Yevgeni Paxomov - Wikipedia
Yevgeni Aleksandroviç Paxomov (25 fevral 1880, Stavropol – 2 may 1965, Bakı) — tanınmış sovet numizmatı və arxeoloq, Gürcüstan və Azərbaycan numizmatikasının tədqiqatçısı.[1][2][3]
Yevgeni Paxomov | |
---|---|
rus. Евгений Александрович Пахомов | |
Doğum tarixi | |
Doğum yeri | Stavropol, Rusiya imperiyası |
Vəfat tarixi | (85 yaşında) (85 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya İmperiyası SSRİ |
Elm sahələri | numizmatika, arxeologiya |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili |
|
Üzvlüyü | AMEA |
Mükafatları |
Həyatı
redaktəYevgeni Paxomov 25 fevral 1880-ci ildə Rusiyanın Stavropol şəhərində anadan olub. Orta məktəbi 1896-cı ildə Tiflisdə bitirib. 1900-cü ildə Sankt-Peterburq Arxeologiya İnstitutunu, 1902-ci ildə isə Texnologiya İnstitutunu bitirib.[1]
Əmək fəaiyyəti
redaktəBakı Dövlət Universitetinə dərs deməyə dəvət olunan Yevgeni Paxomov 1920-ci ildə Bakıya köçərək bütün yaradıcı həyatını Azərbaycan tarixinin öyrənilməsinə həsr edib. Azərbaycanda numizmatikanın bir elm kimi təşəkkülü və sonrakı uğurları məhz Yevgeni Paxomovun adı ilə bağlıdır. O, faktiki olaraq Azərbaycan numizmatikasının banisi olub, ona qədər bu sahədə tədqiqatlar ciddi səviyyədə aparılmayıb. Onun gərgin əməyi sayəsində 1920-ci ildə Azərbaycan Tarix Muzeyinin Arxeologiya, tarix və etnoqrafiya şöbəsinin tərkibində Numizmatika fondu yaradılıb. Məhz onun rəhbərliyi ilə Azərbaycan ərazisində aşkara çıxarılan ilk, təsadüfi sikkə tapıntıları fondda yerləşdirilib, qeydə alınıb, sayı artırılıb, tədqiq və nəşr olunub.[1][3]
Yevgeni Paxomov 1920-1965-ci illərdə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda O, 1922-1930-cu illər ərzində Numizmatika şöbəsinə rəhbərlik edib, 1933-1965-ci illərdə isə EA-nın Tarix İnstitutunun elmi işçisi kimi fəaliyyət göstərib.[1] 1947-dən 1953-dək Arxeologiya kafedrasının müdiri kimi fəaliyyət göstərib.
Yevgeni Paxomovun Bakı Xalq Təhsili İnstitutunda oxuduğu mühazirələr 1923-cü ildə cəmləşdirilib "Azərbaycan tarixinin qısa kursu" kitabında nəşr edilib. Bu, Azərbaycan tarixinə dair ilk dərsliklərdən biri idi. Alim Azərbaycan Tarixi Muzeyində zənginliyinə və dəyərinə görə keçmiş SSRİ-də şöhrət qazanmış Yaxın və Orta Şərq, Qədim Roma imperiyası və Yunanıstan, habelə Rusiya sikkələrindən ibarət olan nadir numizmatika kolleksiyasını yaradıb. O, ilk əvvəl 103 sikkənin saxlandığı muzey kolleksiyasını 30000 nüsxəyə çatdırıb.[1]
Azərbaycan tarixinə, arxeologiyasına və numizmatikasına həsr edilmiş 100-dən artıq məqalə, "Azərbaycanın və Qafqazın digər respublika, vilayət və əyalətlərinin sikkə dəfinələri" topluları (Bakı, 1926-1966), "Gürcüstan sikkələri" (Tiflis, 1970), "Azərbaycan sikkələri" (I c., 1959; II c., 1962) əsərləri Yevgeni Paxomovun qələminin məhsuludur.[1][2][3]
Yevgeni Aleksandroviç Paxomov öz sahəsinin ən nüfuzlu alimlərindən biri idi. Alim çoxlu arxeoloji ekspedisiyaları etdi, xəzinələrin təsvirini verdi və Qafqaz numizmatikasına həsr olunmuş bir çox əsərlər yaratdı. Elmi fəaliyyətinin bir çox istiqamətlərində ilk tədqiqatçı kimi çıxış etdi. Paxomovun nadir sikkə toplusu Leninqrad, Tiflis və Bakı muzeylərinin fondlarına daxil oldu, kolleksiyanın bir hissəsi Ermənistan muzeyinə, o biri hissəsi isə fərdi kolleksiyaçılara qaldı. Paxomovun məqalələri rəqəmliləşdirmə prosesindədir və akademia.edu səhifəsində xüsusi səhifəyə yüklənir.
Akademik fəaliyyəti
redaktəYevgeni Paxomov 1941-ci ildə Bakı Dövlət Universitetinin dosenti olub. 1946-cı ildə "Azərbaycanın və Qafqazın dəfinələrinə dair" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini, 1947-ci ildə professor elmi adını qazanıb. 1962-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. O, 1955-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülüb.[1]
Mükafatları
redaktəYevgeni Paxomov "Şərəf nişanı" ordeni və bir neçə medalla təltif olunub.
Mənbələr
redaktə- Акопян А. В. Евгений Александрович Пахомов (1880—1965). Библиография научных работ Е. А. Пахомова // Эпиграфика Востока. Вып. 30. М.: Институт востоковедения РАН, 2013. C. 310—329.
- Фенглер Х., Гироу Г., Унгер В. Словарь нумизмата: Пер. с нем. М. Г. Арсеньевой / Отв. редактор В. М. Потин. — 2-е изд., перераб. и доп. — М.: Радио и связь, 1993. — С. 245. — 408 с. — 50 000 экз. — ISBN 5-256-00317-8.
- Библиография. Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine.
- Пачкалов А. В. О научном наследии выдающегося нумизмата-востоковеда Е. А. Пахомова // XXIV «Крупновские чтения» по археологии Северного Кавказа. Нальчик, 2006.
- Кулиев Т. А. Нумизматика Азербайджана в исследованиях Е. А. Пахомова. Автореферат диссертации на соискание ученой степени кандидата исторических наук. Специальность: 07.00.06- Археология. Баку-2005 г., 20 с.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 "Paxomov Yevgeni Aleksandroviç" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Milli Azərbaycan Tarixi Muzeyi - mədəniyyət və tariximizin qorunduğu məkan..." (Azərbaycan). www.anl.az. 01.06.2023 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 "Numizmatika fondu" (Azərbaycan). azhistorymuseum.gov.az. 03.03.2021 tarixində arxivləşdirilib.