Salyan Doyusleri - Wikipedia
Salyan döyüşləri — daşnak-erməni silahlı birləşmələri tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqının köməyinə gəlmiş türk hərbi qüvvələrinin və Azərbaycan hərbi birləşmələrinin keçirdiyi döyüş əməliyyatlarından biri.[1]
Döyüşün əhəmiyyəti
redaktəStepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin əsasən erməni zabit və əsgərlərindən ibarət olan qoşunlarına qarşı 1918-ci il iyunun sonunda və iyulun ortalarında Salyan bölgəsində (Kür çayı boyunca və indiki Neftçala ətrafında) baş vermişdir.
Salyan ətrafında döyüşlərin aparılmasına hər iki tərəf mühüm diqqət yetirirdi. Çünki Muğanda bol taxıl ehtiyatları var idi. Digər tərəfdən Kür boyu ərazilərin nəzarət altında saxlanması ilə bolşevik-daşnak qüvvələrinin Yevlaxa qədər üzüb Yevlax körpüsünü partlatmaq təhlükəsinin qarşısını almaq olardı. Buna nail olmaq üçün Qafqaz İslam Ordusu komandanlığı konkret tədbirlərə əl atdı, çar ordusunda xidmət etmiş mayor Nazim Ramazanovun komandalığı altında Cavadda silahlı dəstə təşkil olunmasına yardım göstərildi. Dəstəyə 10-cu Qafqaz piyada alayının 28-ci taborundan bir bölük, 30-cu taborundan bir pulemyot tağımı və iki rus topu verildi. Azərbaycan süvarilərindən ibarət 140 nəfərlik bir dəstə də N. Ramazanovun tabeliyində idi.[1]
Döyüşün başlanması
redaktəİyunun 26-da Qarabucaq kəndində düşərgə salan bolşevik-daşnak qüvvələri səhərisi gün Kür çayının hər iki sahili boyunca irəliyə doğru hərəkətə başladı. Surra kəndi yaxınlığında N. Ramazanovun dəstəsinin mühafizə postlarında dayanmış azsaylı döyüşçülərlə düşmən qüvvələri arasında iki saata qədər davam edən döyüş baş verdi. Ancaq mühafizə qrupunun döyüşçüləri bolşevik-daşnak qüvvələrinin təzyiqinə davam gətirə bilməyərək geri çəkildi. Ertəsi gün saat 4-də Surra ilə Qarabucaq kəndləri arasında döyüşlər yenidən qızışdı. Düşmənin Kür çayındakı hərb gəmilərinin aramsız atəşləri türk-Azərbaycan qoşunlarını yenidən öz mövqelərindən geri çəkilməyə məcbur etdi. Bu qüvvələrin Ərəbqardaşbəyli kəndi yaxınlığında yeni mövqe tutub, bolşevik-daşnak qüvvələrinin qarşısını kəsmək cəhdi də bir nəticə vermədi. Burada döyüşən düşmən qüvvələrinin tərkibində əsasən rus və ermənilərdən ibarət 2 mindən çox piyada, 12 pulemyot və 6 top vardı. Düşmən qüvvələrinə dinc Azərbaycan əhalisinə divan tutmaqda "ad çıxarmış" daşnak cəlladı Ter-Avakimov başçılıq edirdi. Kür çayında üzən iki hərb gəmisi və bir nəqliyyat gəmisi də onlara yardım edirdi.[1]
1918-ci il iyulun 12–14-də Salyan ətrafında hərbi əməliyyatlar yenidən qızışdı və üç gün aramsız davam edən döyüş baş verdi. Qırmızı ordu qüvvələri Salyanı top atəşinə tutub güclü dağıntılar törətməklə bərabər, 3–4 dəfə Türk-Azərbaycan qüvvələrinin mövqelərinə hücuma keçdilər. Ancaq hər dəfə böyük itkilər verərək geri çəkildilər.[2]
Çox böyük üstünlüyə malik olmasına baxmayaraq, daşnak-bolşevik qüvvələri döyüşlərin 4-cü günü Salyandan geri çəkilməyə məcbur oldular. Geri çəkilən Qırmızı ordu hissələri Bankədə toplaşaraq yeni hücuma hazırlaşmağa başladılar. Türk-Azərbaycan qoşun birləşmələri və könüllü dəstələr ciddi hazırlıq gördükdən sonra iyulun sonlarında Bankə üzərinə hücuma keçdilər. Qırmızı ordu hissələri nə qədər cəhd göstərsələr bu hücumun qarşısını ala bilmədilər və ağır məğlubiyyətə uğradılar. Sağ qalan daşnak-erməni əsgər və zabitləri çoxlu hərbi ləvazimatı döyüş meydanında ataraq gəmilərlə Bakıya qaçdılar. Salyan bölgəsi düşməndən tamamilə azad olundu[2].
Nəticə
redaktəKür çayının mənsəbi bolşevik qüvvələrindən azad edildi. Sovet hərbi gəmilərinin Kür çayı ilə üzü yuxarı irəliləməsinin qarşısının alınması üçün onun mənsəbində bir neçə gəmi və barj batırıldı. Salyan dəstəsinin komandiri Kür çayının mənsəbində aparılmış döyüşlərin nəticəsi barədə 5-ci Qafqaz diviziyası komandanlığına göndərdiyi məlumatında yazırdı:
...Qovulan düşməndən dörd makinalı tüfəng, 63 piyada tüfəngi, 100 sandıq piyada və top mərmisi, 7 kiçik paroxod, bir miqdar benzin, duzlu balıq və sair əşya qənimət götürülmüş, biri erməni və digərləri iranlı olmaqla otuz bir kişi əsir edilmişdir. Dəstədən ikisi milis (Azərbaycanlı könüllü) olmaqla 11 əsgər şəhid, 1 zabit və 13 əsgər yaralanmışdır. |
Bu hərəkat və müharibədə 28-ci taburun 3-cü bölük komandiri, birinci mülazim Bəsri əfəndi və 26-cı taburun 1-ci bölük komandir vəkili Həmdi əfəndi fədakarlıq göstərdiklərindən təltif olunmaları istənilmişdir.[1]