Sah Mescidi - Wikipedia
Bu məqalə Şirvanşahlar sarayındakı məscid haqqındadır. İsfahandakı Şah məscidi üçün İmam məscidi (İsfahan) səhifəsinə baxın. |
Şah məscidi və ya Xan məscidi — Şirvanşahlar saray kompleksinin aşağı həyətində, Şirvanşahlar türbəsi və Saray hamamı ilə yanaşı yerləşən saray məscidi.
Şah məscidi | |
---|---|
40°21′57″ şm. e. 49°49′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Qala döngəsi 76 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Sifarişçi | I Xəlilullah |
Tikilmə tarixi | 1441-1442 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | muzey |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 3.3 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid 1441-1442-ci illərdə Şirvanşah I Xəlilullahın sifarişi ilə inşa edilmişdir. Ucu yüngülvari sivrilmiş iki günbəzlə tamamlanmış binanın prizmalı həcminin sabitliyi, binanın şimal-şərq küncündə yüksələn qamətli minarə ilə kölgələndirilmişdir. Məscid böyük ibadətgah zalından, qadınlar üçün nəzərdə tutulmuş kiçik zaldan və bir neçə kiçik xidməti otaqlardan ibarətdir. Onların hamısı planın yığcam düzbucaqlı dördbucağına daxil edilmişdir.
Tarixi
redaktəMəscid 1441-1442-ci illərdə Şirvanşah I Xəlilullahın sifarişi ilə inşa edilmişdir. Bu haqqda məscidin minarəsində yazılmış kitabədə məlumat verilir: “Bu minarədə kitabə yazmaq haqqında əzəməətli sultan Xəlilullahın özü hökm vermişdir. Allah onun dövranını, hökmünü və qüdrətini artırsın. Səneyi 5 və 40 və 800 (hicri 845, miladi 1441)”[1]
1723-cü ildə I Pyotr qoşunlarının Bakını dənizdən top atəşinə tutması zamanı Saray məscidinin şimal-şərq fasadı ziyan çəkmişdir.[2] 1747-ci ildə Bakıda olmuş doktor P. Kuk yazır:
...bu şəhərdə yonulmuş möhkəm daşlardan tikilmiş zəngin saray vardır. Biz onu 1723-cü ildə rus mərmiləri tərəfindən dağıdılmış vəziyyətdə tapdıq.[2] |
1918-ci ildə Mart soyqırımı zamanı məscidin minarəsi top atəşi ilə zədələnmişdir.
Təsviri
redaktəMəscid iki giriş portalına malikdir: bunlardan biri Şirvanşahlar türbəsinin portalının açıldığı tərəfə baxır, digəri isə onunla yanaşı olub, yan divardadır. Birinci portal kənardan gələnlərə, ikinci isə sarayda yaşayanlara – Şirvanşah və onun yaxın adamlarına aid idi.[3]
Məscidin cənub divarı küçə boyu ucalır, qərb divarında isə təxminən 2 metrlik bir çıxıntı vardır ki, bu da binanın planının düzbucaqlı formasını pozur. Məscid salonunun kiçikliyi (sahəsi təxminən 70 m2) göstərir ki, ibadət üçün buraya çoxlu adam toplaşması mümkün deyildi və məsciddən ancaq məhdud sayda adam (saraya yaxın olanlar) istifadə edirdi.[3]
Məscid, planda xaçvari görünən bir salondan, giriş qapısının sağında yerləşmiş bir otaqdan və binanın axırında yerləşən iki balaca otaqdan ibarətdir. Giriş qapısının sağ tərəfində yerləşən və sahəsi 15 m olan otaqdan salona bir qapı açılır. Bu otaq ibadət edən qadınlar üçün ayrılmış və həyətdən ona xüsusi yol qoyulmuşdur; otağın içində balaca bir mehrab vardır.[3]
İbadət salonunun mərkəzi hissəsi daş gümbəzlə, yanları isə tağtavanla örtülmüşdür. Əsas gümbəz bu tağtavanlara və pilonların künclərinə söykənir. Məscid binasının əsas oxu cənub istiqamətindədir. Giriş qapısı ilə üzbəüz divarda yerləşmiş mehrab da cənuba baxır. Yaxın Şərq ölkələrinin məscidlərinin çoxunda mehrabın bədii tərtibatına xüsusi fikir verilsə də, burada mehrab çox sadədir.[3]
İkinci mərtəbədəki otaqlar da eynilə birinci mərtəbədəki üç otaq kimi yerləşdirilmişdir; birinci mərtəbədən ikinci mərtəbəyə divarın içində tikilmiş daş pilləkən vasitəsilə yol vardır. Bu otaqların hamısı yardımçı xarakter daşıyıb, din xadimləri üçün hücrə vəzifəsini yerinə yetirmişdir. Otaqlar daş tağtavanla örtülmüş, divarlarında isə taxça yerləri qoyulmuşdur. Otaqlardan ən böyüyünün üstü daş gümbəzlə örtülmüşdür.[1]
Minarə
redaktəMəscidin sol küncündə, sanki bilavasitə damın üstündən daş minarə yüksəlir. Oturacağı kvadrat şəklində olan bu minarə sonra silindr şəklini alır. Yuxarı tərəfdə minarə balkonun meydançası üçün çıxıntı əmələ gətirən stalaktit karnizlə qurtarır. Bu meydançaya çıxmaq üçün minarənin gövdəsi ilə bir vəhdət təşkil edən vintə oxşar daş pilləkən vardır. Lakin, İçərişəhərdəki başqa minarələrin sürahılarına əsasən qət edilmişdir ki, bu sürahı da daşdan olmuşdur.[1]
Minarənin silindrik hissəsi, meydançadan yuxarıda da, diametri kiçildilmiş halda davam edir və xüsusi quruluşda olan dilimli balaca gümbəzlə qurtarır. Balkonun stalaktitlərini gözdən keçirdikdə aydın olur ki, onlar xarici görünüşlərinə və quruluş prinsiplərinə görə, Divanxana portalının stalaktit qurşağından çox az fərqlənir. Stalaktitlərdən aşağıda daşda oyulmuş yazılar vardır. Bir qurşaq əmələ gətirən yazılar minarənin tamamilə hamar səthində öz girinti çıxıntıları ilə aydın gözə çarpır.[1]
Çox yüksəyə qalxmış bu uca minarə, məscidin böyük və kiçik gümbəzləri ilə birlikdə, tikiliyə maraqlı və gözəl bir siluet verir.
Memarlıq xüsusiyyətləri
redaktəUcu yüngülvari sivrilmiş iki günbəzlə tamamlanmış binanın prizmalı həcminin sabitliyi, binanın şimal-şərq küncündə yüksələn qamətli minarə ilə kölgələndirilmişdir. Məscid böyük ibadətgah zalından, qadınlar üçün nəzərdə tutulmuş kiçik zaldan və bir neçə kiçik xidməti otaqlardan ibarətdir. Onların hamısı planın yığcam düzbucaqlı dördbucağına daxil edilmişdir.[4]
Sərdabaya tərəf yönəldilmiş əsas – şimal girişi portalla xüsusi olaraq nəzərə çarpdırılmışdır. Məscidin kompozisiyalı mərkəzi – mərkəzi həcmi kürəşəkilli yelkənlərə söykənən, üstü bir az sivrilənmiş günbəzlə örtülmüş iki cərgə pəncərəsi olan ibadətgah zalıdır. Günbəzin kvadratından, xaçşəkilli-günbəz sistemini əmələ gətirən tağtavan şəkilli dərin oyuqlarının mehvərləri boyunca qollar ayrılır.[5]
Oyuqlar aynalı tağtavanlarla örtülmüşdür. Məscidin interyerinin mənalığının daxili məkan həlli həcmli kütlələr və konstruktiv formalar vasitəsilə əldə edilmişdir. Cənub divarında mehrab qarşısında daş məhəccərlərlə hasarlanmış kiçik meydança keramik firuzə rəngli plitələrlə döşənmişdir.[5]
Məscidin həcmli-məkan kompozisiyası, minarənin prizmalı həcminin və dinamik şaquli üzərindən sanki daş günbəzlərin qayrılmış formaları ilə təəccüblü həmahəngliklə müəyyən olunur, azançının üzərində duraraq möminləri ibadətə çağırdığı eyvanın stalaktit qurşağı ilə tamamlanır.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Dadaşov, Useynov, 1955. səh. 22
- ↑ 1 2 Fərhadoğlu, 2006. səh. 116
- ↑ 1 2 3 4 Dadaşov, Useynov, 1955. səh. 21
- ↑ Бретаницкий, Л. С. Зодчество Азербайджана XII—XV вв. и его место в архитектуре Переднего Востока. Л. 1961. səh. 558.
- ↑ 1 2 3 Fətullayev, 2013. səh. 106
Ədəbiyyat
redaktə- Fərhadoğlu, Kamil. İçərişəhər. Bakı: Şərq-Qərb nəşriyyatı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. 2006. səh. 256.
- Fətullayev-Fiqarov, Şamil. Bakının memarlıq ensiklopediyası. Bakı: Şərq-Qərb, Azərbaycan Respubliksı Memarlar İttifaqı. 2013. səh. 528.
- S. Dadaşov, M. Useynov. Bakının memarlıq abidələri. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı. 1955. səh. 42.