Sirvansahlar Turbesi - Wikipedia
Bu məqalə Şirvanşahlar türbəsi haqqındadır. Digər mənalar üçün Şirvanşahlar (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Şirvanşahların türbəsi — Şirvanşahlar saray kompleksinin aşağı həyəti ərazisində yerləşən üç tikilidən (digər iki tikili Şah məscidi və Saray hamamıdır) biri. Türbəyə yuxarıdan baxdıqda kəsmə ulduzlarla bəzədilmiş və altıbucaqlı günbəzlə tamamlanmış düzbucaqlı olması görünür. Orta əsrlərdə günbəz üzərindəki ulduz şəkilli yarıqlara mavi rəngli kaşı yerləşdirilmişdi.[1]
Şirvanşahlar türbəsi | |
---|---|
40°21′58″ şm. e. 49°50′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Qala döngəsi 76 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar | Məhəmməd Əli |
Sifarişçi | I Xəlilullah |
Tikilmə tarixi | 1435–1436 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | muzey |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 3.5 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Binanın simasının mənalığını kompozisiyanın aydınlığı və memarlıq formalarının təfsirinin ciddiliyi müəyyən edir. Gözəl və ustalıqla yerləşdirilmiş işıq və kölgə ləkələrinin təzadına cəhd, üfüqi detallara şaquli detalların, həmçinin sıx naxışlı böyük səthlərə daş hörgü şəbəkələrinin qarşı qoyulması, Şirvan memarlıq çevrəsi üçün ənənəvi şəkildə səciyyəvidir, oyma naxışlar isə ustalıqla yerinə yetirilmişdir.[2]
Tarixi
redaktəGiriş üzərindəki kitabə bu tikilinin inşa tarixi və memarı haqqında məlumat verir. Orada yazılmışdır: "Dinin müdafiəçisi, peyğəmbərin adamı, böyük sultan Şirvanşah Xəlilullah, Allah onun şahlığını və hakimiyyətini daimi etsin, bu işıqlı türbəni öz anası və yeddi yaşlı oğlu üçün, Allah onlara rəhmət eləsin, tikdirməyi əmr etdi, 839-cu il"[1]
1954-cü ildə şərqşünas alim Ə.Ələsgərzadə portal üzərindki bu yazıları oxumuşdur. Digər yazılar Quran surələrindən götürülmüşdür. Portalı bəzəyən medalyonda yalnız güzgü vasitəsilə oxunan yazı ilə memarın adı yazılmışdır: "Allah, memar Məhəmməd Əli". Məlumdur ki, memarlara tikililər üzərində öz adlarını yazmaq qadağan olunmuşdu.[1] Ona görə də sənətkar öz adını bu yolla şriftləşdirmişdir. Bu isə memarlıq əqlinin kəskinliyini və ziddiyyətdən çıxış yolu tapma məharətini və işini layiqincə yerinə yetirdiyini göstərir.[1]
M. Nemət isə belə qərara gəlmişdir ki, türbənin giriş portalı üzərindəki medalyonda memarın adı yazılmayıb. O, medalyondakı yazını belə oxuyur: "Əlhəmdülillahi və əla həəma’ihi" (Allaha və onun nemətlərinə həmd olsun).[3]
Türbə binasının sonradan mədrəsə kimi istifadə edilməsi, həmin qəbirlərin pis vəziyyətə salınması ilə nəticələnmişdir.[4] 1947-ci ildə türbə təmir edilərkən aparılan arxeoloji qazıntılar zamanı döşəmənin səthindən xeyli dərində 6 qəbir meydana çıxarılmışdır.[4]
Dəfnlər
redaktəGiriş üzərindəki yazılara əsasən məlumdur ki, türbə Şirvanşah Xəlilullahın anası və oğlu üçün tikilmişdir. Buna baxmayaraq orada Şirvanşahlar ailəsinin digər üzvləri də dəfn edilmişdir.[5] Qazıntılar zamanı sökülmüş döşəmənin altından daş lövhələr tapılmışdır. Bu daş lövhələrdən yeddi ədəd qəbrin örtüyü olduğu məlum olmuş, yalnız beş qəbirdə sümük qalıqları tapılmış, iki qəbirin isə boş olması müəyyənləşdirilmişdir.[5]
XV əsrdə tarixçi Xondəmir "Xəbisus-as-Siyar" adlı əsərində yazır ki, Səfəvi şahı I İsmayıl ata və babasının qisasını almaq üçün söz vermişdir ki, Şirvanşahların sümüklərini bifrət odunda yandıraraq külünü göyə sovurub, onları təhqir edəcəkdir. Görünür, 1501-ci ildə Bakının Səfəvilər tərəfindən ələ keçirilməsi zamanı, iki qəbir açılmış və oradakı sümüklər məhv edilmişdir. Digər beş qəbirə isə toxunulmamışdır.[5]
Şirvanşahların saray şairi olmuş Bədr Şirvani qəsidə, mədh və qəzəllərində burada dəfn edilənlərin adları ayırd edilmiş və dəqiqləşdirilmişdir.[5] Bədr Şirvani XIV əsrin sonu-XV əsrin sonlarında Şirvanın ən məşhur şairlərindən biri olmuşdur. Onun 12473 beytdən ibarət külliyatı Şirvan hakimlərinə, vəzirlərinə, məhkəmə işçilərinə həsr etdiyi mədhlər ayrı-ayrı tarixi şəxslərin xüsusiyyətləri, Şirvanın dövlət və ictimai quruluşunu öyrənmək baxımından çox əhəmiyyətlidir.[5] Bu külliyatına daxil olan əsərlərində Bədr türbədə dəfn edilmiş şah nəsli nümayəndələrinin adlarını və anadan olduğu illəri göstərmişdir.[5]
Birinci qəbirdə Şirvanşahın 6–7 yaşlı oğlu Fərrux Yəmin dəfn edilmişdir. Kəllə sümüyündə və döş qövsündə tüklər qalmışdır. Sümükləri təmizlənərkən kəfən qalıqlarının olması müəyyənləşdirilmişdi.[5] Mədhlərdən birində qeyd olunur ki, Şirvnşahın bu oğlu (1435–1442) 7 yaşında vəfat etmişdir.[5]
İkinci qəbir qoca qadına məxsusdur. Bunu onun dişləri və sümüklərinin nazikliyi də sübut edir. Mədhlərin birində Mədhlərin birində Şirvanşahın anasının adının Bikə olması və çox hörmətli qadın kimi tanınmasını, hicri təqvimi ilə 839-cu ildə (1435–1436) vəfat etməsi qeyd olunur.[5]
Üçüncü qəbirdə Şirvanşah Şahruxun həyat yoldaşı olan Xanikə xanım dəfn edilmişdir. Bədr Şirvani öz mədhlərində Xanikə adını yada salaraq onun sultanlara layiq gözəlliyindən danışır. Xanikə xanım Qara Yusifin əsiri olub, onun ölümündən sonra Şirvanşah Şahruxun yanına gətirilmiş və zəngin toy mərasimindən sonra ərə getmişdir.[6]
Dördüncü qəbirdə Şirvanşahın Şeyx Salah adlı iki yaşlı oğlu dəfn edilmişdir. O, hicri tarixi ilə 847–849-cu illərdə (1443–1445) yaşamışdır. Bu qəbirdən şirli keramika və çilçıraq hissələri aşkarlanmışdır.[6]
Beşinci qəbir 19 yaşlı II İbrahimin (1432) qəbridir. Bu qəbirdən ipək parçanın qalıqları, mavi muncuq, iynəsinin uzunluğu 36 sm olan qızıl sancaq aşkar olunmuşdur. Sancaq üzərində bir firuzə və altı yaqut qaş yerləşdirilmişdir.[6]
Girişin əks tərəfində iri bədənli, hündürlüyü 2.10 metr olan skelet aşkar edilmişdir. Bu məzarın I Xəlilullahın özünə aid olması ehtimal edilir.[6] Buradan daraq və qızıl sırğa tapılmışdır.[6]
Memarlıq xüsusiyyətləri
redaktəÜmumi planlaşdırma və inşaat
redaktəTürbənin yeganə girişi əsas fasadda yerləşən təmtəraqlı portaldadır. Portaldan dəhlizə keçilir. Dəhlizin sağ və sol tərəflərində iki balaca otaq vardır. Bu otaqların hər birindən dəhlizə bir qapı açılır. Bu otaqlarının din xadimlərinə aid olması ehtimal edilir.[7] Ziyarətçilər dəhlizdən əsas salona – sərdabaya daxil olur. Planda xaçvari şəkil alan bu salonun orta hissəsi daş günbəzlə örtülmüşdür. Həmin günbəz sferik yelkənlər sistemi vasitəsilə xaçın qollarındakı tağtavanlara və daş divarlara söykənmişdir.[7]
Qapının müqabil tərəfində, xaçın qolları arasında qalan hissədə, qalın daş divarların içində iki balaca otaq vardır. Bunlardan hücrə və ya türbə əşyalarının saxlandığı anbar kimi istifadə olunması güman edilir.[8] Salonun orta hissəsinin üstünü örtən günbəzin xarici üzü vaxtilə firuzə rəngli kaşı ilə örtülmüşdü. Lakin, həmin kaşılar dövrümüzə çatmamışdır.[7]
Stalaktit günbəzindəki timpanların ornamentinin yuxarısında dini xarakterli kitabələrdən ibarət bir qurşaq, timpanların özündə isə hər iki tərəfdə içi yazılı medalyonlar vardır. Bu yazıların hərfləri elə miqyasda götürülmüş və elə stilləşdirilmişdir ki, ilk nəzərdə ətrafdakı ornamentdən çox az fərqlənir. Portalın giriş qapısının üstündəki kitabə türbənin hicri 839-cu (miladi 1435/1436) ildə Şirvanşah I Xəlilullah tərəfindən öz anası və oğlu üçün tikildiyini xəbər verir.
Memarlıq kütlələrinin tektonikasının hökmranlıq etdiyi interyerdə əsas elementlər, mükəmməllik səviyyəsinə gətirilib çatdırılmış konstruktiv formalardır. Burada Memar Əlinin yüksək ustalığı sayəsində həyata keçirilmiş, kamil bədii stil üçün səciyyəvi olan memarlıq üsulları ardıcıllıqla meydana çıxır.[9]
Portal və fasadın dekorasiyası
redaktəYanları çox diqqətlə yonulub bir-birinə kip söykənən ağ Bakı daşlarından hörülmüş tamamilə hamar fasadda binadan hündürə qalxaraq, türbəyə giriş yolunun aydın görünməsinə kömək edən zəngin bəzədilmiş bir portal diqqəti cəlb edir. Bu portal, Şirvanşahlar sarayına daxil olan Divanxana portalının kompozisiyasını təkrar edir, lakin ona nisbətən bir qədər sadə həll edilmişdir. Burada stalaktit günbəzi yalnız dörd cərgə stalaktitdən ibarətdir, portalın yan divarları hamar olub, giriş qapısında yalnız tağların timpanları ornamentlidir və onların yuxarıdında iki cərgə kitabə həkk edilmişdir.[8]
Giriş qapısının üstündəki timpanların ornamentinə bir altıbucaqlı fiqur daxil edilmişdir. Onun içərisində "Əli" sözü altı dəfə qabarıq şəkildə təkrar olunur.[7] Portal divardan, demək olar ki, yarım metrə qədər irəli çıxır. Bu çıxıntı önündə baş fasadın bütün boyunca uzanan və portalın içərisinə daxil olan, adamların oturması üçün skamya vəzifəsini görən səki vardır. Belə quruluş həmin dövrdə inşa edilmiş binaların bir çoxu üçün xarakterik sayılır.[8]
Portalın ən yuxarı hissəsində Quranın XII surəsinin 92-ci ayəsi oyma yazı üsulu ilə yerləşdirilmişdir: "Yüksək və böyük olan Allah-taala dedi: "bu gün Allah sizi bağışlar, çünki ən rəhmlilərin rəhmlisidir."[1]
Portalın camaxatanı, dörd yaruslu stalaktitlər qurşağına söykənən, konxanın diş-diş səthi ilə birgə çatma şəkilli yarımgünbəzlə tamamlanmışdır. Arxivoltlar (tağın qövsünü divar səthindən fərqləndirən haşiyə) və timpanlar daşdan qüsursuz yerinə ytirilməklə, stilləşdirilmiş bitki ornamentləri ilə örtülmüşdür.[9]
Dəfnlər
redaktə- İbrahim (I Xəlilullahın oğlu). Ölüm tarixi 1432-ci ildir. 19 yaşında vəfat etmişdir. Şirvanşahlar türbəsindəki beşinci qəbir ona məxsusdur. Bu qəbirdən ipək parçanın qalıqları, mavi muncuq, iynəsinin uzunluğu 36 sm olan qızıl sancaq aşkar olunmuşdur.[10]
- Bikə xanım (I Xəlilullahın anası). Ölüm tarixi 1435–1436-cı illərdir.[11] Şirvanşahlar türbəsindəki ikinci qəbir ona məxsusdur.[12]
- Şahzadə Fərrux Yəmin (I Xəlilullahın oğlu). Ölüm tarixi 1442–1443-cü illərdir. Şirvanşahlar türbəsindəki birinci qəbir ona məxsusdur. 7 yaşında vəfat edən Fərrux Yəminin sümükləri təmizlənərkən kəfən qalıqlarının olması müəyyənləşdirilmişdir.[11][12]
- Şahzadə Şeyx Saleh (I Xəlilullahın oğlu). Ölüm tarixi 1445–1446-cı illərdir. Şirvanşahlar türbəsindəki dördüncü qəbir ona məxsusdur. 2 yaşında vəfat edən Şeyx Salehin qəbrindən şirli keramika və çilçıraq hissələri aşkarlanmışdır.[11][10]
- Əmir Bəhram. Ölüm tarixi 17 aprel 1446-cı ildir. Qaytaq düzündə şəhid edilmişdir.[11]
- I Xəlilullahın zövcəsi. Şirvanşahlar türbəsindəki üçüncü qəbir ona məxsusdur.[10]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Fərhadoğlu, 2006. səh. 126
- ↑ Усейнов М.А., Бретаницкий Л.С., Саламзаде А.В. История архитектуры Азербайджана. Москва. 1963. səh. 336.
- ↑ Нейматова, М. С. Эпиграфические памятники и их значение в изучении социально-экономической истории Азербайджана (XIV-XIX вв.). Баку. 1968. 93–94.
- ↑ 1 2 Dadaşov, Useynov, 1955. səh. 21
- ↑ 1 2 3 4 5 6 7 8 9 Fərhadoğlu, 2006. səh. 127
- ↑ 1 2 3 4 5 Fərhadoğlu, 2006. səh. 128
- ↑ 1 2 3 4 Dadaşov, Useynov, 1955. səh. 20
- ↑ 1 2 3 Dadaşov, Useynov, 1955. səh. 19
- ↑ 1 2 Fətullayev, 2013. səh. 105
- ↑ 1 2 3 Fərhadoğlu, 2006. səh. 128
- ↑ 1 2 3 4 Aşurbəyli, 2006. səh. 313
- ↑ 1 2 Fərhadoğlu, 2006. səh. 127
Ədəbiyyat
redaktə- Fərhadoğlu, Kamil. İçərişəhər. Bakı: Şərq-Qərb nəşriyyatı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. 2006. 256 səh.
- Fətullayev-Fiqarov, Şamil. Bakının memarlıq ensiklopediyası. Bakı: Şərq-Qərb, Azərbaycan Respubliksı Memarlar İttifaqı. 2013. 528 səh.
- Dadaşov, S.; Useynov, M. Bakının memarlıq abidələri. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı. 1955. 42 səh.
- Aşurbəyli S. Şirvanşahlar dövləti (VI –XVI əsrlər). Avrasiya press, Bakı 2006.