Şahzadələrin həyatda qalması və təhlükəsizliyi məsələsinə saray xalqı ilə yanaşı qapıqulu əsgərləri də nəzarət edirdi. Bəzən əsgərlər şahzadələrin həyatda olduğunu yoxlamaq üçün padşahdan görüş tələb edirdilər.[1]
Bu dövr ərzində şahzadələr zərgərlik, xəttatlıq və s. kimi sənətlərlə məşğul olurdular. Şahzadələrin bu əsnada oğul övladının olması qadağan idi. Buna görə də hamilə qalan şahzadə kənizləri dərhal aradan qaldırılırdı. Bu ənənə imperiyanın dağılması və səltənətin qaldırılması dövrünədək davam etmişdir. Ancaq Tənzimat dönəmindən sonra şahzadələrin vəziyyəti yüngülləşmişdir. Sultan Əbdüləzizin oğlu Yusif İzzəddin Əfəndi və V Muradın oğlu Səlahəddin Əfəndi atalarının vəliəhdliyi dövründə dünyaya gəlmiş, doğumları bir müddət gizli saxlanılmışdır. Mərkəzi hakimiyyətin Topqapı Sarayından çıxmasının ardından məhkum şahzadələr müxtəlif saraylarda yaşamağa başlamış, bu səbəblə həyat tərzləri biraz da olsa, yüngülləşmişdir. Artıq şahzadələr Avropadakı vəliəhd sisteminə uyğun olaraq müxtəlif vəzifələrə gətirilmiş, xalq arasında tanınan şəxslərə çevrilmişdir.[1]
Mənbə
redaktə- ↑ 1 2 3 4 5 6 http://www.islamansiklopedisi.info/dia/ayrmetin.php?idno=380480&idno2=c380291#1
- ↑ Fatih’in Teşkilât Kanunnâmesi (nşr. Abdülkadir Özcan, TD, sy. 33 [1982] içinde), s. 7–56
- ↑ Uzunçarşılı, Saray Teşkilâtı, s. 107–145; a.mlf., "Sancağa Çıkarılan Osmanlı Şehzadeleri", TTK Belleten, XXXIX/156 (1975), s. 659–696
- ↑ Feridun M. Emecen, XVI. Asırda Manisa Kazâsı, Ankara 1989, s. 26–42
- ↑ L. P. Peirce, Harem-i Hümâyun: Osmanlı İmparatorluğu’nda Hükümranlık ve Kadınlar (trc. Ayşe Berktay), İstanbul 1996, tür.yer.
- ↑ Mustafa Çetin Varlık, "Kütahya’nın Şehzade Sancağı Olarak İdaresi", MÜTAD, sy. 5 (1989), s. 315–324.
- ↑ Ali Aktan, "Osmanlı Hanedanı İçinde Saltanat Mücadelesi ve Kardeş Katli", Türk Dünyası Tarih Dergisi, I/10, İstanbul 1987, s. 45–56