Sefevi Xuzistani - Wikipedia
Səfəvi Xuzistanı və ya Xuzistan vilayəti — Səfəvi imperiyasının cənub-qərbində yerləşən və müasir Xuzistan ostanı ilə ərazi baxımından üst-üstə düşən inzibati vahidlərindən biri.
Bəylərbəyiliyi | |||
Səfəvi Xuzistanı | |||
---|---|---|---|
ولایت شیروان | |||
|
|||
|
|||
|
|||
Paytaxt | Huveyzə | ||
Rəsmi dilləri |
Fars dili Ərəb dili |
Adı
redaktəBölgənin qədim adı "Xuz torpağı" mənasına gələn Xuzistan sözüdür. Bu söz bölgədə eradan əvvəl III minillikdən məskunlaşan və eradan əvvək 539-cu ildə əhəmənilərin gəlişinə qədər mövcud olmuş qədim Elam dövlətindən gəlmişdir.[1][2] Səfəvi imperiyasının Osmanlı imperiyasının təsirini azaltmaq üçün şiə ərəb tayfalarını bölgəyə dəvət etməsindən sonra regionun qərb hissəsi Ərəbistan olaraq bilinməyə başladı.[1] İranşünas Rudi Mattheyə görə, Şah I Abbasın (1587-1629) hakimiyyəti dövründə ad dəyişikliyi baş vermişdir.[3][a] Digər vilayət adları olan Kürdistan, Luristan kimi Ərəbistan sözü də milli mənaya malik deyildi.[1]
Bir qədər sonra bütün Xuzistan vilayəti Ərəbistan olaraq bilinməyə başladı. Bu dəyişikliyin nə zaman baş verdiyi bəlli deyildi. Rudi Mattheeyə görə, ilk dəfə Əfşarlı hökmdarı Nadir şahın (1736-1747) hakimiyyəti dövründə bu baş vermişdir.[7] İranşünas Hüşəng Çehabi bunun XVIII əsrin ikinci yarısında baş verdiyini bildirir.[1] Bir digər iranşünas Rocer Seyvori isə bu dəyişikliyin daha sonrakı dövrdə - XIX əsrdə meydana çıxdığını düşünür.[8]
Coğrafiya
redaktəDüz çöllərə malik əraziləri və isti havası olan Xuzistan müasir zamanlara qədər çox da bilinən bir yer deyildi.[9] Onun imperiyanın yerdə qalan hissəsi ilə pis yollar və dil fərqliliklərinə görə əlaqəsi zəif olmuşdur.[10] Xuzistanın əsl vacibliyi onun kənd təsərrüfatı potensialına görə yox, kommersiya poensialına görə idi. Çünki şəhər Osmanlı ticarət limanı olan Bəsrənin yaxınlığında yerləşirdi. Bu bölgə Osmanlılara İran körfəzinə giriş verməklə birlikdə, İraq və Suriya vasitəsilə Hind okeanı ilə Bərəkətli Hilal arasında ticarət üçün bir antrepôt kimi xidmət etdi.[11]
Tarixi
redaktəSəfəvilərdən əvvəl vilayət ərəb müşəşəilər tayfasının hakimiyyəti altında idi və onlar Huveyzəni özlərinin paytaxtı kimi istifadə edirdilər.[12][13] Onlar əvvəlcə fəaliyyətə tayfa konfederasiyası kimi başlasalar da, bir müddət sonra qüdrətli şiə-ismaili sülaləsinə əsaslanan hakimiyyət qurmağı bacarmışdılar.[11]
1508-ci ildə bundan əvvəl özünü yeganə legitim şiə hökmdarı elan edən I İsmayıl Xuzistanda Müşəşəilərin hakimiyyətinə son qoydu. Müşəşəilər 1500-ci ildə öz hökmdarları Seyid Mohsenin ölümündən sonra zəifləmişdilər və buna görə də, 1508-ci ildə çox da müqavimət göstərə bilmədilər. Onun oğlanları Əli və Əyyub I İsmayılla danışıqlara cəhd etsələr də, şah tərəfindən edam edildilər. Müşəşəilərin bir çox muxtariyyəti sonda onların rəhbəri Seyid Fəyyaz və dəstəkçilərinin Huveyzədə qətlə yetirilmələri ilə sonlandırıldı. İranşünas Əhməd Kəsrəvi iddia edir ki, Seyid Fəyyaz əslində Seyid Mohsenin titullarından biridir. Hər bir halda, Seyid ibn Seyid Mohsen tezliklə Huveyzədə yenidən Müşəşəilər hakimiyyətini bərpa etdi. Yarı-müstəqil olan bu hakim I İsmayılı özünün ali hakimi kimi tanıdı.[4]
Səfəvilər Müşəşəilərə öz hakimiyyətlərini Xuzistanın qərbində, yəni Ərəbistan adlandırılan yerlərdə davam etdirmələrinə icazə verdilər. Karun çayının qərbində yerləşən bu ərazilərdə bölgənin paytaxtı Huveyzə şəhəri də yerləşməkdə idi.Bunun qarşılığında onlar Səfəvi şahına vergi verməklə birlikdə, öz xoş münasibətlərini sübut etmək üçün şah sarayına girovlar da göndərməli idilər. Səfəvi sarayında böyüyən bu girovlar bəzən yaxşı vəzifələrə yüksələ bilirdilər. Buna misal olaraq, Seyid Nasiri göstərmək olar. O, Səfəvilərin baş vəziri Hatəm bəy Ordubadi ilə dost olmuş və Reyin hakimi vəzifəsinə qədər yüksəlməyi bacarmışdı.[10] Bu zaman Dezful Ranaşı şeyxlərinin, Şuştər isə yerli hakimin hakimiyyəti altında qalmışdı.[4]
Əhvazın Səfəvi hakimləri salnamələrdə ilk dəfə XVII əsrin II yarısında ortaya çıxır. Bu onu göstərir ki, Ərəbistanın bu hissəsi artıq Müşəşəilərin birbaşa hakimiyyəti altından bu zamana qədər çıxmışdır. Həmçinin bu dönəm ərzində Huveyzənin Müşəşəi hakimindən mənbələrdə vali-ye Ərəbistan deyə bəhs edilir. Halbuki XVI və XVII əsrin əvvəllərində bu vəzifədən daha çox hakim və ya vali-ye Huveyzə deyə bəhs edilirdi.{sfn|Floor|2008|p=143}} Müəyyən müddətə Ərəbistan Fars bəylərbəyiliyinin hakimiyyəti altında oldu. 1632-ci ildə Farsın xassə torpaqlarına keçirilməsindən sonra, Ərəbistan, Şuştər və Dezful hərbi ehtiyyaclar baxımından Kuhgiluyə bəylərbəyiliyinin inzibati hakimliyinə verildi.[10]
Huveyzə hakimləri muxtar idilər və XVI əsrin çox hissəsi boyunca Xuzistan və cənubi İraq siyasətində Səfəvilərin özlərindən daha çox iştirak edirdilər. Onların cənubi İraq siyasətinə qarışmaları nəticədə Osmanlı ilə münaqişəyə girmələrinə səbəb oldu ki, buna cavab olaraq Osmanlı ordusu 1570-ci illərdə Ərəbistanı qısamüddətli ələ keçirdi. Lakin sonda ordularını geri çəkdi. Bu ildən sonra vali Seyid Mübarək öz antiosmanlı fəaliyyətini artırdı və Səfəvilərin qızılbaşlar arasında münaqişələrlə məşğul olduğundan istifadə edərək öz muxtariyyətini də artırmağa çalışdı. Lakin bir müddət sonra hakimiyyətə gələn I Abbas bunu qəbul etmədi və hərbi vasitələrdən istifadə edərək Seyid Mübarəki öz nəzarəti altında saxlamağı bacardı.[10] 1624-cü ildə Müşəşəilərin bir neçəsi bir müddətlik Dovraqı da idarə etmişdir.[14]
Seyid Mansur Huveyzənin Səfəvi hakimiyyəti ilə mübarizə aparan son valisi oldu. O, 1620-ci ildə I Şah Abbasın birbaşa əmrlərini yerinə yetirməkdən imtina etdi və nəticədə vəzifədən uzaqlaşdırıldı. 1650-ci ildə Seyid Əli xan ibn Movla Huveyzənin yeni valisi təyin edildi. Onun ərəb tayfalarını idarə etməkdə uğursuzluqla üzləşməsi üsyanla nəticələndi və bu üsyan Luristan bəylərbəyi Mənüçöhr xan tərəfindən yatırıldı. Mənüçöhr xan üsyanı yatırdıqdan sonra vilayətin hakimliyini də öz üzərinə götürdü və Seyid Əli xan və oğlanları İsfahana getdilər. Bundan sonra Ərəbistanın kim tərəfindən idarə edildiyi naməlumdur. Mənüçöhr xanın Huveyzəni iki il müddətində idarə etdiyi, ondan sonra oradakı qalanın Məhəmməd Mömin bəy adlı bir sərkərdə tərəfindən idarə edildiyi bəllidir. Məhəmməd Mömin bəy 1655-ci ildə Səfiqulu bəy və ya daha çox tanındığı digər adı ilə desək Taniya bəy ilə əvəz edildi.[15] Bu dövr ərzində Şuştər gürcü əsilli qulam olan Vaxuşti xan tərəfindən idarə edilirdi.[4]
1663-cü ildə Seyid Əli xan ibn Movla Kuhkuliyə bəylərbəyisi Zaman xanın təsiri ilə yenidən Huveyzənin valisi təyin edildi.[16] Seyid Əli xanın 1681 və ya 1687-ci ildə ölümündən sonra onu bu vəzifədə əvəz etmək uğrunda qardaşı Abdulla ilə oğlanları arasında mübarizə başladı. Bölgədə nizam-intizam 1687-ci ildə Fərəcullah xanın yeni vali təyin olunması ilə bərpa edildi.[15]
1736-cı ildə Səfəvi imperiyasının hakimiyyəti Əfşar sülaləsinin hakimiyyəti ilə əvəz edildi. Bu sülalənin hakimiyyətini türk Əfşar tayfasından olan Nadir şah qurdu.[17][18]
İnzibati sistem
redaktəSəfəvi hakimiyyəti altında Ərəbistan vilayət və ya muxtariyyətə malik bölgə idi. Digər vilayətlər olan Luristan, Gürcüstan, Kürdüstan və Bəxtiyari bölgəsi ilə müqaysədə Ərəbistan yüksək səlahiyyətli vilayət idi.[19] İdarə edən valilərin şah tərəfindən seçilməsinə baxmayaraq, onlar irsi formada idarə edirdilər.[20] Valilər rəsmən şaha sədaqətlərini göstərir və Sikkələri öz adları ilə zərb etdirirdilər.[21] Vəlilərin Ərəbistan işlərinə nəzarət edən Səfəvi vəzirindən kömək istəmək hüququ var idi.[22]
Əhali
redaktəXVI əsrdən etibarən Xuzistan tədricən ərəbləşməyə başladı, çünki Mesopotamiyadan Banu Kab kimi ərəbdilli tayfaların bölgəyə axını davam etməkdə idi.[11] Xuzistan əhalisi qarışıq idi və əsasən ərəb tayfaları tərəfindən məskunlaşdırılmışdı. Lakin burada Lurlar və Əfşarlar da yaşamaqda idi.[23] Huveyzə və ətrafında demək olar ki, yalnız ərəblər yaşamaqda idi, onlar Karun və Əhvaz bölgələrində də əksəriyyəti təşkil etməkdə idilər.[24] Əfşarlar bu bölgədə son Səlcuqlu dönəmindən (1037-1194) məskunlaşmışdılar. Onların yaşadığı ərazilər Huveyzənin şərqindən başlamaqla Dovraqa qədər böyük ərazini əhatə etməkdə idi. Dovraq isə onların əsas mərkəzi hesab edilirdi.[25] Müşəşəilərlə əlaqələrini məhdudlaşdıran əfşarların ərəblərlə qeyri-dost münasibətləri var idi.[26] Müşəşəilər Huveyzə də yaşamaqda idilər.[11]
Huveyzə və Kaxa ətraflarında erkən Səfəvi hakimiyyəti dövründən məskunlaşmağa başlayan Banu Kab tayfası I Təhmasibin (1524-1576) ölümündən sonra Əfşarları öz torpaqlarından qovdular. Şah I Abbasın (1587-1629) hakimiyyəti dövründə isə Banu Kab tayfası Səfəvilərin Fars bəylərbəyisi İmamqulu xanın komandanlığı altında qızılbaş ordusu tərəfindən Əfşar torpaqlarından qovuldu. Bu torpaqlar yenidən Əfşarlara geri verildi.[25]
Qeydlər
redaktə- ↑ Digər müasir tarixçilər, məsələn, P. Luft və E.J. van Donzel bu dövrdə Ərəbistanın yalnız Xuzistanın qərb hissəsi üçün istifadə edildiyini hesab edirlər.[4][5] İranşünas Villem Floor həm Ərəbistanı, həm də Xuzistanı ayrı-ayrılıqda Səfəvi səltənətinin yurisdiksiyalarına daxil edir.[6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Chehabi, 2012. səh. 209
- ↑ Jalalipour, 2015. səh. 6
- ↑ Matthee, 2003. səh. 267 (see also note 2)
- ↑ 1 2 3 4 Luft, 1993. səh. 673
- ↑ van Donzel, 2022. səh. 212
- ↑ Floor, 2021. səh. 218
- ↑ Matthee, 2003. səh. 267 (see note 2)
- ↑ Savory, 1986. səh. 81
- ↑ Matthee, 2015. səh. 449–450
- ↑ 1 2 3 4 Floor, 2008. səh. 143
- ↑ 1 2 3 4 Matthee, 2015. səh. 450
- ↑ Floor, 2008. səh. 142–143
- ↑ Luft, 1993. səh. 672
- ↑ Floor, 2008. səh. 143–144
- ↑ 1 2 Floor, 2008. səh. 144
- ↑ Floor, 2008. səh. 144, 146
- ↑ Perry, 1984. səh. 587–589
- ↑ Tucker, 2006
- ↑ Matthee, 2011. səh. 143. Vilayətin mənası üçün bax: s. 141
- ↑ Matthee, 2011. səh. 143–144
- ↑ Matthee, 2011. səh. 144
- ↑ Sanikidze, 2021. səh. 389
- ↑ Manz, 2021. səh. 183
- ↑ Soucek, 1984. səh. 204
- ↑ 1 2 Bulookbashi, Negahban, 2008
- ↑ Floor, 2006. səh. 279
Mənbə
redaktə- Willem Floor. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publisher. 2008. ISBN 978-1933823232.
- Rudi Matthee. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. London: I.B.Tauris. 2012. ISBN 978-1-84511-745-0.
- Rudi Matthee. "The Safavid Mint of Huwayza: The Numismatic Evidence". In Newman, Andrew J. (ed.). Society and Culture in the Early Modern Middle East: Studies on Iran in the Safavid Period. Brill. 2003. 265–294.
- Rudi Matthee. Relations between the Center and the Periphery in Safavid Iran: The Western Borderlands v. the Eastern Frontier Zone. The Historian. 77 (3). 2015.
- Ali A. Bulookbashi; Farzin Negahban. Afshār. In Madelung, Wilferd; Daftary, Farhad (eds.). Encyclopaedia Islamica Online. Brill Online. 2008.
- H. E. Chehabi. Iran and Iraq: Intersocietal Linkages and Secular Nationalisms. In Amanat, Abbas; Vejdani, Farzin (eds.). Iran Facing Others: Identity Boundaries in a Historical Perspective. Palgrave Macmillan. 2012. 193–220. ISBN 978-1137013408.
- Willem Floor. The Rise and Fall of the Banū Kaʿb. A Borderer State in Southern Khuzestan. Journal of the British Institute of Persian Studies. 44 (1). 2006. 277–315.
- Willem Floor. The Safavid court and government. In Matthee, Rudi (ed.). The Safavid World. Routledge. 2021. 203–224.
- Saeid Jalalipour. The Arab Conquest of Persia: The Khūzistān Province before and after the Muslims Triumph (PDF). 2015.
- P. Luft. Mus̲h̲aʿs̲h̲a. 7. Leiden: In Bosworth, C. E.; van Donzel, E.; Heinrichs, W. P. & Pellat, Ch. (eds.). The Encyclopaedia of Islam, New Edition - E. J. Brill. 2013. 672–675. ISBN 978-90-04-09419-2.
- Beatrice Forbes Manz. Nomads in the Middle East. Cambridge: Cambridge University Press. 2021. ISBN 9781009213387.
- J. R. Perry. Afsharids. 6. Encyclopædia Iranica - Afghanistan–Ahriman. London and New York: Routledge & Kegan Paul. 1984. 587–589. ISBN 978-0-71009-095-9.
- George Sanikidze. The Evolution of the Safavid Policy towards Eastern Georgia. 10. In Melville, Charles (ed.). Safavid Persia in the Age of Empires: The Idea of Iran - I.B. Tauris. 2021. 375–404.
- R.M Savory. K̲h̲ūzistān. 5. Leiden: In Bosworth, C. E.; van Donzel, E.; Lewis, B. & Pellat, Ch. (eds.). The Encyclopaedia of Islam, New Edition - E. J. Brill. 1986. 80–81. ISBN 978-90-04-07819-2.
- Svat Soucek. Arabistan or Khuzistan. Iranian Studies. 17 (2–3). 1984. 195–213.
- Ernest Tucker(2006). "Nāder Shah". Encyclopaedia Iranica. Nāder Shah. Encyclopaedia Iranica. 2006.
- E.J. van Donzel. Islamic Desk Reference: Compiled from The Encyclopaedia of Islam. Brill. 2022. ISBN 978-9004097384.