Quba Herbi Destesi - Wikipedia
Quba Hərbi Dəstəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə şimaldan gözlənilən Çar Rusiyasının hərbçisi olan Anton Denikinin hücumuna qarşı 1919-cu ilin noyabr ayında yaradılmış taktiki hərbi qrup.
Haqqında
redaktəXaçmaz Hərbi Dəstəsinin bazasında təşkil edildiyindən, həmin dəstənin komandiri polkovnik Şirin bəy Kəsəmənli Quba hərbi dəstəsinin də komandiri vəzifəsində saxlanıldı. Quba qəzasındakı bütün hərbi hissə və bölmələr Şirin bəy Kəsəmənliyə tabe etdirildi. Quba hərbi dəstəsinin qərargahı Qusara köçürüldü və Şirin bəy Kəsəmənli, eyni zamanda, Qusar qarnizonunun rəisi vəzifəsini də öz üzərinə götürdü. Quba hərbi dəstəsi şimal sərhədi boyunca müdafiə mövqelərini möhkəmləndirməklə bərabər, kəşfiyyat işləri də aparmalı, Anton Denikinin qüvvələrinin Dağıstan ərazisindəki yerdəyişmələrini izləməli, toplanılan məlumatları Bakıya göndərməklə yanaşı, zəruri hallarda vəziyyətə uyğun qərarlar qəbul etməli idi. 4 dekabr 1919-cu il tarixində Şirin bəy Kəsəmənli 2-ci piyada diviziyasının komandir müavini təyin edilməsi ilə əlaqədar Quba hərbi dəstəsinin komandiri vəzifəsindən azad edildi və bu vəzifəyə süvari diviziyasının komandiri general-mayor Teymur bəy Novruzov təsdiq olundu, ancaq bir neçə gündən sonra onun da, yalnız birbaşa vəzifəsinin icrası ilə məşğul olması məqsədəuyğun bilindi, dəstəyə komandirlik isə 2-ci piyada diviziyasının komandiri vəzifəsinin icraçısı general-mayor ə həvalə olundu. Anton Denikinin hücum təhlükəsinin aradan qaldırılmasından sonra, 31 dekabr 1919-cu il tarixində Quba hərbi dəstəsi ləğv edildi.[1]
İstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 157. ISBN 9952-417-44-4.