Toronto Universiteti - Wikipedia
Toronto Universiteti (ing. University of Toronto) — Şimali Amerikanın ən böyük elmi-tədqiqat mərkəzlərindən biri. Ali məktəb Kanadanın Ontario əyalətinin Toronto şəhərində yerləşir.
Toronto Universiteti U of T, UofT | |
---|---|
43°39′46″ şm. e. 79°23′44″ q. u.HGYO | |
Əsası qoyulub | 1827 |
Tip | Dövlət |
Rektor | Devid Peterson |
Tələbə sayı | 70000 nəfər, işçi heyəti: 3080 nəfər |
Şəhər | Toronto şəhəri |
Ölkə | |
Universitet şəhərciyi 2 | Müqəddəs Georq (163 akr), Mississauqa (224 akr), Skarboro (300 akr). |
Sayt | utoronto.ca |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə15 mart 1827-ci ildə kral IV Georq Yuxarı Kanadada Kral Kollecinin yaradılması haqqında xartiya imzalayır. Dini yönümlü kollecin ilk prezidenti Toronto şəhərinin Anqlikan kilsəsinin yepiskopu Con Straçan təyin edilir. Həmin il Kral Kollecinin üçmərtəbəli yunan intibahı üslubunda inşa edilmiş və hazırda tarixi abidə kimi qorunan binası tikilir. ilə sıx əlaqələr qurur.
1849-cu ildə Yuxarı Kanadanın yeni yaradılmış məsul hökuməti səs çoxluğu ilə Kral Kollecinin Toronto Universiteti adlandırılması haqqında qərar verir. Ali məktəb bütünlüklə kilsə ilə əlaqəni kəsir.
1878-ci ildə universitetin Tətbiqi Elmlər Məktəbi yaradılır və Skule adlandırılır. Toronto Tibb Məktəbi 1887-ci ildə yaradılsa da, tibb fakültəsi universitetdə 1843-cü ildən fəaliyyət göstərirdi. 1887-ci ildə universitetdə hüquq, bir il sonra isə stomatologiya fakültələri açılır. 1884-cü ildən ali təhsil müəssisəsinə qızların qəbulu aparılır.
1890-cı ildə Toronto Universitetində güclü yanğın baş verir və nəticədə 1853-cü ildə yaradılmış Universitet Kollecinin çox hissəsi və kitabxanadakı 33000 cild kitab yanır. Universitet bu itkiləri yalnız iki ilə bərpa edir. Toronto Universitetində 10 il ərzində kollegial rəhbərlik sistemi formalaşır və bir neçə yeni kilsə kollecləri yaradılır. 1896-1991-ci illərdə Toronto Universiteti Kral Konservatoriyasına, 1912-1968-ci illərdə isə Ontario Kral Muzeyinə rəhbərlik edir. Bu müəssisələr hazırda müstəqil fəaliyyət göstərsələr də, universitetlə sıx əməkdaşlıq edirlər. 1901-ci ildə Toronto Universiteti mətbuatı yaradılır. 1910-cu ildə universitetin pedaqogika fakültəsi Toronto Universiteti Məktəbləri adlı məktəb laboratoriyası yaradır.
I və II Dünya müharibələri zamanı universitet durğunluq dövrünü yaşayır, tələbə və müəllimlər könüllü orduya gedirlər. Sonradan universitetdə müharibədə həlak olan insanların şərəfinə 44 metr hündürlükdə Əsgər Qülləsi ucaldılır. Qüllənin üzərində I və II Dünya müharibələrində həlak olan şəxslərin adları həkk edilir. Hazırda həmin qüllə Toronto Universitetinin simvollarından biridir.
1959-cu ildə Toronto Universitetinin nəzdində yaradılan York Universiteti altı il sonra müstəqillik əldə edir.
1980-ci ildən başlayaraq Toronto Universiteti dövlət tərəfindən maliyyələşdirməni azaldır və yardımlar hesabına vəsait toplamağa daha çox diqqət yetirir. 1980-ci illərdə təhsil müəssisəsi 1 milyard Kanada dollarından çox maliyyə yardımı alır.
2001-ci ildə universitetdə "Citizen Lab" adlı laboratoriya yaradılır. Bu laboratoriya İnternet senzurasına qarşı mübarizə aparır.
Büdcəsi və təhsil haqqı
redaktə2009-cu ildə Toronto Universitetinin illik gəliri 1 milyard 899,5 milyon Kanada dollarına bərabər olub. Bu məbləğin 146,7 milyon dolları investisiya gəlirləri, 82,1 milyon dolları yardımlar, 247,2 milyon dolları müxtəlif xidmətlər, 434,5 milyon dolları müqavilələr, 636,4 milyon dolları təhsil haqqı, 646 milyon dolları isə dövlət qrantları hesabına əldə edilib.
Ötən il universitetin xərcləri 2 milyard 68,7 milyon Kanada dolları təşkil edib. Həmin vəsaitin 82,5 milyon dolları təmir və texniki işlərə, 144,6 milyon dolları müxtəlif təqaüdlərə, 195,8 milyon dolları yeni avadanlıqlara, 218,3 milyon dolları əməkhaqları və dərsliklərə, qalanları isə digər xidmətlərə sərf olunub.
2009-2010-cu tədris ilində bakalavr pilləsində təhsil alan tələbələrin birillik təhsil haqqı onların seçdiyi ixtisas və proqramdan asılı olaraq 4000-34000 Kanada dolları arasında dəyişib. Əksər fakültələrin qiyməti 7880 Kanada dolları təşkil edib. Bu tədris ilində magistr və doktorantların təhsil haqqı bir çox proqramlar üzrə 6366 Kanada dolları dəyərində olub. Lakin burada da qiymətlər proqram (stomatologiya-32760 Kanada dolları, maliyyə riyaziyyatı-37000 Kanada dolları, menecment-85000 Kanada dolları) çərçivəsində fərqlənir.
Əcnəbi tələbələrin təhsil haqqı tədris proqramından asılı olaraq 11160-40000 dollar arasında dəyişir.
Toronto Universiteti tələbələrə edilən maliyyə yardımı və təqaüdlərə görə Şimali Amerikada əsas yerlərdən birini tutur. Universitetdə əlaçı, xüsusi istedada malik tələbələrə verilən təqaüdün məbləği orta hesabla 5035 dollar təşkil edir. Maliyyə durumu çətin olan tələbələrə əlavə 400-1000 dollar dəyərində qrant verilir. Təqaüd almaq istəyən tələbə bununla bağlı universitetə yazılı müraciət etməlidir.
Toronto şəhərində yaşamaq tələbələrə baha başa gəlir. Burada qiymətlər çox bahadır. Nəqliyyat, yaşamaq haqqı tələbənin şəxsi büdcəsi hesabına ödənilir. Universitetdə təhsil alan əcnəbi tələbələr Ontario hökuməti tərəfindən tibbi sığortadan (UHIP) keçir. Universitetin tibbi sığortası 567 Kanada dollarıdır.
Toronto Universitetinin hər üç kampusunda bir neçə yataqxana mövcuddur. Bu yataqxanalardan ən məşhurları İnnis, Çestnut, Ali, Loretto, Yeni, Vilson, Triniti, Sant-Hilda, Vitni, Morrison, qızlar üçün Ennsli, doktorantlar üçün Messi və digərləridir. Yataqxanalarda məskunlaşmaq istəyən tələbələr ərizə ilə ali təhsil müəssisəsinə müraciət etməlidirlər. Tələbələrə binalarda hər bir şəraitlə təmin edilmiş otaq və mənzillər (1, 2 və daha çox otaqlı), xüsusi evlər təklif olunur. Yataqxanalarda 8 ay (1 tədris ili) qalmaq otaqlardakı şəraitdən asılı olaraq tələbələrə 7920-13474 Kanada dollarına başa gəlir. Evlərin aylıq qiyməti isə onların şəraitindən və yerləşdiyi ərazidən asılı olaraq 610-1000 dollardır.
Müasir vəziyyəti
redaktəToronto Universitetinin yerləşdiyi Toronto şəhəri Kanadanın ən böyük şəhərlərindən və dünyanın mədəniyyət mərkəzlərindən biridir. Təxminən 10000 akrlıq ərazidə yerləşən şəhər Ontario gölünün yaxınlığında salınıb və kontinental iqlimə malikdir. Toronto beynəlmiləl şəhərdir və burada bir çox millətlərin nümayəndələri yaşayır. Bununla yanaşı, şəhər Amerika qitəsinin ən təhlükəsiz meqapolislərindəndir, belə ki, burada yaşayan bütün xalqlar münaqişəsiz həyat sürür.
Universitetin tərkibində yerləşir: Devid Danlep Rəsədxanası (1935), Aerokosmik Tədqiqatlar İnstitutu (1949) və Müqəddəs Georq, Skarboro (1964), Mississauqa (1967) kampusları.[1]
Toronto Universiteti üç kampusdan ibarətdir: Müqəddəs Georq (163 akr), Mississauqa (224 akr), Skarboro (300 akr). Müqəddəs Georq kampusu Toronto şəhərinin mərkəzində yerləşir və tarixi memarlıq abidələrinə, əsrarəngiz parklara, yaşıllıqlara malikdir. Kampusda intibah, qotik, klassik və s. üslublarda tikilmiş memarlıq abidələri buraya çoxlu sayda turist cəlb edir. Müqəddəs Georq kampusunda Tətbiqi Elmlər və Texnika, Musiqi, Fiziki Tərbiyə və Sağlamlıq kollecləri yerləşir.
Mississauqa kampusu Toronto şəhərinin qərbindədir. Kampusda universitetin nəşriyyatı, radiostansiyası, Tələbə Təşkilatının binası, 60-dan çox klub vardır. Bu şəhərciyi universitetin ən qonaqpərvər, dostluq münasibətlərinin möhkəm olduğu kampus adlandırırlar. Kampusda, həmçinin, Heyzel McCallion akademik tədris mərkəzi, kitabxana, istirahət guşələri, idman kompleksləri və s. yerləşir. Əcnəbi tələbələr bu kampusda daha çox məskunlaşıb.
Skarboro kampusu Toronto şəhərinin şərqində Highland Krik vadisinin yanındadır. Bu kampusda daha çox modern binalara rast gəlinir. Skarboroda, əsasən, qlobal iqtisadi tendensiyalar, bazar iqtisadiyyatının tələblərinə cavab verə biləcək innovativ proqramlar həyata keçirilir.
Universitetdə 1000-ə yaxın tələbə təşkilatı, klubları və s. fəaliyyət göstərir. Burada tələbələrdən ibarət universitet teatrı, musiqi ansamblı, caz orkestri, xor kapellası, ümumilikdə "Varsity Blues" adlanan 44 idman komandası, həftədə iki dəfə dərc olunan "Varsity" tələbə qəzeti, "Hart House Review" ədəbi jurnalı, CIUT FM radiostansiyası mövcuddur. Hər kollecin, məktəb və fakültənin ayrıca olaraq qəzet, jurnal və digər nəşrləri var.
Toronto Universitetinin nəzdində fəaliyyət göstərən kolleclər aşağıdakılardır:
- təsis kollecləri - İnnis, Yeni, Universitet, Vudvort;
- ilahiyyat kollecləri - Noks, Recis, Vikliff;
- federativ (birləşdirilmiş) kolleclər - Müqəddəs Mixail, Universitet, Triniti Universitet, Müqəddəs Hilda, Viktoriya Universitet, Emannuil;
- diplomlu mütəxəssis (ali) kolleci - Messi.
Bu ali təhsil müəssisəsində mövcud olan fakültə və məktəblərdən Tətbiqi elmlər və mühəndislik, Elmlər və incəsənət, Musiqi, Memarlıq, Landşaft və dizayn, Meşə təsərrüfatı, Tibb, Stomatologiya, Tibb bacısı, Əczaçılıq, Fiziki tərbiyə və sağlamlıq, Səhiyyə, İnformatika, Hüquq, Pedaqogika, Dövlət idarəçiliyi, Menecment, Sosial fəaliyyət, İlahiyyat və digərlərini qeyd etmək olar.
Universitetdə tələbələrə 800-dən çox incəsənət, biznes və digər proqramlar, dünyanın 40 ölkəsində 130 mübadilə proqramı, 16 ölkədə yay proqramları təklif edilir.
Toronto Universitetinin kitabxana sistemi böyüklüyünə görə Harvard, Yel, Berkli universitetlərinin kitabxanalarından sonra Şimali Amerikada dördüncü yerdə durur. Kitabxana sisteminə 19 milyon cild kitab, 5,4 milyon mikrofilm, 70000 dövri nəşr, 1 milyon xəritə və s. daxildir. Universitetin ən böyük kitabxanası Robartsdır. Burada sosial və humanitar elmlərə aid beş milyondan çox kitab var. Tomas Fişer kitabxanasında nadir kitablar və əlyazmalar, qədim Misir papirusları, inkunabulalar (kitab çapı icadının ilk dövründə yığma hərflərlə çap olunmuş ilk kitab), librettolar qorunur. Toronto Universitetinin kitabxana sistemi 2005-ci ildən İnternet şəbəkəsinə qoşulub.
Toronto Universitetinin İncəsənət Mərkəzi 4 əsas kolleksiyadan ibarətdir. Malkove kolleksiyasında xristianlıqdan əvvəlki və Bizans dövrünə aid heykəltəraşlıq nümunələri, tunc, mebel, ikona və ədəbi əsərlər, yunan-Roma dövrünə aid şüşə əşyalar və daş relyeflər, rəssam Böyük Lukas Kranaxın 1538-ci ilə aid olan "Adəm və Həvva" adlı sənət əsəri saxlanılır. Toronto kolleksiyasına Kanadanın incəsənət nümunələri daxildir.
Toronto Universitetinin kansleri Devid Piterson, prezidenti isə professor Devid Neylordur. Universitetin akademik, inzibati və tələbə məsələləri ilə 1971-ci ildə yaradılmış İdarəçilər Şurası məşğul olur. Hazırda Toronto Universitetində 3080 nəfər işçi çalışır. Onların 98,6%-i doktorluq dərəcəsi almış müəllimlərdir. Ali məktəbin alimlərinin əksəriyyəti Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri, Amerika Elminin İnkişafı Assosiasiyasının təqaüdçüləridirlər. Universitetin məzunlarından və tədqiqatçılarından 9 nəfəri Nobel mükafatına layiq görülüb.
Toronto Universitetində 70000 mindən çox tələbə təhsil alır. Onların 50336 nəfərini bakalavr, qalanlarını isə magistr və doktorantlar təşkil edir. Burada Kanadanın 10 bölgəsindən, ABŞ-nin 48 ştatından və dünyanın 160 ölkəsindən olan tələbələr oxuyur. Universitetin məzunlarının sayı 450000 nəfərə yaxındır.
Toronto Universitetində onlarla azərbaycanlı tələbə təhsil alır və məktəbdə 2009-cu ildən "Azərbaycanlı Tələbə Təşkilatı" fəaliyyət göstərir.
Toronto Universiteti dünya elminə böyük töhfələr verib. Burada ilk elektron kardiostimulyator, süni qırtlaq, kimya lazeri hazırlanıb, mədəaltı vəzinin transplantasiyası əməliyyatı, bir çox xəstəliklərin müalicəsi həyata keçirilib. Universitetdən 2 km. aralıda yerləşən Toronto şəhərinin Diskoveri rayonunda 5000 aparıcı tədqiqatçı hər il 1 milyard dollar dəyərində tibbi tədqiqatlar aparır. 1921-ci ildə burada tibb tarixində önəmli hadisələrdən olan insulin kəşf edilib. 1963-cü ildə beyin sümüyünün köçürülməsi əməliyyatının əsasını qoyan gövdə hüceyrələri aşkarlanıb. 1972-ci ildə "Cyqnus X-1" tədqiqatları nəticəsində atmosferdə qara dəliklərin olması sübuta yetirilib. Universitetin astronomları Uran planetinin peykləri olan Kaliban və Sikoraksanı, Andromeda I, II, III qalaktikalarını aşkar ediblər. Universitet UTEC adlanan dünyada ilk operativ kompüterlərdən birini hazırlayıb, UNIVAC I-dən (ABŞ-də yaradılan ilk kommersiya kompüteri) sonra dünyada ikinci kommersiya kompüteri yaradıb. Toronto Universiteti bu gün də tədqiqatlarını sürətlə inkişaf etdirir və gələcəyin lider elmi-tədqiqat mərkəzi olmaq niyyətindədir.
Xarici əlaqələri
redaktə1926-cı ildən Toronto Universiteti "Amerika Universitetləri Assosiasiyası"nın üzvüdür.
Reytinqi
redaktəBöyük Britaniyanın "Times Higher Education" jurnalının 2010-cu ildə apardığı dünya universitetlərinin reytinqinə görə, Toronto Universiteti 200 ən yaxşı ali məktəb arasında 17-ci yerdə olmuşdur.[2]
2003[4] | 2004[5] | 2005[6] | 2006[7] | 2007[8] | 2008[9] | 2009[10] | 2010[11] | 2011[12] | 2012[13] | 2013[14] | 2014[15] | 2015[16] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
23 | 24 | 24 | 24 | 23 | 24 | 27 | 27 | 26 | 27 | 28 | 24 | 25 |
2015/16[17] | 2014/15[18] | 2013/14[19] | 2012/13[20] | 2011/12[21] | 2010/11[22] |
---|---|---|---|---|---|
34 | 20 | 17 | 19 | 23 | 29 |
2015/16[23] | 2014/15[24] | 2013/14[25] | 2012/13[26] | 2011/12[27] | 2010/11[28] |
---|---|---|---|---|---|
19 | 20 | 20 | 21 | 19 | 17 |
Məşhur məzunları
redaktəBuranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Vaira Vike-Freiberqa - Latviyanın 6-cı prezidenti;
- Nur Həsənəli - Trinidad və Tobaqonun 2-ci prezidenti;
- Stiven Harper - Kanadanın 22-ci Baş naziri;
- Pol Martin - Kanadanın 21-ci Baş naziri;
- Lester Pirson - Kanadanın 14-cü Baş naziri;
- Uilliyam Makkenzi Kinq - Kanadanın 10-cu Baş naziri;
- Artur Meighen - Kanadanın 9-cu Baş naziri;
- Frederik Bentinq - tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Con Ceyms Maklod - tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Oliver Smithis - tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Lester Pirson - sülh üzrə Nobel mükafatı laureatı;
- Jeyms Orbinski - sülh üzrə Nobel mükafatı laureatı;
- Artur Leonard Skavlov - fizika üzrə Nobel mükafatı laureatı;
- Bertram Brukhaus - fizika üzrə Nobel mükafatı laureatı;
- Con Çarlz Polani - kimya üzrə Nobel mükafatı laureatı;
- Volter Kohn - kimya üzrə Nobel mükafatı laureatı.
Şəkilləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Toronto Universiteti". 2010-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-03.
- ↑ "Times jurnalının sıralaması". 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-01.
- ↑ "ARWU - University of Toronto". Shanghai Ranking Consultancy. 2014. 2017-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
- ↑ "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2011)". 2012-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2010)". 2011-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Xarici keçidlər
redaktə- utoronto.ca — Rəsmi saytı