Sefevi Osmanli Munasibetleri - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Səfəvi–Osmanlı münasibətləri — Səfəvi və Osmanlı dövlətləri arasında olan münasibətləri.
Münaqişələr
redaktəQərbi Avropa dövlətlərinin səyi və qızışdırıcı siyasəti nəticəsində fasilərlə 100 il Səfəvi – Osmanlı müharibələri baş vermiş, bu müharibələrdə iki qüdrətli müsəlman dövləti xeyli zəifləmişdir.
Hərbi əməliyyatlar 1514–1555, 1578–1590, 1603–1612, 1616–1618, 1623–1639, 1723–1727, 1730–1732, 1733–1736-cı illərdə getmiş və Amasiya (29 may 1555), İstanbul (21 mart 1590), İstanbul (20 noyabr 1612), Sərab (26 sentyabr 1618), Qəsri-Şirin (17 may 1639), Həmədan (4 oktyabr 1727), Kirmanşah (16 yanvar 1732), İstanbul (17 oktyabr 1736) müqavilələri ilə başa çatmışdır.
Səfəvilərlə Osmanlılar arasında 1730–1736-cı illərdə baş vermiş müharibə zamanı Cənubi Qafqaz ərazisi 1732-ci il Kirmanşah sazişinə görə Osmanlıların əlinə keçmiş, lakin 1736-cı ildə yenə də İstanbulda bağlanmış sazişlə İrana geri qaytarılmışdır. 1743-cü ildə İranla Türkiyə arasında yenidən müharibə başlamışdır. 1770-ci illərdə yenidən davam etmişdir. Araşdırmalar göstərir ki, osmanlıların hücumlarından ehtiyat edən Səfəvi hökmdarları dövlətin paytaxtını 1555-ci ildə Təbrizdən Qəzvinə, 1598-ci ildə isə İranın daxilində yerləşən İsfahana köçürməyə məcbur olsalar da, sarayda, orduda, ümumiyyətlə, dövlətdə Azərbaycan türkcəsi kifayət qədər işlək bir dil olub. 1684–1685-ci illərdə Səfəvilər dövlətində olmuş alman səyyahı Engelbert Kempfer türk dilinin Səfəvilər sarayında rəsmi dil olması haqqında məlumat verib. Digər Avropa səyyahlarından Rafael dü Man XVII əsrdə Azərbaycan türkcəsinin yalnız İranda deyil, Gürcüstan və Rusiyada da ticarətdə mühüm bir vasitə olduğunu söyləyib, A. Olearı bu dövrdə ölkədə türkcənin ümumi bir dil olduğunu və yalnız türklərin deyil, farsların, ermənilərin, gürcülərin də aralarında bu dildə danışdıqlarını bildirib. Görkəmli Azərbaycan alimi Turxan Gəncəyi Avropa səyyahlarının — Petra della Valle, Adam Oleari, Şevalye Jan Şardən, Sanson, Rafael dü Man və Engelbert Kempferin əsərlərini, Şah Səfinin Avstriya — Macarıstan imperatoru II Ferdinanda və Şah Sultan Hüseynin Saksoniya hersoqu və Polşa kralı Avqusta məktubunu nümunə gətirərək Azərbaycan türkcəsinin İsfahandakı Səfəvi sarayında yüksək mövqeyə malik olduğunu sübut edir. Alim 1636-cı ilin noyabrından 1638-ci ilin fevralına qədər Səfəvilər dövlətində yaşamış alman səfiri Adam Olearinin belə bir məlumatından sitat gətirir: "Türk dili İsfahanda o qədər əhəmiyyətə malikdir ki, orada çox nadir hallarda farsca bir söz eşidirsən".
1684-cü ildə İsveç səfirinin başçılıq etdiyi İrana gələn heyətin katibi və həkimi olan Engelbert Kempferin yazdıqları isə həmin dövrdə sarayda yuxarı təbəqənin nümayəndələri arasında fars dilinin üstünlük təşkil etməsi barədə fikirləri tamamilə alt-üst edir: "Sarayda işlənən türk dili daha çox hakim sülalənin ana dilidir, bu dil saray vasitəsilə əyan-əşraf ailələrində elə geniş yayılmışdır ki, indi imtiyazlı təbəqədən olan hər hansı şəxsin onu bilməməsi utanc gətirən bir haldır". Anadilli ədəbiyyatın inkişafına müsbət təsir edən amillərdən biri də şərqdə, Orta Asiyada cığatay türkcəsində ədəbiyyatın, Əlişir Nəvai məktəbinin, qərbdə Osmanlı dövlətində yerli türkcədə osmanlı ədəbiyyatının tərəqqi etməsi idi. Bu dövrdə sənətkarlarımızın əsərlərində cığatay və osmanlı dillərinin təsiri adi bir haldır. Ana dilindəki divanının dibaçəsində üç böyük türk dövlətinin ərazisində inkişaf edən türk dilləri (bu dövrdə hind-türk dövləti-Moğollar imperatorluğunda hakim mövqe fars dilinə məxsus idi) arasındakı fərqləri qeyd edən böyük Füzuli öz dilini türkcə kimi təqdim etmiş, osmanlı şairlərini "büləğayi-Rum", Orta Asiya sənətkarlarını isə "füsəhayi-tatar" adlandırmışdır.
Səfəvilər dövrü Azərbaycan şairləri arasında digər türk dillərində yaradılan ədəbiyyata, xüsusilə cığatay və osmanlı poeziyasına böyük maraq vardı. Bu dövrdə Sadiqi və Əmani kimi şairlərimizin Nəvai təsiri ilə cığatayca şeir yazmaları (Sadiqi "Məcməül-xəvas" təzkirəsini cığatayca yazmışdır), poeziyada cığatay dili elementlərindən istifadənin bir dəbə çevrilməsi məlum faktdır. Bir sıra şairlərimizin osmanlı ədəbiyyatına böyük hörmətlə yaraşdıqlarını, şeirlərində osmanlı dil elementlərini işlətdiklərini görürük. Qeyd edək ki, həmin dövrdə istər Orta Asiyanın, istərsə də Osmanlı dövlətinin ədəbi mühitində Nizami Gəncəvi, Nəsimi, Füzuli, Saib Təbriz kimi Azərbaycan şairlərinin böyük nüfuzu vardı.
Dövrün ədəbiyyatının diqqətəlayiq cəhətlərindən biri də hökmdarların, yüksəkvəzifəli şəxslərin şeir yazmasından ibarət idi. Şah İsmayıl Xətaidən sonra Səfəvilər dövlətində ən yüksək təbəqəyə mənsub olan şəxslərin, şah, şahzadə, vəzir və sərkərdələrin ana dilində istər klassik, istərsə də şifahi xalq ədəbiyyatı formalarında şeir yazmaları geniş yayılmışdı. Şah İsmayıl Xətainin nəvəsi İbrahim Mirzə Cahinin varsağılarını, I Şah Abbasın türkcə qəzəl, rübai və qoşmasını, II Şah Abbasın qoşmasını, Yəzd əmiri olmuş, sərkərdə Məhəmməd Əmaninin klassik üslubda şeirlərini, qoşma gərayıl və bayatılarını, saray kitabxanasının kitabdarı Sadiq bəy Sadiqi Əfşarın, Səfəvi hökmdarının baş vəziri olmuş Vəhid Qəzvininin, Şeyx Səfiəddin türbəsinin mütəvəlisi və Ərdəbil vəziri Mürtəzaqulu xan Şamlunun, Məşhəd valisi, Herat bəylərbəyi Səfiqulu bəy Səfinin, Qum valisi Mürtəzaqulu Sultan Şamlunun, şeyxülislamlar — Mövci Əhəri, Mirzə Saleh Təbrizi və başqalarının ana dilində yazdıqları əsərlərini dediklərimizə nümunə gətirə bilərik. Həmin dövrdə Osmanlı Türkiyəsində də yüksək məqam sahibi olan müxtəlif şəxslər fəal surətdə türkcədə yazıb-yaradırdılar.
Türkcə yazıb-yaradan "Mühibbi" təxəllüslü I Sultan Süleyman Qanuni (1520–1566), "Səlimi" təxəllüslü II Səlim (1566–1574), "Bəxti" təxəllüslü I Əhməd (1603–1617), "Farsi" təxəllüslü II Osman (1618–1623), IV Muradın (1623–1640) adını çəkmək olar. IV Muradın qadını Əfifə Sultan aşıq şeiri tərzində əsərlər müəllifidir.
Yüksək dini vəzifələrə sahib olmuş Şeyxülislam Yəhya (1561–1644) və Şeyxülislam Bəhayi (1601–1653) də türkcə divan ədəbiyyatını inkişaf etdirmişlər.
Səfəvi hökmdarlarından Şah İsmayıl Xətainin böyük oğlu, 53 il hakimiyyətdə olmuş I Şah Təhmasibin (1524–1576) "Adil" təxəllüsü ilə farsca şeirlər yazdığı barədə məlumatımız vardır. Sadiq bəy Sadiqi Əfşar (1533–1610) özünün "Məcməül-xəvas" təzkirəsində onun şairlik və rəssamlıq istedadı barədə yazır: "Fitri istedadı elə bir səviyyədə idi ki, ruh oxşayan sözləri başdan-başa lətif və zərif idi. İstəsəydi, bütün ömrü boyu gözəl şeirlər deyərdi… Bədahətən deyilmiş beytləri çoxdur. Rəssamlıq fənnində elə mahir idi ki, kitabxanada çalışan çox görkəmli ustadların yaratdıqları əsərləri o padşah görməsəydi, həmin işlər tamamlanmazdı". Məhəmmədəli Tərbiyət onun həm də süls, nəsx və nəstəliq xətlərini yaxşı yazan xəttat olduğunu bildirir. Şah Təhmasibin yaşadığı dövrün hadisələrini səmimi bir şəkildə təsvir etdiyi təzkirəsi onun ədəbi zövqünü öyrənmək baxımından da maraqlıdır. Təhmasib burada Nizami, Sədi və Hafizin əsərlərindən, o cümlədən, öz şeirlərindən nümunələr vermişdir. Əmir Teymurun nəvəsi, Baburilər dövlətinin banisi Babur şahın "Baburnamə"si ilə bərabər "Şah Təhmasibin təzkirəsi" orta əsərlər memuar ədəbiyyatının əvəzsiz nümunələrindəndir. Qeyd edək ki, burada yeri gəldikcə Təhmasibin bədahətən ana dilində dediyi beytlərini də görürük. Atası I Sultan Süleymana itaətsizlik göstərərək Səfəvilər sarayına mühacirət etmiş şahzadə Bayəzidin hökmdarlığa layiq olmadığını o, şeirlə belə ifadə etmişdir:
Həvayi kimsə sultanlıq başarmaz, Nə sultanlıq ki, çobanlıq başarmaz.
I Sultan Süleymanın Səfəvilər dövlətinə, Azərbaycana 1534, 1535, 1548, 1554-cü illərdə dörd dəfə yürüş etməsinə, bu yürüşlərin ölkəyə xeyli ziyan vurmasına baxmayaraq, təzkirəsindən gördüyümüz kimi, Şah Təhmasib həmişə qardaş ölkənin hökmdarı — Osmanlı imperatoruna hörmətlə yanaşmış, onu "Xandigar həzrətləri" adlandırmışdır. O, imperatorun övladlarının ataları həyatda ikən taxt-tac uğrunda savaşmalarına mənfi münasibətini belə bildirmişdir: "Rum vilayətlərindən gələnlərdən hər kəs ki, gəlirdi, deyirdilər, Sultan (şahzadə — red.) Bəyazid Amasyada dayanaraq qoşun toplayır ki, qardaşı Sultan (şahzadə — red.) Səlimlə müharibə etsin.
Mən dedim:
— Onların nə haqqı var ki, Xandiğar həzrətləri sağ və salamat taxt və taca sahib olduğu halda, bir-birləri ilə müharibə etsinlər".
İkinci Səfəvi hökmdarı təzkirəsində iki qardaş ölkə — osmanlılarla səfəvilər arasında müharibələrin qəti əleyhdarı olduğunu bildirir. Sultan Süleymanın müharibə elanı kimi səslənən, onu meydanda açıq savaşa dəvət edən məktubuna Təhmasibin belə bir cavab yazdığını görürük: "Həzrəti Xandigardan böyük və qüvvətli bir kəs vardır ki, mən onun sözünə əməl edirəm. Allah-təala Quranında buyurur ki, özünüzü öz əllərinizlə fəlakətə salmayın, yəni kafirlərə qarşı müqəddəs müharibədə özünüzü xətərə salmayın. Bu halda ki, Allah bizə kafirlər ilə müharibələrdə təhlükəyə düşməyi qadağan edir, nə üçün mən müsəlmanlar ilə müharibə edərək özümü təhlükəyə salım?! Həmçinin, Allah Quranında buyurubdur ki, əgər kafirlərin qoşunu müsəlmanların qoşunundan iki dəfə artıq olsa, müsəlmanlar müharıbə etməməlidirlər. Təxmini hesablamaya görə, rəqibin qoşununun sayı bizim qoşundan on dəfə çox və bəlkə də daha artıq olduğu halda nə üçün Allahın əmrinin ziddinə olaraq müharibəyə başlayıb özümüzü od-alov içinə atmalıyıq". Ataları Şah İsmayıl Xətai və Sultan Səlimin qoşunları arasında 1514-cü ildə baş vermiş Çaldıran döyüşünü, bu qardaş qırğınını "ağılsız iş" adlandıran Şah Təhmasib yazır: "Mənim atam ilə sizin atanızın müharibə etməsinə gəldikdə, demək lazımdır ki, onlar çox ağılsız iş görmüşlər. Çünki Durmuş xan, başqa əmirlər, bütün qoşun sərxoş idilər. Onlar gecəni səhərə kimi çaxır içmiş, səhər tezdən vuruşmaya başlamışdılar. O vaxtdan indiyə kimi Çaldıran vuruşmasından söhbət düşəndə mən həmişə Durmuş xana lənət yağdırıram ki, Şah İsmayılı o şəkildə müharibəyə sövq etdi. Lakin mən Allahın əmrinin ziddinə hərəkət edən adam deyiləm. Divanə və ya məst adamlar sərfəsiz müharibələrə əl atarlar".
Təzkirəsində Şah Təhmasib I Sultan Süleymanın Səfəvilər dövlətinə 1534-cü ildəki uğursuz yürüşündən də bəhs etmişdir. O deyir ki, Osmanlı sultanı bütün qoşunları ilə Avropaya yürüş edərkən mənə dedilər ki, maneəsiz olaraq rəqib dövlətin paytaxtına qədər hücum edə bilərik. Mən razı olmadım ki, müsəlman dövlətinin başçısı kafirlərlə savaşda olduğu halda başqa bir müsəlman dövlətinin başçısının ona arxadan hücum etməsi doğru hərəkət olmaz. Ancaq mən qoşunlarımla şərqdə, Heratda döyüşərkən öyrəndim ki, I Sultan Süleyman bundan xəbər tutub arxadan ölkəmizə hücum etmişdir. Belə bir vəziyyətdə geri qayıdan hökmdarın Allahın əmrinə sığınmasına dair bədahətən dediyi Azərbaycan türkcəsindəki belə bir beyt təzkirəyə salınmışdır:
Ki, Həqdir cahanda mədədkar olan, Qulu na yaman gündə qəmxar olan.
Bundan sonra göstərilir ki, gözlənilmədən hava şəraiti çətinləşir, qar yağır, çovğun olur, Osmanlı əsgərləri qar içində batıb qalırlar, itkilər verərək geri çəkilməyə məcbur olurlar. Geri çəkilənlər arasında Təhmasibə xəyanət etmiş keçmiş Səfəvi sərkərdəsi Ülamə xan da vardı. Səfəvi şahı təzkirəsində bildirir ki, o, öz qoşunları üçün yaranmış belə bir əlverişli şəraitdə belə I Sultan Süleymana zərbə endirib onu məhv etmək fikrinə düşmür: "Qızılbaş əmirləri yığışıb mənim yanıma gəldilər ki, Xandigarın ardınca gedək və onu əzib talayaq.
Dedim:
— Mənim Xandigarla işim yoxdur, mənim işim Ülamə ilədir. Bütün baş verən fitnə və qalmaqalın səbəbi o olmuşdur. Bunların intiqamını ondan almaq lazımdır. Çünki onun həm Xandigara və həm də bizə böyük ziyanı dəyibdir".
Ankara Milli Ktabxanasından aşkar etdiyimiz I Şah Təhmasibin qəzəli və I Sultan Süleymanın ona nəzirə şəklində, qəzəl formasında cavabı məhz haqqında danışılan bu tarixi hadisəyə aiddir. Səfəvi padşahının beş beytlik qəzəli "Qofteye-Şah Təhmas" ("Şah Təhmasibin sözü"), Osmanlı Sultanının beş beytlik cavab qəzəli isə "Nəzrireye — Sultan Süleyman xan" ("Sultan Süleyman xanın nəzirəsi") başlığı altında getmişdir. Bu müşairənin əlyazmaları Ankara Milli Kitabxanasının Əlyazma Kolleksiyalarında 06 Mil Yz 1701 (v.13a), 06 Mil. Yz 1826 /1 (v.197a), 06 Mil. Yz.3291 (v.50a-50b) nömrələri altında saxlanır. Bəzi kiçik nüsxə fərqləri nəzərə çarpmaqdadır. Şah Təhmasib şeirində, baş vermiş hadisəni qələbəsi kimi qələmə verir, bütün bunları Səfəvilərin müqəddəs nəslə mənsub olduqları ilə izah edir:
Şahi-Mərdan dövlətində geydügim narincidür. Nara qarşu varmazam, zira bəni nar incidür.
Xan Süleyman gəldi kim, bizdən vilayət istəyə, Biz anı yola qoduq, yollar anı zar incidür.
I Şah Süleymanın cavabı eyni vəzn və rədifdə olduğu üçün onu nəzirə adlandırmaq olar. Qəzəl cavab olaraq yazıldığı üçün bu iki əsər birlikdə müşairə hesab edilməlidir. Osmanlı padşahı cavabında özünü dənizlərin və qitələrin hökmdarı adlandırır, heç bir qüvvənin ona qarşı dura bilməyəcəyini deyir. Məlum olduğu kimi, Sultan Süleyman türkcə iri həcmli divan müəllifidir (2799 qəzəl). I Şah Təhmasibin isə məlum anadilli şeirləri çox azdır. Lakin onun da yeni şeirlərinin ortaya çıxmaq ehtimalının olduğunu bildirmək istərdik. Məsələn, XIX əsrdə yaşamış osmanlı şairəsi Şərəf xanım ər-Ruminin beş bəndlik təsdisinin hər bəndində Təhmasibin beyti təkrar olaraq verilmişdir. Təsdis janrında müəllif başqa bir şairin beytinə — mətləsinə dörd beyt əlavə edir, hər bənd altı misradan ibarət olur:
Heç olmazmı, Şərəf, hali-dili-zarım təbah, Bir əsər gördüm fəraqi-yar ilə eylərkən ah, Eylədim məfhumuna, məzmununa sərfi-nikah, San bənimçün söyləmiş bu mətləyi Təhmas şah: "Gərçi sən getdin, həbibim, getmədi dildən qəmin, Ey vəfasız dilbərim, səndən vəfalıymış qəmin.
Qeyd etmək istərdik ki, haqqında danışdığımız müşairədə ədəb — ərkandan kənar ifadələrə yol verilməmiş, tərəflər qarşılıqlı hörmət sərhəddini keçməmişlər. Səfəvilər sarayındakı ümumi əhvali-ruhiyyəni, Osmanlı dövlətinin hökmdarına münasibəti Sadiq bəy Sadiqi Əfşarın "Məcməül — xəvas" təzkirəsindən də görmək olar. Sadiq bəy əsərində I Sultan Süleymanı adil, mehriban, rəiyyətpərvər padşah adlandırır, bildirir ki, onunla I Şah Təhmasib arasında düşmənçilik dostluğa çevrildikdən sonra Osmanlı hökmdarı mənası sevmək, məhəbbət bəsləmək olan "Mühibbi" təxəllüsünü qəbul etmişdir: "Adil, mehriban və rəiyyətpərvər bir padşah idi. Şeiri və şairləri çox sevirdi. Özü də çox mülayim şeir təbinə malik idi və "Mühibbi" təxəllüsü ilə yazırdı. Deyilənə görə, bu təxəllüsü onunla mərhum padşah (Şah Təhmasib) arasında olan düşmənçilik dostluğa və ədavət məhəbbətə çevrilən vaxt qəbul edib. Hər halda, bu təxəllüsündən məhəbbət zahir olur". I Şah Təhmasiblə I Sultan Süleyman arasındakı müşairənin mətnini təqdim edirik.
Qofteye-Şah Təhmas
Şahi-mərdan dövlətində geydügim narincidür, Nara qarşu varmazam, zira bəni nar incidür.
Xan Süleyman gəldi kim, bizdən vilayət istəyə, Biz anı yola qoduq, yollar anı zar incidür.
Bu cəhanə kim ki, gəlmişdir, yola gəlmişdürür, Bir qədəm taşra çıxanı bigüman xar incidür.
Xanəsindən taşra çıkub tağlara düşən kişi, Bad əsüb baran olur, zəhmət çəkər, qar incidür.
Şahi-Təhmasəm cahanda, şahi-şəh, nəsli-Əli, Yar ilə yar olmuşam, sanma ki, əğyar incidür.
lll
Nəzireye-Sultan Süleyman xan
Şah Süleymanam cahanda, geydügim narincidür, Səbbi-əshab eyləyənləri yakar nar, incidür.
Ol Rəsuli-kibriyanın yarıvü əshabına, Gər sən iqrar eyləməzsən, bəlkə inkar incidür.
Cümlə aləm bu cəhana yolla gəlmişdürür, Yoldan azğın olubən çıxanları xar incidür.
Bərrü bəhrün şahıyam, seyran dilər könlüm bənim, Pəs müsafir evini yövmül-şita qar incidür.
Ali-Osmanam cahanda, taleim qüvvətlidür, Səltənət sədridə sanma bəni əğyar incidür.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Tofiq Nəcəfli. "Qəsri-Şirin sülhündən sonra Səfəvi-Osmanlı münasibətləri müasir Türkiyə tarixşünaslığında" ( (az.)). az.strategiya.az. 2014-11-24. 2015-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-29.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ "Paşa Kərimov: Şah Təhmasiblə Sultan Süleyman Qanuni arasındakı mənzum yazışma haqqında qeydlər". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-10.