Veten Dili Ii Hisse - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dərslik
redaktəİkinci-üçüncü sinif şagirdləri üçün nəzərdə tutulan "Vətən dili" dərsliyinin II hissəsi 1888-ci ildə A. O. Çernyayevskinin və Səfərəli bəy Vəlibəyov un tərtibində işıq üzü görür.
Tərtibçilər "Vətən dili"nin II hissəsinə geniş müqəddimə yazmışlar. II hissəyə verilən müqəddimədə tərtibçilər qeyd edir ki, II hissə əsasən K. D. Uşinskinin "Родное слово" əsasında qurulub. Həmçinin bildirilir ki, dərslikdə işlənilən yazı qaydalarının istifadəsində Mirzə Kazım bəy, Lazar Budaqov və Mirzə Əbülhəsən bəy Vəzirovun əsərləri rəhbər tutulub. Bununla yanaşı dərsliyin yazılışında müəlliflər yeni qaydalar və durğu işarələri tətbiq ediblər ki, bu haqda müqəddimənin V–VII səhifələrində kifayət qədər bəhs olunub.
Həmin müqəddimədə Həsənəliağa xan Qaradağskinin (Qaradağinin) xidmətləri xüsusi olaraq vurğulanır: "Bu kitabçada dərc olunan şeir və nəzmə dair təmsilatın çoxusu zəmanə şairlərinin möhtərəmi cənab Həsənəliağa xan Qaradağskinin inşadıdır və təmsillər məşhur Krılov basnilərindən tərcümədir. Türk dilində mübtədilərin qüvveyi-müdərrikə və hafizələrinə müvafiq təmsilat və əşar çox nadirdir. Bu yolda ibtida rəğbət və xidmət göstərən ancaq, bildiyimizə görə, Qaradağski cənablarıdır. Və lihaza sibyan məktəbləri müşarileyhin bu zəhmətini nəzərdə tutmalıdır. Biz dəxi bu barədə o izzətli və möhtərəm cənablara nəhayət mərtəbə rizaməndlik və təşəkkür izhar edirik".
"XIX əsr Azərbaycan məktəbi" kitabında bu haqda deyilir: "Bu kitabın tərtibində yaxından iştirak edənlərdən biri də görkəmli müəllim və şair Həsənəliağa xan Qaradağski(Qaradaği)dir. H. Qaradaği tərtib olunacaq ana dili dərsliyinə daxil etmək üçün uşaq şeirləri və hekayələri yazıb hazırlamağı öz öhdəsinə götürmüş, Şuşada açdığı məktəbdə bu şeir və hekayələri təcrübədən keçirmiş və bunlar A. O. Çernyayevski ilə S. H. Vəlibəyovun "Vətən dili" (II hissə) dərsliyinə daxil edilmişdir".
"1880-ci ildə Qafqaz təhsil dairəsinin təşəbbüsü ilə Azərbaycan dilində qiraət kitabları tərtib etmək üçün Tiflisdə keçirilən ziyalılar müşavirəsinin fəal iştirakçısı Həsənəliağa xan Qaradağski (Qaradaği) Çernyayevski ilə yaxından tanış olmuş və öz əsərlərini, yeni tərtib olunacaq dərsliklərə daxil etmək üçün, ona göndərməyə söz vermişdi. Həsənəliağa xan Qaradağski (Qaradaği) vədinə əməl edir. O, öz şeir və hekayələri ilə yanaşı, İ. A. Krılovdan tərcümə etdiyi 60-a qədər təmsili də Qoriyə göndərir".
Qeyd etmək lazımdır ki, İ. A. Krılovdan Azərbaycan dilinə ilk tərcümə XIX əsrin 30-cu illərində Abbasqulu ağa Bakıxanov etmişdir. O, hələ Krılovun sağlığında "Eşşək və Bülbül" ("Осел и Соловей") təmsilini Ana dilimizə çevirmişdir. Müqayisə üçün deyə bilərik ki, İ. A. Krılovun təmsilləri erməni dilinə 1849-cu ildə, gürcü dilinə isə 1860-cı ildə çevrilmişdir. Azərbaycan dilinə İ. A. Krılovun 60 təmsildən artıq tərcüməsi XIX əsrin 80-ci illərində Həsənəliağa xan Qaradağski (Qaradaği)nin qələmindən çıxmışdır. Görkəmli Azərbacan ədəbiyyatşünası Mikayıl Rəfili bu haqda belə yazırdı: "Xan Qaradağskinin tərcümələri Azərbaycanın mədəni həyatında müstəsna rol oynamışdır. Onun tərcümələri sayəsində tədris-təlim ədəbiyyatı sosial cəhətdən dolğun əsərlərlə zənginləşmişdir… Bu tərcümələr şagirdlər tərəfindən məhəbbətlə oxunub tədris olunur, ədəbi həyatda orijinal bir təzahür kimi qarşılanıb mənimsənilirdi. Qaradağski tərcüməni orijinala yaxın tərzdə verməyə can atırdı. Əlamətdar haldır ki, mütərcim bəzən təkcə məzmunu ötürməklə deyil, atalar sözlərindən, el ifadələrindən də faydalanaraq tərcümələrində öz qənaətlərini verirdi, bu da öz növbəsində Krılov əsərlərinin kvantessensiyasını ifadə edirdi" .
Təsadüfi deyil ki, 1885-ci ildə Əbdürrəhim bəy Haqverdiyev öz ədəbi fəaliyyətinə İ. A. Krılovun "Palıd və Əsa" ("Дуб и Трость") təmsilinin tərcüməsi ilə başlamışdır. Daha sonra Rəşid bəy Əfəndiyev, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq də Krılov yaradıcılığına müraciət etmişlər. 1938-ci ildə Abdulla Şaiqin tərcüməsindən ibarət İ. A. Krılovun 97 təmsili ayrıca bir kitab halında nəşr olunmuşdur . Abdulla Şaiqin tərcümələrində sələflərinin ilk kövrək, lakin cəsarətli tərcümə cəhdlərinin təsiri açıq-aşkar görünməkdədir. Əziz Mirəhmədov yazır: "Azərbaycanın qabaqcıl ziyalıarının, A. Bakıxanov və Mirzə Şəfinin, Seyid Əzim və Xan Qaradağinin keçən əsrdə (XIX əsrdə) rus klassiklərindən tərcümələr etmək sahəsində başladıqları nəcib iş XX əsrin əvvəllərində çox genişlənərək, öz yeni gözəl bəhrələrini verməkdə idi. İndi bu işlə ölkənin ən görkəmli yazıçıları – C. Məmmədquluzadə, Sabir, Ə. Haqverdiyev, A. Səhhət, Ü. Hacıbəyov və başqaları məşğul idilər".
Strukturu
redaktə"Vətən dili"nin II hissəsi ilk dəfə 1888 ildə Tiflisdə çap olunub. Bu kitab Azərbaycan dilində 6, rus dilində 4 səhifəlik iki müqəddimə, iki səhifəlik kitabda gedən səhvlərə düzəlişlər və iyirmi altı qismdən təşkil olunmuş 174 səhifə dərslikdən ibarətdir. Dərslik "Bismillahir-rəhmanir-rəhim" ilə başlanır və müxtəlif mövzulu yüz altı kiçik hekayə, iyirmi dörd təmsil, iyirmi iki şeir, iki yüz yetmiş bir atalar sözü, altmış iki tapmaca, beş lətifə, üç yanıltmacdan təşkil olunaraq iyirmi altı qismə-dərsə bölünür. Mövzunu özündə əksər hallarda əhatə edən hər dərsin öz adı var.
I–V dərslər
redaktəI dərs təlim almaq və oyun oynamaq üçün zəruri ləvazimata həsr olunub. Burada dərsin mövzusuna uyğun olaraq məktəb, yazı taxtası, kitab, kağız və karandaşı təsvir edən kiçik hekayələr, həmçinin ibrətamiz "Hakim" adlı kiçik hekayə, iki mənzum əsər verilib. I dərsə altı atalar sözü və altı tapmaca daxil olunub.
II dərsdə qab-qacaq və ev əşyaları haqda söhbət açılır. Verilən üç kiçik hekayənin hamısı mövzuya uyğundur. II dərsə iki təmsil, on iki atalar sözü və on tapmaca daxil olunub.
III dərsdə yemək və içki haqda bilgi verilir. Burada verilmiş beş kiçik hekayədən üçü bilavasitə mövzuya aiddir. Qalan iki ("Tülki və qurt", "Qaraçı") hikmətamiz kiçik hekayə isə dərs zamanı yaranan gərginliyin aradan qaldırılmasına, uşaqların yorulmasının qarşısının alınmasına yönəlib, dərsə və ümumiyyətlə həyata maraq oyadır. III dərsə bir təmsil, iki lətifə, iyirmi altı atalar sözü, iki tapmaca və bir yanıltmac daxil olunub.
IV dərs geyimə həsr olunub. Üç kiçik hekayədən birincisi bilavasitə, sonuncusu dolayısı ilə dərsin mövzusuna aiddir. Bu sonuncu kiçik hekayədə ata-oğul, oğul-ata münasibətləri gözəl bir tərzdə təsvir olunub. "Qurt və çoban" adlı kiçik hekayə dərsin mövzusuna ilk baxışdan aid deyil, lakin o dərsə özünəməxsusluq gətirməklə yanaşı, hardasa bir nəfəslik kimi dərsin ortasında yerləşdirilib. IV dərsə bir mənzum hekayə, bir təmsil, yeddi atalar sözü və bir tapmaca daxil olunub.
V dərs təsərrüfat alətlərinə, tikintiyə aid məfhumları açıqlayır. Burada olduqca maraqlı beş kiçik hekayə verilib. Birinci üç kiçik hekayə bilavasitə mövzuya aiddir, qalan ikisi isə, sanki şagirdlərin istirahət etməsi üçün verilib. V dərsə bir nəzm, on atalar sözü və beş tapmaca daxil olunub.
VI–XII dərslər
redaktəVI dərsdən XI dərsədək ibtidai sinif şagirdlərinə heyvanat haqda məlumat verilir.
VI dərs ev və vəhşi heyvanlara, VII dərs dördayaqlı heyvanlar və quşlara həsr olunaraq hərəsi beş kiçik hekayədən tərtib olunub və onların hər birisi müvafiq olaraq öz mövzusuna aiddir. Eləcə də dörd kiçik hekayədən tərtib olunmuş ətyeyən və otyeyən heyvanlar barəsində VIII, beş kiçik hekayəsi olan, ev və vəhşi quşlara həsr olunmuş IX dərslərdir. X dərs quşlar haqqında, onların alıcı, oxuyan və sudaüzən olmaları baxımından yeniyetmələrdə təsəvvürün yaranmasına yönəldilib, buradakı üç kiçik hekayədən birincisinin zahirən mövzu ilə əlaqəsinin olmaması nəzərə çarpır. Lakin onun ibrətamiz olması təqdirə layiqdir. Qalan iki kiçik hekayə bilavasitə mövzuya aiddir. Balıqlar, ilanlar və cüci və həşəratlara həsr olunmuş XI dərsdə üç kiçik hekayə verilib ki, burada ağcaqanad, hətta dəvə və qurbağadan da söhbət açılır. VI dərsə bir təmsil, iyirmi bir atalar sözü və bir tapmaca, VII dərsə bir təmsil, bir şeir, on üç atalar sözü və bir tapmaca, VIII dərsə iki təmsil, səkkiz atalar sözü və bir tapmaca, IX dərsə bir təmsil, iyirmi iki atalar sözü və üç tapmaca, X dərsə iki təmsil, bir lətifə, beş atalar sözü və bir tapmaca, XI dərsə iki təmsil, bir lətifə, səkkiz atalar sözü və üç tapmaca daxil edilmişdir. XII dərsdə taxıl, güllər, ağaclar haqda məlumat verilir, bir sözlə bu dərslər təbiətşünaslıq elminə bir növ giriş xarakteri daşıyır. Onu da qeyd edək ki, bu dərslər müxtəlif mövzulara dair kiçik hekayələr, təmsillər, şeirlər, atalar sözü, tapmacalar, yanıltmaclarla müşayiət olunur ki, bunun da verilməsi Ana dilinə məhəbbət, maraq aşılayır. Bununla da sözü gedən dərsliyin nə dərəcədə incə, pedaqogika elmi baxımından nə dərəcədə doğru tərtib olunması gözlər önünə sərilir. Bu metodikaya sadiqlik digər dərslərdə də özünü göstərir. XII dərsdə dörd kiçik hekayə təqdim olunur. Onlardan ilk üçü mövzu ilə sıx bağlılıq təşkil edir, dördüncüsü isə ibrət xarakteri daşıyaraq şagirdlərə bir növ həyat təcrübəsi aşılayır. Bu dərsə üç şeir, on yeddi atalar sözü və altı tapmaca daxil olunub.
XIII–XVI dərslər
redaktəXIII dərs yuxarıdakı təbiətşünaslığa "ekskursun" davamı hesab edilə bilər. Burada insanlar, heyvanat, nəbatat haqda söhbət davam edir, həmçinin adamlar haqqında söhbət gedəndə bu dərs psixologiya fənnini xatırladır. Təbii sərvətlər haqda da təsəvvür bu dərsin mövzularından biridir. XIII dərsə altı kiçik hekayə salınıb və onların hər birisi mövzu ilə sıx bağlıdır. XIII dərsə iki təmsil, beş atalar sözü, üç tapmaca və bir yanıltmac daxil olunub.
XIV dərs coğrafiya elmi haqqında ibtidai biliklərlə tanış edir. Burada həftənin günləri, gecə və gündüz haqqında söhbət açılır. Verilən beş kiçik hekayə isə müxtəlif mövzulardadır. XIV dərsə bir şeir, altı atalar sözü və iki tapmaca daxil olunub.
Coğrafi anlamları bir qədər də genişləndirərək XV dərs mövsümlər, aylar barədə, həmçinin bayramlar haqqında təsəvvür yaradır. Dörd kiçik hekayənin sonuncusu orucluğa həsr olunub. XV dərsə bir şeir, bir lətifə, altı atalar sözü və iki tapmaca daxil olunub.
XVI dərs pul və onunla yanaşı olduqca maraqlı mövzuya – çəki, ölçü və vaxta həsr olunub. Bu dərsdə verilən dörd kiçik hekayədə tərtibçilərin dərsliyə nə dərəcədə həssas yanaşdıqları özünü göstərir. Məsələn, mövzusu çəki, ölçü, vaxt olan dərsdə ədalət prinsipləri, mizan-tərəzi, heç kəsin haqqını tapdamamaqdan bəhs olunur. Bu, ədalətli hökmdarın rəftarından, zəhmətkeş qarışqa və qayğısız quşa həsr olunmuş dörd kiçik hekayədə özünü daha bariz şəkildə göstərir. Bu dərsdə daş tərəzi elə təsvir edilir ki, ömrü boyu onu görməyən müasir insanın gözləri qarşısında təbii bir mənzərə canlanır. XV dərsdə bayramlar haqda söhbət açılır və Qurban bayramı haqqında məlumat verilir. XVI dərsə iki mənzum əsər, doqquz atalar sözü və bir tapmaca daxil olunub.
XVII–XXIV dərslər
redaktəXVII dərsdə tikinti, heyvanat və nəbatat haqqında geniş məlumat verilmiş və bura mövzu ilə sıx bağlılıq təşkil edən dörd kiçik hekayə daxil edilmişdir. XVII dərsdə bir təmsil, bir şeir, iki atalar sözü və beş tapmaca verilib.
İnsanın əzalarına həsr olunmuş XVIII dərsə dörd kiçik hekayə daxil olunub. Onlardan birində kərpicin necə ayaqlanıb düzəldilməsindən söhbət açılır, növbəti iki kiçik hekayədə isə olduqca ibrətamiz, uşaqları düşünməyə sövq edən mövzulardan bəhs olunur. Sonuncu kiçik hekayədə isə insan əzaları məcazi mənada mübahisədə verilir, uşaqların anladıqları tərzdə diqqətə çatdırılır. XVIII dərsə bir təmsil, bir şeir, on doqquz atalar sözü, üç tapmaca və bir yanıltmac daxil edilib.
Növbəti üç dərsdə sosial məsələlərə dair verilmiş ibtidai biliklər sistem halına salınır. XIX dərsdə qohumluq əlaqələrindən söhbət açılır. Dörd kiçik hekayədə övlad-valideyn və ailədaxili münasibətlərdən bəhs olunur. Üçüncü kiçik hekayədə halal zəhmətlə haram gəlir haqqında ibrətamiz bir söhbət açılır. Duzlu-məzəli, lətifə xarakterli sonuncu kiçik hekayə uşaqlarda gülüşlə yanaşı, məntiqlə düşünüb-danışmağın əsaslarına yiyələnməyə kömək edir. XIX dərsə bir təmsil, bir şeir, on iki atalar sözü və bir tapmaca daxil olunub.
XX dərs müsəlman (Azərbaycan) adları adlanır və buraya hikmətamiz üç kiçik hekayə daxil olunub. XX dərsdə iki təmsil, bir nəzm, dörd atalar sözü verilib. XXI və XXIII dərslərdə isə insanın gənclik və ahıllıq çağları, sahib olduqları peşələr haqda bilgilər verilir. Belə ki, verilmiş üç kiçik hekayə XXI dərsə və iki kiçik hekayə XXIII dərsə kənd həyatından, azla kifayətlənmə, artıq tamahın başa bəla gətirdiyindən, kasıbçılıq-zənginlik, bilik öyrənmək üçün olunan səyin nəticə verəcəyi haqqında, həkim peşəsindən, əsgər və zərgər, xəbislik və müdrüklük haqda söhbət açılır. XXI dərsə səkkiz atalar sözü, XXIII dərsə isə bir təmsil, bir şeir, on atalar sözü daxil olunub.
XXII və XXIV dərslər bir növ keçilmiş materalın təkrarı mahiyyətindədir. XXII dərsdə üç, XXIV dərsdə dörd kiçik hekayə verilib. Onların hamısı ibrətamiz xarakter daşıyır, uşaqların həyat təcrübəsinə yiyələnməsinə kömək edir. XXII dərsə bir təmsil, bir nəzm, altı atalar sözü və bir tapmaca daxil olunub, XXIV dərsdə isə bir təmsil, bir atalar sözü verilib.
XXV–XXVI dərslər
redaktəXXV dərsdə heyvanların hərəkətləri, çıxartdıqları səslər haqda danışılır. Dərsə salınmış beş kiçik hekayə sırasında sonuncusu yeniyetmələrdə, fikrimizcə, xüsusi maraq oyatmağa yönəlib, burada fizika qanunu uşaqların anladıqları dildə çatdırılır. XXV dərsə bir təmsil, bir münacat, on atalar sözü və üç tapmaca daxil olunub. XXVI dərsdə verilən beş kiçik hekayədə isə psixoloji cəhətcə yaxşılıq və yamanlıq məfhumları haqqında ibtidai sinif şagirdlərində təsəvvürlər yaradılır. XXVI dərsə bir mənzum hekayə, on səkkiz atalar sözü və bir tapmaca daxil olunub.
169-cu səhifədə II hissədə verilmiş tapmacaların cavabları, 170–174-cü səhifələrində isə mündəricat verilib.
Həmçinin bax
redaktəMənbə
redaktə- Çernyayevski A. O., Vətən dili, I hissə; Çernyayevski A. O., Vəlibəyov S. H., Vətən dili, II hissə. Faksimil nəşr. Tərtib və transfoneliterasiya edən, ön söz, qeyd və şərhlər, sözlük və cədvəllərin müəllifi: Vüqar Qaradağlı. CBS, Bakı – 2007. 740 səh.