Vaira Vike Freiberqa - Wikipedia
Vayra Vike-Freyberqa (latış. Vaira Vīķe-Freiberga; 1 dekabr 1937[1][2], Riqa) — Latviya Respublikasının 6-cı və ilk qadın Prezidenti (8 iyul 1999 — 8 iyul 2007) olub.
Vayra Vike-Freyberqa | |
---|---|
latış. Vaira Vīķe-Freiberga | |
8 İyul 1999 – 8 İyul 2007 | |
Əvvəlki | Quntis Ulmanis |
Sonrakı | Valdis Zatlers |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Riqa, Latviya |
Vətəndaşlığı | Latviya |
Partiya | Partiyasız |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, psixoloq, universitet müəllimi[d] |
Həyat yoldaşı | İmants Freyberqs |
Uşaqları | Karlis, İndra |
Elmi fəaliyyəti | |
Elm sahəsi | psixologiya |
|
|
Təltifləri |
|
Vayra Viкe-Freyberqanın rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
O, bütövlükdə Şərqi Avropada ilk qadın prezident olub. Cəmi səkkiz il ərzində (1999-2007) ölkəsinin həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmasına nail olan dövlət xadimidir. O, bu gün də beynəlxalq siyasətdə xüsusi fəallığı ilə seçilən, BMT-nin baş katibinin xüsusi elçisi, 2006-cı ildə BMT-nin baş katibliyinə rəsmi namizəd olmuş zərif xanım, güclü və peşəkar siyasətçi və əsl liderdir.
Həyatı
redaktəVayra Vike-Freyberqa 1 dekabr 1937-ci ildə Riqada anadan olub. Dənizçi Karlis Vikislə Annamariya Vikenin ailəsində dünyaya gələn Vayranın uşaqlığı çətinliklər içində keçib. Onun doğulmasından bir neçə həftə sonra atası Atlantik okeanında faciəli şəkildə həlak olur. Bir neçə il sonra anası dənizçi Edqar Xermanoviçlə evlənir. 1944-cü ildə, keçmiş Sovet İttifaqının Latviyanı ikinci işğalı başlayan zaman onun ailəsi Almaniyaya üz tutur.
Vayra orta təhsilini ilkin olaraq Lübekdəki (Almaniya) qaçqın düşərgəsində latış məktəbində alıb, sonra 1949-cu ildə ailəsi ilə birgə Mərakeşə köçməsi ilə bağlı orada, fransız orta məktəbində oxuyub, fransız dilini öyrənib. Sonra Kasablankadakı Mers Sultan Gənc Qızlar Kollecində təhsilini davam etdirib. Vayranın 16 yaşı olanda ailəsi yenə köç havasında idi: bu dəfə Kanadaya köçürdülər. Beləliklə, Baltikyanı diyarda – Latviya Respublikasında doğulan Vayra, Avropada başladığı orta təhsili okeanın o tayında bitirir.
Vayra işləməklə yanaşı, burada yüksək ali təhsil də alır. 1958-ci ildə Toronto Universitetinin Viktoriya Kollecini bakalavr dərəcəsi ilə bitirən Vayra, 1960-cı ildə burada psixologiya üzrə magistr dərəcəsi alır.[3]
Xanım Prezident öz ana dili ilə yanaşı ingilis, fransız, ispan, alman, habelə italyan və portuqal dillərində də danışa bilir. Dilləri mükəmməl bilməsi onun "özkeçmiş"inə əvvəlcə tərcüməçilik (1958-ci il), sonra isə Ontario Qızlar Kollecinin yuxarı siniflərində ispan dili dərsi deməyi "yazıb". Universiteti bitirdikdən sonra o, Toronto Psixiatriya xəstəxanasında klinik psixoloq kimi işləməyə başlayıb. 1961-ci ildə, təhsilini davam etdirmək üçün Torontonu tərk edib Monreala gələn Vayra, 1965-ci ildə buradakı universiteti eksperimental psixologiya sahəsi üzrə xüsusi dərəcə ilə bitirib. Sonra isə Maktilla Universitetində eksperimental psixologiya üzrə doktorluq dərəcəsi alıb.
Peşəkar fəaliyyəti
redaktə1965-ci ildən 1998-ci ilə kimi Vayra Vike Monreal Universitetinin professoru kimi psixologiya fakültəsində psixofarmakologiya və psixolinqvistika, elmi nəzəriyyələr, təcrübə metodları, dil və şüur prosesi üzrə dərs deyib.
O, yaddaş, dil və düşüncə (təfəkkür), dərmanların təsiri də daxil olmaqla psixologiya sahəsində araşdırmalar aparıb. Onun eksperimental tədqiqatı yaddaş prosesi və dillə bağlı olub. Bu dövr ərzində o, 10 kitabın, 160-dan çox məqalənin müəllifi olub, 250-yə yaxın mühüm elmi-ictimai məzmun daşıyan çıxışlar edib, radio, televiziya və mətbuata müxtəlif dillərdə aktual mövzulu müsahibələr verib [1] Arxivləşdirilib 2017-09-25 at the Wayback Machine. Xanım Vike-Freyberqanın "Mədəniyyət və Latış kimliyi" kitabı (həm adı, həm məzmunu etibarı ilə) diqqəti xüsusi ilə cəlb edir. Bu kitab latış dilini bilməyən qeyri-latışlar üçün nəzərdə tutulub. O, latış mədəniyyətinin qorunmasının vacibliyini vurğulayaraq, "Latviya Respublikasında yaşayan, lakin latış dilini yaxşı bilməyən vətəndaşlarımızı rədd edə bilmərik, onlar Latviya Respublikasını öz evləri kimi sayıb, yaşayıb və Latviya Respublikası üçün çalışırlar" – deyə fikrini bildirir.
Üstəlik, o, həm də, latış emiqrantları arasında latış xalq mahnıları, bu mahnıların poetika və strukturunun öyrədilməsi (bütövlükdə latış folklorunun öyrədilməsi); sözügedən sahədə, belə deyək, maarifləndirmə işi ilə ün qazanıb. O, fəaliyyəti xarakterini, xarakteri fəaliyyətini tamamlayan insanlardandır.
O, Kanada Elmlər Akademiyasının (Royal Society of Canada) fransız dili şöbəsinin prezidenti olub. Bu dövr ərzində o, milli və beynəlxalq elmi təşkilatlarda, Kanada dövlət və elmi komitələrində önəmli vəzifələr tutub və idarəetmə təcrübəsinə yiyələnib. Xanım siyasətçi o vaxtlar sosial elmlər və bəşəri dəyərlərin təbliği sahələrində nailiyyətlərinə görə müxtəlif medal və ödüllərlə təltif olunub.
Aktiv ictimai fəaliyyəti və daşıdığı elmi-ictimai vəzifələr ona ün qazandırıb, şöhrət gətirib. Kanadadakı çalışmaları onun həyatında daha bir səhifə – Brüssel səhifəsi açıb və o, NATO-nun "İnsan faktoru" elmi proqramının rəhbəri vəzifəsində çalışmağa başlayıb. Ancaq taleyinə fərqli ölkələr, fərqli vəzifələr yazılmış xanım Freyberqa yenə okeanın o tayına, amma bu dəfə Cənubi Amerikaya yola düşür. Onu Braziliya parlamentində Konstitusiya islahatları üzrə komissiyada Kanadanı təmsil etməyə dəvət etmişdilər (1989). O, eyni zamanda, elmi cəmiyyətin rəhbərliyini də öz üzərinə götürmüşdü.
Vayra Vikenin uğurlu elmi, ictimai fəaliyyətini nəzərə alan Latviya Elmlər Akademiyası onu "Böyük medal"la təltif edib. O, həmçinin bir çox digər akademiyaların ödüllərinə layiq görülüb, bir sıra Universitetlərin (o cümlədən, Bakı Dövlət Universitetinin) "fəxri doktor"u adını alıb.
O, folklor nəzəriyyəsi, ümumi folklor, latış milli mahnıları haqqında 7 kitabın müəllifi və həmmüəllifidir. O, Latviya Respublikasını kənardan tanıtmış xanım ictimai-siyasi xadim, alim olaraq Latviya Respublikasının Üç Ulduz Ordeni, habelə bir sıra xarici ölkələrin ödülləri ilə təltif olunub. Nəhayət, 1997-ci ildə Kanadadan Latviya Respublikasına dönən Vayra Vike, Baş nazir tərəfindən, ölkəsinin dünyada obrazını formalaşdırmağa məsul olan (yeni təsis edilmiş) Latviya Universitetinin rektoru təyin edilir (19 oktyabr 1998-ci il). Bu vəzifə onun illərlə könüllü surətdə ölkədən kənarda apardığı işlərin məntiqi sonluğu kimi ona həm çox yaraşırdı, həm də onun haqqı kimi dəyərləndirilir. Ancaq bu hələ "haqq"ın, "yaraşığ"ın və "son"un tam sonu deyildi. O, Latviya Respublikasına daha böyük vəzifələrdə gərək idi.
Prezidentlik
redaktə1999-cu ildə Vayra Vike Latviya Respublikasının prezidenti seçildi. O, öncə prezidentliyə namizədliyini irəli sürməsə də Latviya Seymi tərəfindən irəli sürüldü və iyunun 20-də prezident seçildi.
O, iyulun 8-də prezidentlik andı içdi. Rəy sorğularında onun reytinq göstəriciləri 75-80% təşkil edirdi və ikinci dəfə 20 iyun 2003-cü ildə 96 səsdən 88-ni toplayaraq, yenidən prezident seçildi.
O, Latviya Respublikası Konstitusiyasının prezidentə verdiyi hüquqlardan fəal şəkildə istifadə edib, Latviya Respublikasının Avropa Birliyi və NATO-ya üzv seçilməsinə nail olub.
O, çoxsaylı beynəlxalq törənlərdə iştirak edib və sosial problemlər, mənəvi dəyərlər, Avropa tarixi dialoqu və demokratiya ilə bağlı çıxışlar edib. Prezidentliyi dövründə şəhər və kəndləri gəzərək seçiciləri ilə tanış olur və il ərzində onlardan minlərlə məktub alıb, problemlərin həlli istiqamətində yorulmadan çalışır, əlindən gələni edir, insanların sevimlisinə çevrilirdi.
O, ölkəsinin "1 saylı kreslo"sunda əyləşsə də, öz ixtisasından, sevimli elm sahəsindən – psixolinqvistika, semiotika və ölkəsinin şifahi xalq ədəbiyyatının analizləri ilə bağlı işlərindən də imtina etməmişdi.
2005-ci ilin aprelində BMT-nin baş katibi Kofi Annan Vike-Freyberqanı dünya liderlərindən ibarət müfəssəl islahatlar gündəliyinin təbliğatı qrupunun üzvü təyin etdi. 2005-ci ilin sentyabrında üç Baltikyanı ölkə rəsmi şəkildə onun BMT-nin baş katibliyinə namizədliyini elan etdi (Lakin 5 oktyabrda o öz namizədliyini geri götürdü).[4]
Prezidentliyindən sonra
redaktə2007-ci ilin iyulunda prezidentlik müddətinin başa çatmasından sonra Vayra Vike-Freyberqa genişmiqyaslı beynəlxalq mərasimlərdə çıxış etməyə dəvət olunub. O, Madrid Klubunun banisi, Xarici Əlaqələr üzrə Avropa Şurasının üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin HəmSədridir və bir neçə fondun fəxri hamisidir. 2008-ci ildə o, Tolerantlıq və Barışıq üzrə Avropa Komissiyasının üzvü oldu. 2008-ci ilin yaz semestrində o, Harvard Universitetinin, Con Kennedi Kollecinə Elmi Cəmiyyətin üzvü kimi dəvət olunmuşdu. O, həmçinin Avropa Tarix Müəllimləri Assosiasiyasının Məsləhət Şurasına təyin olundu.
O, Avropa Şurasının prezidentliyinə ilk qadın namizəd olub. Vika Lissabon Sazişi əsasında Federal Avropanın yaradılmasını arzuedilən hesab edir.[5]
Ailəsi və şəxsi həyatı
redaktəVike Monreal Universitetində kompüter texnologiyaları üzrə professor İmants Freiberqslə ailə qurub. Gözəl bir insan, maraqlı bir ziyalı və alimdir. O, Latviya Respublikası İnformasiya Texnologiyaları və Telekommunikasiya Assosiasiyasının prezidenti olub. Onlar Torontoda, Latviyalı Tələbələr Klubunda tanış olublar.
Onların iki övladı var – Karlis və İndra. Onlar dövlət və özəl təşkilatlara məsləhətlər təklif edən "VVF Konsaltinq" kompaniyasının əsasını qoyublar.
Oğlu Karlis Latviya Respublikasında yaşayır, qızı İndra Londonda işləyir.
Latviya Respublikasının sabiq prezidenti Vayra Vike-Freyberqa teleaparıcılıq karyerasına başlayıb. O, yerli televiziyada – 1-ci kanalda efirə çıxan "Biz varıq" proqramının aparıcısıdır. Proqram Latviyanın obrazına və özünüdərkinə, habelə, ölkənin Avropada və dünyadakı yerinə həsr olunub. Eks-prezident verilişin mövzusunu və həmsöhbətlərini özü seçir. Veriliş ayda bir dəfə, ilk həftənin şənbə günü efirə çıxır.
Qeyd edək ki, Vayra Vike-Freyberqa, prezidentlikdən getdikdən sonra Avropa Komissiyasının məsləhətçisi təyin olunub, həmçinin Avropa Birliyinin müstəqil ekspert qrupu olan "Müdriklər Şurası"nın rəhbərliyinə daxil edilib.
Medal və Ödülləri
redaktəVike-Freyberqa siyasi fikirlərinə görə Hanna Arendt (2005-ci il), Avropanın gələcəyi və milli özünüdərkin mənasını müəyyənləşdirdiyinə görə İmperator Otto mükafatı (2007), Azadlıq və Azad ticarəti təbliğ etdiyinə görə Hayek mükafatı (2009) və bir çox digər mükafatlara layiq görülmüşdür. O, 37 Əmək ordeni və 16 "Fəxri Doktor" adı alıb. Latviya Elmlər Akademiyasının, Kanada Kral Cəmiyyətinin və Belçika Kral Akademiyasının üzvüdür. Keçmiş prezidentin "kolleksiya"sında Almaniya, Yunanıstan, Norveç, Estoniya, Litva, Rumıniya, Fransa, Macarıstan, Finlandiya, Sloveniya, Bolqarıstan, Portuqaliya, Polşa, İtaliya, Slovakiya, İspaniya, Belçika, Ukrayna və digər bir neçə ölkənin yüksək dövlət orden və medalları var.
Prezident barədə 4 bioqrafiya çap olunub və 2008-ci ildə "Üçqat Günəş" adlı sənədli film çəkilib.
İstinadlar
redaktə- ↑ Vaira Vike-Freiberga // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Vaira Vike-Freiberga // Munzinger Personen (alm.).
- ↑ "Curriculum vitae of Vaira Vīķe-Freiberga (until 1999)". Chancery of the President of Latvia. 2007-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-09-06.
- ↑ "Latvian President named envoy to help promote Annan's reform agenda ahead of UN summit". UN News centre. 12 April 2005. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-09-04.
- ↑ Vaira Vīķe-Freiberga. "Focus on the big issues, not the bananas". The Times. 2009-11-21. 2009-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-21. (#apostrophe_markup)
Xarici keçidlər
redaktə- Website of Vaira Vīķe-Freiberga
- Vaira Vīķe-Freiberga on Official website of the Chancery of the President of Latvia Arxivləşdirilib 2011-07-16 at the Wayback Machine
- Cosmopolis interview with President Vike-Freiberga[ölü keçid]
- UNSG.org – Who will be the Next Secretary General?
- Covering the race for the next UN Secretary General
- UNSGselection.org – For a Democratic, Transparent and Effective Selection Process for the United Nations Secretary-General Arxivləşdirilib 2018-11-01 at the Wayback Machine
- Site in support of her candidature to head the European Council Arxivləşdirilib 2018-08-07 at the Wayback Machine