Aleksey Cernyayevski - Wikipedia
Aleksey Osipoviç Çernyayevski (1840, Şamaxı – 14 dekabr 1894, Tiflis) — görkəmli maarifçi, metodist, pedaqoq. Onun “Vətən dili” dərsliyi sövtü üsul əsasında azərbaycanlılar üçün nəşr edilmiş ilk Azərbaycan dili dərsliyidir.
Aleksey Çernyayevski | |
---|---|
Çernyayevski, Aleksey Osipoviç | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Tiflis, Rusiya imperiyası |
Fəaliyyəti | müəllim |
Həyatı
redaktəAlekseyin valideynləri 1834-1835-ci illərdə Azərbaycana köçürülmüş ilk molokanlardan idilər. Onlar Şamaxı qəzasının Altıağaç ərazisinə yerləşdirilmişdilər. Onların sayı 1834-1839-cu illər arasında ümumilikdə 1681 nəfər idi.[1]
Yeni köçkünlər gəldikcə, daha əvvəl yerləşənlər ya kəndlər üzrə paylanır, ya da molokanların sıx məskunlaşdığı başqa yerlərə köçürdülər. Xilmili, Astraxanka, Maryevka, Cabanı, Çuxuryurd, Mərəzə və s kimi kəndlər Şamaxı qəzasında yerləşən molokan kəndləri idi. Molokanların arasında çox az insan öz icmasından çıxıb müsəlman mühitində yaşamağa risk edirdi. Yeni evlənmiş Çernyayevski cütlüyü onlardan biri idi. A.O. Çernyayevskinin valideynləri Saratov vilayətindən idilər. 1840-cı ildə Mərəzə kəndinə köçən cütlüyün həmin il burada Aleksey adında övladı dünyaya gəlir. Aleksey ilk təhsilini Şamaxı qəza məktəbində alır.Bir neçə il təhsil aldıqdan sonra maddi çətinliklər səbəbindən məktəbi tərk etmək məcburiyyətində qalır.[1]
Çernyayevski öz cəhdləri ilə Azərbaycan Türkçəsini mükəmməl şəkildə öyrənmiş, daha sonra 1857-ci ilin fevral ayının 1-dən Ağsu şəhərində poçt idarəsində poçtalyon kimi işləməyə başlamışdır. Bu zaman ərzində müəllimliyə böyük marağı varidi. Poçtalyon işlədiyi vaxtlarda ətraf kəndlərin uşaqları onun ətrafına toplaşır, onlarla ünsiyyət quraraq uşaqlara rus dili öyrədirdi.[2]
Təhsil sahəsində fəaliyyəti
redaktə60-cı illərdə Bakı qubernatoru Kolyubakinin təşəbbüsü ilə bir çox rus kəndində, eyni zamanda 1866-cı ildə Mərəzə kəndində ilk xalq məktəbi açılır. Çernyayevski yeni açılan məktəbdə təmənnasız şəkildə dərs deməyə başlayır. 1867-ci ildə Qafqaz Tədris Qəzasının popeçiteli Neverov, Mərəzə kəndinə gələrək məktəbdəki işləri yaxından müşahidə etmiş, məktəbdəki tədris prosesini çox bəyənmiş və məktəbin fəaliyyəti barədə Qafqaz başhakiminə ətraflı məlumat vermişdir. Həmin hesabatda deyilirdi:[3]
“Bakı qubernatoru — general-leytenant M.P. Kolyubakin müəllimlərin yoxluğunda Mərəzə kəndindəki məktəbə rəhbərlik etməyi stansiya müdiri, həmin kənddəki Çernyayevskiyə tapşırıb. Çernyayevski, 23 və ya 24 yaşlarında gənc bir adam, Şamaxı qəzasının məktəbində təhsil almış, məktəbdə pulsuz təlimə başlamışdır...Stansiya müdiri işi o qədər yaxşı aparıb ki, məktəb açıldıqdan bir ildən bir az artıq müddət sonra — mən onu bizə tabe olan dövlət ibtidai məktəblərindən müqayisəedilməz dərəcədə yaxşı vəziyyətdə tapdım.”[4][3]
1867-ci ilin mart ayında məktəbdə 81 şagird var idi. Şagird sayı baxımından bu məktəb hətta qəza məktəblərinə belə rəqib ola bilmişdi. Mərəzə məktəbinin tanınmasına səbəb ilk növbədə onun demokratik prinsipləri idi. Burada təhsil pulsuz idi, buna görə də kəndli uşaqları da burada təhsil ala bilirdilər. Hətta dövlət məktəblərindən fərqli olaraq burada sadəcə kəndli uşaqları oxuyurdular. Dövlət məktəblərində sərt şəkildə tətbiq olunan cinslərə ayrılma prinsipi burada tətbiq edilmirdi. Mərəzə məktəbində 60-a qədər oğlan şagirdlə yanaşı, qızlar da təhsil alırdılar. Məktəbdə rus dili, riyaziyyat, coğrafiya və təbiətşünaslıq dərsləri keçirilirdi. Dövlət və mədrəsə məktəblərində tətbiq olunan cəzalandırma üsulları Mərəzə məktəbində yox idi.[5]
Mərəzə məktəbində xüsusi diqqət çəkən birinci növbədə vizual tədris idi. Bu, yalnız o dövr üçün deyil həm də bu gün üçün irəliləyişçi pedaqoji prinsipdir. Çernyayevski bu yolla, dövlət məktəblərinin müəllimlərinin çoxunun tətbiq etdiyi mexaniki metodun əleyhinə çıxırdı. Popyeçitel qeyd edir ki, Çernyayevski “vizual tədrisə, izah edici oxuya və şagirdlərin anlamadığı ifadələri sadəcə əzbərləyərək öyrətməkdən ibarət olan ölü mexanizmə qarşı durdu. Qısacası, Çernyayevskinin təbii pedaqoji intuisiyası vardı.”[6]
Y.M. Neverov ilə A.O. Çernyayevski arasında maraqlı bir söhbət baş tutur. Popçitel deyir ki, Çernyayevskinin mükafatlandırılması üçün rəhbərliyə müraciət edəcək. O isə buna etiraz edir və bildirir ki, uşaqların valideynləri ona mükafat verildiyini eşidəndə əvvəlki inamlarını itirəcəyindən qorxur. Çernyayevski, Azərbaycan Türkçəsini çox yaxşı bildiyi üçün, Neverov onu Tiflisdə Azərbaycan Türkçəsi müəllimi vəzifəsinə təyin edəcəyini vəd edir.[7]
Gənc müəllimin pedaqoji biliklərə olan marağı o qədər güclü idi ki, stansiya müdiri olaraq məhdud vəsaitlərə baxmayaraq, özünə kitablar və dərsliklər sifariş edir, oxuyurdu. Bundan əlavə, o, “Kavkaz” qəzetində dərc olunmuş “Zaqafqaziyada xalq məktəbləri haqqında” adlı məqalə də yazmışdı. 1867-ci ildə, şagirdlərin valideynlərinin köməyi ilə, Aleksey Osipoviç yeni bir tədris binası inşa etdirərək orada həmçinin kitabxana da açmağa nail oldu. Həm uşaqlar, həm də böyüklər bu kitabxanadan istifadə edirdilər.[8]
Çernyayevskinin uşaqlar üzərində təsirindən və məktəbdəki fəaliyyətindən xəbər tutan Zaqafqaziyanın təhsil müəssisələrinin rəhbərliyi 1867-ci ildə ona yeni açılan Şamaxı qəza məktəbinin boş qalan hazırlıq sinifi müəllimliyi vəzifəsini təklif etdi. Həmin ildən Çernyayevski vəzifəsinin icrasına başladı. Qafqaz təhsil dairəsinin bir sənədində qeyd olunur ki, 1868-ci ilin may ayında qubernator Mərəzə kənd məktəbini ziyarət edib və orada əvvəlki müəllim Çernyayevskiyə gümüş, üzəri qızıl işlənmiş kupa, hazırkı müəllimə isə gümüş saat təqdim edir.[9]
1869-cu ildə 29 yaşında Çernyayevski Gürcüstanda qapalı internat məktəbində ilk əvvəl müəllim kimi daha sonra isə müfəttiş kimi çalışmağa başlayır. 1870-ci ildə Tiflisdəki Nikolayev ibtidai məktəbinə direktor təyin edilir. 1871-ci ildə isə Bakıda xalq məktəbləri şöbəsinin müdir müavini vəzifəsinə təyin olundu. Daha sonra bu vəzifə Kubana köçürülür. A.O.Çernyayevsi 8 il bu vəzifədə çalışdıqdan sonra 1879-cu ildə Qori şəhərində ZMS nəzdində Azərbaycan şöbəsi yaradılır və seminariyanın direktoru D.D.Semyonov şöbənin müfəttişi vəzifəsinə A.O.Çernyayevskini dəvət edir. O, 1893-cü ilə qədər yəni ölümünə qədər müfəttiş vəzifəsini icra etmişdir. Çernyayevski tez-tez Azərbaycana gələrək, seminariyada oxumaq üçün gənc, istedadlı azərbaycanlıları cəlb edirdi. O, seminariyada bir çox pedaqoqları yetişdirdi ki, onlar daha sonra Azərbaycanın şəhər və kəndlərində xalq maarifçiliyi işini öz üzərlərinə götürdülər.[8]
Vətən dili dərsliyi
redaktəÇernyayevski, ilk dəfə Azərbaycan türkçəsində dərs kitabı yazmaq fəaliyyətinə bu illərdə başlamışdır. Qori Müəllimlər Seminariyasının tərkibində Azərbaycan şöbəsi açılsa da burada ibtidai məktəb açmaq mümkün olmur. Çernyayevskinin təşəbbüsü ilə Qafqazın hər yerindən iyirmi kəndli uşağı toplandı və bu uşaqlar məktəbin nəzdində açılan internat məktəbinə qəbul edildi. Bu dəfə isə Azərbaycan türkcəsində yazılmış əlifba kitabı olmadığından toplanmış uşaqlara Azərbaycan türkcəsini öyrətmək olduqca çətin idi.[10]
Çernyayevski, təcili olaraq məktəbin təcrübəli Azərbaycanlı tələbələrini toplayıb onlarla bu mövzu haqqında danışmış və hələlik dərs kitabı olmadığı üçün, bu tələbələrin köməyi ilə həftəlik proqram və gündəlik dərslərdə praktik məşğələlər üçün oxuma kitabları hazırlamışdır. O dövrdə Qori Müəllimlər Seminaryasının tələbələrindən olan Rəşid bəy Əfəndiyev, sonralar bu barədə yazır:[11]
"Bir zaman anladılar ki, Türk (Azərbaycan) dilində əlifba kitabı heç vaxt olmamışdır. Beləliklə, Çernyayevski böyük tələbələri kabinetinə toplayıb bir komissiya yaratdı. Mən də o komissiyaya qatılanlardan idim. Həftəlik proqram tərtib edir, gündəlik dərslər üçün material hazırlayırdıq. Dörd ibtidai məktəbdə səsli üsulla dərs verilirdi. Erməni, Gürcü və Rus dillərində belə bir üsulla çap olunmuş kitablar vardı. Lakin yalnız Türk (Azərbaycan) dili üçün yenidən kitab nəşr etməyə böyük ehtiyac var idi. Çünki Tatar (Azərbaycan) şöbəsini bitirib müəllim olan gənclər üçün kəndlərdə Türk məktəbləri açılırdı. Onlar kəndə getdikdə, öz məktəblərini seminariyadakı nümunə məktəbinə bənzədərək dərslərini yeni yazılmış kitablarla verəcəkdilər. Bu səbəbdən, Çernyayevski əlindəki dərs materiallarını inkişaf etdirərək bir dərs kitabı hazırladı və mənim əl yazımla daş basmasında 1883-cü ildə 'Vətən Dili' adı ilə çap etdirdi."[11]
Çernyayevski “Vətən dili” adlı dərsliyi yazmaq üçün geniş material toplamış və bu materialları araşdıraraq gələcəkdə dərslik hazırlamaq üçün əsas kimi istifadə etmişdir. O, qısa zamanda ərəb əlifbasını mənimsəmiş, üç ildən artıq müddətdə şagirdlərə dərs deməklə kifayət qədər təcrübə toplamışdır. Daha sonra istifadə etdiyi mətnlərdən faydalanaraq səsli təlim metodu əsasında “Vətən dili” adlı əlifba kitabını hazırlamışdır. Qeyd etmək lazımdır ki, türk xalqları arasında səsli təlim metodu ilə dərs keçmək və dərslik yazmaq təşəbbüsü məhz Azərbaycandan başlamışdır. Bu metod ilk dəfə 1880-ci ildə Azərbaycan məktəblərində təhsilin keyfiyyətini artırmaq və prosesi asanlaşdırmaq məqsədilə tətbiq edilmişdir.[12]
“Vətən dili” dərsliyinin yazılmasının əhəmiyyətindən bəhs edən Çernyayevski sonralar bu mövzuda belə yazmışdır:
“Seminariyanın Azərbaycan şöbəsinin yanında fəaliyyət göstərən ibtidai məktəb kimi yeni ibtidai məktəblərin qurulması üçün çox şey lazım idi. Bunlardan biri də yeni üsulla hazırlanmış dərs kitabları idi. Mən nə qədər axtarsam da, tədris-təhsil qanunlarına uyğun bir kitab tapa bilmədim. Mövcud kitabları nəzərdən keçirsəm də, onları tədris-təhsil metodikasına yararlı hesab etmədim və məktəbimizdə köhnə üsullarla dərs keçməyi, habelə hazırda mövcud olan kitabları yararsız gördüm. Əgər bu kitablarla davam etsəydik, məktəbimizi müntəzəm və müasir şəkildə təqdim edə bilməzdik. Beləliklə, qeyd olunan çətinliklər səbəbindən müsəlman əlifbasını səsli üsulla öyrətməyin zəruri olduğuna qərar verdim.”[13]
“Vətən dili” Çernyayevskinin tələbəsi Rəşid bəy Əfəndiyev tərəfindən ərəb əlifbası ilə yazılmışdır. Rəşid bəy Əfəndiyevin xətti gözəl olduğuna görə, Çernyayevski bu kitabı ona yazdırmış və 1882-ci ildə Tiflisdə çap etdirmişdir. "Vətən dili" Azərbaycan dilində sovti üsulla yazılmış ilk dərslikdir. Dərslik 48 səhifədən ibarət olub, 1910-cu ildən etibarən az dəyişikliklə çap edilmiş və uzun illər ərzində azərbaycanlı uşaqların məktəblərdə savad öyrənməsi üçün əsas vasitə olmuşdur. Bu dərslikdən istifadəni asanlaşdırmaq üçün müəllimlər üçün ayrıca metodik vəsait – "Üsul kitabı" da hazırlanmışdır.[14]
Birinci kitabdan sonra, A.O. Çernyayevski və Səfərəli bəy Vəlibəyov birlikdə "Vətən dili" kitabının ikinci hissəsini 1888-ci ildə Tiflisdə “Kəşkül” mətbəəsində çap etdirmişlər. Bu kitab ikinci sinif şagirdləri üçün nəzərdə tutulmuş və 150 səhifədən ibarət bir qiraət dərsliyi olmuşdur. Kitabın üz qabığında "Türk-Azərbaycan dilində təlim-qiraət və inşa və imla məşğələləri üçün kitab" ifadəsi qeyd edilmişdir. Kitabda qrammatika, orfoqrafiya və metodik məsələlər ətraflı izah olunmuş, müəllimlər üçün qiymətli təkliflər verilmişdir. İlk dəfə bu kitabda bəzi orfoqrafik qaydalar və durğu işarələrinin istifadəsinə dair məsələlərə toxunulmuşdur.[14][13]
"Vətən dili"nin ikinci hissəsi uşaqların qiraət vərdişlərini inkişaf etdirmək, yazı qaydalarını və orfoqrafik bilikləri öyrətmək, həmçinin onların lüğət ehtiyatını zənginləşdirmək məqsədini güdürdü. Kitabda yer alan mətnlər, şeirlər, atalar sözləri və tapmacalar həm maarifləndirici, həm də tərbiyəvi xarakter daşıyırdı.[4]
Xatirəsi
redaktəAleksey Osipoviç Çernyayevskinin adı Qobustan rayonu Qobustan şəhərindəki məktəbə verilib (1990-cı ildən Qobustan rayonu).[8] Məktəbin önündə onun büstü qoyulub. Bakı şəhərinin Nərimanov rayonunda isə Aleksey Osipoviç Çernyayevskinin adı ilə küçə adlandırılıb.[15]
Çernyayevskinin obrazı İsmayıl Şıxlının "Dəli Kür" romanında əks olunub. Həmçinin bu roman əsasında çəkilən "Dəli Kür" filmində Çernyayevski obrazını Vladislav Kovalikov canlandırıb.[16]
1895-ci ildə Tiflisdə nəşr olunan “Novoye obozreniye” qəzetində məşhur ədəbiyyatşünas, tədqiqatçı Firidun bəy Köçərlinin imzası ilə Aleksey Osipoviç Çernyayevski haqqında məqalə dərc olunur. Məqalədə vaxtilə Qori Müəllimlər Seminariyasında ona dərs demiş mərhum pedaqoq Aleksey Osipoviç Çernyayevski haqqında xoş sözlər deyilir, onun müəllimlik ləyaqətinə, pedaqoqluq istedadına yüksək qiymət verilirdi. Məqalə müəllifi yazırdı: “Mərhum Çernyayevski...gözəl pedaqoq idi, sadə xalqın və uşaqların danışdığı Azərbaycan dilini də yaxşı bilirdi. Azərbaycan xalq məsəllərini heç kəs öz danışığında onun qədər yerli-yerində işlətmirdi”.[17]
Çernyayevskinin tələbəsi Rəşid bəy Əfəndiyev də “Çernyayevski kimdir?” sərlövhəli məqaləsində yazır ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin rəhbəri, maarif fədaisi, azərbaycanlı uşaqlar üçün Avropa tipli ilk milli dərslik yazaraq çap etdirmiş, bütün şüurlu həyatını, istedad və bacarığını milli maarifin inkişafına sərf etmiş, 40 illik pedaqoji fəaliyyəti dövründə 250 nəfərdən artıq azərbaycanlı ziyalı yetişdirmiş A.Çernyayevskinin vəfatından sarsılmışdır. O, müəllimi və dostu olmuş bu insanın Azərbaycan maarifi üçün sərf etdiyi əməyi yüksək qiymətləndirirdi. Rəşid bəy məqaləsində onu da vurğulayırdı ki, Aleksey Osipoviç istər maarif sahəsində, istərsə də şəxsi həyatında hər kəsə nümunə ola biləcək nadir şəxsiyyətlərdən idi. Müəllif sonda “Çernyayevski kimdir” sualını təkrarlayaraq, öz sualına elə özü də cavab verərək yazırdı: “Çernyayevski Şamaxıda, kasıb bir rus ailəsində doğulmuş və Azərbaycan dilini azərbaycanlı oğlu kimi mənimsəmiş çox əxlaqlı, çox tərbiyəli bir zat idi”.[17]
İstinadlar
redaktə- ↑ 1 2 "Алексей Осипович Черняевский". dzen.ru. İstifadə tarixi: 2024-11-17.
- ↑ Əhmədov, 2001. səh. 136
- ↑ 1 2 Cəlilova, 2012. səh. 133
- ↑ 1 2 Əhmədov, 2016. səh. 168
- ↑ Əhmədov, 2001. səh. 137
- ↑ Məmmədova, 2010. səh. 51
- ↑ Əhmədov, 2016. səh. 165
- ↑ 1 2 3 "Böyük pedaqoq". www.anl.az. 2019-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-29.
- ↑ Əhmədov, 2016. səh. 166
- ↑ Əhmədov, 1985. səh. 128
- ↑ 1 2 Əhmədov, 1985. səh. 127
- ↑ Cəlilova, 2012. səh. 129
- ↑ 1 2 Cəlilova, 2012. səh. 131
- ↑ 1 2 Əhmədov, 2001. səh. 139
- ↑ "Улицы Баку - старые и новые названия". Ourbaku.com. 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
- ↑ Mirməmməd, Gülcahan. "Meydandan əvvəl ekrana çıxan Novruz". www.anl.az. İstifadə tarixi: 2024-11-29.
- ↑ 1 2 "Kənd çaparxanasından Qori seminariyasına". www.anl.az. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-29.
Ədəbiyyat
redaktə- Əhmədov, Hüseyn. Azərbaycan Məktəb və Pedaqoji Fikir Tarixi (az.). Bakı: Təhsil nəşriyyatı. 2001.
- Əhmədov, Hüseyn. А.О. ЧЕРНЯЕВСКИЙ — ПОДВИЖНИК образования Азербайджана (rus). 2016.
- Əhmədov, Hüseyn. XIX əsr Azərbaycan Məktəbi (az.). Bakı: Maarif yayımları. 1985.
- Məmmədova, Almaz. Azərbaycan dilinin tədris tarixi (az.). Bakı: Kitab aləmi. 2010.
- Cəlilova, Vəfa. SOVYET DÖNEMİ VE BAĞIMSIZLIK SONRASI AZERBAYCAN’DAKİ LİSELERDE DİL VE EDEBİYAT ÖĞRETİMİ (türk). Ankara: GAZİ ÜNİVERSİTESİ EĞİTİM BİLİMLERİ ENSTİTÜSÜ ORTAÖĞRETİM SOSYAL ALANLAR EĞİTİMİ ANA BİLİM DALI TÜRK DİLİ VE EDEBİYATI EĞİTİMİ BİLİM DALI. 2012.
Əlavə ədəbiyyat
redaktə- Çernyayevski, A.O. Vətən dili, I hissə. Tiflis. 1899. səh. 70.
- Çernyayevski, A.O. Vətən dili, I hissə. Tiflis. 1901. səh. 70.
- Çernyayevski, A.O. Vətən dili, I hissə. Tiflis. 1899. səh. 70.
- Çernyayevski, A.O. Vətən dili, II hissə. Tiflis. 1888. səh. 192.
- Çernyayevski, A.O. Vətən dili, II hissə. Tiflis. 1888. səh. 192.
- Agaev, A. A. Антология педагогической мысли Азербайджанской ССР. Москва: Изд-во «Педагогика». 1989. səh. 592 с.: ил.
- Mehdizadə, Z. M. Жизнь и педагогическая деятельность А. О. Черняевского: К 140-летию со дня рождения. Баку: Изд-во «Маариф». 1983. səh. 87.
- Çernyayevski, A. O. Книжка для учителей, преподающих по учебнику «Русская речь». Дидактические и методические указания, необходимые для успешного преподавания русского языка в инородческих училищах. Тифлис: Типография скоропечатня М. Мартиросианца и Ко. 1894. səh. 101 с.
- Çernyayevski, A. O. Русская речь. Элементарный учебник русского языка для татарских (азербайджанских) школ Закавказского края и Книжка для учителей, преподающих по учебнику «Русская речь». Баку: Изд-во «Маариф». 1986. səh. 203 с.
- Çernyayevski, A. O. Русская речь. Элементарный учебник русского языка для начальных училищ, в которые поступают дети, не знающие русского языка. Тифлис: Типография скоропечатня М. Мартиросианца и Ко. 1895. səh. 146 с.