Tiyul - Wikipedia
Tiyul — orta əsrlərdə bəzi Şərq ölkələrində, o cümlədən Azərbaycanda, Türkiyədə, İranda və Orta Asiya ölkələrində mövcud olmuş torpaq sahibliyi. XVI-XIX əsrlərdə xüsusilə geniş yayılmışdır. Tiyul torpaqlarından toplanan məhsulun 1/5-1/10 hissəsi xəzinəyə ödənilirdi. Azərbaycan Rusiyanın müstəmləkəsinə çevrildikdən sonra, 1846-cı il fərmanı ilə tiyul torpaq sahibliyi irsi elan olunmuşdur.
Səfəvilər dövrü
redaktəSəfəvilər dövründə inzibati-bürokratik aparatın saxlanılması və mükafatlandırılması sistemi çox mürəkkəb idi və bir sıra tərkib hissələri əsasında yaranırdı. Əksər hallarda xidmət adamlarının məvacibinin ödənilməsi müəyyən yerdən vergilərin hamısını, yaxud bir hissəsini almaq üçün verilmiş xüsusi sənədlər (bərat, həvalə) vasitəsilə həyata keçirilirdi. Bu mükafatlandırma forması Səfəvilər dövlətində geniş tətbiq edilirdi və tiyul adlanırdı. XVI əsrin ikinci yarısından etibarən tiyulun iki növünü ayırmağa başladılar: "Tiyul"un özü və "həme sale" (yəni "hər il", "bütün ili"), İlya Petruşevskiyə görə, "həme sale" dövlət qulluqçusuna "bütün illər üçün", yəni onu əldə edən şəxs qulluqdan getmirsə, əməli olaraq ömürlük verilən "məvacib" idi. "Həme sale" "yek saledən", yəni "birillik məvacibdən" fərqlənirdi.