Qarabaglar Turbesi - Wikipedia
Qarabağlar türbəsi — Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbə.[1]
Qarabağlar türbəsi | |
---|---|
39°25′49″ şm. e. 45°11′32″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Kəngərli |
Yerləşir | Qarabağlar |
Tikilmə tarixi | XII-XIV əsrlər |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: The mausoleum of Nakhichevan | |
Tipi | Mədəni |
Kriteriya | i,iv |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1173 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 17 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQarabağlar abidələri bir kompleks şəklində olub, buraya türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqları daxildir. Bu kompleksə daxil olan qoşa minarələrin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikilməsi güman edilir. Bu iki minarəni bir-birinə bağlayan portal quruluşu isə XIV əsrə aid quruluşdur. Qoşa minarəli baş tağın üzərində ərəb dilində “Bu binanın tikilməsini Cahan Quti Xatun əmr etdi” sözləri yazılmışdır.[2][3] Gudi Xatun və ya Qutuy xatun ola bilsin ki, Elxani hökmdarı Hülaku xanın (1217–1265) arvadı olmuş Qutuy xatundur. Ona görə belə hesab etmək olar ki, Qarabağlar memarlıq kompleksinə daxil olan türbə Qoday xatunun şərəfinə inşa olunmuş, qoşa minarələri birləşdirən baştağ da o zaman tikilmişdir. Üslub və tikinti texnikası xüsusiyyətlərinə əsasən türbənin XIII əsrin sonunda inşa edildiyini Əbu Səid Bahadur xanın hakimiyyət illərində (1316–1335-ci illər) tamamlandığını demək olar.
Memarlıq xüsusiyyətləri
redaktəQülləvari türbələrin əsas xüsusiyyətlərini Qarabağlar türbəsində də görmək olar. Qarabağlar türbəsi sərdabə və yerüstü xatirə abidəsindən ibarətdir. Sərdabə daxildən xaçvari, xaricdən isə onikiüzlü formada olub divarları daşdan, günbəzi isə kərpicdən inşa edilmişdir. Türbənin yerüstü hissəsi daş kürsülük üzərində inşa olunan 12 yarım silindrdən ibarətdir. Türbənin səthi firuzəyi rəngli kaşılarla həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Yarım silindrlərin üzərində içərisində ərəb əlifbası ilə “lə iləhə illəllah Məhəmmədən Rəsulallah” (Allahdan başqa Allah yoxdur, Məhəmməd (s.ə.v.) onun rəsuludur)” kəliməsi həkk edilən kvadratlar dəfələrlə təkrar olunmuşdur. [4] Sərdabənin planı Bərdə türbəsininki ilə eynidir. Qarabağlar türbəsinin yerüstü hissəsi öz kompozisiya quruluşu etibarilə çox maraqlıdır. Daş kürsülük üzərində türbənin gövdəsi 12 yarımsilindrin bir dəstə halında birləşməsindən əmələ gəlir. Türbənin gövdəsinin belə bir kompozisiya şəklində həll edilməsi onu başqa Azərbaycan türbələrindən fərqləndirir. Bərdə türbəsində olduğu kimi burada da gövdənin yuxarı hissəsində nəsx xətti ilə işlənmiş kitabə qurşağı yerləşir. Kitabə qurşağının yerləşmə xüsusiyyəti elədir ki, o bir növ 12 silindri bağlayan qurğu kimi gözə çarpır. Qarabağlar türbəsinin bu kitabəsi ağ hərflərlə yazılmış, yerliyi isə göy kaşıdan tərtib edilmişdir. Ümumiyyətlə, belə yazı qurşaqlarının kontrast rənglərlə: ağ-qara, ağ-göylə işlənməsi bu kitabələrin uzaqdan da rahat oxunmasını təmin edir.
Ansamblın saxlanmış digər tikilisi, baştağ vasitəsilə birləşdirilmiş, iki minarədir. Minarələrin təməli düzbucaqlı prizma şəklindədir. Düzbucaqlı kürsülükdən səkizüzlü prizmatik memarlıq elementi vasitəsi ilə silindirik gövdəyə keçid verilmişdir. Minarələrin fasadı firuzəyi kaşıların və bişmiş kərpiclərin müəyyən kompozisiyada yerləşdirilməsi ilə naxışlanmışdır. Minarələrə düzbucaqlı təməldən başlayaraq onların içərisini də əhatə edən dolama pilləkənlə qalxmaq mümkündür. Minarələrin yuxarısı, müəzzinlər üçün nəzərdə tutulmuş, məhəccərə alınmış kiçik meydança və konusvari örtüyə malikdir. Minarələr arasında görünən hörgü qalıqlarına əsasən demək olar ki, indiki baştağın yerində əvvəllər daha böyük baştağ olmuşdur.
XIX əsr müəlliflərinin verdiyi məlumata görə Qoşa minarəli baştağla türbə arasında vaxtilə Xanəgah olmuş, lakin günümüzə gəlib çatmamışdır. Qarabağlar tarix-memarlıq kompleksində 2018-ci ildə aparılan təmir-bərpa işləri zamanı Xanəgah da bərpa edilmişdir.
Komplesin əsasını təşkil edən türbəninin xarici səthinə xüsusi bədii görkəm verən büzmələnmiş səthi həm dövrün, həm də Yaxın Şərqin ən geniş yayılmış memarlıq üsullarından biri idi. Bu üsuldan Qarabağlar türbənin tikintisində istifadə olunması Azərbaycanın Yaxın və Orta Şərqin digər vilayətləri ilə sıx əlaqələrinin olduğunu göstərir[5].
Təbrizli Bədrəddin 1273–1274-cü illərdə Konyada Cəlaləddin Rumi türbəsini tikdirmişdir. Digər bir Təbrizli memar Əhmədşah Bağdadda 1356–1357-ci illərdə tikdiyi Mərcaniyə məscidinin günbəzin boynunun (baraban) işlənilməsində bu üsuldan müvəffəqiyyətlə istifadə etmişdir. Bu üsula sonralar 1535–1536-cı illərdə Ərdəbildə inşa olunan Osman Xan Sultan sarayının günbəzaltı boyunda rast gəlinir. Qarabağlar türbəsinin xarici səthinin dekorativ bəzəyi də Yaxın Şərqdə geniş yayılmış, XVIII əsrədək istifadə olunmuşdur.
Şəkillər
redaktə-
Türbə 2018-ci ildə
-
Qarabağlar türbəsi, 2005-ci il
-
Qarabağlar türbəsi
-
Qarabağlar türbəsinin minarələri
İstinadlar
redaktə- ↑ "Dünya əhəmiyyətli tarixi abidə - Qarabağlar türbə kompleksi". İstifadə tarixi: 2017-09-03.
- ↑ Salamzadə Ə.V., Məmmədzadə K.M. Azərbaycan memarlığının Naxçıvan məktəbi.Bakı, 1985, s. 140-142
- ↑ Baxşəliyev V., Quliyeva F. Naxçıvanın tarixi abidələri. Bakı: Nurlan, 2017, s.165.
- ↑ Baxşəliyev V., Quliyeva. F. Naxçıvanın tarixi abidələri. Bakı: Nurlan, 2017, s.166
- ↑ Salamzadə Ə.V., Məmmədzadə K.M. Azərbaycan memarlığının Naxçıvan məktəbi.Bakı, 1985, s. 154-161.
Ədəbiyyat
redaktə- Salamzadə Ə.V., Məmmədzadə K.M. Azərbaycan memarlığının Naxçıvan məktəbi.Bakı, 1985, 268 s.
- Vəli Baxşəliyev, Fizzə Quliyeva. Naxçıvanın tarixi abidələri. Bakı: Nurlan, 2017, 212 s.